| 
								 
								Gərdişin ictimai-siyasi hadisələrini dərindən 
								dərk edən, tərəqqinin, tənəzzülün kamançasını 
								zamanın ruhuna uyğun həm bəmdə, həm də zildə 
								çalan, yazdıqlarını pozan, pozduqlarını yenidən 
								nizama salmağa can atan, fani dünyanın 
								gəlişini-gedişini şair həssaslığı ilə duyan 
								ustad sənətkar dağların dağ boyda dağını, 
								dərdi-qəmini lap çoxdan duyub hiss etmişdi. 
								Kimsəsiz qalan yaylaqlar, axşam-sabah qız-gəlin 
								qəhqəhəsi ilə xumarlanan buz bulaqlar, yollara 
								boylanan yurd yerləri gərdişin günahları deyilmi?  
								
								Hanı mən gördüyüm qurğu-büsatlar, 
								
								Dərdiməndlər görsə tez bağrı çatlar. 
								
								Mələşmir sürülər, kişnəmir atlar. 
								
								Niyə pərişandı halların, dağlar.  
								
								Ustad aşığın yaradıcılığının əsas mayasını qoşma 
								təşkil edir. Hazırda əlimizdə olan 200-dən çox 
								şeirin əksəriyyəti qoşmalardır. Ustad aşığın 
								yazdığı qoşmaların çoxu məhəbbət lirikasıdır. 
								Onun lirik qoşmalarında ürək döyüntüləri, 
								hisslər, həyəcanlar ifadə olunur. Deməliyəm ki, 
								məhəbbət lirikası Dədə Ələsgərin yaradıcılığının 
								şah xəttinin qüvvətli qolunu təşkil edir. O, 
								gözəl qızı, ləyaqətli gəlini müqəddəs sayır, onu 
								ziyarətgah hesab edir:   
								
								Güləbatın qıyı tər sinən üstə, 
								
								Nə gözəl yaraşır, qız, köynəyinə. 
								
								Sinən Kəbə, köynək Kəbə örtüyü, 
								
								İzin versən, sürtəm üz köynəyinə.  
								
								"Gözəllik ondur, doqquzu dondur" xalq deyimi 
								Ələsgər qələmindən necə gözəl süzülür:  
								
								Ağ çit dizlik geyib köbəsi ala, 
								
								Gör necə çinləyib qabağa, dala. 
								
								Əndamın quyruqdu, asta çalxala, 
								
								Aldı, məndə dini-iman qoymadı.  
								
								Gözəllik vurğunu olan aşıq əsl azərbaycanlı 
								kişisinə xas olan keyfiyyətləri özündə yaşadır. 
								Namus, qeyrət, ar ustadın qəlbində, canında, 
								qanında yaşayan ülvi hisslərdir. Gəlin onun "Düşdü" 
								rədifli qoşmasına diqqət yetirək. 
								
								Elin gözəl qız-gəlini bulaq üstə, çeşmə başına 
								yığışar, zümzümə ilə axan suları qəhqəhələri ilə 
								xumarlandırardılar.  
								
								Aşıq Ələsgərin də çeşmə başında bir gözələ gözü 
								düşür:  
								
								Çərşənbə günündə, çeşmə başında, 
								
								Gözüm bir ala göz xanıma düşdü.  
								
								Ələsgərin göz-qaş ilə işarə eyləməsindən gözəlin 
								başını bulayıb gözündən gülməsi onun ehtirasını 
								bir az da coşdurur. Lakin "nişanlıyam, özgə 
								malıyam" ifadəsini eşidəndə təəssüflənir, özgə 
								malına kəm baxmağın bağışlanmaz olduğunu duyur  
								və "sındı qol-qanadım yanıma düşdü" deyir. 
								
								Aşıq insanların canını alan Əzrayıla da "haqq" 
								qazandırır, onun günahını belə yuyur:  
								
								Ələsgərəm, bir gözələ mehmanam, 
								
								Ölməyincə çətin dönəm, usanam. 
								
								Əzrayılı qanlı tutmasın anam, 
								
								Məni bir kirpiyi peykan öldürür.  
								
