| 
								 
								Azərbaycan tarixinin diyarşünaslıq materialları 
								ilə əlaqələndirilməsi müəllimdən tarixi dərindən 
								bilmək, müvafiq materialları seçib qruplaşdırmaq 
								bacarığı, bunlardan dərslərdə fəal interaktiv 
								təlim metodları əsasında istifadə etmək ustalığı 
								tələb edir. Təcrübə və müşahidə göstərir ki, 
								proqram materiallarının tədrisini müvafiq 
								diyarşünaslıq materialları ilə əlaqələndirmə 
								zamanı şagirdlər müəllimin şərhini diqqət və 
								maraqla dinləyir, sual-cavabda fəal iştirak edir, 
								tapşırıqları həvəslə yerinə yetirir, doğma 
								yurdun dünənini öyrənməyə çalışırlar. 
								
								İşin səmərəliliyi bir sıra tərəflərlə bağlıdır:
								 
								
								a) müəllim diyarşünaslıq materiallarını 
								əvvəlcədən tapıb əlavə material kimi 
								hazırlamalıdır; b) mövzuya uyğun tarixi, ədəbi 
								məlumat və faktlardan tədris prosesində istifadə 
								imkanı dəqiqləşdirilməlidir; c) diyarşünaslıq 
								materialları mövzu ilə üzvi şəkildə 
								əlaqələndirilməlidir. 
								
								Fikrimizi iki mövzunun tədrisi nümunəsində şərh 
								edək. 
								
								VIII sinifdə Azərbaycan tarixindən "Şirvanşahlar 
								dövləti" mövzusunun tədrisi ərəfəsində müəllim 
								şagirdləri XI-XIII əsrlərin böyük yaşayış 
								məskəni olmuş Salyan rayonunun Qırxçıraq 
								ərazisinə ekskursiyaya aparır. 
								
								Ekskursiya zamanı şagirdlər öyrənirlər ki, 
								Qırxçıraq şəhəri Şirvanşahlar dövlətinin Güştəsp 
								vilayətinin mərkəzi imiş. Şəhər 40 məhəllədən 
								ibarət olmuşdur. Ərazi vahidi kimi bir çıraq 
								1000 ev olmuşdur. 40 min evdən ibarət olmuş bu 
								şəhər Kür çayının sahilində yerləşirmiş. 
								Sərhədləri Salyanın indiki Qaraçala qəsəbəsindən 
								Babazanan dağına qədər bir ərazini əhatə edirmiş. 
								Bişmiş kərpic və ağ daşdan tikilmiş evlər, 
								dükanlar, karvansaralar, məktəb-mədrəsələr, 
								məscidlər varmış. 
								
								Güştəsp vilayətində hərbi məqsədlər üçün döyüş 
								atları yetişdirilib. Yazılı mənbələrdə burada 
								məhsul bolluğundan, bazarların ucuzluğundan 
								danışılır. Şəhərdə nohurlar varmış, əhali su 
								quşları və balıqdan yaxşı qazanc götürürmüş. 
								
								Güştəsp vilayəti Atabəylər dövlətinə ildə 1 
								milyon dinar, təxminən bir o qədər də 
								Şirvanşahlar sarayına vergi ödəyirmiş. 
								
								Vilayətin əhalisi çox yüksək əkinçilik və 
								heyvandarlıq mədəniyyətinə malik olmuşdur. 
								Əkinləri suvarmaq üçün Kür çayından ümumi 
								uzunluğu 30 km olan Şirvan Govur arxı çəkilmişdi. 
								Bu arx Kür çayı axarı boyunca sahildən 7-8 km 
								aralıda Qaraçala qəsəbəsindən və Babazanan 
								dağlarından da keçərək Xəzər dənizinin 
								sahillərinə qədər geniş bir ərazini suvarmağa 
								imkan verirmiş. Su itkisinə yol verməmək üçün 
								arx saxsı, kaşi və ağ daşlarla örtülübmüş. Sara 
								Aşurbəylinin "Şirvanşahlar dövləti" (Bakı. 
								2006.), Vladimir Minorskinin "Şirvanın tarixi" 
								(1969), Nikolay Xanıkovun "Qafqaz 
								müsəlmanlarının tarixi və etnoqrafiyası" (1864), 
								A.A.Bakıxanovun "Gülüstani-İrəm" (Bakı.1991.) 
								əsərləri əsasında bu məzmunda məlumat çatdırılır. 
								Şagirdlərə o da  bəlli olur ki, Qırxçıraq şəhəri 
								Elxani hökmdarı Hülaki xan tərəfindən tutulmuş, 
								əhalisi qılıncdan keçirilmişdir. Ürəkləri 
								soyumayan işğalçılar şəhəri yandırmışlar. 
								
