| 
								  Azərbaycan 
								Texniki Universitetində 31 Mart - 
								Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş 
								geniş tədbir keçirilmişdir.  
								
								 Tədbir 
								iştirakçıları əvvəlcə AzTU-nun foyesində 
								ümummilli lider Heydər Əliyevin xatirəsinə 
								ucaldılmış büstün önünə təzə-tər gül-çiçək 
								dəstələri düzmüşlər. 
								
								Sonra tədbir universitetin böyük iclas zalında 
								davam etdirilmişdir. Tədbiri giriş sözü ilə 
								universitetin rektoru, texnika elmləri doktoru, 
								professor Havar Məmmədov açmışdır. Onun təklifi 
								ilə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla 
								yad edilmişdir. 
								
								Professor Havar Məmmədov çıxış edərək XX əsrin 
								əvvəllərində ermənilərin azərbaycanlılara qarşı 
								etdikləri vəhşiliklərdən, soyqırımından, 
								xüsusilə də Azərbaycan tarixinin ən dəhşətli 
								faciəsi olan Xocalı soyqırımından ürək ağrısı 
								ilə danışmış, bu qanlı faciəyə öz münasibətini 
								bildirmişdir.  
								
								Sonra Azərbaycan Respublikası Milli Arxiv 
								İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan 
								Paşayev geniş məruzə etmiş, ermənilərin 
								azərbaycanlılara qarşı törətdikləri soyqırımı 
								haqqında tələbələrə ətraflı məlumat vermişdir. 
								Daha sonra AzTU-nun xarici tələbələrin təhsili 
								fakültəsinin tələbəsi V.Çelik və AzTU Tələbə 
								Gənclər Təşkilatının sədr müavini, radiotexnika 
								və rabitə fakültəsinin tələbəsi Azər Abdullayev 
								çıxış etmişlər. 
								
								
								*** 
								
								Nərimanov rayonundakı Bağça-məktəb-lisey 
								kompleksində 31 Mart - Azərbaycanlıların 
								soyqırımı gününə həsr olunmuş tədbirlər - 
								konfranslar, ədəbi-bədii gecələr, müzakirələr 
								keçirildi, rəsm sərgiləri, stend və guşələr 
								hazırlandı. Təhsil ocağında olarkən görülmüş 
								işlərlə tanış olduqdan sonra III "ç" sinfində 
								keçirilən tədbirdə iştirak etdik. 
								
								Sinif otağı mövzuya uyğun tərtib olunmuş, divar 
								qəzeti, 1918-ci ilin mart hadisələrini, eləcə də 
								1992-ci ildə baş verən Xocalı faciəsini əks 
								etdirən fotostendlər, rəsm sərgisi hazırlanmış, 
								hər tərəfə qırmızı qərənfillər düzülmüşdü. 
								
								Sinif müəllimi Rəmziyyə Babayeva məlumat verdi 
								ki, hələ yaz tətilindən qabaq şagirdlərə 
								ermənilərin vəhşiliyi nəticəsində xalqımızın 
								tarix boyu üzləşdiyi faciələrdən bəhs edən rəsm 
								çəkməyi tapşırmış, onlardan ən yaxşıları sərgidə 
								nümayiş etdirmək üçün seçilmişdir. 
								
								Azərbaycan Respublikasının Dövlət himni ilə 
								açılan mərasimdə 1918-ci ildə törədilən 
								qırğınlarda həlak olanların xatirəsi bir 
								dəqiqəlik sükutla yad edildi. Sonra Əkrəm, 
								Nərmin, Leyla, Fidan, Cavidan, Əli, İranə, Samir 
								və digər şagirdlər həzin musiqi sədaları altında 
								Vətən həsrətli şeirlər dedilər, kədərli notlarla 
								köklənmiş mahnılar ifa etdilər, XX əsrdə 
								azərbaycanlılara qarşı yeridilən soyqırımı 
								siyasəti ilə bağlı fikirlərini səsləndirdilər. 
								Üçüncülərin nümayiş etdirdiyi "Bu qan yerdə 
								qalan deyil" adlı ədəbi-bədii kompozisiya tədbir 
								iştirakçılarını daha çox mütəəssir etdi. 
								
								Mərasimin sonunda çıxış edən Rəmziyyə Babayeva 
								dedi: "Ermənilərin zaman-zaman xalqımızın başına 
								gətirdikləri müsibətləri hamı bilməli və gələcək 
								nəslə çatdırmalıdır. Bəlkə də tarixi 
								unutqanlığımız ucbatından təkcə ötən əsrdə 
								azərbaycanlılara qarşı 4 dəfə soyqırımı aktı və 
								deportasiya həyata keçirilmişdir. 31 Mart - 
								Azərbaycanlıların soyqırımı günü ərəfəsində 
								bütün siniflərdə şagirdlərə bu hadisələrin baş 
								verdiyi dövr, tarixi şərait, ermənilərin 
								xalqımıza qarşı yürütdüyü təcavüz siyasətinin 
								ayrı-ayrı mərhələləri və s. haqqında məlumat 
								verilir. Lakin bu dəhşətlərin bir daha 
								təkrarlanmaması üçün faciəni təkcə mart ayında 
								deyil, ilboyu xatırlamalıyıq, öyrənməliyik. 
								Başımıza gələnlərin tarixini araşdırıb əsl 
								həqiqətləri üzə çıxarmaq üçün hələ çox iş 
								görməliyik. Yaddan çıxarmamalıyıq ki, bu bizim 
								həlak olanların xatirəsinə ehtiramımızdır". 
								
