| 
								 
								
								  
								 York 
								Universiteti (University of York) İngiltərənin 
								York şəhərində yerləşir və ölkənin müasir 
								elmi-tədqiqat mərkəzlərindən biridir.  
								 
								
								Böyük Britaniyanın "Times Higher Education 
								Supplement - QS World Universities Rankings" 
								jurnalının 2009-cu ildə apardığı dünya 
								universitetlərinin reytinqinə əsasən, York 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								70-ci yerdə olub. "Times Higher Education World 
								University Rankings"in 2010-cu il üzrə dünyanın 
								ən nüfuzlu universitetləri arasında apardığı 
								araşdırmaya əsasən, York Universiteti 81-ci, "QS 
								World University Rankings"in açıqlamasına görə 
								isə 88-ci yerdə qərarlaşıb.  
								
								York Universiteti Avropa Universitetləri 
								Assosiasiyasının, Ağ Qızılgül Universitet 
								Konsorsiumunun, Ümumdünya Universitetlər 
								Şəbəkəsinin və Böyük Britaniyanın 19  
								universitetindən ibarət olan "Qrup-1994"ün 
								üzvüdür.    
								
								Tarixi  
								
								1617-ci ildə Kral I Ceymsə York Universitetinin 
								yaradılması təklifi ilə müraciət olunsa da, bu 
								məsələ 1960-cı ilədək həll edilməmiş qalır. Bu 
								ildən sonra isə universitetin yaradılması 
								məsələsi yenidən müzakirə olunur. Beləliklə, 
								1963-cü ilin oktyabrında Kral Malikanəsindəki 
								Heslinqton Holl binasında 28 müəllim və 230 
								tələbə ilə York Universiteti fəaliyyətə başlayır. 
								Universitetin yaradılması və inkişafında bu ali 
								məktəbin ilk kansleri Baron Ceyms Raşemin böyük 
								rolu olur.  
								 İlk 
								dövrdə universitet 3 binada fəaliyyət göstərir. 
								Bir il sonra York Universiteti ərazisinin 
								genişləndirilməsi işinə başlayır. Universitetin 
								əsas binası olan Heslinqton Hollun 
								yaxınlığındakı bataqlıq ərazidə bu ali məktəbin 
								mərkəzi hissəsi - Heslinqton kampusu tikilir. 
								Kampusda landşaft parkı, süni göl, örtülü 
								keçidlər və s. istifadəyə verilir.  
								
								1965-ci ildə York Universitetinin Deruent və 
								Lanqvit kollecləri açılır. 3 il sonra ali 
								məktəbin daha iki kolleci - Vanbraf və Qudrik 
								yaradılır. 1969-cu il Alkuin Kollecinin 
								fəaliyyətə başlaması ilə yadda qalır. 1972-ci 
								ildə Ventvort, 1992-ci ildə Ceyms, 2003-cü ildə 
								isə Qalifaks kollecləri istifadəyə verilir. 
								
								XX əsrin sonlarına qədər York Universitetində 8 
								kollec, 3 laboratoriya, akt zalı, JB Morrell 
								kitabxanası, idman kompleksi, Cek Layons konsert 
								zalı fəaliyyət göstərir. Universitetdə təhsil 
								alan tələbələrin sayı isə 2500-ə qədər artır.    
								
								Büdcəsi və təhsil haqqı  
								
								2009-2010-cu tədris ilində York Universitetinin 
								illik gəlirləri 242880000 funt-sterlinq olub. 
								Həmin vəsaitin 64155000-i maliyyə şurası 
								qrantları, 71406000-i təhsil haqqı və təhsil 
								sazişləri, 57429000-i tədqiqat qrantları və 
								sazişləri, qalanlarını isə digər vasitələr 
								hesabına əldə olunan gəlirlər təşkil edib. Bu 
								tədris ilində ali məktəbin ümumi xərcləri 
								237035000 funt-sterlinq olub. Həmin məbləğin 
								138424000-i əməkdaşların əməkhaqqı, 14993000-i 
								amortizasiya, qalanlarını isə digər xərclər 
								təşkil edib.  
								
