| 
								 
								Bakı Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutunda 31 Mart - 
								Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş 
								elmi-praktik konfrans keçirildi. 
								
								İnstitutun rektoru, fizika-riyaziyyat elmləri 
								doktoru, professor Asəf Zamanov tədbir 
								iştirakçılarını salamladıqdan sonra 31 Mart 
								soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik 
								sükutla yad edildi.  
								
								Sonra rektor məruzəsində tarixə qısa ekskursiya 
								etdi. O bildirdi ki, ermənilərin 
								azərbaycanlılara qarşı həyata keçirdikləri 
								aramsız soyqırımı və deportasiya siyasəti 
								1918-1920-ci illərdə xüsusən genişlənmişdir. 
								Azərbaycan xalqını yer üzündən tam silmək kimi 
								mənfur niyyətini həyata keçirməyə çalışan  
								ermənilər həm də xalqımıza məxsus minlərlə 
								tarixi-mədəni abidə və yaşayış məskənini dağıdıb 
								viran etmiş, "Saxta Ermənistan tarixi"ni nəinki 
								yazmağa, hətta dünyanı buna inandırmağa 
								çalışmışlar. Lakin tarix, tarix olaraq qalır. 
								
								XX əsrin əvvəllərində ermənilər təkcə bu gün 
								Ermənistan adlanan ərazini deyil, Bakı 
								quberniyasının Bakı, Şamaxı, Quba, Göyçay, 
								Qarabağ, Zəngəzur və  Naxçıvanda da vaxtaşırı 
								xalqımıza qarşı qırğınlar, talanlar, yanğınlar, 
								terror və digər zorakılıq aktları həyata 
								keçiriblər. Erməni faşistləri bu ərazilərdə on 
								minlərlə dinc azərbaycanlı əhalini - qadını, 
								uşağı,  qocanı  yalnız  milli  
								mənsubiyyətlərinə  görə  vəhşicəsinə  qətlə  
								yetirmiş,  yaşayış  yerlərini  talan  edərək  
								yandırıb viran qoymuş, xalqımızın milli 
								mədəniyyət abidələrini,  məscidləri  dağıtmış  
								və  yandırmışlar.  
								
								Tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, 
								Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan 
								quberniyasında və ölkənin digər ərazilərində 
								azərbaycanlıların amansızlıqla qətlə 
								yetirildiyini, şəhər və kəndlərın talan edilərək 
								dağıdıldığını sübut edir.  
								
								1918-ci il martın 30-da Bakıda erməni kilsəsi 
								yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk 
								atəşi açdı. 31 mart səhər tezdən bolşevik daşnak 
								dəstələri azərbaycanlılar yaşayan məhəllələri 
								havadan təyyarələr, dənizdən hərbi gəmilər 
								bombalamağa başladılar. Ermənilər rusları 
								inandırmışdılar  ki, guya İçərişəhərdə rusları 
								qırıblar. Matroslar bunun yalan olduğunu biləndə 
								atəşi dayandırsalar da, artıq gec idi.  
								 
								
								Rektor məruzəsində həmçinin İosif Stalinin 
								hakimiyyəti illərində qədim İrəvan torpağından 
								azərbaycanlıların köçürülmə prosesinin sürətlə 
								aparıldığından söz açdı. 
								
								 Asəf müəllim ümummilli lider Heydər Əliyevin 
								"Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci 
								il 26 mart tarixli fərmanının əhəmiyyətindən, 
								həmçinin bu gün ölkəmizin hərtərəfli inkişafı 
								üçün aparılan uğurlu siyasətdən danışdı. 
								 
								
								Tədbirdə İctimai elmlər kafedrasının dosent 
								Aydın Aslanov, kitabxananın müdiri Güldanə 
								Mehdiyeva, Psixologiya kafedrasının müdiri 
								Hökumə Əliyeva və digərləri məruzələrlə çıxış 
								etdilər. 
								
								
								
								Sifai SƏFƏROVA  |