								Məhəbbət yolunda yorulub usanmayan aşıq ölümünün 
								səbəbkarı "kirpiyin peykanını bilir". Məhəbbət 
								yollarının çətin, bəzən uğursuz olduğunu 
								məhəbbət dastanlarından çox oxumuşuq. Belə 
								uğursuz sevgi macərası Aşıq Ələsgərə də cavan 
								çağlarında urcah olub. O, uzun müddət 
								kədərlənmişdi, lakin içində çəkdiklərini büruzə 
								vermək istəməyib, bu uğursuzluğun səbəbini 
								müxənnət zəmanədə görüb:  
								
								Müxənnət zamana, bimürvət fələk, 
								
								Şamı sübhə, sübhü şama çəkirsən. 
								
								Ləhzədə açırsan min cürə kələk, 
								
								Gah pozursan, gah nizama çəkirsən.  
								
								Bununla belə, Aşıq Ələsgər məhəbbət lirikasının 
								ölməz nümunələrini yaratmışdır. Onun 
								qoşmalarından Aşıq Ələsgərin gözəllik vurğunu 
								olduğu açıq-aşkar hiss olunur. O tərif etdiyi 
								Azərbaycan qızlarının şuxluğunu, incəliyini, 
								gəlinlərimizin ləyaqətini və nəcibliyini xüsusi 
								ustalıqla oxucuya çatdıra bilmişdir:  
								
								Cilvələnib nə qarşımda durubsan, 
								
								Anam sənə qurban, ay sarı köynək. 
								
								Mələksən, çıxmısan cənnət bağından, 
								
								Heç kim olmaz sənə tay, sarı köynək.  
								
								Azərbaycanlı qızına, onun gözəlliyinə, 
								mərifətinə, oturuşuna-duruşuna dünyada tay 
								tapılmaz. 
								
								Ələsgərin ustadlığı ondadır ki, o, böyük 
								hadisələri çox yığcam şəkildə oxucuya çatdıra 
								bilir:  
								
								Qəza insanatı tənabdan asar, 
								
								Leylü nahar-muşdur, cəhd edər kəsər. 
								
								Əjdaha ayaqdan çəkər sərasər, 
								
								Əlləşər barmağı bala yetişməz.  
								
								Görün, bir bənddə necə sərrast ifadə edilib bu 
								əhvalat: 
								
								Qızmış nərdən xilas olmaq istəyən adam quyunun 
								üstünə əyilmiş budaqdan yapışıb quyuya 
								sallanmağa məcbur olur. Aşağı baxanda görür ki, 
								ayaqlarını dörd ilanın başına qoyub. Quyunun 
								dibinə nəzər salanda görür ki, bir əjdaha ağzını 
								açıb onun düşməyini gözləyir. Yuxarı baxdıqda 
								görür ki, ağ və qara siçanlar ara vermədən 
								yapışdığı budağın kökünü gəmirib yerə tökürlər. 
								Bu çətin vəziyyətdən xilas olmaq yollarını 
								axtararkən, gözü bir arı yuvasına sataşır. O, 
								barmağını bala batırır və balın şirinliyi onun 
								dəhşətli halını yaddan çıxarır. Dünya malı şirin 
								olar,- deyiblər.  
								
								Biz aşığın ustadnamələrini, qıfılbəndlərini 
								dərindən təhlil edəndə dərin fəlsəfi fikirlər 
								burulğanına düşürük. Biz onun ustadnamələrində 
								həyat, sənət, dostluq, igidlik, mərdlik hiss 
								edirik:  
								
								Can deməklə candan can əskik olmaz, 
								
								Məhəbbət artırar, mehriban eylər.  
								
								O, oxucunu, gənc nəsli mərifətli olmağa çağırır. 
								Məclis-mərəkədə yaxşı oturub-durmağı tələb 
								edir:  
								
								Arif məclisində bir söz söylərəm, 
								
								Nə həydan, nə çaşqın, nə qələt olmaz.  
								
								Yaxud  
								
								Doğru söylə, sözün çıxmasın qələt.  
								
