| 
								 
								İstedadlı uşaqların aşkar edilməsi, onların 
								inkişafı üçün əlverişli mühitin yaradılması 
								təhsil sisteminin prioritet vəzifələrindəndir. 
								Məhz bunu nəzərə alaraq son illər bütün təhsil 
								müəssisələrində olduğu kimi, bağçamızda da 
								istedadlı və qabiliyyətli uşaqların aşkara 
								çıxarılmasına və onların inkişafına xüsusi 
								diqqət yetiririk. 10 ildən çoxdur ki, bağçamızda  
								mahnı oxuma qabiliyyəti olan uşaqlar aşkara 
								çıxarılmış və onların inkişafı üçün "Səadət" 
								uşaq xoru və "İstedad mərkəzi" yaradılmışdır. 
								
								 "Uşaq 
								xoru" üzrə "İstedad mərkəzi"nə musiqi rəhbəri 
								F.Quliyeva rəhbərlik edir. O, musiqi və nəğmə 
								üzrə iş apararkən, hər bir uşağın səs 
								diapazonunu müəyyənləşdirir, repertuarı seçir və 
								xoru təşkil edir. 
								
								Son illər uşaq xorumuz respublika miqyasında 
								keçirilmiş bir sıra baxış müsabiqələrin qalibi 
								olmuş və dəfələrlə fəxri fərman və diplomlara 
								layiq görülmüşdür. 
								
								Xor kollektivində işlərin müvəffəqiyyətini təmin 
								etmək üçün hər məşğələdə müntəzəm təmrinoxuma 
								üzrə iş aparılır. Xor kollektivində uşaqların 
								səs duyumu, ritmi tutmaq qabiliyyəti, mahnıları 
								düzgün oxumaq bacarıqları inkişaf etdirilir. 
								Uşaqlar mahnıları həvəslə öyrənir, onlara dərin 
								maraq göstərirlər. 
								
								Uşaqlara mahnıların bədii dəyərini 
								qiymətləndirmək bacarıqlarının aşılanmasına da 
								xüsusi diqqət yetirilir. Mahnının musiqisi ilə 
								tanışlıq zamanı musiqi  rəhbərinin ardıcıl 
								izahatının aparılması uşaqlarda bədii-musiqi 
								zövqünün formalaşmasına kömək edir. 
								
								Xor kollektivinin müvəffəqiyyəti, ilk növbədə, 
								musiqi məşğələlərinin düzgün təşkilindən 
								asılıdır. Məşğələ zamanı musiqi rəhbəri oxumağa 
								başlamazdan əvvəl xorun hər bir üzvünün bütün 
								diqqətini toplamasına, onların əllərinin, 
								ayaqlarının, çiyinlərinin vəziyyətinə daim 
								nəzarət edir. Oxumaq prosesində 
								dirijor-xormeysterin əl jestinə diqqət, 
								nəfəsalma, mahnı oxumağa başlamaq kimi əsas 
								elementləri uşaqlara başa salır. Uşaqlar 
								göstərilən vərdişləri qazanana qədər müəllim bu 
								barədə izahat işləri aparır.  
								
								Görülən işlərin dəqiq planı, musiqi rəhbərinin 
								məşğələyə yaxşı hazırlaşması müvəffəqiyyətin 
								qazanılmasında həlledici rol oynayır. 
								
								Mahnıları təkrar edərkən musiqi rəhbəri 
								uşaqların təmiz intonasiyaya, melodik və ritmik 
								ifasına, sözlərin dəqiq tələffüzünə diqqət 
								yetirilir. Xor kollektivinə düzgün rəhbərlik, 
								məşğələlərin maraqlı qurulması və keçirilməsi, 
								uşaqlarda mahnı oxumağa məhəbbət və maraq 
								tərbiyə edir. Uşaqlar xorda məşğul olmaq 
								sayəsində musiqini daha yaxşı dinləmək və 
								qavramaq qabiliyyətinə yiyələnirlər. 
								
								Biz balaca "bülbüllər"imizin gələcək inkişafını 
								da izləyirik. Belə ki, "İstedad mərkəzi"nin 
								məzunları yaxınlıqdakı 215 nömrəli məktəbin 
								xorunda da fəal iştirak edirlər. Bunun 
								nəticəsidir ki, məktəbin uşaq xoru mahnıların 
								fərqli ifasına görə dəfələrlə yüksək qiymətə 
								layiq görülmüşdür. 
								
								Bu sahədə valideynlərlə də az iş görülməmişdir. 
								Valideynlər "İstedad mərkəzi"nin işində fəal 
								iştirak edir və uşaqlar üçün geyimlərin 
								hazırlanmasına kömək göstərirlər. 
								
								Bağçamızın yaradıcı potensialı olan 
								tərbiyəçilərimiz çoxdur. Belə ki, tərbiyəçilər 
								H.Sultanova (nitq məharəti), İ.Kasatkina (rəsm), 
								Ş.Qasımova (quraşdırma), X.Hüseynova (əl əməyi), 
								F.Abdullayeva (əl əməyi) və b. öz qabiliyyətləri 
								ilə fərqlənir və bacarıqlarını yetirmələrinə də 
								öyrədirlər. 
								
								Hər bir istedadlı uşağın yaradıcılıq 
								imkanlarından vaxtında istifadə edilməsi 
								tərbiyəçilərimizin qarşısında duran əsas 
								vəzifələrdən biridir. Onlar uşaqlarla təlimin 
								normal təşkili üçün psixoloji-pedaqoji 
								diaqnostika aparır, hər bir uşağa fərdi və 
								diferensial yanaşırlar. 
								
								Uşaqların həyatında, estetik-emosional aləminin 
								zənginləşməsində təsviri incəsənətin də rolu 
								böyükdür. Hər bir uşağın bu sahədə istedad və 
								qabiliyyətini aşkara çıxarmaq və inkişaf 
								etdirmək də mühüm vəzifələrimizdəndir. Bununla 
								əlaqədar 2005-2006-cı tədris ilindən bağçamızda 
								rəsm üzrə "İstedad mərkəzi" fəaliyyət göstərir. 
								Mərkəzə tərbiyəçi İ.Kasatkina rəhbərlik edir. O, 
								uşaqlarda rəsm qabiliyyətlərinin inkişafında 
								yüksək göstəriciləri əldə edir. İ.Kasatkina 
								uşaqlarda təbiətdəki hadisələri hiss etmək, 
								duymaq, gözəlliklərdən zövq almaq kimi 
								keyfiyyətlər tərbiyə edir. 
								
								İ.Kasatkina valideynlərlə sıx əlaqə saxlayır, 
								onları rəsm məşğələlərinə dəvət edir, 
								valideynlərə "Uşağa rəsm çəkməyi necə öyrətməli?" 
								mövzusunda məsləhətlər verir.  
								
								
								
								Şahnaz ABDULLAYEVA, 
								Bakının Sabunçu rayonundakı 3 nömrəli  
								"Səadət" uşaq bağçasının müdiri  |