								2010-2011-ci tədris ilində York Universitetində 
								yerli və Avropa Şurasına daxil olan ölkələri 
								təmsil edən tələbələrin bakalavr pilləsində 
								illik təhsil haqqı 3290-3375 funt-sterlinqdir. 
								Bu ölkələrdən olan tələbələr tibb bacısı 
								ixtisası üzrə təhsil haqqından azad olunurlar. 
								Bakalavr səviyyəsi üzrə əcnəbi tələbələrin 
								təhsil haqqı təhsil proqramından asılı olaraq, 
								12000-15000 funt-sterlinq arasında dəyişir. 
								Universitetdə magistr, PhD səviyyələri üzrə 
								yerli və Avropa Şurası ölkələrindən olanlar üçün 
								təhsil haqqı 3732-4200, əcnəbi tələbələr üçün 
								isə 15000-15600 funt-sterlinq arasındadır. 
								Burada təhsil haqqı ildən-ilə artır. 
								 Hall-York 
								Tibb Məktəbində yerli və Avropa Şurasına daxil 
								olan ölkələri təmsil edən tələbələrin təhsil 
								haqqı 3375, əcnəbi tələbələrin təhsil haqqı isə 
								23268 funt-sterlinqdir.  Məktəbdə magistr, PhD 
								səviyyələri üzrə yerli və Avropa Şurası 
								ölkələrindən olanlar üçün təhsil haqqı 3440, 
								əcnəbilər üçün isə 14300 funt-sterlinq təşkil 
								edir.  
								
								York Universitetində tələbələrə müxtəlif 
								təqaüdlər və təhsil haqqını ödəməkdə köməklik 
								etmək məqsədi ilə kreditlər təklif olunur. 
								Təqaüd tələbəyə təhsildə, idman və digər 
								sahələrdə göstərdiyi yüksək nəticələrə görə, 
								eləcə də maddi vəziyyəti çətin olan tələbələrə 
								verilir. Bu ali məktəbdə əcnəbi tələbələr üçün 
								əsas üç təqaüd - SOS (Scholarship for Overseas 
								Students), ORS (Overseas Research Scholarship), 
								eləcə də magistr və doktorantlar üçün OCS 
								(Overseas Continuation Scholarship) təqaüdləri 
								mövcuddur. Bu təqaüdlərin məbləği ildə 5000 
								funt-sterlinqdir. Həmçinin əcnəbi tələbələr üçün 
								universitetdə müxtəlif məbləğli Fulbrayt, 
								Çivninq, York Marşall, Ümumdünya Tədqiqatları və 
								s. təqaüdlər təklif olunur. Hər hansı bir 
								təqaüdü almaq istəyən tələbə universitetə ərizə 
								ilə müraciət etməlidir.     
								
								York Universitetində yataqxanaların qiyməti 
								digər universitetlərin yataqxanalarına nisbətən 
								daha ucuzdur. Qeyd edək ki, 8000-9800 
								funt-sterlinq məbləğlə universitet 
								yataqxanalarında bir il ərzində qalmaq, 
								qidalanmaq, sığortalanmaq, kommunal xərcləri 
								ödəmək, eləcə də kitab və geyim almaq mümkündür. 
								  
								
								Universitet bu gün  
								 York 
								Universitetinin Heslinqton kampusu York 
								şəhərinin şərqində yerləşir və York Elmi Parkı, 
								Milli Elmi Tədris Mərkəzini əhatə edir. 1964-cü 
								ildə Heslinqton kampusunun tikintisi ilə 
								əlaqədar  buradakı bataqlıq ərazilər qurudulur, 
								süni göl yaradılır, geniş sahə yaşıllaşdırılır 
								və ümumilikdə quruculuq işləri həyata keçirilir. 
								Memar Endrü Derbşir tərəfindən tələbə 
								şəhərciyində orijinal binalar tikilir. Binalar 
								bir-biri ilə körpü və xiyabanlarla birləşdirilir.
								 
