| 
								 NDU-nun Elmi 
								Kitabxanasında universitetin Rabitə və 
								informasiya texnologiyaları kafedrasının müdiri, 
								texnika elmləri namizədi, dosent  
								Cavanşir Zeynalovun "İnformatika və informasiya 
								texnologiyaları" kitabının təqdimat mərasimi 
								keçirilmişdir. Tədbiri giriş sözü ilə açan 
								rektor, akademik İsa Həbibbəyli bu elm ocağında 
								informasiya-kommunikasiya texnologiyalarının 
								tətbiqinin vacib amilə çevrildiyini 
								vurğulamışdır. Rektor Naxçıvan Dövlət 
								Universiteti Elmi Şurasının qərarı ilə çapa 
								tövsiyə olunan dərs vəsaitinin də təhsilin 
								informasiyalaşdırılması sahəsində əldə olunan 
								nailiyyət kimi dəyərləndirmişdir.  
								Daha sonra 
								çıxış üçün söz Naxçıvan MR rabitə və informasiya 
								texnologiyaları nazirinin müavini Əli Mikayılova 
								verilmişdir. Natiq bu ali məktəblə nazirlik 
								arasında yaradılmış əməkdaşlıqdan bəhs edərək, 
								ali təhsil ocağının mütəxəssis hazırlığı 
								baxımından imkanlarını yüksək dəyərləndirmişdir. 
								O, eyni zamanda C.Zeynalovun ötən il Naxçıvan 
								Dövlət Universitetində təşkil olunmuş "Elektron 
								Naxçıvan-5: problemlər, həllər" adlı beynəlxalq 
								konfransdakı fəal iştirakına görə Rabitə və 
								İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 
								Fəxri fərmanla təltif olunduğunu qeyd etmişdir. 
								Memarlıq və 
								mühəndislik fakültəsinin dekanı, 
								fizika-riyaziyyat elmləri namizədi, dosent 
								Mübariz Nuriyev müəllifin "İnformatika və 
								informasiya texnologiyaları" kitabının 
								informatikanın əsas anlayışları, EHM-lərin 
								yaranma tarixi və inkişaf yolları, fərdi 
								kompüterlərin arxitekturası və tərkib hissələri, 
								alqoritmləşdirmə, kompüterlərin proqram 
								təminatı, əməliyyat sistemləri, verilənlər 
								bazası, kompüter və İnternet şəbəkələri haqqında 
								məlumatları özündə əks etdirdiyini bildirmişdir. 
								NDU-nun 
								magistratura üzrə dekanı, tarix elmləri 
								namizədi, dosent Elbrus İsayev Tələbə Qəbulu 
								üzrə Dövlət Komissiyasının proqramına uyğun 
								hazırlanmış yeni nəşrin ali məktəbin bakalavr 
								pilləsində təhsil alan tələbələr, müəllimlər, 
								kompüter istifadəçiləri və xüsusilə 
								magistraturaya qəbul olmaq istəyənlər üçün 
								sanballı mənbə olduğunu vurğulamışdır. 
								 
								İnformatika 
								kafedrasının müdiri, fizika-riyaziyyat elmləri 
								namizədi Elşən Məmmədov isə, öz növbəsində, 
								informatika və informasiya texnologiyaları 
								sahəsində ana dilimizdə belə bir vacib vəsaitin 
								yazılmasını təqdirəlayiq hesab etmişdir. 
								Xatırlatmışdır ki, müəllif ötənilki məhsuldar 
								elmi fəaliyyətinə görə universitetin Elmi 
								Şurasının qərarı ilə "İlin alimi" fəxri adına 
								layiq görülmüşdür. 
								Universitetin 
								Elmi Kitabxanasının Xidmət və biblioqrafiya 
								şöbəsinin müdiri Səadət Zeynalova da müəllifin 
								bir müəllim kimi insani məziyyətlərindən 
								danışmış, onu yeni işıq üzü görən kitabı 
								münasibətilə təbrik edərək belə ədəbiyyatların 
								hər zaman arzuolunan olduğunu vurğulamışdır. 
								Qeyd edək ki, 
								tədbirdə Cavanşir Zeynalovun həyat və elmi 
								fəaliyyətini əks etdirən kitab sərgisi və slayd 
								nümayiş etdirilmişdir.  
								Sonda müəllif 
								onun əməyinə göstərilən diqqətdən məmnunluğunu 
								ifadə etmiş,  universitet rəhbərliyinə və 
								tədbirin təşkilatçılarına minnətdarlığını 
								bildirmiş, yeni kitabını tədbir iştirakçılarına 
								hədiyyə etmişdir.  
								
								
								Çinarə MƏMMƏDOVA, 
								NDU-nun mətbuat tarixi  
								ixtisası üzrə II kurs magistri  |