| 
								 
								Dünyada mövcud olan ən qabaqcıl texnologiyaları 
								tətbiq etmək Təhsil Nazirliyinin gərək prioritet 
								vəzifəsi olsun. Azərbaycanda gərək virtual 
								dərslər, yeni texnologiyalar geniş yayılsın, 
								bütün məktəbləri əhatə etsin. Bu çox böyük, 
								mürəkkəb, çoxlu maliyyə vəsaiti tələb edən 
								proqramdır. Amma biz bunu etməliyik. Çünki biz 
								gələcəyə baxmalıyıq.  
								
								
								
								İlham ƏLİYEV,  
								Azərbaycan Respublikasının Prezidenti 
								
								
								  
								
								Son vaxtlar təhsil  ictimaiyyəti  qiyabi  
								təhsilin distant  formada  aparılması, bu 
								sistemin yaradılmasına nə  qədər vaxt lazım 
								olması  barədə müzakirələr aparır. Məqalədə  
								məqsəd  ölkədə distant  təhsilin yaranması  və 
								inkişafı, universitetlərdə distant təhsilin 
								təşəkkülü barədə fikirlərimizi bölüşməkdir. 
								
								 Dünyada  
								gedən qlobal  proseslər,  biliyə  əsaslanan 
								iqtisadiyyatın sürətli   inkişafı keyfiyyətli   
								insan kapitalının formalaşmasını, təhsil 
								problemlərini diqqətdə saxlamağı tələb edir. 
								Təhsilin   modernləşdirilməsi zərurəti, 
								respublikanın regionda  İKT sahəsində  lider  
								dövlət olmaq məqsədləri  üçün   bu  gün  ölkədə 
								virtual təhsil sistemini  inkişaf   etdirmək  
								zəruridir.  Azərbaycan  Respublikasının  
								Prezidenti cənab İlham Əliyevin təhsil  sistemi  
								qarşısında qoyduğu mühüm tələblərdən biri  - 
								"...Azərbaycanda virtual dərslər   
								keçirilməlidir"  kimi  müəyyən edilmişdir.  Bu  
								tələb milli   təhsil sisteminin perspektiv 
								inkişaf vektorunu  müəyyən  edir. Bu  səbəbdən 
								bütün strateji təhsil  sənədlərində   
								respublikada vurtual təhsilin, distant təhsilin  
								(DT) yaradılması və inkişafı xüsusi  qeyd  
								edilmişdir.   
								
								DT texnologiyalarının tətbiqi bu  gün dünyada 
								geniş vüsət almaqdadır. Bu sahənin inkişafı 
								milli təhsil sisteminin təkmilləşdirilməsi, 
								beynəlxalq tələblər səviyyəsinə qaldırılması, 
								qlobal  informasiya təhsil məkanına inteqrasiya 
								edilməsi baxımından da  əhəmiyyətlidir. 
								 
								
								DT informasiya cəmiyyətinin inkişafı və 
								təkamülünün tarixi mərhələsi olub, hər hansı 
								dövlətin təhsil siyasətindən asılı olmayaraq, 
								qloballaşmanın tələbidir.  
								
								İnkişaf etmiş ölkələrdə ənənəvi təhsil formaları 
								artıq  DT sisteminə inteqrasiya olunmuş, vahid  
								milli informasiya-təhsil məkanı yaranmışdır.  Bu 
								gün dünyada on milyonlarla  insan DT  
								texnologiyaları əsasında sistematik təhsil 
								alır.  DT  auditoriyalara  sığmayan,   
								sərhədsiz, transmilli  təhsil texnologiyasıdır. 
								Təhsil yönümlü beynəlxalq təşkilatların, 
								cəmiyyətlərin, o cümlədən  YUNESKO-nun  təhsil  
								siyasətinin  mühüm  istiqamətlərindən  biri  DT  
								sisteminin inkişafıdır.  YUNESKO  artıq  qlobal 
								şəbəkə universiteti  yaratmışdır.  MDB  
								səviyyəsində  isə  20  universitetin iştirakı  
								ilə  "Universitetlərin  şəbəkə  işbirliyi 
								(əlaqələri)" adlı  layihə   reallaşır.  
								Layihənin   məqsədi MDB  ərazisində   DT 
								texnologiyaları  əsasında   ali  təhsilin 
								inkişafını  dəstəkləməkdir.   Layihə   
								çərçivəsində   bu  ilin  əvvəlində  YUNESKO-nun 
								dəstəyi  ilə "İnnovativ  iqtisadiyyatın kadr  
								təminatı  üçün universitetlərin şəbəkə  
								əlaqələri"  adlı  beynəlxalq  konfrans  təşkil  
								edilmişdir. Bu  gün  DT-nin  yaradılması kütləvi 
								və əlçatan ali  təhsili  formalaşdırmaqla 
								bərabər, iqtisadiyyatın kadr  təminatı 
								problemlərini  operativ  həll  edir, ölkənin 
								qlobal  səviyyədə  müsbət  imicinin  
								formalaşmasına dəstək verir.  
								
