| 
								 
								"Elm" nəşriyyatı görkəmli iqtisadçı alim, Milli 
								Elmlər Akademiyasının müxbir üzvü, iqtisad 
								elmləri doktoru, əməkdar elm xadimi, professor 
								Əli Xudu oğlu Nuriyevin "Regional idarəetmənin 
								əsasları" kitabını çapdan buraxmışdır. 
								 
								
								 Özünün 
								elmi təhlilinə görə diqqəti cəlb edən kitab 
								Azərbaycan Respublikasının Prezidenti yanında 
								Dövlət İdarəçilik Akademiyasının böyük Elmi 
								Şurasının tövsiyəsi ilə Azərbaycan Respublikası 
								Təhsil Nazirliyinin 12 fevral 2007-ci il tarixli 
								118 saylı əmri ilə dərslik kimi təsdiq 
								edilmişdir.  
								
								Ağır və xeyirxah zəhmətin məhsulu olan dərslikdə 
								Əli müəllim son illərdə regional siyasətin və 
								idarəetmənin mühüm əsaslarını təhlil edir, 
								konkret fikirlər, tövsiyələr irəli sürür. 
								Dərslik 4 hissə, 14 fəsildən ibarətdir. Hər 
								hissənin öz mövzusu vardır. Kitabda müasir 
								ölkədaxili regional siyasət və idarəetmənin 
								nəzəri-metodoloji məsələləri qarşılıqlı əlaqədə 
								və ölkə şəraitinə tətbiqən ətraflı  təhlil 
								olunur.  
								
								Müəllif Azərbaycanda regional siyasətin strateji 
								istiqamətlərini, regional idarəetmənin təşkilati 
								vasitə və metodlarını şərh edərkən Heydər 
								Əliyevin və onun layiqli davamçısı İlham 
								Əliyevin  bu məsələlərlə bağlı proqram 
								xarakterli çıxışları, fərmanları, qəbul edilmiş 
								rəsmi dövlət sənədlərində irəli  sürülmüş 
								müddəaları əldə rəhbər tutmuşdur.  
								
								Kitabın birinci hissəsində regionun mahiyyəti, 
								formaları açıqlanır,  regionlara  bölgü 
								sisteminin təsnifatı  verilir.  Bununla  yanaşı, 
								regionların  formalaşmasının obyektiv  ilkin  
								şərtləri  əsaslandırılır.   
								
								Müəllif öz xidmətini MDB məkanında ilk dəfə 
								olaraq ərazisi nisbətən kiçik olan 
								respublikalardakı regional siyasət və 
								idarəetmənin ümumi nəzəri-metodoloji 
								məsələlərinin Azərbaycan şəraitinə tətbiqində 
								görür. Elə buna görə də professor Əli Nuriyev 
								mənalı ömür yolunu ölkəmizin regional inkişafı 
								ilə  bağlamışdır.  
								
								Onun ölkəmizdə regional siyasət və idarəetmənin 
								nəzəri-metodoloji məsələlərinin tədqiqinə həsr 
								olunmuş ilk irihəcmli  əsəri elm aləminə bir 
								töhfədir. Dərslikdə şərh və təhlil olunan 
								məsələlərin əhatə dairəsi regional idarəetmədən 
								xeyli kənara çıxmış, regional siyasətin və 
								regional sosial-iqtisadi inkişafın bir çox vacib 
								məsələlərini də əhatə etmişdir. Əli müəllim 
								kitabında milli iqtisadiyyatın hər hansı 
								təsərrüfat forması və ya formasiya ilə bağlı bir 
								kateqoriya olmadığını, eyni zamanda özündə 
								cəmiyyətin, iqtisadiyyatın müxtəlif inkişaf 
								pillələrini, strukturunu, onun xüsusiyyətlərini 
								milli xüsusiyyətlər baxımından əks etdirdiyinin 
								də geniş izahını vermişdir.  
								
								Regional siyasətin mahiyyəti, məqsədi, 
								sosial-iqtisadi siyasətdə yeri, normativ- hüquqi 
								əsasları, inkişaf mərhələləri və ölkədə mövcud 
								problemlər dərsliyin ikinci hissəsində 
								açıqlanır. Regional siyasətin həyata keçirilməsi 
								vasitəsi olmaqla, regional inkişafın dövlət 
								tənzimlənməsinin yolları da kompleks şəkildə 
								verilir və izah edilir. 
								
								Dərslikdə müstəqillik illərində ölkəmizdə Heydər 
								Əliyevin sosial-iqtisadi inkişaf, o cümlədən 
								regional inkişaf siyasətinin formalaşması və 
								inkişafı geniş şəkildə mərhələlərlə təhlil 
								olunur, maraqlı, elmi fikirlər açıqlanır. 
								
								Müəllif göstərir ki, indiyə qədər qazanılmış 
								bütün nailiyyətlər mövcud imkanlardan daha 
								səmərəli istifadə etməklə ölkəmiz iqtisadi 
								cəhətdən daha güclü dövlətə çevrilmiş, dünya 
								iqtisadi sistemində  özünə layiqli yer tutmuş, 
								ölkədə sosial problemlərin yüksək səviyyədə həll 
								olunması əhalinin güzəranının yaxşılaşdırılması 
								üçün etibarlı zəmin yaratmışdır.  
								
								Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar 
								elm xadimi, professor Əli Nuriyevin  "Regional 
								siyasət və idarəetmənin əsasları" adlı dərsliyi 
								iqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr 
								üçün faydalı dərslik, eyni zamanda elmi 
								axtarışlarla məşğul olan insanlara gərəkli  bir 
								elmi mənbədir.     
								
								
								
								A.BAYRAMOV,  
								professor, respublikanın əməkdar müəllimi  |