| 
								 
								 Aprelin 6-da Təhsil Nazirliyində 
								"İNEPO-AVRASİYA" Ətraf Mühitin Mühafizəsi V 
								Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları 
								ilə görüş keçirilib. 
								
								 Təhsil 
								naziri Misir Mərdanov qonaqları səmimi 
								salamlayıb və onlara olimpiadada uğurlar 
								qazanmağı arzulayıb. "İNEPO-AVRASİYA" Ətraf 
								Mühitin Mühafizəsi V Beynəlxalq Layihə 
								Olimpiadasının keçirilməsinin məqsədini 
								açıqlayan nazir bu olimpiadanın dünyada və 
								Azərbaycanda mövcud olan ekoloji problemlərin 
								həllində, eləcə də ətraf mühitin mühafizəsi 
								istiqamətində gənc nəslin məlumatlandırılması və 
								ekoloji biliklərin inkişaf etdirilməsində mühüm 
								əhəmiyyəti olacağını qeyd edib. 
								
								Ölkə Prezidenti cənab İlham Əliyevin önəm 
								verdiyi sahələrdən birinin məhz ekologiya 
								olduğunu qonaqların diqqətinə çatdıran Misir 
								Mərdanov son illər bu prioritet istiqamət üzrə 
								görülmüş işlər barədə danışıb. Nazir bildirib 
								ki, Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə 
								Olimpiadası Azərbaycan Respublikası Dövlət Neft 
								Şirkəti, Təhsil Nazirliyi, Ekologiya və Təbii 
								Sərvətlər Nazirliyi, "Çağ" Öyrətim İşlətmələri 
								Şirkəti, "İNEPO-AVRASİYA" İctimai Birliyi, 
								İctimai Televiziya və Radio Yayımları Şirkətinin 
								birgə təşkilatçılığı ilə həyata keçirilir. 
								Təhsil naziri Azərbaycan məktəblilərinin də bu 
								olimpiadaya maraqlı layihələrlə qatıldığını 
								nəzərə çatdırıb. Nazir həmçinin ənənəvi 
								olimpiadada iştirakçıların sayının ildən-ilə 
								artdığını və bu il dünyanın 35 ölkəsindən 
								300-dək iştirakçının biliklərini sınayacağını 
								qeyd edib.   
								
								Misir Mərdanov olimpiadanın keçirilməsində əməyi 
								olan şəxslərə təşəkkürünü bildirib və bilik 
								yarışının yüksək səviyyədə keçəcəyinə əmin 
								olduğunu vurğulayıb. Daha sonra nazir olimpiada 
								iştirakçılarına Azərbaycanın tarixi və 
								mədəniyyəti ilə yaxından tanış olmağı, öz 
								ölkələrinə bu barədə lazımi məlumatlar 
								çatdırmağı tövsiyə edib.  
								
								Tədbirdə aprelin 8-də açılış mərasimi olacaq 
								olimpiadaya Azərbaycandan daxil olan 193 
								layihədən 58-nin, digər ölkələrdən təqdim edilən 
								235 layihədən isə 57-sinin seçilməsi barədə 
								məlumat verilib. Eyni zamanda həmin layihələrin 
								münsiflər heyəti tərəfindən qiymətləndiriləcəyi 
								qeyd olunub. 
								
								Görüşdə "Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə 
								Heyətinin sədri Ənvər Özərən və "İNEPO-AVRASİYA" 
								Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə 
								Olimpiadasının Təşkilat Komitəsinin sədri Arif 
								Gömleksiz iştirak edib. 
								
								Sonda bir sıra ölkələrin nümayəndələri bu 
								görüşdən məmnun olduqlarını vurğulayıb və onlara 
								göstərilən yüksək münasibətdən razı qaldıqlarını 
								bildiriblər.  |