								Bu gün dünyada  təhsil  böyük  bir  biznesdir. 
								DT beynəlxalq təhsil xidməti bazarında  təhsilin 
								ixracının mühüm vasitəsi  və  texnologiyasıdır. 
								ABŞ hər il DT texnologiyaları əsasında təhsil 
								ixracından 7 milyard dollar, Avstraliya 3 
								milyard dollar mənfəət götürür. Qlobal məkanda 
								DT bu gün elə bir  templə inkişaf edir ki, 
								proqnozlara görə, 2015-ci ildə dünya 
								universitetlərinin 80%-i   bu  texnologiya 
								əsasında təhsil verəcəklər.   
								
								DT-təhsil müəssisəsindən istənilən məsafədə olan 
								öyrənənlərə xüsusiləşdirilmiş informasiya-təhsil 
								mühiti vasitəsi ilə göstərilən təhsil xidmətləri 
								kompleksidir.   
								
								İnformasiya-təhsil mühiti öyrənənlərin təhsil 
								ehtiyaclarının təmin edilməsinə yönəlmiş, 
								verilənlər, informasiya resursları, qarşılıqlı 
								əlaqə protokollarının ötürülmə vasitələri, 
								aparat-proqram, metodik-təşkilati təminat və s. 
								vasitələrin sistemli təşkilidir. 
								
								DT tələbə  və  müəllim arasında interaktiv 
								əlaqəni telekommunikasiya və kompüter şəbəkələri 
								vasitəsi ilə operativ, müntəzəm  dialoq, 
								əks-əlaqə əsasında, uzaq məsafədən həyata 
								keçirən texnologiyadır.  DT-nin əsas 
								texnologiyaları aşağıdakılardır:  
								- 
								Keys texnologiyası. Tədris-metodik materiallar 
								ciddi strukturlaşdırılır, xüsusi "keys" 
								formasında komplektləşdirilir, müstəqil 
								mənimsənilmə  üçün tələbələrə göndərilir. Tələbə 
								ilə    məsləhətçi-müəllim, tyutor arasında 
								müntəzəm məsləhətləşmə aparılır. 
								- 
								TV texnologiyası. Tədris prosesi telemühazirələr 
								əsasında həyata keçirilir, müəllim və tyutorla 
								sistematik məsləhətləşmələr aparılır. 
								 
								- 
								Şəbəkə texnologiyası. Tələbələri  tədris-metodik 
								materiallarla təmin etmək, həmçinin tələbə  və 
								müəllim arasında interaktiv əlaqə yaratmaq 
								məqsədi ilə İnternet şəbəkəsindən  istifadə 
								edilir. Şəbəkə texnologiyasında  lokal 
								(İntranet) və qlobal (İnternet) şəbəkə 
								texnologiyalarından istifadə edilir.   Bu  halda 
								distant dialoq İnternet resursları vasitəsi  ilə 
								həyata keçirilir. Təlim ünsiyyətinin əsasını DT 
								kursu şəklində tərtib edilmiş elektron  tədris  
								vasitələri təşkil edir.  
								
