| 
								 
								Respublika İncəsənət  Gimnaziyasının 
								ikincilərinin bahar bayramına həsr etdikləri 
								kompozisiya  "Novruz gəlir, yaz gəlir" adlanırdı. 
								Milli ruhda bəzədilmiş səhnədə  al- əlvan  
								geyinmiş  şagirdlərin əllərindəki səməni, nərgiz 
								gülü  baharın gəlişindən xəbər verirdi.  Onlar  
								növbə ilə  bahar bayramı ilə  bağlı şeirlər, 
								mahnılar ifa etdilər. Novruz bayramının 
								tarixindən, su, od, yel, torpaq  çərşənbələriylə 
								bağlı adət-ənənələrdən, mərasimlərdən söz 
								açdılar. 
								
								Sonra  yazıçı Solmaz Amanovanın  "Turac"  nağılı 
								əsasında hazırladıqları  səhnəcik   nümayiş  
								olundu.  Turac və  xanım rollarını ifa edən 
								Rəvanə Rüstəmzadə  və  Fidan Cəfərova  öz 
								çıxışları ilə hamını heyran etdilər.  Uşaqlar  
								"Almanı atdım xarala", "Səməni", "Çay", 
								"Halvaçı", "Tut ağacı", "Qarabağ", "Qoy yarım 
								gəlsin, ay nənə" kimi xalq və bəstəkar 
								mahnılarını ifa etdilər. Bahar qızının gəlişi  
								isə səhnəni rövnəqləndirdi. Uşaqlar Bahar qızı 
								ilə  "Yallı" rəqsini ifa etdilər. Gimnaziyanın  
								muğam sinfinin şagirdləri  də öz məharətlərini 
								göstərdilər. 
								
								"Azərbaycan" mahnısının sədaları altında 
								ikincilər əllərində dalğalanan üçrəngli bayraqla 
								səhnəni tərk etdilər.  
								
								Çıxış edən qonaqlar  tədbirin ərsəyə gəlməsində  
								gərgin əməyi olan sinif müəllimi Xuraman 
								Şabaniyə və bu işdə ona yardımçı olan Rüxsarə  
								Fəttahovaya, Aynur Bağbanlıya və digər  
								həmkarlarına təşəkkür edərək  xoş arzular 
								söylədilər.  
								
								
								
								*** 
								
								Bu günlərdə Bakıdakı 164 nömrəli orta məktəbdə 
								də Novruz  bayramı ilə əlaqədar şənlik 
								keçirildi. Məktəbin ibtidai sinif müəllimi Turan 
								Hüseynovanın hazırladığı bayram şənliyində II 
								"c" sinif şagirdləri  bahara  aid şeirləri, 
								rəqsləri, əyləncəli oyunları  ilə iştirakçıların 
								bayramını təbrik etdilər. İkincilər  Aydan, 
								Kamilla, Fərəh "Güllər", "Bahar xanım" 
								səhnəciyini, Tural, Sevinc, Müslüm, Abbas  
								Üzeyir Hacıbəylinin "Arşın mal alan", "Məşədi 
								İbad" müsiqili komediyalarından  parçaları, 
								Kamil, Riyad "Təndir çörəyi"  mahnı səhnəciyini 
								nümayiş etdirdilər. Sonra Kosa ilə  Kecəl   
								səhnəyə gəlib tamaşaçıları  təbrik etdilər. 
								
								Şənliyin sonunda  məktəbin direktoru Kəmalə 
								Qədirova  tədbir iştirakçılarını bayram 
								münasibətilə  təbrik etdi. O dedi ki, Novruz  el 
								bayramıdır. Əsrlərin qaynaqlarından süzülüb 
								gələn,  yaddaşlarda  kök salan qədim   bir el 
								bayramıdır.  Novruz bayramının  xalqımızın 
								həyatındakı  rolunu yüksək qiymətləndirən  böyük 
								dövlət xadimi,  ümummilli  lider Heydər Əliyev  
								demişdir: "Böyük mənəvi gücə malik olan Novruz 
								bayramı  ulu əcdadlarımızın  bizə verdiyi ən  
								gözəl yadigar olub, Azərbaycan xalqının milli 
								ruhunu və yaddaşını,  onun daxili aləmini  bütün 
								zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, 
								varlığın yenidən canlanmasının müjdəsini verən 
								Novruz bayramı  ən qədim zamanlardan bəri həyat 
								və məişətimizə  daxil olmuş, insanlara aydın və 
								işıqlı sabaha,  xoşbəxt gələcəyə inam duyğusu 
								bəxş etmişdir". 
								
								Şənliyin sonunda  məktəbin foyesində  
								hazırlanmış "Bahar" rəsm sərgisinə  baxış 
								keçirildi. 
								
