| 
								 
								 Bu 
								günlərdə Naxçıvan Dövlət Universitetində 
								görkəmli dramaturq Mirzə Fətəli Axundovun "Müsyö 
								Jordan və Dərviş Məstəli şah" klassik komediyası 
								ali məktəbin fransız dili ixtisası üzrə təhsil 
								alan tələbələrinin quruluşunda fransız dilində 
								səhnəyə qoyulub.  
								
								Tamaşada Şahbaz bəy rolunun ifaçısı xüsusi 
								istedadı ilə seçilən IV kurs tələbəsi Emin 
								Rzayev, Şəhrəbanu xanım rolunun ifaçısı I kurs 
								magistri Svetmira Quliyeva, Hatəmxan Ağa rolunun 
								ifaçısı IV kurs tələbəsi Nəsir Seyidov, Gülçöhrə 
								rolunun ifaçısı I kurs tələbəsi Təhminə Rzayeva, 
								Müsyö Jordan rolunun ifaçısı III kurs tələbəsi 
								Xaliq Tağıyev, Dərviş Məstəli şah rolunun 
								ifaçısı isə III kurs tələbəsi İsrafil Rəhimli 
								olub.  
								
								Tamaşa ilə bağlı təəssüratlarını bölüşən rektor, 
								akademik İsa Həbibbəyli təşkilatçılıq işini, 
								tələbələrin aktyorluq səriştələrini, səhnə 
								mədəniyyətlərini yüksək dəyərləndirib, belə 
								mədəni tədbirlərin mədəniyyətlərarası 
								münasibətlərin inkişafı və möhkəmlənməsindəki 
								rolunu vurğulayıb, həvəskar aktyorları bu uğur 
								münasibətilə təbrik edib. 
								
								Qeyd edək ki, bu günədək universitetin 
								səhnəsində "Koroğlu" və "Dədə Qorqud" dastanları, 
								"Leyli və Məcnun" operası, İsmayıl bəy 
								Qutqaşınlının "Rəşid bəy və Səadət xanım", Cəlil 
								Məmmədquluzadənin "Poçt qutusu" kimi əsərləri 
								tələbələr tərəfindən hazırlanaraq tamaşaçıların 
								ixtiyarına verilib.  
								
								
								
								Nərmin CƏFƏROVA  |