| 
								 
								Martın 29-da təhsil naziri Misir Mərdanov 
								Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki 
								fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza 
								ilə görüşüb. 
								
								 Öncə 
								təhsil naziri qonağı ölkəmizə səfir təyin 
								olunması münasibətilə təbrik edib və ona 
								ikitərəfli əlaqələrin daha da genişləndirilməsi 
								istiqamətindəki fəaliyyətində uğurlar arzulayıb. 
								Səfir Metyu Brayzanı Təhsil Nazirliyində 
								görməkdən məmnunluğunu ifadə edən nazir 
								Azərbaycanla ABŞ arasında münasibətlərin uğurla 
								inkişaf etdiyini vurğulayaraq, bu əməkdaşlıqda 
								təhsil sahəsinin də mühüm rolu olduğunu 
								bildirib. 
								
								Təhsil naziri Misir Mərdanov son illər ölkə 
								Prezidentinin rəhbərliyi ilə təhsil sahəsinin 
								inkişafı istiqamətində mühüm addımların 
								atıldığını xüsusi qeyd edib. Daha sonra Misir 
								Mərdanov Azərbaycanla ABŞ arasındakı səmərəli 
								təhsil əlaqələrinin müsbət nəticələrindən 
								danışıb, bir sıra təhsil və mübadilə proqramları 
								çərçivəsində görülən işləri diqqətə çatdırıb. 
								
								Səmimi qəbul üçün təşəkkürünü bildirən səfir 
								Metyu Brayza ölkələrimiz arasındakı əlaqələrin 
								daha da inkişafı baxımından lazımi səy 
								göstərəcəyini vurğulayıb. Ölkəmizdə təhsil 
								sahəsində aparılan islahatlar barədə məlumatlı 
								olduğunu nəzərə çatdıran səfir öncə müvafiq 
								mübadilə proqramları, xüsusilə Fulbrayt proqramı 
								çərçivəsində əməkdaşlığın davam etdirilməsi, 
								azərbaycanlı gənclərin bu proqram üzrə ABŞ 
								universitetlərində təhsili və bununla bağlı 
								birgə işlərin aparılmasından söz açıb. Səfir 
								Heydər Əliyev Fondunun iki ölkənin təhsil 
								sahəsində əməkdaşlığının gücləndirilməsi 
								istiqamətində atdığı mühüm addımları da 
								vurğulayıb. Metyu Brayza, həmçinin ölkəmizin 
								regionlarında qızların peşə təhsilinə cəlb 
								olunması təklifi ilə çıxış edib. Səfirin qeyd 
								etdiyi məsələlərə münasibətini bildirən nazir 
								ABŞ universitetlərində təhsil almış azərbaycanlı 
								məzunların ölkəmizin ali məktəblərində akademik 
								və elmi tədqiqata başlaması istiqamətində birgə 
								əməkdaşlığın həyata keçirilməsinin 
								məqsədəuyğunluğunu vurğulayıb. 
								
								Sonda ikitərəfli əməkdaşlığın inkişafı 
								baxımından belə görüşlərin əhəmiyyətindən bəhs 
								olunub, eləcə də qarşılıqlı maraq doğuran digər 
								məsələlər ətrafında fikir  mübadiləsi aparılıb.
								  |