								Təlim forması kimi böyük əhəmiyyəti olan 
								ekskursiya şagirdlərin müşahidə bacarığını 
								inkişaf etdirir; deyilənlərin müvafiq məkanda 
								mənimsənilməsi təbii-psixoloji şəraitdə 
								reallaşdırılır; səkkizincilər Kurqan qəbirləri, 
								arx yerlərini gözləri ilə görürlər və s. 
								
								Ekskursiyanın sonunda müəllim şagirdlərə 
								informasiya verir ki, bu yerlərdən tapılmış 
								arxeoloji materiallar Ə.Hüseynzadə adına Salyan 
								Tarix-Diyarşünaslıq Muzeyində saxlanılır. 
								
								Müşahidə və müəllim təcrübəsinin təhlili 
								göstərir ki, bu cür təlimi hazırlıqdan sonra  
								VIII sinifdə "Şirvanşahlar dövləti" mövzusunun 
								tədrisi həm təlimi, həm də tərbiyəvi baxımdan 
								çox effektli olur. Bunun üçün, ilk növbədə, 
								ekskursiyanın təəssüratlarını aşkara çıxaran 
								ümumiləşdirici sorğu aparılması məsləhətdir. 
								
								Sonra müəllim dərslik materialının şərhini verir, 
								ekskursiya məlumatı ilə əlaqələndirmə 
								reallaşdırılır.  
								
								IX sinifdə Azərbaycan tarixindən "Rusiyanın 
								Xəzəryanı bölgələrə hərbi yürüşləri" mövzusunda 
								I Pyotrun Azərbaycanın Xəzəryanı vilayətlərini 
								işğal etməsindən bəhs edilir. Rus qoşunları 
								1723-cü il iyulun 28-də Bakı şəhərini ələ 
								keçirdikdən sonra Salyanı da işğal ediblər. 
								
								Mövzunun tədrisi zamanı diyarşünaslıq 
								məlumatlarını çatdırmaq imkanı var. Müəllim 
								şərhində qeyd olunur ki, Kür çayının sahilində 
								yerləşən, Xəzər dənizinə yaxın olan Salyan 
								strateji əhəmiyyətə malik idi. Bu yerin 
								tutulması rus qoşunları üçün ətraf yerləri ələ 
								keçirməkdə dayaq rolunu oynaya bilərdi. 
								
								Necə olub ki, qoşunlar Salyandan çıxarılıb? 
								A.A.Bakıxanovun "Gülüstani-İrəm", Q.M.Musəvinin 
								"Bakı tarixinə dair orta əsr sənədləri", 
								M.Əliyevin "Azərbaycan-rus əlaqələri" 
								əsərlərindən istifadə edən müəllim şagirdlərə 
								aşağıdakı məlumatı söyləyir: O vaxt Salyanın 
								hakimi Səfəvi şahı tərəfindən təyin edilmiş 
								qaytaqlı qulamların yüzbaşısı Həsən bəy olmuşdur. 
								
								Hakimin həyat yoldaşı Qəbulə xanım çox igid, 
								qoçaq və qəhrəman qadın imiş. Qəbulə xanım rus 
								qoşunlarının Salyanı işğal etməsinə heç vəchlə 
								dözə bilməmiş, Salyan hakiminin evinə qonaqlığa 
								gələn batalyonun zabitlərinin özlərini işğalçı 
								kimi aparmalarına cavab olaraq özü kimi 
								qadınların köməyi ilə onları məhv etmişdir. 
								
								Başsız qalmış batalyonun əsgərləri bir xəstə 
								zabitin başçılığı ilə Salyandan çıxıb Bakıda 
								yerləşirlər. Vətənpərvərlik ruhunda olan bu 
								məlumatı çatdırdıqdan sonra müəllimin sinifdə 
								Qəbulə xanımın hərəkətinin motivi ilə bağlı 
								sual-cavab aparması səmərəli olur.  
								
								Azərbaycan tarixi üzrə mövzuların tədrisi zamanı 
								diyarşünaslıq fakt və materiallarından istifadə 
								bir neçə baxımdan faydalı olur: 
								
								- şagirdlər tariximizlə bağlı daha geniş, 
								əhatəli və sistemli biliklər qazanır, yeni-yeni 
								məlumatlar öyrənirlər; 
								
								- bu diyarşünaslıq materialları onlarda 
								vətənpərvərlik, əməksevərlik, qəhrəmanlıq 
								hisslərinin dərinləşməsinə güclü təsir edir; 
								
								- şagirdlərdə doğma diyarın tarixini, t 
								
								arixi coğrafiyasını, ədəbi dəyərlərini, görkəmli 
								elm adamlarının həyatını öyrənməyə maraq artır 
								və s. 
								
								Bu isə dünya təhsilinə inteqrasiya olunan 
								Azərbaycan təhsilinin qarşıya qoyduğu 
								vəzifələrin reallaşdırılması deməkdir.  
								
								
								
								Sahib HƏSƏNOV, 
								AMİ-nin Salyan filialının Müasir təlim metodları 
								və  
								dayaq məntəqələri ilə iş kabinetinin müdiri  |