| 
								 
								Xəbər verdiyimiz kimi, martın 10-da Təhsil 
								Nazirliyində növbəti kollegiya iclası keçirilib. 
								"Ali təhsildə yeni maliyyələşmə mexanizminin 
								tətbiqi ilə bağlı mövcud vəziyyət, ilkin 
								nəticələr və təkliflər" mövzusunda məsələnin 
								müzakirə olunduğu iclasda Azərbaycan 
								Respublikasının maliyyə naziri Samir Şərifov, 
								Nazirlər Kabinetindən, digər dövlət 
								qurumlarından nümayəndələr, Təhsil Nazirliyinin 
								şöbə müdirləri, ali məktəblərin rektorları 
								iştirak edirdilər. 
								
								 İclası 
								təhsil naziri, kollegiyanın sədri Misir Mərdanov 
								açaraq müvafiq dövlət qurumlarından dəvət 
								olunmuş qonaqları və ali məktəb rektorlarını 
								salamlayıb, aktual və vacib bir məsələnin 
								müzakirəsinə yığışdıqlarını bildirdi. 
								
								Sonra təhsil naziri "Ali təhsildə yeni 
								maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 
								mövcud vəziyyət, ilkin nəticələr və təkliflər" 
								mövzusunda məruzə-təqdimatla çıxış etdi. 
								
								Təhsil naziri iclas iştirakçılarının diqqətini 
								öncə ali təhsildə yeni maliyyələşmə mexanizminin 
								tətbiqi ilə əlaqədar görülmüş işlərə cəlb edərək 
								bildirdi ki, Azərbaycan Respublikası 
								Prezidentinin "Ali təhsil müəssisələrində yeni 
								maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" 
								10 fevral 2010-cu il tarixli Fərmanına əsasən 
								2010-2011-ci tədris ilindən ölkəmizin ali təhsil 
								müəssisələrində dövlət büdcəsinin vəsaiti 
								hesabına maliyyələşdirmənin dövlət sifarişi 
								əsasında adambaşına maliyyələşmə prinsipi 
								əsasında həyata keçirilməsinə başlanılmışdır. 
								
								Ali təhsildə yeni maliyyələşmə mexanizminin 
								tətbiqi ilə əlaqədar Təhsil, Maliyyə, İqtisadi 
								İnkişaf nazirliklərinin müvafiq əməkdaşları ilə 
								birlikdə müzakirələr aparılmış, normativ 
								sənədlər hazırlanmışdır. Nazirlər Kabinetinin 
								"Ali təhsil müəssisələrində yeni maliyyələşmə 
								mexanizminin tətbiq edilməsi haqqında" 25 iyun 
								2010-cu il tarixli 120 nömrəli qərarı qəbul 
								olunmuş, ayrı-ayrı ixtisaslar üzrə dövlət 
								sifarişi ilə ali təhsil müəssisələrinin 
								bakalavriat və magistratura səviyyələrində hər 
								bir təhsilalana düşən təhsil xərclərinin miqdarı 
								müəyyənləşdirilmiş, habelə dövlət sifarişi ilə 
								ali təhsil müəssisələrinin bakalavriat və 
								magistratura səviyyələrində kadr hazırlığının 
								maliyyələşdirilməsi qaydaları təsdiq edilmişdir. 
								
								Təhsil naziri xatırlatdı ki, 2010-2011-ci tədris 
								ilindən başlayaraq dövlət və özəl ali təhsil 
								müəssisələrində dövlət büdcəsinin vəsaiti 
								hesabına maliyyələşdirmə dövlət sifarişi 
								əsasında həyata keçirilir. Ölkədəki 51 ali 
								təhsil müəssisəsindən 35-i dövlət sifarişinin 
								yerinə yetirilməsində iştirak etmişdir ki, 
								onlardan da 27-si dövlət, 8-i isə özəl ali 
								təhsil müəssisəsidir. 2-si dövlət, 7-si xüsusi 
								təyinatlı, 7-si də özəl olmaqla 16 ali məktəb 
								dövlət sifarişinin yerinə yetirilməsində iştirak 
								etməmişdir. 
								
								Sonra nazir bəzi statistik  rəqəmləri diqqətə 
								çatdıraraq qeyd etdi ki, ali təhsilin 
								bakalavriat səviyyəsində dövlət sifarişi üzrə 
								təsdiq edilmiş qəbul planı 10529 nəfər olduğu 
								halda dövlət sifarişi üzrə müvafiq ixtisaslara 
								faktiki qəbul 9788 nəfər təşkil  etmiş, nəticədə 
								dövlət sifarişi 741 nəfər kəsirlə yerinə 
								yetirilmişdir. Hazırda ali məktəblərə qəbul 
								olunan 27612 tələbədən 9788 nəfəri (35,4%) 
								dövlət sifarişi ilə, 17824 nəfəri (64,6%) 
								ödənişli əsaslarla təhsil alır. 
								