								Aşığın dili olduqca zəngin, bədii və səlistdir. 
								Onun şeirləri demək olar ki, xalq dili ilə 
								yoğrulub. O, klassik poeziyamızdan qidalanıb, 
								onun qəlbi çox kövrəkdir:  
								
								Könlümün şişəsi saqın ki, sınar, 
								
								Toxunarsa ayna daşa dayanmaz.  
								
								Ona görə də ustad aşığın qoşmalarını həyəcansız 
								oxumaq olmur.  
								
								Oxucunu dərhal valeh edir, öz əlinə alır, onu 
								şeirin sonuna qədər çəkib aparır. Aşığın 
								leksikonunda söz ehtiyatı çoxdur. O, canlı xalq 
								dilindən istifadə etdiyi kimi, ərəb və fars 
								tərkibli sözlərdən də məharətlə istifadə edir. 
								Öz mühitinə görə dərin bilik və mühakiməyə sahib 
								olan, müxtəlif və mürəkkəb şeir formalarına 
								hakim kəsilən, çətin sözlərdən, qəliz 
								ifadələrdən qaçan, ərəb-fars tərkibli sözlərdən 
								yerində istifadə edə bilən ustad sənətkar aşıq 
								poeziyamızı elə bir zirvəyə qaldırıb ki, istər 
								ondan əvvəl yaşayan, istərsə də ondan sonra 
								yazıb-yaradanlar hələ o zirvəni fəth edə 
								bilməyiblər. Ələsgər klassik aşıq poeziyamızın 
								ənənələrini və xüsusiyyətlərini dərindən 
								öyrənmiş və zənginləşdirmişdir. O, hazır 
								havaları və mahnıları çalıb-oxuyan bir ifaçı 
								deyildir. O, ustad bir aşıq, lirikanın ölməz 
								nümunələrini yaratmış, qüdrətli bir söz sərrafı, 
								el sənətkarıdır.  
								
								Aşıq Ələsgərin böyüklüyü ondadır ki, dünyada baş 
								verən hadisələri nəzərdən qaçırmırdı:   
								
								Necoldu Selbiya, Çornuqornuya, 
								
								Əl-ayaq altında itdi İtalya. 
								
								German bir bomb atdı, qan oldu dərya, 
								
								Qırıldı dünyada insan qalmadı.  
								
								Ustad aşıq müharibənin fəsadlarını, onun fəlakət 
								və faciələrini çox ustalıqla xalqa çatdıra 
								bilmişdi. Müharibə aclıq, xəstəlik, dağıntı 
								gətirməklə bərabər həm də imanı olanları imansız, 
								yorğanı olanları yorğansız, samanı olanları 
								samansız qoyur. Aşıq Ələsgər bunların böyük dərd 
								olduğunu bildirir. Köhnə həyat tərzi, 
								ailə-məişət tərzi, əxlaq normaları aşığın 
								qoşmalarında ciddi tənqid olunmuşdur:   
								
								Qərib-qürbət eldə qız sevən oğlan, 
								
								Yaxın qonşusundan soruş halını.  
								
								Yaxud  
								
								Zibilin çıxıbdı dizə, 
								
								Külündən xəbərin varmı?  
								
								Yaxud  
								
								Bədəsildən hərgiz olmaz heç əsil, 
								
								Lənət sənə gəlsin pis soy, pis nəsil.  
								
								Lakin bu gün işğal altında olan torpaqlarımızda 
								- Göyçədə, Kəlbəcərdə, Qaraqoyunluda, 
								Zəngəzurda, qədim Azərbaycan torpaqlarında onun 
								ruhu qərib-qərib dolaşır. Ulu məzarlarımızın, 
								tarixi abidələrimizin, müqəddəs ocaqlarımızın, 
								pirlərimizin yağı düşmən tərəfindən dağıdılıb, 
								yerlə-yeksan edilməsi Ələsgər böyüklüyünə 
								hörmətsizlikdir. Lakin ölməz sənətkar 
								elin-obanın qəlbində yaşayır.   
								
								
								
								Əvəz Mahmud LƏLƏDAĞ   |