								Beynəlxalq təhsil məkanında belə bir vəziyyət 
								müşahidə olunur: hansı ölkələrdə təhsilin ümumi 
								səviyyəsi aşağıdırsa, bu ölkələrdə DT sistemi ya 
								ümumən olmur, ya  da çox  zəif inkişaf edir. 
								Çünki virtual təhsil real təhsil üzərində 
								qurulur, inkişaf  edir, təhsilin  məzmunu   hər  
								iki  halda  eyni  kriteriya  ilə - milli təhsil  
								standartları ilə  müəyyən  edilir.  Əgər  
								universitetin professor-müəllim heyəti  
								keyfiyyətcə  müasir  tələblərə cavab  vermirsə 
								(bu vəziyyət  əsasən  professor-müəllim 
								heyətinə  az  məvacib  verilən  ölkələrdə  
								müşahidə  edilir), bakalavr  və  magistrlər 
								keyfiyyətli  dərslik  və tədris-metodik  
								komplekslərlə təchiz  edilməyiblərsə, onda bu 
								materialların  elektronlaşmasının, pedaqoji 
								heyətin virtual  fəaliyyətinin səmərəsi olmaz 
								(əgər pedaqoji  heyətin ümumiyyətlə virtual iş 
								vərdişləri  varsa). Bu səbəbdən ali təhsilin 
								ümumi səviyyəsinin aşağı olduğu  ölkələrdə  
								DT-nin  yaradılması  təhsilin məzmun  və 
								texnologiya  baxımından köklü yeniləşməsini  
								tələb  edir. Bu iki işin az vaxt ərzində 
								paralel  aparılması  əlavə  problemlər yaradır,  
								daha  böyük  resurslar tələb  edir.  Proses  
								düzgün  qurularsa,  sinergetik  qarşılıqlı  
								təsir  effekti  yarana  bilər. Bunun  müəyyən  
								faydası mümkündür,  bu  halda real təhsilin 
								inkişafı  DT-nin inkişafına və əksinə, DT-nin 
								inkişafı real təhsilin inkişafına təkan verə  
								bilər. 
								
								Real  təhsili  zəif  olan  ölkələr   təhsilin  
								məzmun  yönümlü   problemlərini  həll  etmədən  
								öz  "nailiyyəti"ni  virtual  aləmə  keçirməklə  
								heç  nə  qazana  bilməzlər,  olsa-olsa  
								İnternet  vasitəsi  ilə  öz  təhsil  
								"səviyyə"sini  bütün dünyaya   nümayiş  etdirə  
								bilərlər. Bu  isə   antireklamdır.  Bu   halda  
								DT-in  məzmun və  keyfiyyətini   müəyyən  edən  
								elektron  kontent  keyfiyyətsiz  olduğundan  
								onun  səmərəsi  ola  bilməz. Bu  mənada  
								virtual  təhsil  real  təhsilin   
								proyeksiyasıdır, nəticəsidir   desək  səhv  
								etmərik.    
								
								Dünya təhsil təcrübəsində DT-in  müxtəlif 
								modelləri mövcuddur. 
								
								1. Distant təhsilin Asiya modeli. Bu model açıq 
								universitetlərin yaradılmasını nəzərdə tutur. 
								Hindistan, Çin, Tailand, İndoneziya. Cənubi 
								Koreya kimi ölkələr bu modeldən istifadə 
								edirlər.  
								
								2. Distant təhsil qiyabi təhsilin  reallaşma 
								modeli kimi. Bu halda yalnız qiyabiçi tələbələr 
								distant texnologiyalar  əsasında təhsil alırlar. 
								Avstraliya, Yeni Zelandiya, Malayziya kimi 
								ölkələrdə bu model tətbiq edilir. 
								
								3. Distant təhsil əyani təhsilin reallaşma 
								modeli kimi. Müəllimin auditoriya ilə 
								audiovizual əlaqələri  telekommunikasiyalarla  
								reallaşır. Bu model  Amerikada da tətbiq edilir.
								 
								
								4. Tədris materialı əsasında tələbənin müstəqil 
								işinə əsaslanan distant təhsil modeli. Bu 
								modeldə tədris kursları modullar formasında 
								strukturlaşır. Bu modeldən Böyük Britaniyada 
								istifadə olunur. 
								
								Bu  gün  bir  çox  ölkələrdə  DT-nin eyni  
								zamanda  müxtəlif modelləri tətbiq  edilir. Bu  
								modellərin  tətbiqi  ilə  əlaqədar  qərarı  
								universitetlər özləri qəbul  edirlər.  
								Universitetin hansı model əsasında DT  verməyə  
								imkanı  varsa,  o  modeli  də  seçir. Məsələn, 
								Türkiyənin Anadolu Universiteti uzun müddətdir  
								ki, açıq universitet formasında fəaliyyət 
								göstərir. Anadolu Universiteti hazırda  1,5 
								milyon tələbə ilə dünyanın 3-cü  
								meqauniversiteti hesab edilir. 30 ildən artıq 
								müddət ərzində Anadolu Universiteti müxtəlif 
								texnologiyalar əsasında, bu gün isə müasir, 
								yüksək texnologiyalar əsasında DT  reallaşdırır. 
								Türkiyənin  başqa  universitetləri  isə   digər  
								DT  modellərinə   üstünlük  verirlər.  Bu  gün  
								Türkiyənin  və  Rusiyanın  əksər  
								universitetləri   səmərəli  DT  sistemi yarada  
								bilmişlər.   DT  sistemi  resurslarından  nəinki 
								qiyabi, eksternat   və  distant  formada  təhsil  
								alan  tələbələr,  eyni  zamanda əyani təhsil 
								alan tələbələr  də səmərə  ilə istifadə edirlər.
								 
