| 
								 
								Aprelin 2-də təhsil naziri Misir Mərdanov Təhsil 
								Nazirliyinin tabeliyindəki "Zəngi" liseyində 
								olub, bu tədris ocağının Valideyn-Müəllim 
								Assosiasiyası İdarə Heyətinin üzvləri ilə 
								görüşüb. Görüşdə Nizami Rayon İcra 
								Hakimiyyətinin başçısı Tahir Budaqov, Azərbaycan 
								Milli Valideyn-Müəllim Assosiasiyasının icraçı 
								direktoru Təranə Şərifova, İdarə Heyətinin 
								üzvləri iştirak ediblər. 
								
								 Nazir 
								liseylə tanış olub, burada yaradılmış təhsil 
								mühiti ilə maraqlanıb. Sonra "dəyirmi masa" 
								arxasında lisey Valideyn-Müəllim 
								Assosiasiyasının fəaliyyəti haqqında hesabat 
								dinlənilərək müzakirə olunub. 
								
								Öncə "Zəngi" liseyinin direktoru Bayram Heydərov 
								liseyin fəaliyyəti haqqında geniş təqdimat edib. 
								Təqdimatına liseyin tarixinə qısa ekskursla 
								başlayan direktor onun Azərbaycan MEA-nın köməyi 
								ilə təxminən 20 il öncə intellektual cəhətdən 
								istedadlı uşaqların inkişafına kömək məqsədi ilə 
								yaradıldığını və ötən müddət ərzində bu məqsədi 
								gerçəkləşdirmək üçün məqsədyönlü fəaliyyət 
								göstərdiyini bildirib, əldə olunan uğurlardan 
								danışıb. Direktor habelə liseydə yaradılmış 
								təhsil şəraitindən, tədris ocağının iştirak 
								etdiyi pilot layihələrdən söz açıb, təhsilin 
								idarəedilməsi, tərbiyəvi işlərin aparılması ilə 
								bağlı bəzi mülahizələrini və təkliflərini 
								bildirib.  
								
								Görüşdə liseydə hazırlanmış elektron dərs 
								cədvəlinin də təqdimatı keçirilib. Layihə barədə 
								cədvəlin tərtibatçısı, "Zəngi" liseyinin 
								Valideyn-Müəllim Assosiasiyası İdarə Heyətinin 
								üzvü, "Azsoft" şirkətinin rəhbəri Elman Məcidov 
								məlumat verib.  
								
								"Zəngi" liseyi Valideyn-Müəllim Assosiasiyasının 
								prezidenti, "İki sahil" qəzetinin baş redaktoru 
								Vüqar Rəhimzadə tədbirdə assosiasiyanın 
								fəaliyyəti barədə hesabat təqdimatı ilə çıxış 
								edib. "Zəngi" liseyində 2009-cu ildə yaradılmış 
								VMA-nın İdarə Heyətində ən nümunəvi 7 valideyn 
								və 6 müəllimin təmsil olunduğunu, qurumun 5 
								nəfər ştatlı işçisi olduğunu deyən V.Rəhimzadə 
								hesabat məruzəsində lisey VMA-sının iş 
								prinsipləri, fəaliyyətdə olduğu təxminən 
								ilyarımlıq müddətdə görülmüş işlər barədə geniş 
								məlumat verib.  
								
								"Zəngi" liseyi VMA İdarə Heyətinin üzvü, 
								Azərbaycan Prezidenti Administrasiyasının məsul 
								işçisi Ərəstun Mehdiyev də görüşdə söz alaraq 
								ölkəmizdə təhsilə, təhsil işçilərinə göstərilən 
								diqqət və qayğıdan danışıb, təhsilin 
								keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan 
								addımları yüksək qiymətləndirib.  
								
								Görüşdə çıxış edən Azərbaycan Milli 
								Valideyn-Müəllim Assosiasiyasının icraçı 
								direktoru Təranə Şərifova VMA-ya göstərdiyi 
								diqqət və qayğıya, qurumun rastlaşdığı 
								çətinliklərin aradan qaldırılmasına, irəli 
								sürülən təkliflərə sayğı ilə yanaşdığına, 
								vaxtaşırı olaraq idarə heyətinin üzvləri ilə  
								görüşdüyünə görə təhsil naziri cənab Misir 
								Mərdanova təşəkkür edib. T.Şərifova "Zəngi" 
								liseyi VMA-nın fəaliyyətini xüsusilə yüksək 
								qiymətləndirib və onun işinin, burada toplanmış 
								müsbət təcrübənin digər məktəblərin VMA-ları 
								üçün örnək olduğunu vurğulayıb.  
								
								Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir 
								Budaqov tədbirdə çıxış edərək VMA üzvləri ilə 
								növbəti görüş üçün onların rayonundakı təhsil 
								ocağını seçdiyinə görə təhsil naziri Misir 
								Mərdanova minnətdarlığını bildirib. Nizami 
								rayonunun təhsil sahəsindəki uğurlarından söz 
								açıb. 
								
								Görüşdə çıxış edən təhsil naziri Misir Mərdanov 
								onun çox faydalı olduğunu, liseydə 
								gördüklərindən məmnun qaldığını bildirib. Təhsil 
								naziri liseyin Valideyn-Müəllim Assosiasiyasının 
								fəaliyyətini yüksək qiymətləndirərək, onun 
								işinin yüksək səviyyədə qurulduğunu qeyd edib. 
								Çıxışında liseylə bağlı bəzi məsələlərə toxunan 
								nazir burada şagirdlərin sayının çox olduğunu 
								bildirib, liseyin direktoru və kollektivinə 
								şagird kontingentinin say artımına yol 
								verilməməsini tövsiyə edib. 
								
								Təhsil naziri liseydə ən müasir tələblərə cavab 
								verən akt və idman zalları tikilməsinin, eyni 
								zamanda istilik sisteminin qaydaya salınmasının 
								vacibliyini bildirib.  
								
								Görüşün sonunda təhsil naziri və tədbirin digər 
								iştirakçıları liseyin xor kollektivinin 
								çıxışlarını dinləyib və "Azsoft" şirkətinin 
								köməyi ilə liseydə İKT üzrə təşkil  olunmuş 
								"Biləyən" kursunun ilk məzunlarına sertifikatlar 
								və hədiyyələr təqdim olunub.  
								
								
								
								Yusif ƏLİYEV   |