| 
								 
								Naxçıvan Dövlət Universitetində 2010-2011-ci 
								tədris ilinin II semestrində keçiriləcək 
								pedaqoji təcrübənin başlanğıc   konfransı  oldu.
								 
								
								Konfransı giriş sözü ilə açan universitetin 
								rektoru, AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli 
								istər pedaqoji, istərsə də istehsalat 
								təcrübəsinin tələbələrin gələcək fəaliyyətlərinə, 
								onlarda əsl pedaqoq və mütəxəssis vərdişlərinin 
								formalaşması və inkişafına müsbət təsirindən  
								danışdı. Pedaqoji təcrübə dövründə tələbələrin 
								və təcrübə rəhbərlərinin üzərinə düşən 
								öhdəliklərlə, onların davamiyyəti, dərsin 
								keçilməsi və sair məsələlərlə bağlı öz 
								tövsiyələrini verən rektor, həm də orta 
								ümumtəhsil məktəblərində keçirilən müxtəlif 
								mədəni-kütləvi tədbirlərdə də fəal iştirakın 
								zəruriliyini bildirdi, tələbələrə uğurlar dilədi.
								 
								
								Universitetin tədris işləri üzrə prorektoru, 
								filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent 
								Hüseyn Həşimli çıxış edərək sənədləşmənin 
								aparılması qaydaları haqqında ətraflı məlumat 
								verdi. Statistik göstəriciləri tədbir 
								iştirakçılarının diqqətinə çatdıran natiq bu il 
								universitetin 14 müxtəlif  xarakterli ixtisas 
								üzrə təhsil alan 294  tələbəsinin aprelin 1-dən 
								28-dək Naxçıvan MR-in  ümumtəhsil məktəblərində 
								pedaqoji təcrübə keçəcəyini bildirdi. Builki 
								təcrübənin fərqli cəhəti isə ali məktəbin 3 
								kredit sistemli ixtisas  üzrə təhsil alan 
								tələbələrinin pedaqoji təcrübəsinin  Boloniya 
								prosesinə uyğun qaydada aparılacağı və onların 
								təcrübə dövründəki fəaliyyətlərinin də  qeyd 
								olunan sistem üzrə  qiymətləndiriləcəyindən  
								ibarətdir.  
								
								Naxçıvan MR Təhsil Nazirliyi Aparatının rəhbəri 
								Rəşad Xudiyev bu il orta ümumtəhsil 
								məktəblərində tətbiq olunmuş yeniliklər 
								barəsində  məlumat verdi, təcrübəçi tələbələrə 
								dərs prosesində daha çox yeni metodlara və 
								informasiya texnologiyalarından istifadəyə 
								üstünlük verməyi tövsiyə etdi, bu işdə 
								tələbələrə uğurlar arzuladı.  
								
								
								
								Nərmin CƏFƏROVA, 
								NDU-nun Mətbuat şöbəsinin əməkdaşı  |