								
								Bu  gün  universitetlər  arasında  olan  qlobal  
								rəqabət  artıq  virtual  məkana  keçmişdir. 
								Məsələn,  Rusiya ərazisində  Amerika  və  
								Avropanın  distant  universitetlərinin xeyli  
								nümayəndəliyi  fəaliyyət  göstərir. Minlərlə 
								rusiyalı  gənc  distant  formada  xarici ölkə 
								universitetlərində  təhsil  alır.  Bu  həm ucuz, 
								həm təhlükəsizdir (dünyanın  indiki  narahat 
								vaxtında  əksər valideynlər  övladlarını 
								gözlərindən  uzağa  göndərməyə  risk  etmirlər).  
								Bu  halda DT alan tələbələrin  təhsillərini  
								başa  vurduqdan  sonra  vətənə 
								qayıdıb-qayıtmaması  kimi  bir  problem də 
								yoxdur.   
								
								Bu gün  Anadolu  Açıq  Meqa Universitetinin  bir  
								çox  ölkələrdə,  o  cümlədən Azərbaycanda  da   
								nümayəndəliyi  var,    bizim  ölkədən xeyli 
								tələbə distant yolla bu universitetdə  
								keyfiyyətli və  müasir  standartlara  uyğun 
								təhsil alır. Gələcəkdə  digər  açıq  və  virtual 
								universitetlərin,  distant universitetlərin də  
								respublikamızda  nümayəndəliklərinin açılması 
								mümkündür.   Getdikcə  bu  proses vüsət alacaq. 
								Bunun ölkəmizdə  insan  kapitalının  inkişafına  
								yalnız xeyri  ola  bilər. Bu proses  milli 
								təhsildə beynəlxalq  rəqabət mühitini 
								gücləndirəcək. Bu  proseslər qloballaşmanın, 
								Boloniya  prosesinin, tələbə  və müəllim 
								mobilliyinin  (hələlik virtual  mobilliyin)  
								addım  səsləridir. Çünki bu, qlobal informasiya  
								təhsil  məkanına  inteqrasiyanın yeganə  yoludur. 
								Görəsən, təhsil sistemimiz,  universitetlərimiz   
								bu ciddi  rəqabətə  hazırdırmı?   
								
								Bu  gün  respublikada  bəlkə də  yüzlərlə  gənc  
								virtual  olaraq müxtəlif ölkələrin 
								universitetlərində  distant  ali  və  əlavə  
								təhsil  alır.  Yəqin  ki, valideynlər də,  
								tələbələr  də  təhsilin keyfiyyətindən və 
								səviyyəsindən çox məmnundurlar.  Gələcəkdə   
								işəgötürən təşkilatlar  da  bu  kadrların  
								hazırlığından məmnun qalacaqlar.  Virtual  
								məzunların  alacaqları  diplom  da  bütün 
								dünyada  tanınacaq. Boloniya  prosesi  
								tələblərinə  uyğun olaraq  bu  diplomlar   bizim  
								ölkədə  də problemsiz tanınacaqdır.  Gələcəkdə 
								xaricdə  virtual  təhsil alan tələbələrimizin 
								sayının  sürətlə artması ehtimal  edilir.  
								 
								
								Strateji məqsədi qlobal informasiya-təhsil 
								məkanına inteqrasiya olan milli təhsil 
								sistemimizdə DT-nin tətbiqi bu  gün  aktualdır. 
								Bu sahədə qlobal inkişafdan, təxminən, 15 il 
								geri qalsaq  da, hər halda nə vaxtsa əməli işə 
								başlamalı, bu geriliyi  aradan  qaldırmalıyıq.  
								Çünki bu  gün DT sistemi  olmayan  ölkələrin  
								təhsilinin  sabah  heç  bir  perspektivi   ola  
								bilməz. DT təhsil innovasiyasıdır, informasiya  
								cəmiyyətinin, innovasiya  cəmiyyətinin  
								təhsilidir.  
								
