| 
								 
								Ekoloji tərbiyənin əsasını təbiətə sevgi, onun 
								mühafizəsi işi təşkil edir. Bu gün kiçik 
								yaşlarından uşaqları təbiətə qayğı ilə yanaşmaq 
								ruhunda tərbiyə etmək, ekoloji şüuru və 
								mədəniyyəti formalaşdırmaq olduqca zəruridir.  
								Paytaxtımızın Nərimanov rayonundakı nümunəvi 
								tərbiyə-təlim  xidməti göstərən məktəbəqədər 
								təhsil müəssisələrindən biri sayılan 183 nömrəli 
								körpələr evi-uşaq bağçasında elə bu günlərdə  
								keçirilən  tədbir də uşaqların təbiətə olan 
								sevgisinin, onlarla aparılan ekoloji tərbiyə 
								işlərinin necə öz uğurlu həllini tapdığını bir 
								daha göstərdi. 
								
								 Azərbaycan 
								Respublikası Dövlət Neft Şirkəti Ekologiya 
								İdarəsinin dəstəyi və adıçəkilən məktəbəqədər 
								təhsil müəssisəsinin nəzdində fəaliyyət göstərən 
								"Valideyn-tərbiyəçilərin təhsilə yardımı" 
								İctimai Birliyinin  xətti ilə "Biz yaşıl həyat 
								arzulayırıq" adlı tədbirdə öncə qonaqlar 
								ekologiya mövzusuna dair balaca fidanların əl 
								işlərindən ibarət sərgi ilə tanış oldular. Sonra 
								bağçanın geniş, yüksək tərtibatı ilə gözoxşayan, 
								bahar ətri  duyulan zalında "Ekologiya - mənim 
								evim" mövzusunda məşğələnin təqdimatı oldu. "Valideyn-tərbiyəçilərin 
								təhsilə yardımı" İctimai Birliyinin  prezidenti 
								Gülnar Rəhimovanın təbiət, ekologiya, ətraf 
								mühitin qorunması, dünyada qlobal problemlərdən 
								biri olan ekoloji tarazlığın pozulması və digər 
								məsələlərlə bağlı məlumatları, həmçinin onun 
								çıxışının informasiya yönümlü slaydlar üzərində 
								qurulması və ekranda göruntülərin əks olunması 
								hamının böyük marağına səbəb oldu. Balacaların 
								ekologiya, təbiətin qorunması mövzusunda 
								hazırladıqları bir-birindən maraqlı  şeir və 
								musiqi nömrələri onların valideynləri və 
								qonaqlar tərəfindən alqışlarla qarşılandı. 
								Uşaqlara "Ekologiya - bizim evimizdir", "Torpağa 
								məhəbbət, insana qüvvət", "Ekologiya adlanan 
								evimizdə kimlər və daha nələr yaşanır" 
								mövzularında videoçarx və sənədli film nümayiş 
								etdirildi. Rəngarəng milli və  nağıl 
								qəhrəmanlarının  geyimlərində olan balacalar 
								təbiətin qorunması, ekologiyanın və ətraf 
								mühitin mühafizəsi işində "Biz birlikdə güclüyük" 
								devizi altında simvolik olaraq  birləşdilər. 
								Mövzu ilə bağlı müxtəlif hadisələrin 
								səhnələşdirilməsi və həmin səhnəciklərin 
								öhdəsindən uşaqların məharətlə gəlmələri, 
								hazırlanmış xüsusi musiqili kompozisiyalar isə 
								hamıda xoş təəssürat oyatdı. Hamının rəğbətini 
								qazanan balacalara ARDNŞ-ın Ekologiya İdarəsinin 
								hədiyyələri təqdim olundu.  
								
								 Tədbirdə 
								iştirak edən qonaqlar - Azərbaycan Respublikası 
								Dövlət Neft Şirkəti Ekologiya İdarəsinin şöbə 
								rəisi Füzuli Hacıyev, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin  Məktəbəqədər təhsil sektorunun 
								müdiri Leyla İmanova, Estetik Tərbiyə üzrə 
								Respublika Tədris Metodik Mərkəzin direktoru 
								Nazim Məmmədbəyov tərbiyəçilərin, uşaqların və 
								onların valideynlərinin birgə işinin nəticəsi 
								olan bu tədbiri yüksək səviyyədə və eyni zamanda 
								belə bir maraqlı tərtibatla təşkil etdiklərinə 
								görə 183 nömrəli körpələr evi-uşaq bağçasının 
								müdiri Sədaqət Qurbanovaya və onun rəhbərlik 
								etdiyi kollektivə minnətdarlıq etdilər. 
								
								Məktəbəqədər təhsil müəssisəsinin müdiri Sədaqət 
								Qurbanova bağçada bir sıra layihələrin  uğurla 
								həyata keçirildiyini və bu işlərdə hər zaman 
								valideynlərin yaxından iştirak etdiyini söylədi. 
								Onu da qeyd etdi ki, bugünkü tədbir  uşaqlarda 
								ətraf mühiti qorumaq hissinin 
								formalaşdırılmasında, onların artıq kiçik 
								yaşlarından dünyanın qlobal problemlərindən biri 
								olan ekologiyanın çirklənməsinə diqqətlərinin 
								yönəldilməsinə, nəticə etibarı ilə isə 
								balacalarda ekoloji tərbiyənin yaranması və 
								inkişafına öz müsbət təsirini göstərəcəkdir. 
								Sədaqət Qurbanova tədbirin keçirilməsində əməyi 
								olan, onları dəstəkləyən hər bir kəsə öz 
								təşəkkürünü bildirdi. 
								
								Tədbir sonra uşaqların valideynləri ilə birgə 
								həmin bağçanın həyətyanı sahəsində ARDNŞ-ın 
								Ekologiya İdarəsi  tərəfindən onlara verilən 
								30-dan artıq ağacın əkilməsi ilə davam etdi. Hər 
								bir ağacın üzərində həmin ağacın əkilməsində 
								iştirak edən uşağın adı və soyadı qeyd olunan 
								xüsusi vərəqlər bərkidildi.   
								
								
								Samirə KƏRİMOVA  | 
								  |