								III "ç" sinfində 31 Mart - Azərbaycanlıların 
								soyqırımı gününə həsr olunmuş tədbir Üzeyir 
								Hacıbəylinin qəhrəmanlığa və mübarizəyə səsləyən 
								"Uvertüra"sının sədaları altında başa çatdı. 
								
								
								*** 
								
								Bakıdakı fizika-riyaziyyat və informatika 
								təmayüllü liseydə keçirilən tədbirdə direktor 
								müavini  Valeh Bəyalıyev  geniş  məruzə ilə  
								çıxış etdi. O, xatırlatdı ki,  ümummilli lider 
								Heydər Əliyevin  "Azərbaycanlıların soyqırımı 
								haqqında" 1998-ci il 26 mart tarixli  
								fərmanında  xüsusi  vurğulanır ki, "Böyük 
								Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni 
								qəsbkarları 1905-1907-ci illərdə 
								azərbaycanlılara qarşı açıq şəkildə 
								genişmiqyasılı qanlı aksiyalar həyata 
								keçirdilər. Ermənilərin  Bakıdan başlanan 
								vəhşilikləri  Azərbaycanı və indiki Ermənistan 
								ərazisindəki  Azərbaycan kəndlərini əhatə etdi. 
								Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb 
								yerlə-yeksan edildi, minlərlə azərbaycanlı 
								vəhşicəsinə qətlə yetirildi.   
								
								Tarixi faktlar  göstərir ki, 1905-1907-ci 
								illərdə  silahlı erməni dəstələri 
								Bakıda,Tiflisdə, İrəvanda, Naxçıvanda, Gəncədə  
								və s. şəhərlərdə kütləvi şəkildə  
								azərbaycanlılara divan tutmuş, yaşayış 
								məskənlərini  yandırmış, uşaqları, qocaları 
								qəddarcasına  öldürmüşlər. Həmin dövrdə  təkcə 
								Şuşa, Cavanşir, Cəbrayıl, və Zəngəzur 
								qəzalarında 75  Azərbaycan kəndi viran qoyulmuş, 
								İrəvan və Cəncə  quberniyalarında  isə 200-dən  
								artıq  kənd yer üzündən silinmişdir. 
								
								Müəllimlər İsmət  Əliyeva, Nadir Mədətov, İdrak 
								Əliyev, Allahverdi Məmmədov və  Sərvinaz 
								Əkbərova  da çıxışlarında  həmin dövrlərdə  
								erməni qəsbkarlarının törətdikləri 
								vəhşiliklərdən, ağıla sığmayan cinayət 
								əməllərindən  söz açdılar.  
								
								Sonda  sagirdlər  Ülkər Əliyeva və Şəhla 
								Kərimlinin  faciə ilə bağlı  nümayiş 
								etdirdikləri  kompozisiyalar tədbir 
								iştirakçılarını  kövrəltdi. 
								
								
								*** 
								
								Martın 31-də Bakıda yerləşən Laçın rayon 10 
								nömrəli məktəbdə 31 Mart - Azərbaycanlıların 
								soyqırımı gününə həsr edilmiş anım mərasimi 
								keçirildi. Tədbirdə məktəbin müəllim-şagird 
								kollektivi ilə birgə Laçın Rayon Təhsil 
								Şöbəsinin müdir müavini Adil Alıyev və digər 
								qonaqlar iştirak edirdilər. Mərasim 
								iştirakçıları soyqırımı qurbanlarının xatirəsini 
								bir dəqiqəlik sükutla yad etdilər. 
								
								Tədbiri giriş sözü ilə açan məktəbin direktoru 
								Gülşən Tağıyeva Azərbaycan xalqının əsrlərlə 
								erməni təcavüzünə məruz qaldığını, 
								soydaşlarımızın dəfələrlə ermənilər tərəfindən 
								soyqırımına düçar olduğunu diqqətə çatdırdı. 
								Bildirildi ki, azərbaycanlılara qarşı soyqırımı 
								siyasəti erməni millətçiləri tərəfindən yüz 
								illər boyu planlı surətdə həyata keçirilmişdir. 
								O, ulu öndər Heydər Əliyevin bu faciələrə siyasi 
								qiymət  verdiyini və xalqımızın haqq səsini 
								dünya ictimaiyyətinə çatdırdığını qeyd etdi. 
								