								Magistratura səviyyəsində dövlət sifarişi üzrə 
								təsdiq edilmiş qəbul planı 2070 nəfər olduğu 
								halda faktik qəbul 1125 nəfər təşkil etmiş, 
								nəticədə dövlət sifarişi 945 nəfər kəsirlə 
								yerinə yetirilmişdir. 
								
								Məsələnin daim gündəmdə saxlandığını vurğulayan 
								nazir 2010-cu il oktyabrın 22-də təhsil, maliyyə, 
								iqtisadi inkişaf nazirlərinin, TQDK sədrinin, 
								Nazirlər Kabinetinin şöbə müdirinin və ali 
								məktəb rektorlarının iştirakı ilə kollegiya 
								iclasının, dekabrın 3-də isə Maliyyə 
								Nazirliyinin məsul əməkdaşlarının iştirakı ilə 
								ali məktəblərin baş mühasiblərinin seminar-müşavirəsinin 
								keçirildiyini bildirdi. Qeyd etdi ki, dövlət 
								sifarişinin yerinə yetirilməsində iştirak edən 
								ali məktəblərlə Təhsil Nazirliyi, həmçinin ali 
								məktəblərlə tələbələr arasında müvafiq 
								müqavilələr bağlanmışdır. 
								
								2010-cu ildə dövlət sifarişi üzrə kadr 
								hazırlığının dövlət büdcəsinin vəsaiti hesabına 
								maliyyələşdirilməsi məqsədi ilə Maliyyə 
								Nazirliyi tərəfindən Təhsil Nazirliyinə 6 milyon 
								81 min 933 manat məbləğində vəsait ayrılmış, 
								həmin vəsait təsdiq edilmiş bölgüyə uyğun olaraq 
								33 ali məktəbin hesabına köçürülmüşdür. 
								
								2010-2011-ci tədris ilində dövlət sifarişi üzrə 
								ali təhsil müəssisələrinin I kurs bakalavriat və 
								magistratura səviyyələrinə qəbul olmuş 
								tələbələrin təhsili ilə bağlı xərclərin 
								maliyyələşdirilməsi üçün 2011-ci ilin sonunadək 
								tələb olunan 18 milyon 245 min 800 manat 
								vəsaitin ali məktəblər üzrə bölgüsü Maliyyə 
								Nazirliyi tərəfindən təsdiq olunmuş və icra üçün 
								Təhsil Nazirliyinə göndərilmişdir. 
								
								2011-ci ilin I yarımili üçün ayrılmış və ümumi 
								məbləği 9 milyon 122 min 900 manat olan vəsait 
								də 33 ali məktəbin hesabına köçürülmüş, Maliyyə, 
								İqtisadi İnkişaf, Təhsil nazirliklərinin, Tələbə 
								Qəbulu üzrə Dövlət Komissiyasının məsul 
								əməkdaşları və digər aidiyyəti şəxslər daxil 
								olmaqla 13 nəfərdən ibarət işçi qrupu 
								yaradılmışdır. 
								
								Sonra təhsil naziri kollegiya iclasının 
								iştirakçılarını əldə olunan ilkin nəticələrlə 
								tanış edərək bildirdi ki, yeni maliyyə 
								mexanizminin tətbiqi nəticəsində mülkiyyət 
								formasından və tabeçiliyindən asılı olmayaraq 
								bütün ali məktəblərin dövlət sifarişi üzrə kadr 
								hazırlığında iştirakı üçün bərabər imkanlar 
								yaradılmış, abituriyentlərin, həmçinin dövlət 
								sifarişi üzrə qəbul olmuş tələbələrin seçim 
								imkanları artırılmışdır. Nazirin sözlərinə görə, 
								ən mühüm nəticələrdən biri dövlət sifarişi üzrə 
								kadr hazırlığının yerinə yetirilməsi üçün ali 
								məktəblərə vəsaitin ayrı-ayrı xərc maddələri ilə 
								deyil, bir xərc maddəsi ilə ayrılmasıdır ki, bu 
								da vəsaitlərin xərclənməsində ali məktəblərin 
								səlahiyyətlərini artırmışdır. 
								
								Nazir eyni zamanda qeyd etdi ki, dövlət ali 
								məktəblərinə əvvəlki illərdə dövlət hesabına 
								qəbul olmuş və II, III, IV kurslarda bakalavriat 
								və magistratura səviyyələrində təhsil alan 
								tələbələrin xərclərinin ödənilməsi məqsədi ilə 
								2011-ci il üçün nəzərdə tutulan vəsait 4 xərc 
								maddəsi üzrə ("Ştatda olan işçilərin əməkhaqqı", 
								"Dövlət Sosial Müdafiə Fonduna ayırmalar", "Sair 
								xərclər" və "Bank xərcləri") 
								proqnozlaşdırılmışdır. 
								