								Respublikada DT sistemi  yaradıldığı  halda  
								dünya azərbaycanlılarının,  o  cümlədən  
								diasporada yaşayan azərbaycanlıların öz  ana 
								dilində təhsil almaq  imkanı  yaranacaq.   Bu   
								yolla  onların ailə  üzvləri, uşaqları  vətəndən  
								uzaqda yaşasalar  da,   əcdadlarının  dilini, 
								mədəniyyətini, tarixini  müstəqil   öyrənə  
								biləcəklər. Digər  tərəfdən, azərbaycanlıların 
								kompakt  yaşadığı ölkələrdə azərbaycandilli 
								təhsil  müəssisələrinin olmaması  problemi  də  
								bu  yolla  tədricən  həll edilə  bilər.  
								 
								
								Təəssüflə qeyd edək  ki,  bu   günə  qədər  biz  
								Azərbaycan dilini  müstəqil  öyrənmək  istəyən  
								əcnəbilər üçün  heç  bir  elektron  dərslik,  
								distant  təhsil  resursu   hazırlamamışıq.  Amma  
								Moskva Dövlət Beynəlxalq  Əlaqələr Universiteti 
								Azərbaycan dilini öyrənən  tələbələri  üçün  
								belə  bir  elektron  dərslik artıq   yaratmışdır   
								(Azərbaycan  dili bu  universitetin 
								regionşünaslıq ixtisası  alan tələbələrinə 
								tədris  edilir).  Bu  istiqamətlərdə  elektron 
								resurslarımızı artırmalıyıq,  bunun  xalqın  
								mədəniyyətinin təbliğində  böyük  imkanları  
								var.            
								
								Bütün  dünyada bu  gün  DT  texnologiya  kimi  
								qəbul edilir,  çünki onun  təhsil  forması  kimi  
								qəbul  edilməsi  bu  texnologiyanın  geniş  
								tətbiqini əngəlləyə  bilər.   Amma DT-nin  
								texnologiya  kimi  qəbul  edilməsi  ondan 
								fasiləsiz təhsilin  bütün səviyyələrində (orta, 
								ali və  diplomdan  sonrakı  mərhələlərdə), bütün 
								formalarında (əyani, qiyabi, eksternat  və s.) 
								istifadəni  mümkün edir.  Bununla  belə, yeni  "Təhsil  
								haqqında" Qanunda  DT təhsil  formalarından  
								biri  kimi qeyd  edilir. Yəqin  ki,  DT sistemi  
								respublikada formalaşdıqca,  gələcəkdə  bu  
								məsələlərə təkrarən baxılacaq, qanunda  müəyyən  
								əlavə  və  dəyişikliklər  ediləcəkdir. 
								 
								
								Son  vaxtlar  təhsil  ictimaiyyəti  qiyabi  
								təhsilin  distant  formada  aparılması haqqında, 
								bu sistemin yaradılmasına nə  qədər  vaxt  lazım 
								olması  barədə müzakirələr aparır.   Bu   problemin  
								praktik həlli  çətin,  miqyası geniş, əhatəli, 
								maddi  məsrəfləri  isə  çox  böyükdür. Çünki DT  
								təhsilin  kompleks  informatlaşmasını  tələb  
								edir,  bu  isə  heç  də asan  məsələ  deyil. 
								Təbii ki, böyük  işlərin  həlli asan olmur.   
								Milli təhsil  sistemimiz bu problemi  yaxın  10 
								il ərzində  həll edə  bilsə, onun 
								rəqabətqabiliyyətliliyi, keyfiyyəti  və  
								reytinqi yüksələ  bilər.   Bütün   inkişaf  
								etmiş  və  inkişafda  olan  ölkələr  kimi,   
								biz  də  DT-nin  köməyi  ilə  əlçatan, 
								keyfiyyətli və  kütləvi  fasiləsiz  təhsil  
								sistemi yarada bilərik.   
								
								Ölkədə  DT-nin  yaradılması  və inkişafı  üçün  
								görülməli işləri  şərti olaraq  4 səviyyəyə 
								ayırmaq  olar: ölkə  səviyyəsində  görülməli 
								işlər; sahə  nazirlikləri  səviyyəsində  
								görülməli işlər;  təhsil  sistemi səviyyəsində  
								görülməli işlər; universitetlər səviyyəsində  
								görülməli işlər.   
								
