| 
								 
								Bakı  şəhərində ekologiya və təbiəti  mühafizə 
								problemlərinə həsr olunan "İNEPO-AVRASİYA" Ətraf 
								Mühitin Mühafizəsi V Beynəlxalq Layihə 
								Olimpiadası başlandı. Bu münasibətlə aprelin 
								5-də "Çağ" Öyrətim İşlətmələri Şirkətində KİV 
								nümayəndələri üçün  mətbuat konfransı keçirildi. 
								Tədbiri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş 
								İdarəsinin rəisi,  "İNEPO-AVRASİYA" Ətraf 
								Mühitin Mühafizəsi V Beynəlxalq Layihə 
								Olimpiadasının təşkilat komitəsinin sədri Arif 
								Gömleksiz açaraq KİV nümayəndələrinə bu yarış 
								haqqında məlumat verdi. Qeyd olundu ki, 8-9 
								aprel tarixlərində keçiriləcək olimpiada 
								Azərbaycan Respublikası Təhsil Nazirliyi, 
								Ekologiya və Təbii Sərvətlər  Nazirliyi, 
								Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, 
								İctimai Televiziya və Radio Yayımları Şirkətinin 
								dəstəyi, "Çağ" Öyrətim İşlətmələri Şirkətinin və 
								"İNEPO-AVRASİYA" Ekologiya  İctimai Birliyinin 
								təşkilatçılığı ilə həyata keçirilir.  
								
								Azərbaycan Respublikasının dövlət 
								müstəqilliyinin bərpasının  20-ci ildönümünə 
								həsr olunan builki olimpiadada 35 ölkədən 
								300-dək iştirakçı yarışacaqdır. Olimpiadanın 
								əsas məqsədinin ekoloji problemlərin həlli və 
								ətraf mühitin mühafizəsi istiqamətində gənc 
								nəsli məlumatlandırmaq, onlarda ətraf mühitə 
								qarşı həssas münasibət formalaşdırmaq, təbii, 
								mədəni, tarixi və sosial-estetik dəyərlərin 
								qorunması ruhunu yaratmaq olduğunu deyən Arif 
								Gömleksiz yarışa qatılan ölkələrin sayının 
								ildən-ilə artdığını, şagirdlərin təqdim 
								etdikləri layihələrin daha keyfiyyətli və yüksək 
								səviyyədə hazırlandığını söylədi.  
								
								"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə 
								Heyətinin sədri Ənvər Özərən ümummilli liderimiz 
								Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə 
								başlayan Azərbaycan-Türkiyə Özəl Liseylərinin 
								uğurla fəaliyyət göstərməsindən, şagirdlərin 
								dünya olimpiadalarında əldə etdikləri 
								nailiyyətlərdən danışdı. O, xarici ölkələrdə 
								keçirilən mötəbər bilik yarışlarında 
								azərbaycanlı şagirdlərin yüksək intellekt  və 
								bacarıq nümayiş etdirdiklərini və Vətənə çoxlu 
								sayda medalla döndüklərini qürur hissi ilə qeyd 
								etdi. Azərbaycanda geniş miqyasda keçirilən və 
								artıq bir ənənəyə çevrilmiş "İNEPO-AVRASİYA" 
								Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə 
								Olimpiadasının əhəmiyyətinə toxunan Ənvər 
								Özərən  bütün iştirakçılara uğurlar arzuladı, 
								tədbirin təşkilində əməyi olanlara isə öz 
								minnətdarlığını bildirdi. 
								
								Qeyd edək ki, aprelin 8-də olimpiadanın açılışı 
								olacaq, iştirakçılar  öz ölkələri haqqında 
								stendləri və layihələrini nümayiş etdirəcəklər. 
								Həmin gün olimpiada iştirakçıları tərəfindən 
								təqdim olunan layihələri münsiflər heyəti  
								diqqətlə nəzərdən keçirərək ətraflı təhlil 
								edəcək və sonda qaliblər müəyyənləşdiriləcəkdir. 
								Aprelin 9-da isə Bakı  Əl Oyunları İdman 
								Sarayında beynəlxalq olimpiadanın qaliblərinin 
								mükafatlandırılması mərasimi keçiriləcəkdir.  
								 
								
								
								
								Samirə KƏRİMOVA  | 
								  |