| 
								 
								 Yusifov 
								Zakir Tofiq oğlu  
								
								1956-cı il sentyabrın 29-da Bakı şəhərində 
								anadan olub. 1974-cü ildə paytaxtdakı 194 
								nömrəli orta məktəbi bitirərək, Leninqraddakı 
								(indiki Sankt-Peterburq) Sasovski adına Mülki 
								Təyyarəçilik Məktəbinə daxil olub. 1977-ci ildə 
								təhsilini başa çatdıraraq Yevlax aviadəstəsində 
								fəaliyyətə başlayıb. AN-2 təyyarəsinin 
								komandiri, eskadrilya komandirinin müavini, 
								eskadrilya komandiri, uçuşun təşkili və 
								təminetmə müfəttişliyinin təyyarəçi-müfəttişi 
								vəzifələrində çalışıb, 1988-ci ildə Bakı Dövlət 
								Universitetinin hüquq fakültəsinin qiyabi 
								şöbəsinə daxil olub. Azərbaycanda ilk hərbi 
								vertolyot eskadrilyası Milli Qəhrəman Yavər 
								Əliyevlə Zakir Yusifovun əməyi nəticəsində 
								yaradılıb. Qısa zamanda Qarabağa və digər döyüş 
								bölgələrinə uçuşlar edib, ən uğurlu uçuşunu isə 
								Füzuli-Xocavənd istiqamətində yerinə yetirib. 
								Tərtər, Ağdərə, Xocavənd, Şuşakənd, Füzuli 
								döyüşləri zamanı yüzədək uçuş edib. 
								
								Z.Yusifov 1992-ci il oktyabrın 11-də növbəti 
								uçuş zamanı - Səfiyan kəndində əməliyyat yerinə 
								yetirərkən vertolyotu vurulub və o, 
								qəhrəmancasına həlak olub. 
								
								Ailəli idi. İki övladı var. 
								
								Azərbaycan Respublikası Prezidentinin 5 fevral 
								1993-cü il tarixli 457 nömrəli Fərmanı ilə 
								Yusifov Zakir Tofiq oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								Bakı şəhərində Şəhidlər xiyabanında dəfn 
								olunub.Təhsil aldığı 194 nömrəli orta məktəb və 
								Nizami rayonundakı küçələrdən biri onun adını 
								daşıyır.  
								
								 Yusifov 
								Naiq Nəsir oğlu  
								
								1970-ci il yanvarın 5-də Tovuz rayonunun Ağdam 
								kəndində anadan olub. 1987-ci ildə doğma 
								kəndlərində orta məktəbi bitirib və 1988-ci ildə 
								sovet ordusu sıralarına çağırılıb. Naiq hərbi 
								xidmətini Gürcüstanın Texakaya şəhərində 
								yerləşən rabitə batalyonunda başa çatdırıb və 
								1990-cı ildə Vətənə qayıdıb. Bir müddət sonra 
								yerli özünümüdafiə dəstəsinə üzv yazılıb. 
								1992-ci il martın 24-də Tovuz  rayonunun 
								Koxa-Nəbi kəndinə işğalçı erməni yaraqlılarının 
								hücumu zamanı Naiq cəsur, fədakar, vətənpərvər 
								bir əsgər kimi döyüş meydanında xüsusi 
								qəhrəmanlıq nümayiş etdirib. O, son dərəcə 
								gərgin, qeyri-bərabər döyüş zamanı mühasirəyə 
								düşən yoldaşlarını təhlükəli zonadan xilas 
								etməyə bütün gücü, bacarığı ilə səy göstərib. 
								Amma son anda yağı düşmənin əlinə keçməmək üçün 
								əlindəki qumbaranı gənclik eşqi ilə dolu 
								sinəsinə sıxaraq qəhrəmancasına həlak olub. Onun 
								Vətən uğrunda göstərdiyi bu şücayət ölkə başçısı 
								tərəfindən yüksək qiymətləndirilib. 
								
								Azərbaycan Respublikası Prezidentinin 7 iyun 
								1992-ci il tarixli 833 nömrəli Fərmanı ilə 
								Yusifov Naiq Nəsir oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								Tovuz rayonunun Ağdam kəndində dəfn olunub. 
								Vaxtı ilə təhsil aldığı orta məktəb onun adını 
								daşıyır. 
								
								 Yusifov 
								Roman Yasəf oğlu  
								
								1973-cü il iyulun 28-də Dəvəçi rayonunda anadan 
								olub. 1990-cı ildə rayondakı 2 nömrəli məktəbdə 
								orta təhsilini başa çatdırıb, 1992-ci ildə Milli 
								Ordu sıralarında əsgəri xidmətə çağırılıb. Bir 
								müddət Naxçıvanda hərbi təlim keçdikdən sonra 
								Sədərək rayonuna göndərilən Roman Vətən 
								qarşısındakı müqəddəs borcunu şərəf və ləyaqətlə 
								yerinə yetirib. 1992-ci ilin oktyabrında xidməti 
								borcunu yerinə yetirərkən yaralanıb. O, müalicə 
								aldıqdan sonra yenidən əsgəri xidmətini davam 
								etdirib. Gələcəkdə hərbiçi olmaq, Vətənin 
								keşiyində durmaq onun ən müqəddəs arzularından 
								olub. Roman elə həmin arzusunun da həyata 
								keçməsinə cidd-cəhdlə çalışıb, hərbi kurs 
								keçərək leytenant rütbəsi alıb. Taqım komandiri 
								təyin edilib. 
								
