| 
								 
								Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Moskva 
								Dövlət Universitetinin (MDU) fizika fakültəsinin 
								ümumi fizika və kondensasiya halı fizikası 
								kafedrasının müdiri Dmitri Xoxlov aprelin 5-də 
								M.V.Lomonosov adına MDU-nun Bakı filialında 
								ölkənin aparıcı fizikləri qarşısında "Terahers 
								şüalanma. Fizika və tətbiq imkanları" mövzusunda 
								məruzə etmişdir.  
								
								 Əvvəlcə 
								MDU-nun Bakı filialının rektoru Nərgiz Paşayeva 
								çıxış edərək, filialla şəxsən tanış olmaq üçün 
								Azərbaycana səfər etmək təşəbbüsünə görə 
								rusiyalı alimə minnətdarlığını bildirmişdir. 
								Rektor demişdir ki, MDU-nun ümumi fizika 
								kafedrasının əməkdaşları lap bu yaxınlarda Bakı 
								filialının tələbələri ilə məşğələlər keçmişlər. 
								Biz Azərbaycan və Rusiya alimlərinin görüşünün 
								məhz M.V.Lomonosov adına MDU-nun Bakı filialında 
								baş tutmasından məmnunuq.  
								
								Fundamental elmlərin humanitar problemlər və 
								məsələlərlə təmasda olduğunu vurğulayan 
								N.Paşayeva demişdir ki, elmi tərəqqi heç də 
								həmişə bəşəriyyət üçün yalnız xoşbəxtlik 
								gətirmir. Bu yaxınlarda Yaponiyada baş vermiş 
								faciə buna misaldır. Odur ki, belə görüşlər, 
								elmi əməkdaşlığın, yüksək məqsədlərə xidmət edən 
								insanların yaxınlaşması həmişə faydalıdır.
								 
								
								Nərgiz xanım vurğulamışdır ki, tanınmış Rusiya 
								fizikinin Bakıya gəlişi dialoq üçün, təkcə elmi 
								deyil, həm də ictimai-etik yönümlü mühüm 
								problemlərin müzakirəsi üçün yeni perspektivlər 
								və imkanlar açır.  
								
								İki ölkənin alimləri arasında əlaqələrin bir 
								müddət əvvəl çox geniş olduğunu xatırladan 
								Dmitri Xoxlov həmin əlaqələrin bərpa olunmasının 
								əhəmiyyətini vurğulamışdır.  
								
								 Bakıda 
								MDU-nun filialının açılmasının bu istiqamətdə 
								çox əhəmiyyətli bir addım olduğunu vurğulayan 
								alimin fikrincə, bu istiqamətdə növbəti addım 
								daha sıx kooperasiyanın yaradılması və gənc 
								kadrların birgə yetişdirilməsi olmalıdır. O 
								demişdir: "Elm beynəlmiləldir. Kooperasiyanın 
								yaradılması çox əhəmiyyətlidir, çünki heç bir 
								elmi iş təkcə bir ölkədə aparılmır".  
								
								Sonra çıxış edən Azərbaycan Milli Elmlər 
								Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov 
								iki ölkənin alimlərinin birgə tədqiqatlar 
								aparmalarının əhəmiyyətindən danışaraq demişdir 
								ki, rusiyalı həmkarlarla qarşılıqlı maraq 
								nöqtələri tapa bilsək, bu, hər iki tərəf üçün 
								faydalı olacaqdır. Azərbaycan alimləri birgə 
								tədqiqatlara öz töhfələrini verə bilərlər.
								 
								
								M.Kərimov diqqəti gənc azərbaycanlı alimlərin 
								MDU-da və Rusiyanın digər elmi mərkəzlərində 
								staj keçmələri imkanlarına cəlb etmiş, MDU-nun 
								Bakı filialının açılmasının həm kadrların 
								hazırlanması, həm də təcrübə və bilik mübadiləsi 
								aparılan belə tədbirlərin təşkili baxımından 
								əhəmiyyətini vurğulamışdır.  
								
								Sonda qonaq MDU-nun Bakı filialının yeni 
								kompleksinin maketi ilə tanış olmuşdur.   
								
								
								
								AzərTAc  |