| 
								 
								 Hazırda ictimaiyyət arasında ən müxtəlif 
								səviyyələrdə geniş müzakirə olunan məsələlərdən 
								biri təhsilin keyfiyyətidir. "Təhsilin  
								keyfiyyəti" termini ilk baxışda hamı tərəfindən 
								başa düşülsə də, buna yanaşmada qeyri-müəyyənlik 
								hələ də mövcuddur. Bu səbəbdən də, ilk növbədə, 
								təhsilin keyfiyyətinin dəyərləndirilməsi üzrə 
								yeni sistemin qurulmasına, o cümlədən təhsilin  
								keyfiyyət göstəricilərinin seçilməsinə, onların 
								ölçülmə prosedurlarının təyin edilməsinə və ən 
								başlıcası, bütün bu addımlar barədə 
								ictimaiyyətin müntəzəm məlumatlandırılmasına 
								ciddi ehtiyac vardır.   
								
								 Təhsilin  
								keyfiyyətinin dəyərləndirilməsi sahəsində ilkin 
								addımlar  kimi hazırkı dövrdə təhsil sisteminin 
								mövcud vəziyyətinin təhlili, əsas inkişaf 
								istiqamətləri barədə proqnozların hazırlanması, 
								keyfiyyətin yüksəldilməsi ilə bağlı konkret 
								tədbirlərin müəyyənləşdirilməsi məqsədilə təhsil 
								keyfiyyətinin göstəriciləri sisteminin 
								formalaşdırılması zəruridir. Bununla əlaqədar 
								təhsilin  keyfiyyətinin dəyərləndirilməsi 
								sahəsində ölkədə mövcud olan təcrübə, beynəlxalq 
								təcrübədə istifadə olunan vasitələr (məlumatların 
								toplanması və təhlili metodları, nəzarət-ölçü 
								vasitələri, göstəricilər sistemi, meyarlar, 
								normalar və s.) ilkin fəaliyyət istiqamətləri 
								kimi xüsusi əhəmiyyət kəsb edir.  
								
								Təhsilin keyfiyyətinin dəyərləndirilməsi 
								sisteminin qurulması aşağıdakı əsas məqsədlərin 
								həyata keçirilməsini zəruri edir:  
								
								1. Ölkədə təhsilin keyfiyyətinin 
								dəyərləndirilməsi, onun inkişafının əsas 
								istiqamətləri barədə proqnozların hazırlanması, 
								keyfiyyətin  yüksəldilməsi istiqamətində əsas 
								fəaliyyətlərin müəyyənləşdirilməsi məqsədilə 
								göstəricilər (indikatorlar) sisteminin  
								formalaşdırılması;  
								
								2. Təhsilin keyfiyyətinin vahid mövqedən 
								dəyərləndirilməsi üçün mövcud  təcrübənin 
								təkmilləşdirilməsinin əsas istiqamətlərinin 
								təyin edilməsi, bu sahədə yeni  təşkilati 
								struktur və mexanizmlərin  yaradılması və 
								onların funksiyalarının müəyyənləşdirilməsi, 
								təhsilin  keyfiyyətinin təmin olunması məqsədilə 
								müxtəlif idarəetmə strukturlarının və maraqlı 
								tərəflərin fəaliyyətlərinin koordinasiyası; 
								
								3. "Keyfiyyətə nəzarət"  modelindən "keyfiyyətin 
								təmin olunması" modelinə keçidə imkan verən 
								nəzarət-ölçü vasitələrinin (sorğu kitabçaları, 
								testlər, kompüter proqramları və s.) yaradılması. 
								
								Göstərilən zəruri fəaliyyətlərin həyata 
								keçirilməsi üçün ilkin addımlar:  
								
								1. Nəticəyönümlü yeni kurikulum proqramı 
								çərçivəsində yeni nəsil təhsil standartlarının, 
								onlara nail olmanı və pedaqoji ölçmə 
								nəzəriyyəsinin müasir vəziyyətini əks etdirən 
								göstəricilərin hazırlanması.  
								
								2. Təhsil İslahatı Proqramının əsas 
								istiqamətlərindən biri kimi təhsilin  
								keyfiyyətinin dəyərləndirilməsi üçün böyük 
								əhəmiyyət kəsb edən Milli və Beynəlxalq 
								qiymətləndirmə sistemlərinin tətbiq edilməsi. 
								
								3. Təhsilin keyfiyyətinin dəyərləndirilməsi 
								sisteminin qurulması  və ondan təlimin və 
								tədrisin  ehtiyaclarını ödəmək məqsədilə 
								istifadə edilməsi üçün standart qiymətləndirmə 
								prinsiplərinin  müəyyənləşdirilməsi. 
								
								İnkişaf etmiş ölkələrdə aşağıdakı Standart 
								prinsiplər qəbul edilmişdir:  
								
								* 
								Nəzərdə  tutulmuş məqsədlərlə  dəyərləndirilmə 
								arasında uzlaşmanın   təmin olunması.  
								 
								
								* 
								"Nailiyyətlərin" və  "Təhsil imkanlarının"  
								qarşılıqlı  qiymətləndirilməsi. 
								
								* 
								Toplanmış məlumatların keyfiyyətcə 
								müvafiqliyinin təmin olunması (validlik). 
								 
								
								* 
								Qiymətləndirmədə şəffaflıq, ədalətlilik,  
								qarşılıqlı razılaşma və əməkdaşlıq.  
								
								* 
								Tədris-təlim  fəaliyyətində  qiymətləndirilmə 
								nəticələrinin  inkişafetdirici  rolunun təmin 
								olunması. 
								
								Real vəziyyətin təhlili göstərir ki, təhsilin 
								keyfiyyətinin dəyərləndirilməsi sahəsində vahid 
								yanaşmaların gözlənilməsi, ölkədə təhsil 
								sisteminin əhatə dairəsi və effektivliyi ilə 
								bağlı məlumatların təhsil siyasətini  
								müəyyənləşdirən maraqlı tərəflərə çatdırılması 
								üçün bu funksiyaları yerinə yetirən struktur 
								bölmələrin, xüsusilə də Monitorinq və 
								qiymətləndirmə, Təhsilin idarəolunmasının 
								məlumat sistemləri,  Strateji təhlil və 
								planlaşdırma  şöbələrinin birgə fəaliyyətinin 
								təşkili zəruridir. 
								
								Ölkə üzrə təhsilin keyfiyyətinin 
								dəyərləndirilməsi sistemi təhsilin idarəolunması 
								sistemi ilə təhsilin müxtəlif alt-sistemlərinin 
								qarşılıqlı əlaqəsi barədə doğru və etibarlı 
								məlumatların əldə edilməsi və yayılması 
								məqsədilə səmərəli əks əlaqənin təmin edilməsinə 
								yönəlmişdir. Bu sistem ölkənin təhsil sisteminin  
								keyfiyyətinin dəyərləndirilməsinə, mükəmməl və 
								keyfiyyətli təhsil almaq üçün bərabər imkanların 
								yaradılmasına, təhsilin  keyfiyyətinin və 
								səmərəliliyinin  yeni səviyyəyə yüksəldilməsi 
								məqsədilə  onun inkişafının 
								proqnozlaşdırılmasına imkan yaradacaq, eyni 
								zamanda təhsil sisteminin inkişafı və sosial  
								mühitin təhsil sisteminə təsir mexanizmi kimi 
								xidmət edəcəkdir.  
								
								
								
								Elmira MANAFOVA, 
								Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı 
								məsləhətçisi  |