								R.Yusifov 1995-ci il martın 17-də qeyri-qanuni 
								silahlanmış, dövlət çevrilişinə cəhd edən bir 
								qrup qiyamçı ilə qarşıdurma zamanı 
								qəhrəmancasına həlak olub. 
								
								Azərbaycan  Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Yusifov Roman Yasəf oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								Dəvəçi rayonunun Qalagah kəndində dəfn olunub. 
								Təhsil aldığı 2 nömrəli orta məktəb onun adını 
								daşıyır.  
								
								 Zülfüqarov 
								Elxan Qaçay oğlu  
								
								1954-cü il iyunun 29-da Füzuli rayonunun Hoğa 
								(Üçbulaq) kəndində anadan olub. Səkkizillik 
								təhsilini 1969-cu ildə 1 nömrəli orta məktəbdə 
								alıb, orta təhsilini isə Yevlax şəhərindəki 1 
								nömrəli orta məktəbdə başa çatdırıb. 1971-ci 
								ildə Mingəçevir Politexnik Texnikumuna daxil 
								olub. 1972-ci ildə hərbi xidmətə çağırılıb. 
								1974-cü ildə xidmətini Ukraynada yerinə 
								yetirdikdən sonra yarımçıq qalmış təhsilini 
								davam etdirib. 1975-ci ildə Novosibirsk Şəhər 
								Milis Şöbəsinə təyinat alaraq, orada milis baş 
								leytenantı rütbəsinə qədər yüksəlib. 1988-ci 
								ildə Qarabağ hadisələri ilə əlaqədar Vətənə 
								qayıdıb. 1992-ci ildə ordu sıralarına yazılaraq 
								bölmə komandiri kimi Laçın, Qubadlı, Zəngilan, 
								Füzuli bölgələrində bir çox əməliyyatlarda 
								iştirak edib. Kapitan rütbəsinə qədər yüksələn 
								Elxan 702 nömrəli hərbi hissədə kəşfiyyat 
								komandirinin köməkçisi vəzifəsinə təyin edilib.
								 
								
								1994-cü il yanvarın 5-də növbəti kəşfiyyata 
								yollanaraq qeyri-bərabər döyüşdə qəhrəmanlıq 
								nümayiş etdirən E. Zülfüqarov Şükürbəyli kəndi 
								uğrunda erməni işğalçılarına qarşı gedən 
								döyüşlərdə həlak olub. 
								
								Ailəli idi. Dörd övladı var. 
								
								Azərbaycan Respublikası Prezidentinin 16 
								sentyabr 1994-cü il tarixli 203 nömrəli Fərmanı 
								ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								Bakı şəhərində Şəhidlər xiyabanında dəfn 
								olunub.  
								
								 Zülfüqarov 
								Samir Xəlil oğlu  
								
								1976-cı il iyulun 3-də Dəvəçi rayonunun Ağbaş 
								kəndində anadan olub. Səkkizillik təhsilini 
								doğma kəndlərində alıb. 1994-cü ildə Milli Ordu 
								sıralarına həqiqi hərbi xidmətə çağırılıb. Yaşma 
								qəsəbəsində yerləşən hərbi hissələrdən birində 
								xidmətini şərəflə yerinə yetirdiyi, nümunəvi bir 
								əsgər olduğu nəzərə alınaraq ona qısamüddətli 
								məzuniyyət verilib. Həmin vaxt ölkədə vəziyyət 
								yenidən gərginləşib. Bir qrup cinayətkar 
								ünsürdən ibarət silahlı dəstə hakimiyyəti ələ 
								keçirmək üçün dövlət çevrilişi etmək istəyirdi. 
								Bu hadisədən narahat olan Samir məzuniyyətini 
								yarımçıq qoyaraq yoldaşlarının yanına qayıdıb. 
								Milli Ordunun əsgərləri dövlət çevrilişinə cəhd 
								edən qüvvələrlə üz-üzə dayandığı bir vaxtda 
								onlarla aparılan danışıqlar nəticə verməyib. 
								
								S.Zülfüqarov 1995-ci il martın 17-də baş vermiş 
								həmin qiyam zamanı dövlətçiliyimiz, 
								suverenliyimiz uğrunda canını qurban verərək  
								qəhrəmancasına həlak olub. 
								
								Azərbaycan Respublikası Prezidentinin 4 aprel 
								1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə 
								Zülfüqarov Samir Xəlil oğlu ölümündən sonra 
								Azərbaycanın Milli Qəhrəmanı adına layiq 
								görülüb. 
								
								Dəvəçi rayonunun Ağbaş kəndində dəfn olunub. 
								Dəvəçi rayon 3 nömrəli orta məktəb onun adını 
								daşıyır və məktəbdə büstü qoyulub.  
								
								
								
								Milli Qəhrəmanlar Beynəlxalq İnformasiya  
								Mərkəzinin materialları əsasında  
								hazırladı: Ədalət DAŞDƏMİRLİ  |