								Təhsil naziri dövlət sifarişi üzrə kadr 
								hazırlığının yerinə yetirilməsi üçün 2010-cu 
								ilin sentyabr-dekabr ayları üzrə dövlət ali 
								təhsil müəssisələrinə ayrılmış vəsaitin Maliyyə 
								Nazirliyinin müvafiq əmrinə əsasən ilin sonunda 
								dövlət büdcəsinə silinməyib növbəti ilə 
								keçirilməsini də ən mühüm nəticələrdən biri kimi 
								dəyərləndirdi. Bildirdi ki, 2010-2011-ci tədris 
								ilində dövlət ali məktəblərinə ödənişli 
								əsaslarla qəbul olan və təhsil haqlarından azad 
								olunan məcburi köçkün tələbələrin təhsil 
								haqlarının dövlət büdcəsinin vəsaiti hesabına 
								ödənilməsi ilə bağlı təklifə Maliyyə Nazirliyi 
								müsbət yanaşmış və bu məqsədlə Azərbaycan 
								Respublikası Prezidentinin sərəncamı və Nazirlər 
								Kabinetinin qərar layihələri hazırlanmışdır.
								 
								
								Nazir Təhsil Nazirliyinin tabeliyində olan ali 
								məktəblərə 2010-2011-ci tədris ilində qəbul 
								olmuş və ödənişdən azad olacaq məcburi köçkün 
								tələbələrin sayı və təhsil haqları barədə 
								məlumatı əks etdirən cədvəli iclas 
								iştirakçılarına təqdim etdi və oradakı ayrı-ayrı 
								rəqəmlər üzərində dayandı. 
								
								İclas iştirakçılarının diqqətini bir sıra digər 
								nəticələrə də yönəldən təhsil naziri daha sonra 
								dövlət sifarişi üzrə kadr hazırlığının yerinə 
								yetirilməsində iştirak etmiş ali məktəblərin 
								2011-ci ilə proqnozlaşdırılan xərclərinin xərc 
								istiqamətləri üzrə bölgüsü barədə məlumat verdi 
								və həmin xərclərin ali məktəblər üzrə bölgüsünü 
								əks etdirən cədvəlləri nümayiş etdirdi. 
								
								Nazir məruzə-təqdimatında habelə dövlət sifarişi 
								üzrə kadr hazırlığının yerinə yetirilməsində 
								iştirak etmiş ali məktəblərin 2011-ci ilə 
								proqnozlaşdırılan xərclərinin xərc istiqamətləri 
								üzrə bölgüsü barədə məlumat verdi. Cədvəllərin 
								təhlili əsasında nazir xərclərin xərc maddələri 
								üzrə bölgüsünün bəzi məqamlarına diqqəti çəkdi, 
								maliyyə müstəqilliyi verilən universitetlərdən 
								başqa, yerdə qalanlara cari və əsaslı təmir, 
								inventar və avadanlıqların alınması, ezamiyyə 
								xərcləri üzrə vəsaitin ayrılmamasını, 
								büdcədənkənar gəlirlər hesabına nəzərdə tutulan 
								xərclərdə əməkhaqlarına ayırmaların çoxluq 
								təşkil etdiyini və ayrı-ayrı universitetlərdə 
								bir-birindən xeyli fərqləndiyini qeyd etdi, bu 
								məsələlərə gələcəkdə diqqət yetirilməsinin 
								zəruriliyini vurğuladı. 
								
								Kollegiya iclasında yeni maliyyələşmə 
								mexanizminin tətbiqi ilə bağlı bəzi məsələlər 
								dövlət ali təhsil müəssisələri rəhbərlərinin 
								nəzərinə çatdırıldı. Qeyd olundu ki, əvvəlki 
								qaydada dövlət büdcəsindən bakalavriat 
								səviyyəsində II kurslar üçün ayrılan vəsaitlərin 
								həcminə yalnız əməkhaqlarının, təqaüd 
								məbləğlərinin, kommunal xidmət haqlarının və s. 
								bu kimi digər xərclərin artımı ilə bağlı yenidən 
								baxıla bilər. Digər hallarda il ərzində bu 
								vəsaitlərin həcminin artırılması mümkün 
								olmayacaqdır. Bu səbəbdən ali məktəblər 
								tərəfindən mövcud resursların daha rasional 
								istifadəsi ilə bağlı təxirəsalınmaz tədbirlər 
								görülməlidir. Diqqətə çatdırıldı ki, bu kimi 
								tədbirlərə paralel və lüzumsuz kafedraların, 
								fakültələrin bağlanması, artıq ştatların ixtisar 
								olunması, əlavə xərclərə yol verilməməsi, 
								kommunal xərclərə qənaət edilməsi və s. aiddir. 
								