								Tədbirdə məktəbin tarix müəllimləri Siyavuş 
								Əmirov və Ruhiyyə Rəsulova çıxış edərək 1918-ci 
								il mart hadisələri ilə bağlı tarixi faktları  
								iştirakçıların nəzərinə bir daha çatdırdılar. 
								Qeyd edildi ki, ermənilərin Azərbaycan xalqına 
								qarşı törətdikləri soyqırımı 1918-ci il martın 
								31-də daha geniş miqyas almış, bolşevik 
								hakimiyyətini bərqərar etmək adı altında erməni 
								daşnakları mart, aprel və may aylarında 
								Azərbaycanda  on minlərlə azərbaycanlını məhv 
								etmişlər. Təsadüfi deyil ki, ermənilər təkcə 
								Şamaxıda 58, Qubada isə 122 kəndi darmadağın 
								edərək dinc əhalini vəhşicəsinə qətlə 
								yetirmişlər. Bildirildi ki, ermənilər 
								tərəfindən  Azərbaycanın müstəqilliyinə və ərazi 
								bütövlüyünə yönəldilmiş soyqırımlar tarixdə qara 
								ləkə, qanlı cinayətlərdir.  
								
								Tədbir şagirdlərin söylədikləri şeirlər və 
								nümayiş etdirdikləri kompozisiyalarla başa 
								çatdı. 
								
								
								*** 
								
								Martın 31-də Bakının Nəsimi rayonunda yerləşən 
								35 nömrəli orta məktəbdə 31 Mart - 
								Azərbaycanlıların soyqırımı günü münasibətilə 
								tarix fənnindən "açıq dərs" keçirildi. 
								 
								
								Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində 
								soyqırımına aid şəkillərdən açılmış sərgi ilə 
								tanış oldular. Məktəbin direktoru Rəna Naibova 
								tədris ocağında təhsilin keyfiyyətini yüksəltmək 
								üçün görülən işlər, yeni kurikulumların tətbiqi 
								vəziyyəti barədə məlumat verdi. R.Naibova 
								müəllimlərin nə kimi problemlərlə üzləşdiklərini 
								söylədi və qazanılmış təcrübəni nümayiş 
								etdirmək  üçün tədris ocağında tez-tez "açıq 
								dərs"lərin keçirildiyini dedi. Eyni zamanda 
								bugünkü  "açıq dərs"in də 31 Mart  - 
								Azərbaycanlıların soyqırımı gününə həsr 
								olunduğunu bildirdi.   
								
								Sonra V "b" sinfində təşkil olunan "açıq dərs"də 
								əvvəlcə şagirdlərin ifasında Dövlət himni 
								səsləndi və  soyqırımı qurbanlarının xatirəsi 
								bir dəqiqəlik sükutla yad edildi.  
								
								Məktəbin tarix müəllimi Zinaida Musayeva isə 
								tarixi mənbələrə əsaslanaraq ermənilərin 
								xalqımıza qarşı törətdiyi vəhşiliklər barədə 
								iştirakçılara məlumat verdi və şagirdləri 
								qruplara bölərək onlara soyqırımı barədə 
								müxtəlif suallar verdi. Şagirdlər də soyqırımla 
								bağlı öz biliklərini nümayiş etdirdilər. 
								 
								
								Qruplar 1918-ci il  mart hadisələrini əks 
								etdirən səhnəciklər göstərərək "açıq dərs"i daha 
								da maraqlı etdilər.  
								
								Sonda soyqırımına aid 5  dəqiqəlik film 
								göstərildi.  
								
								Dərs başa çatdıqdan sonra onun müzakirəsi 
								keçirildi. Dinləyənlər tərəfindən müəllimin 45 
								dəqiqəlik fəaliyyəti yüksək qiymətləndirildi. 
								Müzakirədə çıxış edənlər dərsdə müasir təlim 
								metodlarından, resurslardan gen-bol və 
								yerli-yerində istifadə olunduğunu deyərək  bəzi 
								təklif, tövsiyələrini bildirdilər.  
								
								
								*** 
								
								Bakıdakı 32 nömrəli uşaq bağçasında 31 Mart - 
								Azərbaycanlıların  soyqırımı  gününə həsr 
								edilmiş  mərasim keçirildi. Öncə  faciə 
								qurbanlarının xatirəsi bir  dəqiqəlik  sükutla 
								yad edildi. Bağçanın müdiri Afina  Axundova qeyd 
								etdi ki, 1918-ci ilin martında ermənilər 
								minlərlə vətəndaşımızı qanına qəltan etmiş, 
								şəhər, rayon  və kəndlərimizi xarabazara 
								çevirmişlər. Ən dəhşətlisi o idi ki,  uşaq, 
								yeniyetmə və gənclərimiz  milli 
								mənsubiyyətlərinə  görə  qətlə yetirildilər. 
								
								Tərbiyəçilər  Məlahət Məlikova, Şəfəq Əhmədova, 
								Gülşən Abdullayeva  və Fərqanə Səmədova çıxış 
								edərək  ermənilərin məkrli  siyasətlərini 
								pislədilər,  balaca fidanlara isə firavan həyat, 
								sülh, əmin-amanlıq, xalqımıza  səadət, mətanət 
								və dəyanət arzuladılar.  
								
								Mərasimin sonunda Elnur,  Nüşabə, Röya, Aydan  
								çəkdikləri   rəsmləri  nümayiş etdirdilər.    
								
								
								"Azərbaycan müəllimi"  |