| 
								 
								 Aprelin 6-da təhsil naziri Misir Mərdanov 
								Almaniyanın Humbolt Universitetinin Azərbaycan 
								tarixi kafedrasının müdiri, professor Eva-Mariya 
								Aux ilə görüşüb. 
								
								 Qonağı 
								Təhsil Nazirliyində görməkdən məmnunluğunu ifadə 
								edən nazir Almaniya ilə Azərbaycan arasında 
								təhsil sahəsində təşəkkül tapmış əlaqələrdən 
								söhbət açıb, bu əlaqələrin son illər daha da 
								inkişaf etdiyini vurğulayıb. 
								
								Humbolt Universitetinin Azərbaycan tarixi 
								kafedrasındakı mühazirələrdə bu günədək 45 
								tələbənin iştirak etdiyini bildirən Eva-Mariya 
								Aux onlardan 12 nəfərin imtahanlardan uğurla 
								keçdiyini nəzərə çatdırıb. Azərbaycan tarixi və 
								mədəniyyətinin tədrisi barədə söhbət açan qonaq 
								cari ilin sentyabrında 15 tələbənin ölkəmizə 
								səfərə göndəriləcəyini söyləyib. Eva-Mariya Aux 
								bu səfərin təşkili məsələlərinə toxunub, habelə 
								tələbələrin Azərbaycanla daha yaxından tanış 
								olmasının əhəmiyyətindən bəhs edib. 
								Doktorantların mübadiləsindən söz açan kafedra 
								müdiri texniki peşə təhsili sahəsində 
								əməkdaşlığın genişləndirilməsinə dair 
								fikirlərini də bildirib. 
								
								 Humbolt Universitetinin Azərbaycan tarixi 
								kafedrasının fəaliyyəti üçün bundan sonra da 
								müvafiq köməkliyin göstəriləcəyini bildirən 
								təhsil naziri Misir Mərdanov cari ilin 
								sentyabrında Azərbaycana gələcək 15 tələbənin 
								müxtəlif regionlara səfərlərinin təşkilini 
								tövsiyə edib. Humbolt Universitetinə 
								Azərbaycandan mühazirəçi müəllimlərin 
								göndəriləcəyini söyləyən nazir kafedranın istər 
								dərslik, istərsə də əlavə tədris vəsaitləri ilə 
								təmin olunacağını vurğulayıb. Texniki peşə 
								təhsili sahəsində də Almaniya ilə əməkdaşlığın 
								genişləndirilməsinin zəruriliyini nəzərə 
								çatdıran Misir Mərdanov müvafiq təkliflərin 
								həyata keçirilməsi baxımından Təhsil 
								Nazirliyinin hərtərəfli dəstək verəcəyini 
								bildirib. 
								
								Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir 
								sıra digər məsələlər ətrafında fikir mübadiləsi 
								aparılıb.    |