								Ölkədə  DT-nin  yaradılması  və inkişafı  üçün  
								ilkin mərhələdə  "Azərbaycan Respublikasında 
								distant  təhsilin  yaradılması  və  inkişafı" 
								strategiyası   hazırlanmalıdır. Strategiyada  
								hər  bir  səviyyənin  görməli  olduğu  işlər  
								istiqamətlər  üzrə  qeyd edilməlidir.  Daha  
								sonra bu  strategiya  əsasında  xüsusi  Dövlət  
								Proqramı  hazırlanmalıdır. Bu proqram 
								çərçivəsində  ölkə  səviyyəli  ümumi  işlər  
								icra  edilməli, normativ-hüquqi baza, texniki, 
								pedaqoji, təşkilati,   standartlaşma  və s.  
								məsələlər  həll edilməlidir.     
								
								Sahə  nazirlikləri  səviyyəsində  isə  hər  bir  
								nazirlik  öz  tabeliyində  olan  ixtisasartırma, 
								təkmilləşdirmə, yenidənhazırlanma, təcrübəkeçmə, 
								kadrların  attestasiyası, bir sözlə, fasiləsiz 
								əlavə təhsilin bu  nazirliyə dair  fəaliyyətini  
								distant  texnologiyalara transfer etməlidir. Bu, 
								iqtisadi  cəhətdən, keyfiyyət və səmərəlilik, 
								insanların  rahatlığı baxımından əlverişlidir. 
								Regionlarda  işləyən  kadrların  bu halda 
								paytaxta  uzunmüddətli və ya  qısamüddətli 
								kurslara ezam olunmasına  ehtiyac olmayacaq. Bu  
								mənada hər bir nazirliyin DT sisteminin  
								yaradılması və inkişafına dair xüsusi  proqramı 
								olmalıdır.    
								
								Bu  gün  əksər  ölkələrdə (o cümlədən  bir çox  
								MDB ölkələrində)  yaşlıların  təhsili  elektron 
								formada, distant  texnologiyalar  əsasında  
								reallaşır.  
								
								Respublika pedaqoji kadrların ixtisasartırma, 
								təkmilləşdirmə, yenidənhazırlanma kursları hələ 
								də distant  texnologiyalarla  aparılmır (bir  
								çox  MDB  ölkələri  10  ildən artıqdır ki, 
								pedaqoji kadrların ixtisasartırma, 
								təkmilləşdirmə, yenidənhazırlanma kurslarını 
								distant texnologiyalarla  aparır). Bu  iş  
								respublikada  əvvəlcə məhz  təhsil  sistemində  
								yaradılmalı  idi.   Sonra isə sahə nazirlikləri 
								bu nümunə  əsasında sahə DT sistemlərini 
								qurmaları, öz kadrlarını bu yolla təkmilləşdirmə 
								və ixtisasartırma kurslarına cəlb etməli idilər.    
								 
								
								DT-nin inkişafı ilə əlaqədar qlobal  problemlərə 
								varmadan,  təhsil sistemi səviyyəsində görüləcək 
								bəzi işləri qeyd etmək istərdik. Təhsil 
								sistemində təhsilin  səviyyələri  üzrə  və  peşə  
								təhsili istiqamətləri üzrə DT-nin inkişafı üçün 
								konkret layihələr reallaşmalıdır. Təhsil 
								sistemində DT-nin inkişafı  məqsədi ilə kadr  
								təminatı, proqram-texniki təminat,  kontent  
								təminatı  problemləri həll edilməli, ciddi 
								investisiyalar  cəlb edilməlidir.   
								
								Respublikada DT-nin inkişafı üçün  bu  gün  real 
								şərait  var. İKT sektorunun respublikada 
								prioritet  sahə  elan  edilməsi, bu sektorun  
								son  illər  sürətli inkişafı,  o  cümlədən  İKT 
								üzrə  Milli  Strategiyanın qəbul  edilməsi,  "Elektron 
								Azərbaycan" Dövlət Proqramının, təhsil 
								sisteminin informatlaşması üzrə 2 dövlət 
								proqramının reallaşması bu sahənin real  
								inkişafı üçün infrastruktur  və texniki baza 
								yaratmışdır. Digər  tərəfdən, ali  təhsilin  
								inkişafı  üzrə, orta  ixtisas təhsilinin 
								inkişafı  üzrə, texniki peşə təhsilinin inkişafı  
								üzrə dövlət proqramlarının  hər  birində DT-nin  
								yaradılması və  inkişafı  məsələləri xüsusi  
								qeyd  edilmişdir. Bu  proqramlar  çərçivəsində  
								real  iş  görmək  mümkündür. Bunun  üçün bir  
								sıra  ciddi  işlərin  görülməsinə,  o  cümlədən  
								hazırda  icra  olunan bu   proqramların  
								əlaqələndirilməsi  və DT-nin  inkişafı 
								məqsədləri  ilə  bir  meqalayihə  formasında  
								icra edilməsinə,  böyük  həcmdə  əlavə  
								investisiya  qoyulmasına   ehtiyac  var. 
								 
