| 
								 
								Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt 
								filialının təşkilatçılığı ilə filialın 
								dislokasiyasında olan Siyəzən rayonunun 6 
								nömrəli məktəbində "Pedaqoji kadrların 
								ixtisasının artırılması günün başlıca tələbidir" 
								mövzusunda seminar keçirildi. Konfransda  Təhsil 
								Nazirliyinin baş məsləhətçisi M.Əhmədov, 
								Azərbaycan Müəllimlər İnstitutunun prorektoru 
								R.Əzizov və Sumqayıt filialının əlavə təhsil 
								üzrə əməkdaşları iştirak edirdilər. 
								
								Konfransı giriş sözü ilə Siyəzən Rayon Təhsil 
								Şöbəsinin müdiri R.Hacıyev açaraq rayon təhsil 
								işçilərinin ixtisasartırma təhsilinin səmərəli 
								təşkili üçün belə tədbirlərin xüsusi əhəmiyyət 
								kəsb etdiyini söylədi. 
								
								İxtisasartırma təhsilində mövcud vəziyyət və 
								problemlər mövzusunda çıxış edən M.Əhmədov 
								Azərbaycanın təhsil sistemində ixtisasartırma və 
								təkmilləşmə təhsil mərhələsinin səmərəli təşkili 
								ilə bağlı mövcud vəziyyət və qarşıda duran 
								problemlərdən, onların həlli yollarından 
								danışdı.  
								
								Azərbaycan Müəllimlər İnstitutunun prorektoru 
								R.Əzizov ümumtəhsil müəssisələri və orada 
								fəaliyyət göstərən dayaq məntəqələrində 
								məşğələlərin təşkili mexanizmindən söz açdı. 
								Qeyd etdi ki, dayaq məntəqələrində məşğələlərin 
								təşkili üçün fəaliyyətdə olan mexanizmlərin 
								yeniləşməsi və müasirləşdirilməsinə ehtiyac 
								vardır. Bunun üçün dayaq məntəqə rəhbərləri və 
								müəllimlərin rəy və təkliflərinin öyrənilməsi 
								vacibdir. 
								
								AMİ-nin Strateji araşdırmalar mərkəzinin 
								metodisti Z.Vəliyeva əlavə təhsil sistemində 
								göstərilən metodiki xidmətin təşkili vəziyyəti 
								və onun yaxşılaşdırılması üçün görülən 
								tədbirlərdən danışdı. Qeyd etdi ki, metodiki 
								yardım göstərmək məqsədilə ayrı-ayrı filiallarda 
								olmuş və tövsiyələrini vermişdir.  
								
								Siyəzən Rayon Təhsil Şöbəsinin metodkabinet 
								müdiri Əminə Hacıyeva rayonun ümumtəhsil 
								məktəbləri müəllimlərinin ixtisasartırma 
								kurslarında olmaları barədə məlumat verdi, bu 
								məsələ ilə bağlı Sumqayıt filialının əlavə 
								təhsil şöbəsində müasir tələblər səviyyəsində 
								görülən işlərdən danışdı. 
								
								AMİ-nin Sumqayıt filialının əməkdaşı H.İbrahimov 
								filialda əlavə təhsilin təşkili və Sumqayıt, 
								Xızı, Siyəzən, Abşeron və Qubadlı rayon təhsil 
								şöbələri ilə bu istiqamətdə aparılan məqsədyönlü 
								işlərdən danışdı. Seminarda digər çıxış edənlər 
								müəllimlərin əlavə təhsilinin təşkilində 
								səmərəliliyin daha da artırılmasından söz 
								açdılar.  
								
								
								
								M.İSMAYILZADƏ, 
								AMİ-nin Sumqayıt filialının metodisti  |