| 
								 
								 Şahbazov 
								Fəxrəddin İbrahim oğlu  
								1950-ci il 
								yanvarın 22-də Bakı şəhərində anadan olub. 
								1967-ci ildə 20 nömrəli orta məktəbi bitirərək, 
								Bakı Neft Texnikumuna daxil olub. Fəxrəddin 
								1969-cu ildə hərbi xidmətə çağırılıb. Ordu 
								sıralarından tərxıs olunduqdan  sonra yarımçıq 
								qalan təhsilini başa çatdıraraq, Azərbaycan 
								Teleradio Şirkətində əmək fəaliyyətinə başlayıb. 
								Operator kimi tez-tez jurnalistlərlə birlikdə 
								sərhəd bölgələrinə gedən Fəxrəddin oradan  ən 
								önəmli, ən vacib  və aktual xəbərləri lentə 
								alaraq tamaşaçılara çatdırıb. O, şirkətdə 
								çalışdığı müddətdə öz əməksevərliyi, bacarığı, 
								mehribanlığı  ilə rəhbərliyin və iş 
								yoldaşlarının böyük rəğbətini, məhəbbətini 
								qazanıb. 
								1990-cı il 
								noyabrın 20-də Qarakənd kəndi yaxınlığında  
								işğalçı erməni ordusunun əsgərləri tərəfindən 
								atəşə tutulan Mİ-8 vertolyotunun içərisində olan 
								Azərbaycanın bir çox tanınmış ziyalıları ilə 
								birlikdə F.Şahbazov da faciəli surətdə həlak 
								olub. 
								Ailəli idi. 
								İki övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 4 dekabr 1992-ci il 
								tarixli 344 nömrəli Fərmanı ilə Şahbazov 
								Fəxrəddin İbrahim oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								Bakı şəhərində 
								Şəhidlər xiyabanında dəfn olunub.  
								
								 Şahverdiyev 
								İsrafil Şahverdi oğlu  
								1952-ci il 
								iyunun 11-də Laçın rayonunun Unannovu kəndində 
								anadan olub. 1969-cu ildə doğma kəndlərində orta 
								təhsilini başa çatdıraraq, 1971-1974-cü illərdə 
								ordu sıralarında qulluq edib. 1975-ci ildə Laçın 
								Rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi 
								fəaliyyətə başlayıb. İsrafil 1991-ci ildə əlinə 
								silah götürərək  Vətəni Azərbaycanın ayrılmaz 
								bir hissəsi olan Qarabağın erməni 
								işğalçılarından müdafiəsinə qalxıb. 1992-ci il 
								sentyabrın 17-19-da Hocaz qayası və Hocaz kəndi 
								uğrunda gedən döyüşlərdə fədakarlıq nümayiş 
								etdirib. O, 1994-cü ildə Füzuli rayonunda erməni 
								işğalçılarına qarşı gedən ağır döyüşlərdə   
								dəfələrlə kəşfiyyata göndərilib və verilən 
								tapşırığı uğurla yerinə yetirərək geri dönüb. 
								İ.Şahverdiyev 
								1994-cü il yanvarın 13-də elə həmin bölgədə 
								gedən ağır döyüşlərdə yaralı yoldaşlarına kömək 
								edərkən yağı düşmən gülləsinə tus gələrək 
								qəhrəmancasına həlak olub. 
								Ailəli idi. Üç 
								övladı var. 
								Azərbaycan 
								Resbublikası Prezidentinin 15 yanvar 1995-ci il 
								tarixli 262 nömrəli Fərmanı ilə Şahverdiyev 
								İsrafil Şahverdi oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								Bakı şəhərində 
								Şəhidlər xiyabanında dəfn olunub. Laçın 
								rayonundakı məktəblərdən biri onun adını 
								daşıyır.  
								
								 Şamoyev 
								Firudin İsa oğlu  
								1962-ci il 
								fevralın 7-də Qazax rayonunda anadan olub. Orta 
								təhsilini doğma rayonlarında alaraq, 1981-ci 
								ildə hərbi xidmətə çağırılıb. 1983-cü ildə 
								ordudan tərxis olunaraq Qazax rayonuna qayıdıb 
								və Təmir Tikinti İdarəsində çilingər işləməyə 
								başlayıb. Firudin 1991-ci il iyulun 8-də 
								könüllülərdən ibarət dəstəyə yazılıb. Sonra 707 
								nömrəli hərbi hissədə minaatan bölüyün komandiri 
								vəzifəsinə təyin olunub. Qazax rayonunun Bağanıs 
								Ayrım, Məzəm, Quşçu Ayrım və digər kəndlərinin 
								erməni faşistlərindən müdafiəsi zamanı xüsusi 
								qəhrəmanlıq nümayiş etdirib.  O, öz  
								qayğıkeşliyi, mehribanlığı  ilə komandirlərinin 
								və cəbhə yoldaşlarının hörmət və məhəbbətini 
								qazanıb. 
								F.Şamoyev 
								1992-ci il aprelin 13-də Quşçu Ayrım kəndi 
								ətrafında gedən agır döyüşlərdə qəhrəmancasına 
								həlak olub. 
								Ailəli idi. Üç 
								övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 7 iyun 1992-ci il 
								tarixli 833 nömrəli Fərmanı ilə Şamoyev Firudin 
								İsa oğlu ölümündən sonra Azərbaycanın Milli 
								Qəhrəmanı adına layiq görülüb. 
								Qazax 
								rayonundakı Şəhidlər xiyabanında dəfn olunub. 
								Qazax rayonundakı orta məktəblərdən biri onun 
								adını daşıyır.  
								