								Təhsil naziri onu da vurğuladı ki, 2010-cu ilin 
								yekunlarının ilkin təhlili dövlət sifarişi üzrə 
								kadr hazırlığının yerinə yetirilməsi ilə bağlı 
								ayrılmış vəsaitin bir sıra dövlət ali təhsil 
								müəssisələri tərəfindən işçilərin əməkhaqqı, 
								müavinət, tələbələrə verilən təqaüdlər və 
								kommunal xidmət haqlarının dəyəri üzrə ödənişlər 
								kimi, ilk növbədə, müdafiə olunmuş xərclərə 
								deyil, digər istiqamətlərə (ezamiyyə, cari və 
								əsaslı təmir xərclərinə, inventar və 
								avadanlıqların alınmasına) istifadə olunduğunu 
								göstərmişdir. Buna görə də nazir cari ildən 
								başlayaraq ali təhsil müəssisələrinə bu məqsədlə 
								ayrılan büdcə vəsaitinin, həmçinin büdcədənkənar 
								gəlirlərin, ilk növbədə, müdafiə olunan xərclərə 
								və prioritet istiqamətlərə yönəldilməsini zəruri 
								saydı. 
								
								Təhsil nazirinin məruzə-təqdimatında bir sıra 
								təkliflər səsləndirildi. Qeyd olundu ki, dövlət 
								sifarişi üzrə kadr hazırlığının yerinə 
								yetirilməsi məqsədi ilə ayrılmış vəsait əksər 
								ali məktəblərdə yalnız əməkhaqqı və təqaüd 
								xərclərinin ödənilməsinə kifayət edir, müvafiq 
								maddi-texniki bazanın yaradılması və 
								saxlanılmasına şərait yaratmır. Digər tərəfdən, 
								ötən il dövlət sifarişi üzrə bir təhsilalana 
								düşən xərclərin miqdarı təsdiq olunduqdan sonra 
								tələbələrin və doktorantların təqaüdləri, eyni 
								zamanda su və kanalizasiya xidmətləri ilə bağlı 
								kommunal xərclərin dəyəri artmışdır. Bunları 
								nəzərə alaraq dövlət sifarişi üzrə hər bir 
								təhsilalana düşən xərclərin miqdarına yenidən 
								baxılması və bu məbləğin artırılması təklif 
								olundu. Eyni zamanda, bir sıra oxşar və 
								eynitipli ixtisaslar üzrə təsdiq olunmuş bir 
								təhsilalana düşən təhsil xərclərinin miqdarı 
								arasında kəskin fərqlər mövcud olduğundan, bir 
								təhsilalana düşən xərclərin miqdarı 
								müəyyənləşdirilərkən bəzi ixtisasların 
								spesifikası nəzərə alınmadığından oxşar və 
								eynitipli ixtisaslar üzrə bir təhsil alana düşən 
								təhsil xərclərinin miqdarına yenidən baxılaraq 
								uyğunlaşdırılması təklif edildi. Bildirildi ki, 
								dövlət sifarişi üzrə bir təhsilalana düşən 
								təhsil xərclərinin miqdarı vaxtaşırı indeksasiya 
								olunmalı, dövlət əhəmiyyətli ixtisaslara dövlət 
								sifarişçisi ilə qəbulla bağlı müsabiqə 
								ballarının müəyyənləşdirilməsinə fərdi 
								yanaşılmalıdır. 
								
								İrəli sürülən təkliflər sırasında tələbə statusu 
								qazanmış şəxslərə güzəştli təhsil kreditlərinin 
								verilməsi ilə bağlı müvafiq qanunun qəbul 
								edilməsinə ehtiyac olduğu, ilin sonunda 
								büdcədənkənar vəsaitlər üzrə gəlirlərin dövlət 
								büdcəsinə silinməyib növbəti ilə keçirilməsinin 
								vacibliyi, özəl ali məktəblərin dövlət 
								sifarişində iştirakının stimullaşdırılması və s. 
								məsələlər də qeyd olundu. 
								
								Maliyyə naziri Samir Şərifov kollegiya iclasında 
								çıxış edərək müzakirə olunan məsələnin 
								vacibliyini qeyd etdi, toxunulan bəzi 
								problemlərə, irəli sürülən təkliflərə öz 
								münasibətini bildirdi, bir sıra məsələlərə 
								aydınlıq gətirdi.  
								
								
								Yusif ƏLİYEV  |