| 
								 
								AzərTAc xəbər verir ki, gənc həmvətənimiz, 
								Moskva vilayətinin Çernoqolovka şəhərindəki 82 
								nömrəli məktəbin altıncı sinif şagirdi Cəfər 
								Mirişli Rusiyanın bu elm şəhərində keçirilmiş 
								tədqiqat-layihə işlərinin elmi-praktiki 
								konfransının məktəb turunun qalibi və VI şəhər 
								konfransının mükafatçısı olmuşdur. Konfransın 
								münsiflər heyəti onun kriobiologiya sahəsinə aid 
								"Bioloji obyektlərin donmanın zərərli təsirindən 
								müdafiəsi" mövzusunda işini yüksək 
								qiymətləndirmişdir.  
								
								Gənc tədqiqatçının elmi rəhbərləri Rusiya Elmlər 
								Akademiyası Kimyəvi Fizika İnstitutunun 
								laboratoriya müdiri, kimya elmləri namizədi 
								Aleksey Terentyev və Cəfərin atası, həmin 
								institutun aspiranturasının məzunu Mir Asəf 
								Mirişlidir.  
								
								Rusiyanın elmi mərkəzlərindən biri sayılan 
								Çernoqolovka şəhərində bir neçə tanınmış 
								elmi-tədqiqat institutu yerləşir, həmin 
								institutlarda məşhur alimlər işləyir. Məsələn, 
								2010-cu ildə fizika üzrə Nobel mükafatı laureatı 
								olmuş Konstantin Novoselov Çernoqolovka 
								şəhərindəndir. Bu baxımdan, Cəfərin elmi 
								uğurları xüsusi əhəmiyyət kəsb edir.  
								
								Mayın 3-də Obninsk şəhərində tədqiqat və layihə 
								işlərinin Ümumrusiya müsabiqəsi keçiriləcəkdir. 
								Cəfər Mirişli şəhər müsabiqəsinin mükafatçısı 
								kimi öz işini bu tura təqdim edəcəkdir. 
								 
								
								Müsabiqənin təşkilatçıları Ümumrusiya "Kiçik 
								Elmlər Akademiyası. Gələcəyin intellekti" 
								ictimai təşkilatıdır. Mütəmadi olaraq müxtəlif 
								səviyyəli - məktəb miqyasından başlamış 
								Ümumrusiya səviyyəsinə qədər müsabiqələr keçirən 
								bu təşkilat təhsil sisteminin 
								yaxşılaşdırılmasına və elmdə ilk addımlarını 
								atan istedadlı uşaqların öz potensialını üzə 
								çıxarmaqda, intellektual inkişaf səylərini 
								istiqamətləndirməkdə kömək edir. "Rusiyanın 
								intellektual - yaradıcı potensialı" adlı milli 
								təhsil proqramını həyata keçirən bu təşkilat 
								Rusiyanın intellektual - yaradıcı təhsil 
								sahəsində liderlərdən biridir.   |