								
								
								*** 
								
								Bakıdakı 189 nömrəli orta məktəbdə "Zəfər gətir, 
								gəl, ay bahar!" mövzusunda  növbəti 13-cü Vətən 
								dərsi keçirilib. Novruz bayramına həsr edilmiş 
								Vətən dərsində məktəbdə fəaliyyət göstərən 
								"İstedad" studiyasının şagirdləri iştirak 
								ediblər. Öncə Dövlət himni səsləndirilib.  
								"İstedad" studiyasının rəhbəri Şəhla Gündüz 
								bayram münasibətilə iştirakçıları təbrik edib, 
								Novruz bayramının yaranma tarixindən bəhs edib. 
								
								"İstedad" studiyasının fəal üzvü, VI sinif 
								şagirdi  Firdus Kərimzadə "Canlı bayraq" şeirini 
								özünəməxsus tərzdə təhlil edib. İkincilər isə 
								vətənpərvərlik mövzularında "Salam Novruz 
								bayramı", "Bahar gəlir təbiətə", "Gəldi bahardan 
								səda", "Ana dili" və s. şeirlər söyləyib, 
								mahnılar ifa ediblər. Bəstəkar, musiqişünas  
								Kəmalə Cəmilqızının ifa etdiyi   "Yenə gəldi ilk 
								bahar"  mahnısı  tədbiri daha da  
								rövnəqləndirib.  "Qanad" şagird teatrı 
								üzvlərinin isə "Arşın mal alan" operettasından 
								parçalar nümayiş etdirməsi  tamaşaçılarda  xoş 
								ovqat yaradıb. 
								
								Tədbirə dəvət olunmuş 164 nömrəli məktəbin 
								"Kimlik" studiyasının  fəal üzvləri  Nərmin 
								Sayadzadə, Aytən Hüseynzadə  Gülxəndan  
								Cavadzadə   zəngin proqramlarla çıxış ediblər. 
								Tədbirin sonunda Milli  Qəhrəman  Mübariz 
								İbrahimov və şəhid  Fərid Əhmədovun  döyüş 
								yolunu əks etdirən videogörüntülər nümayiş 
								olunub. 
								
								
								
								*** 
								
								Bakıdakı 1 nömrəli orta ümumtəhsil məktəbində 
								bayram şənliyi ilaxır çərşənbədə təşkil 
								olunmuşdu.  
								
								Tədbiri açan təhsil ocağının direktoru Elida 
								Rzayeva şənlik iştirakçılarının bayramını təbrik 
								etdi. Bildirildi ki, bahar öz gəlişi ilə sevinc 
								gətirir, ürəklərdə mərhəmət, diqqət və qayğı 
								hisslərini artırır. Xalqımız bu bayrama çox 
								böyük  sevinclə hazırlaşır.  
								
								Şagirdlərdən Fatimə Məmmədzadə, Rəvan Adilov 
								müəllimləri Xatirə Quluyeva və Sadiq Babayevin 
								rəhbərliyi altında kosa-kosa oyununu nümayiş 
								etdirdilər.   VII "a" sinif şagirdi Camal 
								Məmmədov Novruz bayramının tarixi kökləri 
								haqqında şənlik iştirakçılarına məlumat verdi. 
								 
								
								Çıxış edənlər Novruz bayramı  münasibətilə 
								xalqımızı təbrik etdilər.  
								
								
								
								*** 
								
								Martın 15-də Bakının Binəqədi rayonunda yerləşən 
								E.Həmidov adına 267 nömrəli orta məktəbdə də  
								Novruz bayramı böyük təmtəraqla qeyd edildi. 
								Dəhlizlərdə  bayram şirniyyatları və böyük 
								səməni qoyulmuşdu.  
								
								Bayram mərasimini açan məktəbin direktoru Adilə 
								Orucova şənlik iştirakçılarını təbrik etdi, 
								Novruzun tarixi və adət-ənənələri haqqında 
								danışdı.  
								
								Şagirdlər şairlərimizin, aşıqlarımızın Novruza, 
								baharın gəlişinə həsr etdikləri şeirlərindən 
								parçalar söylədilər, səhnəciklər göstərdilər. 
								Onlar nənə və babalarından eşitdikləri xalq 
								inanclarını, deyimlərini tədbir iştirakçılarına 
								çatdırdılar.  
								
								Milli geyimli şagirdlərin ifasında rəqs 
								nömrələri göstərildi. Kosa ilə Keçəlin məzəli 
								rəqsləri şagirdlərdə yazla qışın görüşü 
								təəssuratını yaratdı.  
								
								
								
								"Azərbaycan müəllimi"   |