								 Şikarov 
								Şikar Şükür oğlu  
								1953-cü il 
								dekabrın 3-də Bakı şəhərində anadan olub. 
								1971-ci ildə 46 nömrəli orta məktəbi bitirərək, 
								Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə qəbul 
								olunub. 1975-ci ildə təhsilini başa çatdıraraq, 
								təyinatla Primorsk vilayətindəki hərbi 
								hissələrdən birində rota komandiri kimi 
								fəaliyyətə başlayıb. 1986-cı ildə Moskvada 
								Frunze adına Hərbi Akademiyaya daxil olub. 
								1989-cu ildə akademiyanı bitirərək 
								polkovnik-leytenant rütbəsi ilə Ukraynanın 
								Luqansk şəhərində yerləşən hərbi hissələrdən 
								birinə qərargah rəisi təyin olunub. 1990-cı il 
								20 Yanvar hadisələrindən sonra Vətənə qayıdaraq, 
								əvvəl Mülki Müdafiə Baş Qərargahında əməliyyat 
								şöbəsinin rəisi, 1992-ci ildə Müdafiə Nazirliyi 
								Baş Qərargah rəisinin birinci müavini təyin 
								edilib. O, elə həmin il Goranboy rayonunda bir 
								sıra əməliyyatlara bilavasitə rəhbərlik edib və 
								hamısı uğurla nəticələnib. 
								Ş.Şikarov 
								1992-ci il iyunun 13-də yenidən Ağdərəyə yola 
								düşüb və orada erməni işğalçılarına qarşı gedən 
								döyüşlərin birində qəhrəmancasına həlak olub. 
								Ailəli idi. 
								İki övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 23 iyun 1992-ci il 
								tarixli 6 nömrəli Fərmanı ilə polkovnik Şikarov 
								Şikar Şükür oğlu ölümündən sonra Azərbaycanın 
								Milli Qəhrəmanı adına layiq görülüb. 
								Bakı şəhərində 
								Şəhidlər xiyabanında dəfn olunub. Qobustan 
								rayonunun Sündü kənd orta məktəbi onun adını 
								daşıyır.  
								
								 Şükürov 
								Şahlar Əvəz oğlu  
								1952-ci il 
								mayın 17-də Kəlbəcər rayonunun Zülfüqarlı 
								kəndində anadan olub. Orta məktəbi bitirdikdən 
								sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna 
								daxil olub. 1972-ci ildə təhsilini başa 
								çatdıraraq, ordu sıralarına yollanıb. Ordudan 
								tərxis olunduqdan sonra Bakıda islah-əmək 
								müəssisələrindən birində çalışıb. Şahlar daha 
								sonra fəaliyyətini Ucar  Rayon Daxili İşlər 
								Şöbəsində davam etdirib. 1986-cı ildə Rostov Ali 
								Polis Akademiyasını bitirərək, 1987-ci ildə 
								Zərdab Rayon Daxili İşlər Şöbəsində əməliyyat 
								işləri üzrə rəis müavini təyin edilib. O, öz 
								nümunəvi işi, nizam-intizamı,  yüksək bilik və 
								bacarığı sayəsində polis mayoru rütbəsinə qədər 
								yüksəlib. 
								Ş.Şükürov 
								1990-cı ildə Tərtər- Kəlbəcər yolu ilə hərəkət 
								edən maşın karvanı Ağdərə ərazisində erməni 
								yaraqlılarının qəfil hücumuna məruz qalan zaman 
								qeyri-bərabər döyüşdə qəhrəmanlıq nümayiş 
								etdirərək həlak olub. 
								Ailəli idi. 
								İki övladı var. 
								Azərbaycan 
								Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il 
								tarixli 264 nömrəli Fərmanı ilə polis mayoru 
								Şükürov Şahlar Əvəz oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								Kəlbəcər 
								rayonunun Zülfüqarlı kəndində dəfn olunub. 
								Zərdab rayonunda adına məktəb və küçə var.  
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |