| 
								 
								Martın 17-də Bakı Slavyan Universitetində 
								tanınmış yazıçı-alim Elçinin "Sosrealizm bizə nə 
								verdi?" kitabının təqdimat mərasimi oldu. 
								
								 Alimlərin, 
								müəllimlərin, tələbələrin və KİV 
								nümayəndələrinin iştirak etdiyi tədbiri BSU-nun 
								rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal 
								Abdullayev açaraq, xalq yazıçısı, filologiya 
								elmləri doktoru, professor Elçin Əfəndiyevi ötən 
								əsrin 60-cı illərindən bu günədək Azərbaycan 
								ədəbiyyatında orijinal dəst-xətti olan nasir, 
								ədəbiyyatşünas, dramaturq, ssenarist və 
								tərcüməçi kimi dəyərləndirdi. Vurğuladı ki, 
								Elçinin bu gün təqdimat mərasiminə toplaşdığımız  
								"Sosrealizm bizə nə verdi?" əsəri ədəbi 
								tariximizin ən vacib məsələlərindən birinin 
								həlli baxımından uğurlu bir elmi təşəbbüsdür. 
								Kitabda sosializm realizminin ədəbiyyatımızın 
								tarixində və ictimai fikrində rolu, mövqeyi, 
								əhəmiyyəti və uğursuz taleyi müfəssəl bir 
								şəkildə araşdırılıb. Elçin müəllim bu əsərdə 
								Azərbaycan sovet ədəbiyyatının qazandığı 
								nailiyyətləri və digər məsələləri göstərə bilib. 
								
								Tədbirdə BSU-nun professorları Məmməd Qocayev, 
								Rəhilə Qeybullayeva, Bədirxan Əhmədov, Rəhilə 
								Quluyeva, Tehran Əlişanoğlu, Flora Nacıyeva, 
								Nizami Tağısoy, AMEA-nın akademiki Arif Həşimov, 
								BSU-nun dosenti Rüstəm Kamal, BSU-nun tərcümə 
								kafedrasının müdiri, şair Etimad Başkeçid, 
								"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və 
								digər çıxış edənlər əsərin əhəmiyyətini, 
								ədəbiyyatımızın dünəni ilə bağlı dəyərli və 
								obyektiv bir araşdırma olduğunu bir daha 
								iştirakçıların diqqətinə çatdırdılar. 
								
								Mərasim iştirakçılarına təşəkkür edən Elçin 
								bildirdi ki, ötən əsr Azərbaycan ədəbiyyatının, 
								mədəniyyətinin böyük bir hissəsi sosializm 
								realizmi ədəbi metodunun hökm sürdüyü bir dövrdə 
								yaradılıb. O dövrdə nəşr olunmuş ədəbi 
								nümunələrə qiymət verməyin vaxtı çatıb. Eyni 
								zamanda biz o dövrdə yazılmış nə varsa üstündən 
								xətt çəkə bilmərik. Şübhəsiz ki, zəif əsərlər 
								yazılıb, ədəbiyyatımıza güclü zərbələr vurulub. 
								Bununla belə, etiraf etməliyik ki, həmin dövrdə 
								gözəl ədəbi nümunələr də işıq üzü görüb, müəyyən 
								mənada ədəbiyyatımız, mədəniyyətimiz inkişaf 
								edib, yeni janrlar yaranıb. Bu kitabı yazmaqda 
								əsas məqsədim həmin dövrə obyektiv qiymət vermək, 
								Azərbaycan ədəbiyyatının itirdiklərini və 
								qazandıqlarını düzgün təhlil etmək olub. 
								
								Elçin müəllim çıxışının sonunda mərasim 
								iştirakçılarını və bütün Azərbaycan xalqını 
								Novruz bayramı münasibəti ilə səmimi-qəlbdən 
								təbrik etdi.  
								
								
								
								Ədalət DAŞDƏMİRLİ   | 
								  |