								
								Hər  bir  sahədə  olduğu  kimi,  DT-nin 
								inkişafında  da   insan  resursları,  onların  
								peşəkarlıq  səviyyəsi həlledicidir (bu amil  
								texnologiyaya nisbətən  daha prioritetdir). DT 
								texnologiyasının reallaşması üçün   ilkin  şərt  
								hər  bir  universitetdə xüsusi  hazırlıq  keçmiş  
								kadr  heyətinin  olmasıdır.  Çünki bütün 
								elektron  tədris  resurslarının hazırlanması və  
								tətbiqi,  virtual  təlimin  təşkili  və  idarə 
								edilməsi,  yeni  texnologiyalardan  səmərəli  
								istifadə məhz pedaqoji  və  texniki heyətin 
								hazırlıq  səviyyəsindən  asılıdır.  Kadr 
								problemlərinin  həlli maliyyə məsələsinə 
								bağlıdır, bu günə qədər DT-nin yaradılması və 
								inkişafı üzrə  investisiya qoyulmadığından bu 
								istiqamət üzrə  kadr hazırlanmamışdır.  Bu  
								səbəbdən  respublikanın, demək  olar ki,  heç  
								bir  universitetində beynəlxalq standartlar  
								səviyyəsində  DT  sistemi  yarada  bilən  
								komanda  formalaşmamışdır.  Eyni  vəziyyət  ali  
								təhsilin informatlaşması  sahəsində  də  
								mövcuddur  (əslində  bu  iki  məsələyə  bir  
								rakursdan  baxmaq  lazımdır).     
								
								Universitetin DT  texnologiyasını  
								reallaşdırması üçün  professor-müəllim heyəti, 
								mühəndis-texniki və tədris-köməkçi personalı 
								təhsil proqramlarının distant texnologiyalarla 
								reallaşması üçün xüsusi hazırlıq kurslarına cəlb 
								edilməlidir. Beynəlxalq  təcrübə göstərir ki, bu 
								tədris kurslarının həcmi 72 saatdan az 
								olmamalıdır.  DT sistemində fəaliyyət göstərən 
								professor-müəllim heyəti 
								informasiya-kommunikasiya texnologiyalarına da  
								yaxından  bələd  olmalıdır.  
								
								Universitetlərdə  DT-ni təşkilatı  baxımdan 
								reallaşdırmaq üçün əlavə  bir  çox  məsələlər 
								həll  edilməlidir. Əvvəla, universitetin 
								İnternetdə xüsusi kontentlə zəngin  təhsil 
								portalı olmalıdır (bunu informasiya  portalı  
								ilə qarışdırmaq  olmaz). Hər bir ixtisas üzrə 
								tədris planında olan fənlərdən normativlə 
								müəyyən edilmiş sayda (təxminən tədris 
								kurslarının 80-90%-i) elektron dərsliklər 
								hazırlanıb  portalda yerləşdirilməlidir. Bundan  
								əlavə, hər fənn üzrə elektron formada 
								tədris-metodik kompleks hazırlanmalı və  virtual 
								formada onlara  əlyetərlik  təmin edilməlidir. 
								Bu tədris kontentlərinin  (məzmunun) idarə 
								edilməsi  LCMS tipli  proqram sistemi ilə, 
								tədris prosesinin idarə edilməsi isə LMS  tipli  
								proqram sistemi ilə  həyata keçirilir. Bu iki 
								sistem və DT  portalı birgə DT  platformasının  
								özəyini  təşkil  edir.   Ümumən  DT platforması 
								proqram kompleksi olub, xeyli  sayda  proqram 
								modullardan ibarətdir. Bu  modullar  tədris  
								prosesinin ayrı-ayrı servislərini virtual olaraq 
								icra edir. DT platforması  açıq və qapalı kodlu 
								ola  bilər.  
								
