| 
								 Yeni fənn 
								kurikulumlarının tətbiqi vəziyyəti ilə tanış 
								olmaq, dərslərdə fəal təlim üsullarından, yeni 
								texnologiyalardan müəllimlərin nə dərəcədə 
								səmərəli istifadə etmələrini müəyyənləşdirmək, 
								qabaqcıl iş təcrübəsini öyrənib yaymaq məqsədi 
								ilə digər təhsil ocaqlarında olduğu kimi, 
								Bakıdakı 176 nömrəli orta məktəbdə də tez-tez 
								"açıq dərs"lər təşkil olunur. Növbəti belə "açıq 
								dərs"i məktəbin ibtidai sinif müəllimi Sürəyya 
								Qüdrətova II "a" sinfində aparmışdır. "Açıq 
								dərs"də bu təhsil ocağından və digər 
								məktəblərdən ibtidai sinif müəllimləri iştirak 
								etmişlər. 
								Dərsdən əvvəl 
								176 nömrəli orta məktəbin direktoru Sairə 
								Rəsulova tədris ocağında təhsilin keyfiyyətini 
								yüksəltmək üçün görülən işlər, yeni 
								kurikulumların tətbiqi vəziyyəti barədə məlumat 
								vermiş, bu sahədə toplanmış müsbət təcrübəni 
								bölüşmək, müəllimlərin tədris prosesində hansı 
								çətinliklərlə üzləşdiklərini müəyyənləşdirmək 
								üçün mütəmadi olaraq "açıq dərs"lər 
								keçirildiyini bildirmişdir. 
								Sonra 
								S.Qüdrətovanın "Bağban və oğulları" mövzusunda 
								"açıq dərs"i dinlənilmişdir. Dərs onu dinləyən 
								ibtidai sinif  müəllimlərində böyük maraq 
								doğurmuşdur. Buna səbəb müəllimin dərsini müasir 
								dərsə verilən tələblər səviyyəsində qurması, 
								dərsdə maraqlı motivasiya yaratması, interaktiv 
								təlim üsullarından, resurslardan geniş və 
								yerli-yerində istifadə etməsi, şagirdləri 
								müstəqil işlətmək üçün məqsədyönlü tapşırıqlar 
								hazırlaması olmuşdur. 
								Məqsədi 
								şagirdlərin hekayəni düzgün, şüurlu, ifadəli 
								oxuması, onun məzmununu həyat haqqında 
								düşüncələri ilə əlaqələndirərək fikir yürütməsi 
								olan dərsdə müəllim əsasən qruplarla iş və 
								"beyin həmləsi" üsulları ilə işləmişdir. Öncə 
								lövhədən birində "İnsana xas olan müsbət 
								xüsusiyyətlər", digərində "İnsana xas olan mənfi 
								xüsusiyyətlər" sözləri yazılmış 2 plakat 
								asılmış, onlar üzərində iş aparılmışdır. 
								Şagirdlər insanlara xas müsbət və mənfi 
								xüsusiyyətləri qeyd etdikdən sonra müəllim 
								onlardan insanda hansı xüsusiyyətlərin üstünlük 
								təşkil etməsinin arzuolunan olduğunu soruşmuş və 
								müvafiq cavab aldıqdan sonra mətn üzərində iş 
								aparmışdır.  
								Yeni mövzunun 
								möhkəmləndirilməsi mərhələsində müəllim 
								sinifdəki 4 qrupun hərəsinə atalar sözünün 
								mənasını izah etmək və suallara cavab vermək 
								təklif olunan iş vərəqləri paylamış, şagirdlər 
								onları müstəqil yerinə yetirmişlər. Sonra qrup 
								liderləri həll olunmuş tapşırıqların təqdimatını 
								etmiş, digər qrupların həmin təqdimatlara 
								əlavələri dinlənilmişdir. 
								Qrupların, 
								qrup daxilində şagirdlərin cavabları xüsusi 
								cədvəl üzrə qiymətləndirilmiş, şagirdlərə evdə 
								"Bağban və oğulları" hekayəsinə uyğun hekayə 
								yazmaq tapşırılmışdır. 
								Dərs başa 
								çatdıqdan sonra onun müzakirəsi aparılmış, dərsi 
								dinləyənlər müəllimin 45 dəqiqəlik fəaliyyətini 
								müsbət qiymətləndirmiş, dərsin üstün 
								cəhətlərindən söz açmış, bəzi təklif və 
								tövsiyələrini səsləndirmişlər. Məktəbdə 
								əlverişli təlim mühitinin yaradılmasında, "açıq 
								dərs"lərin ənənə halını almasında direktor Sairə 
								Rəsulovanın, onun müavinləri Arzu Qulamova və 
								Sevda Bayramovanın xidmətləri xüsusi qeyd 
								olunmuşdur.  
								
								
								Yusif ƏLİYEV  |