| 
								 
								Martın 11-də Bakı Slavyan Universitetinin 
								filologiya fakültəsində BSU-nun "Elmi 
								əsərləri"nin Osvald fon Volkenşteyn Cəmiyyəti (Almaniya) 
								ilə birgə hazırladığı xüsusi buraxılışının 
								təqdimat mərasimi keçirildi. Nəzərə çatdıraq ki, 
								bu nəşr universitetin sözügedən cəmiyyətlə birgə 
								əməkdaşlığının ilk nümunəsi deyil. Belə ki, BSU 
								ilə Almaniyanın Yohannes Quttenberq Universiteti 
								Mayns və Osvald fon Volkenşteyn Cəmiyyəti 
								arasında 2008-ci ildən başlayaraq  "Kitabi-Dədə 
								Qorqud" və "Nibelunqlar haqqında nəğmə": Ortaçağ 
								qəhrəmanlıq dastanlarında Şərq və Qərb" adlı 10 
								illik layihə həyata keçirilir. 
								
								  BSU-nun 
								"Elmi əsərləri"nin Osvald fon Volkenşteyn 
								Cəmiyyəti (Almaniya) ilə birgə hazırladığı 
								xüsusi buraxılış isə alman şərqşünası, türkoloqu 
								və diplomatı Hainrix Fridrix fon Ditsin adı ilə 
								bağlıdır. 1815-ci ildə Dits qədim oğuz dastanı "Kitabi-Dədə 
								Qorqud"un əlyazmasını ilk dəfə üzə çıxartdı. 
								Həmin il fon Dits "Təpəgöz" boyunu almancaya 
								tərcümə etməklə yanaşı, bu möhtəşəm dastan 
								haqqında və  onun qədim yunan miflərilə əlaqəsi 
								barədə araşdırmalarını nəşr etdirir. Beləliklə, 
								Avropa oxucusu "Kitabi-Dədə Qorqud" eposu ilə 
								tanış olur. Həmin dövrdən 195 il keçməsinə 
								baxmayaraq, fon Ditsin adı nəinki alman 
								türkoloji məktəbinin, həm də Azərbaycan 
								filologiyasının unudulmaz simalarından birinə 
								çevrilir. 
								
								Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, 
								professor Kamal Abdullayev qonaqları 
								salamlayaraq, Azərbaycan-alman mədəni-elmi 
								əlaqələrinin tarixindən danışdı. Bu əlaqələrin 
								bu gün daha da genişləndiyini bildirən 
								K.Abdullayev xüsusi buraxılışda Azərbaycan 
								alimlərinin əsərləri ilə bərabər, Almaniyanın 
								Vürtsburq, Yohannes Quttenberq, Frankfurt və 
								Drezden Sakson Universitetinin görkəmli 
								ədəbiyyat və dil mütəxəssislərinin məqalələrinin 
								də dərc olunduğunu nəzərə çatdırdı. Bildirildi 
								ki, BSU Almaniya və digər inkişaf etmiş 
								ölkələrlə əlaqələrini bundan sonra da 
								genişləndirməyi planlaşdırır və bu yöndə ciddi 
								addımlar atır.  Avropaya təkcə iqtisadiyyat və 
								mədəniyyətlə deyil, elmi cəhətdən də inteqrasiya 
								olmağın vacibliyini vurğulayan professor, bu 
								əlaqələrin elmi-mədəni irsimizə böyük töhfələr 
								verəcəyinə ümidvar olduğunu bildirdi. Professor 
								K. Abdullayev tərəfindən Azərbaycan şairi Mirzə 
								Şəfi Vazeh və alman şairi və tərcüməçisi 
								Bodenştedt yaradıcılığının birgə öyrənilməsi ilə 
								bağlı maraqlı təşəbbüs irəli sürüldü. 
								
								Sonra söz Almaniyanın Vürsburq Universitetinin 
								professoru, Osvald fon Volkenşteyn Cəmiyyətinin 
								prezidenti xanım Ziqlinde Hartmana verildi. 
								Z.Hartman Şərq və Qərb universitetləri arasında 
								mədəni körpünün yaradıldığını təqdirəlayiq hal 
								kimi qiymətləndirərək BSU-nun rəhbərliyinə və 
								kollektivinə xüsusi təşəkkürünü bildirdi. Qonaq 
								müasir dövrdə alman-Azərbaycan əlaqələrinin 
								genişləndiyini və bunun müsbət nəticələr 
								verəcəyinə əmin olduğunu bildirdi. Qeyd edildi 
								ki, dünyada qloballaşma prosesləri gedir və bu 
								baxımdan Şərq və Qərb universitetlərinin 
								birlikdə işləməsinin, inteqrasiya etməsinin hər 
								iki ölkə üçün çox böyük əhəmiyyəti vardır. Z. 
								Hartman bu layihənin həyata keçirilməsində 
								göstərdiyi köməkliyə görə Azərbaycan 
								Respublikasının Təhsil Nazirliyinə təşəkkür etdi.
								 
								
								Tədbirdə millət vəkili Asim Mollazadə, 
								Azərbaycan Dillər Universitetinin professoru 
								Fəxrəddin Veysəlli, Münhendəki  Helmholts adına 
								elmi mərkəzin şöbə müdiri, Ştutqart 
								Universitetinin professoru Məsud Əfəndiyev və 
								digərləri çıxış edərək elmi əsərlərin xüsusi 
								buraxılışının əhəmiyyətini vurğuladılar.  
								
								
								Niyazi RƏHİMOV  | 
								  |