								
								Kampusdakı səkkizgüşəli bina iclas və imtahanlar, 
								müxtəlif tədbirlər, teatr və konsertlər keçirmək 
								üçün nəzərdə tutulub. Bu binada Ueylers, Corc 
								Melli, Soft Meçin, Pink Floyd, Pol Makkartni 
								kimi məşhur şəxslər çıxış edib. 1985-ci ildə "Bumtaun 
								Rats" pop qrupunun burada çıxışı zamanı binanın 
								orkestr çuxurunun örtüyü zədələnir. Bu səbəbdən 
								zalda pop musiqi və rəqslərinin nümayişi qadağan 
								olunur. Hazırda həmin zalda klassik musiqi 
								konsertləri keçirilir.  
								
								Heslinqton kampusunda Cek Layons konsert zalı, 
								Artur Sayks Raymer auditoriyası yerləşir. 
								Kampusun ərazisindəki Raymod Berton 
								kitabxanasının binası fərqli dizayna malikdir və 
								bu səbəbdən də bir sıra mükafatlara layiq 
								görülüb. Hazırda universitet bu kampusun 
								genişlənməsi üzrə yeni tikinti-quruculuq işləri 
								aparır. Heslinqtonun şərqində Şərqi Heslinqton 
								kampusunun yaradılması məqsədi ilə böyük bir 
								ərazi təmizlənib və yeni tikintilər üçün hazır 
								vəziyyətə gətirilib. Universitet həmin ərazidə 
								meşə salmağı, bataqlıqları qurutmağı, nəqliyyat 
								yolları çəkməyi, yeni tikililər ucaltmağı, 
								Əczaçılıq, Stomatologiya və s. departamentləri 
								açmağı planlaşdırır. Hazırkı Heslinqton 
								kampusunun isə Qərbi Heslinqton adlandırılması 
								nəzərdə tutulur. 
								 Kampusun 
								ərazisində süni göl yerləşir və bu, Avropanın ən 
								böyük plastik dibli gölüdür. Həmin ərazidə vəhşi 
								və yarımvəhşi su quşları, müxtəlif canlılar 
								məskunlaşıb. Göl quş qoruğu hesab olunur.  
								Qoruqda Kanada, Barnakl, boz, ağ və digər 
								ördəklər, qara və ağ qu quşları, müxtəlif növ 
								balıqlar saxlanılır. Göldə yalnız lisenziyası 
								olan ovçulara mövsümdən asılı olaraq balıq ovuna 
								icazə verilir. Kampusun digər hissəsində 
								dovşanlar yaşayır. Dovşanları ovlamaq qadağandır 
								və onlar xüsusi şəraitdə bəslənir. Heslinqton 
								kampusunda qapalı və açıq idman kompleksləri, 
								hovuz və s. yerləşir.  
								
								Kampusdan 5 km aralıda yerləşən tarixi Kral 
								Malikanəsində York Universitetinin Memarlıq, 
								Tarix departamentləri, Orta əsrlər və XVIII əsr 
								tədqiqatları bölməsi, bir sıra incəsənət 
								mərkəzləri yerləşir. Malikanənin yaxınlığındakı 
								Dekan parkında böyük miqdarda nadir kitabların 
								saxlandığı Minster kitabxanası yerləşir. 
								
								York Universitetinin nəzdində 8 kollec (Lanqvit, 
								Deruent, Alkuin, Vanbraf, Qudrik, Uenvort, Ceyms, 
								Qalifaks kollecləri), 23 departament (Arxeologiya, 
								Biologiya, Kimya, Kompüter elmləri, İqtisadiyyat 
								və əlaqəli elmlər, Təhsil tədqiqatları, 
								Elektronika, İngilis dili və ədəbiyyatı, Ətraf 
								mühit, Sağlamlıq elmləri (Tibb bacısı), Tarix, 
								İncəsənət tarixi, Dil və linqvistika elmləri, 
								Hüquq, Riyaziyyat, Fizika, Musiqi, Fəlsəfə, 
								Psixologiya, Siyasət, Sosial siyasət və sosial 
								fəaliyyət, Sosiologiya, Teatr, kino və 
								televiziya departamentləri), 3 məktəb (York 
								İdarəetmə, Hall-York Tibb, Siyasət, İqtisadiyyat 
								və Fəlsəfə məktəbləri) fəaliyyət göstərir.
								 
								
								Departament və məktəblər kolleclərin binalarında, 
								Kral Malikanəsində və ya Heslinqton kampusunda 
								xüsusi binada yerləşir. York Universiteti 
								kollegial sistemə malikdir - universitetin 
								tələbələri kolleclərdə məskunlaşır və təhsil 
								müəssisəsini bitirənədək burada qalırlar. 
								 