								Vaxtı  ilə Təhsil Nazirliyi  tərəfindən 
								(2005-ci  ildə)  ali təhsilin bəzi  
								istiqamətləri üzrə (məsələn,  ali  pedaqoji  
								təhsil  istiqaməti) distant texnologiyaların  
								tətbiqi üçün konseptual və strateji əhəmiyyətli 
								müəyyən sənədlər hazırlanmışdır. Bu  sənədlərə 
								müəyyən  əlavələr  etməklə,  ali  pedaqoji 
								təhsilin distant  texnologiyalar  əsasında  
								reallaşdırması istiqamətində hazırlıq işlərinə  
								başlamaq mümkündür.  Növbəti mərhələdə  
								universitetdə distant təhsilin reallaşması üçün  
								müfəssəl  texniki  tapşırıq,  strateji sənədlər 
								və  operativ  tədbirlər planı  hazırlanmalıdır.   
								Universitetdə DT-nin yaradılması prosesini 5-10 
								illik  böyük  bir  meqalayihə formasında  
								reallaşdırmaq məqsədəuyğundur. Bu  müddət 
								ərzində mərhələlərlə,  ayrı-ayrı ixtisaslar üzrə 
								real  təhsili tədricən distant texnologiyalar 
								əsasında  virtual  formaya keçirmək olar. Bu 
								sistemin istismarı (real  olaraq tədrisdə 
								tətbiqi) üçün paralel olaraq müəyyən  
								infrastruktur  yaradılmalıdır (məsələn, 
								universitetin  "Distant Təhsil Mərkəzi" və  ya  
								"Distant Təhsil"  fakültəsi). 
								
								Hər hansı ixtisasın tədris planına uyğun  olaraq  
								fənlər üzrə elektron resursların hazırlanması  (prosesin 
								təşkili və  maliyyələşməsi səviyyəsindən asılı 
								olaraq) işi  2-4 il ərzində reallaşa bilər.  
								Əgər  tədris  planında 40  fənn  varsa, deməli 
								30-35  fənn üzrə elektron dərslik  və  elektron  
								tədris-metodik  kompleksi yaradılmalıdır.  Bu 
								işi paralel olaraq bir neçə ixtisas üzrə eyni   
								zamanda reallaşdırmaq mümkündür.  Bir  
								universitetdə  5-6  ixtisas  üzrə DT-nin  həyata  
								keçirilməsi  üçün hazırlıq işi, təxminən, 5-6  
								il  ərzində  aparıla  bilər. Bu  halda 150-200   
								fənn  üzrə elektron  dərsliklər, mükəmməl  test  
								sistemi  və  digər  tədris-metodik  
								materialların elektron  versiyaları 
								hazırlanmalıdır.   
								
								Ölkə  səviyyəsində  ali təhsilin  bütün mühüm 
								istiqamətləri üzrə DT sistemini  yaratmalı olsaq, 
								minlərlə elektron  dərslik  hazırlanmalıdır.  
								Bu  işə 10  il vaxt və  150  milyon manatdan 
								artıq vəsait lazım  ola  bilər.  Bu məqsədlə 
								təhsilin  illik  büdcəsindən  hər il 1-2%  
								vəsait ayrılarsa,  problem  10  il  ərzində  
								həll edilə  bilər. İnkişaf   etmiş və  inkişafda  
								olan bir  çox  ölkələr  bu  işi  10-15  il  
								əvvəl və daha  çox  investisiya  ilə həll  
								etmişlər.    
								
								Göründüyü kimi, DT sisteminin yaradılması çətin 
								və  böyük maliyyə tutumlu məsələdir.  Belə  
								olduğu  halda,  görəsən, Azərbaycanda  DT-nin 
								yaradılmasına  başlamağına dəyərmi? Görəsən, 
								Azərbaycanda  DT sistemi  olsun,  yoxsa  olmasın?  
								Hesab edirik ki,  daha  vaxt  itirməyə  haqqımız  
								yoxdur, onsuz  da xeyli vaxt  itirmişik. Milli  
								DT sistemini hökmən yaratmalıyıq. Çünki cənab 
								Prezidentin bildirdiyi kimi,  "...Azərbaycanda 
								gərək virtual dərslər, yeni texnologiyalar geniş 
								yayılsın... Bu çox böyük, mürəkkəb, çoxlu 
								maliyyə vəsaiti  tələb  edən proqramdır. Amma 
								biz bunu etməliyik. Çünki  biz gələcəyə  
								baxmalıyıq".  
								
								
								
								İlham ƏHMƏDOV, 
								ADPU-nun "Kompüter  
								mərkəzi"nin direktoru, dosent   |