| 
								 
								Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
								"British Council" təşkilatı ilə birgə həyata 
								keçirdiyi "Gələcək uğura aparan körpü"  layihəsi 
								çərçivəsində ölkəmizin bir qrup təhsil işçisi - 
								əsasən  ingilis dili müəllim və mütəxəssisləri 
								bu il  fevralın 27-dən martın 8-dək Böyük 
								Britaniyada olmuş, burada layihə üzrə keçirilən 
								məşğələlərdə iştirak etmişlər. Nümayəndə 
								heyətimizə Naxçıvan Dövlət Universitetindən 5 
								müəllim, Bakı şəhərindən isə 5 trener daxil idi. 
								
								Layihə üzrə məşğələlər "Motivasiya və 
								avtonomiya", "Treninq bacarıqlarının inkişafı", 
								"Müəllim hazırlığı", "Təhsilin idarə edilməsi", 
								"ELTA elmi tədqiqat qrupunun təqdimatı", 
								"İngilis dili beynəlxalq dil kimi" mövzularını 
								əhatə edirdi.  Məşğələləri tanınmış 
								mütəxəssislər - York Universitetinin prorektoru, 
								professor  Susanna Dammann, tətbiqi linqvistika 
								bölməsinin doktoru  Ema Uşioda, İngilis dili 
								müəllimi hazırlığı bölməsinin professoru  Riçard 
								Smit, həmin universitetin aparıcı 
								mütəxəssisləri  Penny Mosavian,  AnnaMaria 
								Pinter və Simon Borq (Lidz Universiteti)  
								aparırdılar. 
								
								 Mövzulardan göründüyü kimi, məşğələlər təhsilin 
								müxtəlif aspektlərinə həsr olunmuşdu. Biz hər 
								gün səhər saat 9-dan axşam 4-dək məşğələlərdə 
								olurduq. 4 gün davam edən məşğələlər ərzində 
								universitetin kitabxanasında çalışaraq lazımi 
								materialları əldə etmək üçün hər cür imkan var 
								idi. Kompüterlərə kodlarımız və onlardan 
								istifadə qaydaları öncədən təqdim edilmişdi. 
								Məşğələlər zamanı mövzular üzrə geniş məlumat 
								aldıq, yeniliklərlə tanış olduq.  
								
								Layihədə iştirak etmiş müəllim-trener heyəti 
								təhsil sahəsindəki yenilikləri Azərbaycan 
								müəllimləri arasında yaymaq və mümkün qədər çox 
								müəllimin bu layihədən yararlanması üçün 
								yerlərdə treninqlər keçirəcəkdir. 
								
								"Gələcək uğurlara aparan körpü" layihəsinə 
								treninqlərlə yanaşı, mədəni proqram da daxil 
								edilmişdi ki, bu da trenerlərin dünyagörüşünün 
								genişlənməsinə hesablanmış faydalı bir addım 
								idi. Layihə çərçivəsində Black Country canlı 
								muzeyinə,  Şekspirin doğulduğu Stratford 
								şəhərinə, məşhur Oksford şəhərinə və Londona 
								səfərlər təşkil edildi.  
								
								İlk səfərimiz Qara Şəhərcik (Black Country) 
								canlı müzeyinə oldu. Birminhem şəhərindən 10 mil 
								aralıda yeləşən bu canlı muzey 30 ildir ki, 
								fəaliyyət göstərir. Muzeydə XIX əsrin kənd 
								həyatı canlı olaraq qorunur. Şəhərcikdə 16 dükan 
								və emalatxana, yaşayış evləri bərpa edilərək bir 
								vaxtlar olduğu kimi qorunub saxlanılır. 
								Şəhərciyin adı orada çıxarılan kömürlə bağlıdır. 
								Sakinlərinin bütün həyatı kömür istehsalı ilə 
								bağlı olan bu şəhərcik həm də ilk buxar 
								mühərrikinin vətəni sayılır. Burada turistlər 
								məşhur və dünyada ən yaxşı "fish and chips" 
								(qızardılmış balıq və kartof) dada bilərlər. 
								
								Yeraltı kömür mədəninə səyahət canlı muzeyin ən 
								maraqlı hissəsidir. Dükanlarda bələdçilər bizi 
								şirniyyatların köhnə hazırlanma texnologiyası 
								ilə tanış edərək burada istifadə edilən 
								dəzgahları nümayiş etdirdilər.  
								
								Dünya şöhrətli Şekspirin doğulduğu Stratforda 
								səyahət də çox yaddaqalan oldu. Bu şəhərin 
								ab-havası və tarixi binalara hörmətli yanaşma 
								siyasəti insanı heyran edir. Öz müasir 
								həyatlarını yaşayan Şekspir həmyerliləri bu 
								məşhurun tarixi varlığından tam yararlanırlar - 
								şəhərə olan turist axını mağazaların, suvenir 
								dükanlarının, kafe və restoranların işini 
								canlandırır. Şəhəri ziyarətimiz zamanı  
								Şekspirin anadan olduğu evdə, onun qızına məxsus 
								olmuş evdə və Şekspirin dəfn olunduğu kilsədə 
								olduq. 
								
								27 kolleci əhatə edən Oksford Universitet 
								şəhərinə səfərimiz Müqəddəs Xaç Kilsəsindən 
								başladı. Oksford kolleclərinin öz kilsələri var. 
								Bu kilsələrin əsasında yaranan kolleclərin 
								çoxunun adı da onlarla bağlıdır. Məsələn, İsa 
								Kilsəsi kollecinə (Christ Church College) 
								səfərimizdə bu gözəl binanın daxilindəki geniş 
								yemək zalının möhtəşəm interyeri məşhur Harri 
								Porter filmindəki mühiti bir daha yaşamağımıza 
								səbəb oldu. Bu interyer insanı elmin aliliyinə 
								bir daha inandırır. Səfərimiz zamanı bu kollecin 
								buraxılış mərasiminə təsadüf etdik. Tünd-göy 
								rəngli təntənəli geyimlərdə olan məzunlar çox 
								ciddi görünürdülər. 
								
								Londonun məşhur görməli yerlərinə səyahətimiz 
								sakit və yağmursuz hava ilə müşayiət olundu. 
								Gəmi gəzintisindən sonra London galası Tauer və 
								London körpüsünün gecə görüntülərini izlədik. 
								
								Londonun məşhur Madam Tyussod muzeyinin 
								eksponatları və attraksionları ilə tanışlıq da 
								bizdə dərin təəssürat yaratdı. 
								
								Dünyada ən böyük kitabxanalardan birinə malik 
								olan British Museum ilə tanışlığımız orada 
								keçirilən Əfqanıstan günlərinə təsadüf etdi. 
								Muzeyin zallarında nümayiş etdirilən eksponatlar 
								tarix və mədəniyyətlərin zənginliyini göstərir. 
								Britaniya Muzeyinə girişin pulsuz olması oraya 
								saysız hesabda insanların gələrək tarix və 
								mədəniyyət nümunələri ilə tanış olmasına və 
								beləliklə də ümumilikdə cəmiyyətin mədəni və 
								intellektual səviyyəsinin artmasına şərait 
								yaradır. 
								
								Bu kiçik qeydlərimin  sonunda layihənin 
								müəlliflərinə və təşkilatçılarına layihədə 
								iştirak etmiş müəllim və trenerlərin adından 
								təşəkkürümü bildirirəm.   
								
								
								
								Gülşən SƏMƏDOVA, 
								XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya 
								Mərkəzinin  
								ingilis dili mütəxəssisi,  
								"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi  |