								 Lanqvit 
								universitetin birinci yaradılan kolleclərindən 
								biridir və 1965-ci ildə fəaliyyətə başlayıb. Bu 
								kollecdə Təhsil tədqiqatları, İngilis dili və 
								ədəbiyyatı departamentləri yerləşir. Kollecin 
								xüsusi Rəsm, Norman Ri qalereyaları mövcuddur. 
								Burada mütəmadi olaraq sərgilər təşkil olunur, 
								açıq havada şahmat oyunları və s. keçirilir. 
								Kollec tələbələrin məskunlaşdığı A, B, C, D, E, 
								F bloklarından ibarətdir və burada 500-ə yaxın 
								tələbə qalır.  
								
								Deruent Kolleci 1965-ci ildən fəaliyyət göstərir. 
								Kollecdə Siyasət departamenti, Siyasət, 
								İqtisadiyyat və Fəlsəfə Məktəbi mövcuddur. 
								Kollec burada oxuyan bütün bakalavr, magistr və 
								doktorantları yerləşdirmək imkanına malikdir. 
								Deruent Kolleci təşkil etdiyi müxtəlif 
								tədbirləri və festivalları ilə seçilir. 
								 
								
								Alkuin Kolleci 1967-ci ildə yaradılıb. Bu 
								kollecdə İqtisadiyyat və əlaqəli elmlər, Sosial 
								fəaliyyət və sosial siyasət, Sağlamlıq elmləri 
								departamentləri, Hall-York Tibb Məktəbi 
								mövcuddur.  Kollecin yataqxana otaqları duş, 
								İnternet, telefon birləşməsi, camaşırxana ilə 
								təchiz olunub. Kollec Heslinqton kampusunun 
								şimal hissəsində yerləşir. 
								
								Vanbraf Kolleci 1967-ci ildə fəaliyyətə başlayıb 
								və York Universitetinin incəsənət yönümlü 
								kollecidir. Kollecdə Tarix, İncəsənət tarixi,  
								Dil və linqvistika elmləri, Musiqi 
								departamentləri yerləşir. Kollecdə tələbələr 
								sərbəst yataqxana seçimi imkanına malikdir və 
								hazırda burada kollecin 1700-dən çox tələbə və  
								əməkdaşı məskunlaşıb.    
								
								Qudrik Kolleci 1968-ci ildə açılıb və Heslinqton 
								kampusunun şərqində yerləşir. Kollecin ərazisi 
								və binaları özünəməxsusluğu, gözəlliyi ilə 
								seçilir. Riyaziyyat departamenti də bu kollecdə 
								fəaliyyət göstərir. 700-ə yaxın tələbənin 
								qaldığı bu kollecdə tələbələr üçün yüksək 
								yaşayış şəraiti yaradılıb.  
								
								1972-ci ildən açılmış Uenvort Kollecinin bir 
								sıra binaları 2002-ci ildə istifadəyə verilib. 
								Burada Sosiologiya, Psixologiya, Fəlsəfə 
								departamentləri fəaliyyət göstərir. Kollecdə 
								600-ə yaxın tələbə (magistr və doktorant) 
								yaşayır. Onların 75%-ni əcnəbilər təşkil edir. 
								Kollecdə magistr və doktorantların, eləcə də 
								tədqiqatçı və əməkdaşların elmi işlər 
								aparmaları, həmçinin rahat yaşamaları üçün ən 
								müasir şərait mövcuddur.   
								 Ceyms  
								Kolleci 1992-ci ildən fəaliyyət göstərir. Kollec 
								12 blokdan ibarətdir və ümumilikdə burada 1500-ə 
								yaxın tələbə qalır. Gölün yaxınlığında yerləşən 
								bu kollecdə tələbələrə rahat və müasir şəraitə 
								malik otaqlar, mükəmməl xidmət təklif olunur.
								 
