| 
								 London Siti 
								Universitetinin "Azərbaycan cəmiyyəti"ndən 
								bildirmişlər ki, martın 23-də bu ali təhsil 
								ocağında tələbələr birliyinin inkişafına və 
								dəstəklənməsinə, həmçinin universitetin imicinə 
								sanballı töhfələr vermiş universitet tələbə 
								cəmiyyətlərinə və tələbə klublarına illik 
								mükafatlar təqdim edilmişdir. Müxtəlif 
								nominasiyalarda mükafatlara sahib olmaq üçün 
								namizədliyi irəli sürülmüş 50-dən artıq cəmiyyət 
								və klubun yalnız bir neçəsi mükafat almışdır.
								 
								London Siti 
								Universitetində 2010-cu ilin dekabrında 
								yaradılmış və qısa vaxt ərzində silsilə 
								tədbirlər təşkil etmiş "Azərbaycan cəmiyyəti" 
								2010-cu ildə yaradılmış çoxsaylı digər yeni 
								cəmiyyətlər arasında "Ən yaxşı yeni cəmiyyət" 
								kimi mükafatlandırılmışdır.  
								Universitetin 
								Tələbələr Birliyinin vitse-prezidenti Rob Skalli 
								öz çıxışında iştirakçıların fəallığını, onların 
								keçirdiyi tədbirlərin müxtəlif və məqsədyönlü 
								olmasını, Tələbələr Birliyinin inkişafına və 
								London Siti Universitetinin imicinə, dostluq 
								əlaqələrinin yaradılmasına onların verdiyi böyük 
								töhfəni vurğulamışdır. Birliyin vitse-prezidenti 
								çıxışının sonunda "Azərbaycan cəmiyyəti"nin 
								üzvlərinə daha böyük müvəffəqiyyətlər və yeni 
								uğurlu layihələr arzulamışdır.  
								
								
								AzərTAc   |