								
								Qalifaks York Universitetinin ən son yaradılmış 
								(rəsmi açılışı-2003-cü ilə təsadüf edir) və ən 
								böyük kollecidir. Kollec burada məskunlaşan 
								əcnəbi magistr və doktorantların, 
								tədqiqatçıların çoxluğu, idman yönümlülüyü ilə 
								seçilir. Kollecdə yataqxanalar evlərdən və 
								mənzillərdn ibarətdir, bu da tələbə kəndi 
								təsəvvürü yaradır. Qalifaks Kollecində 970 
								tələbə məskunlaşıb.  
								
								York Universitetinin kansleri BBC-nin sabiq baş 
								direktoru, York Universitetinin fəxri doktoru 
								Qreq Daykdır. O bu vəzifəyə 2004-cü ilin 
								avqustundan təyin edilib və universitetin 
								beşinci kansleridir. Ali məktəbin beşinci 
								vitse-kansleri isə 2002-ci ildən bu vəzifəni 
								daşıyan professor Brayan Kantordur. 
								Universitetdə ümumilikdə 3331 nəfər işçi 
								çalışır. Əməkdaşların 1214 nəfərini 
								professor-müəllim, qalanlarını isə inzibati 
								heyət təşkil edir.  
								
								Universitetdə təhsil alan tələbələrin ümumi sayı 
								14074 nəfərdir. Onların 10000-ə qədəri bakalavr, 
								4000-dən çoxu isə magistr və doktorantlardır. 
								Burada dünyanın bir çox ölkələrindən çoxlu sayda 
								əcnəbi tələbə təhsil alır.  
								
								"2007-2015-ci illərdə Azərbaycan gənclərinin 
								xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" 
								çərçivəsində York Universitetində azərbaycanlı 
								gənclər də oxuyur. Onlardan Pəhlivan Elnur oğlu 
								Rəsulov beynəlxalq münasibətlər, Nərmin Qasım 
								qızı Seyidova hüquqşünaslıq, Ramin Rəhman oğlu 
								Həkimov siyasət və beynəlxalq münasibətlər, 
								Orxan Əli oğlu Rüstəmov və Aqşin Akim oğlu 
								Bədəlov riyazi iqtisadiyyat və maliyyə 
								ixtisasları üzrə bu ali məktəbin bakalavr 
								səviyyəsində təhsil alırlar. 2009-2010-cu tədris 
								ilində Səbuhi Akim oğlu Rzayev dövlət 
								idarəçiliyi və dövlət siyasəti, Mahir Həmid oğlu 
								Məmmədov beynəlxalq biznes və strateji 
								idarəetmə, Rafael Rafiq oğlu Gülmalıyev 
								iqtisadiyyat, Emin Zakir oğlu Zeynalov 
								iqtisadiyyat və maliyyə ixtisasları üzrə 
								magistratura səviyyəsinin məzunları olublar. 
								 York 
								Universitetinin Tələbə Təşkilatı tələbələrin 
								nümayəndəlik orqanıdır. Ali məktəbdə təhsil alan 
								bütün tələbələr bu təşkilatın üzvü hesab olunur. 
								Tələbə Təşkilatının əsas məqsədi burada təhsil 
								alan gənclərin sosial həyatının 
								yaxşılaşdırılması, onların asudə vaxtlarını və 
								əyləncələrini səmərəli təşkil etməkdir. 
								 
								
								Ali məktəbin Tələbə Kinostudiyası 1960-cı 
								illərdən, Tələbə Televiziyası isə 1967-ci ildən 
								fəaliyyət göstərir və İngiltərənin ən qədim 
								tələbə televiziya stansiyasıdır. Universitetin 
								Radiostansiyası Böyük Britaniyanın ən qədim 
								müstəqil radiostansiyasıdır və 2005-ci ildə "Ən 
								yaxşı  radiostansiya" mükafatına layiq görülüb. 
								"Nouse" tələbə qəzeti universitetdə 1964-cü 
								ildən fəaliyyət göstərir və 2009-cu ildə "Ən 
								yaxşı tələbə KİV-i" adını, eləcə də müxtəlif 
								mükafatlar qazanıb. 
								
								Universitetin "The Lemon Press" satirik jurnalı 
								2009-cu ildən dərc edilir. Jurnal tez bir 
								zamanda onlayn və çap formatlarda populyarlıq 
								qazanır. "Yorker" veb-saytında universitet 
								haqqında məlumatlar, xəbərlər, şəkillər və s. 
								yayımlanır. 2005-ci ildən ali məktəbdə "The 
								Zahir" mədəni-fəlsəfi jurnal çap olunur. 
								 
								
								Hər yay York və Lankaster universitetləri "Qızılgül 
								turniri" adı altında idman yarışları keçirirlər. 
								Bir çox idman klubunda futbol, xokkey, ekstremal 
								və s. idman növləri üzrə yarışlar təşkil olunur. 
								York Universiteti başqa ali təhsil müəssisələri 
								ilə birgə siyasi, mədəni, ekoloji, etik və s. 
								mövzularda turnirlər, diskussiyalar keçirir. 
								 
								
								Ötən il York Universiteti "Times-High Education" 
								jurnalı tərəfindən "2010-cu ilin universiteti" 
								adı alıb.  Mükafatı təqdim edən komitə bildirib 
								ki, universitet təkcə yüksək əhəmiyyətli 
								akademik və elmi kəşflərini deyil, sosial sahə 
								üzrə əldə etdiyi nailiyyətləri də nümayiş 
								etdirib. Universitet kampusunun birinci mərhələ 
								üzrə planlaşdırılmış vaxtda və ayrılmış 500 
								milyon funt-sterlinq çərçivəsində genişlənməsi, 
								malyariya xəstəliyi ilə mübarizədə göstərdiyi 
								mühüm xidmətlər, 3 il dalbadal Kraliça 
								mükafatına layiq görülməsi də ali məktəbin əsas 
								nailiyyətləri kimi qeyd olunub. Bütün bunlarla 
								yanaşı, York Universiteti incəsənət və humanitar 
								sahələrin inkişafı məqsədi ilə Humanitar 
								Tədqiqat Mərkəzi və  Effektiv Təhsil 
								İnstitutunun yaradılması üçün 11 milyon 
								funt-sterlinq ayırıb.  
								
								York Universitetinin missiyası professional 
								bacarıq və ictimai dəyərlərə malik gələcək 
								liderlər nəsli yetişdirməkdir. İngiltərənin 
								qədim ərazisi olan Yorkşirin zəngin mühiti 
								əsasında tələbə və müəllimlərin şəxsi, 
								intellektual və peşəkar yüksəlişi üçün bu ali 
								məktəb müstəsna imkanlar yaradır. Universitetin 
								"Müdrikliyin kandarında" sözlərindən ibarət olan 
								şüarını doğrultmaq məqsədi ilə burada tədris və 
								tədqiqat sahəsində ən yeni texnologiyalardan 
								istifadə edilir.  
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Anibal Kavaku Silva | 
										
										
										Portuqaliyanın 21-ci prezidenti | 
										  | 
									 
									
										|   | 
										
										
										Han Seunq-Soo | 
										
										
										Cənubi Koreyanın 39-cu baş naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Mühəmməd Hənif Atmar | 
										
										
										Əfqanıstanın daxili işlər naziri | 
										  | 
									 
									
										|   | 
										
										
										Kolvill Norbert Younq | 
										
										
										Mərkəzi Amerikada yerləşən Beliz 
										dövlətinin general-qubernatoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Qreq Dayk  | 
										
										
										BBC-nin sabiq direktoru, York 
										Universitetinin kansleri | 
										  | 
									 
									
										|   | 
										
										
										Edvard Ekton | 
										
										
										Şərqi Anqlia Universitetinin 
										vitse-kansleri | 
										  | 
									 
									
										|   | 
										
										
										Con Uiterou | 
										
										
										"Sunday Times" qəzetinin baş redaktoru | 
										  | 
									 
									
										|   | 
										
										
										Mett Karter | 
										
										
										Leyboristlər partiyasının baş katibi | 
										  | 
									 
									
										|   | 
										
										
										Hyu Beyli | 
										
										
										Cənubi-Afrika tədqiqatçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Helen Bell | 
										
										
										İngiltərə bəstəkarı və musiqiçisi | 
										  | 
									 
									
										|   | 
										
										
										Kerol Bromli | 
										
										
										ngiltərə şairi | 
										  | 
									 
									 
								
								
								      
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  |