| 
								 
								Naxçıvan Dövlət Universiteti çoxşaxəli 
								beynəlxalq  əməkdaşlığa, xüsusilə də qardaş 
								Türkiyə Cümhuriyyətinin əksər tanınmış ali 
								məktəbləri ilə dayanıqlı tərəfdaşlığa malikdir. 
								Bu əlaqələrdə Qars Qafqaz  və Ankara 
								universitetlərinin xüsusi yeri var.  
								
								 Qars 
								Qafqaz Universiteti ilə 1999-cu ildən qurulan 
								əlaqələr universitetlərin ən müxtəlif sahələrdə 
								inkişafı üçün əsaslı zəmin yaratmışdır. Bu ali 
								təhsil ocağında "Azərbaycan dili və ədəbiyyatı" 
								ixtisasının açılmasında, türk xalqının böyük 
								oğlu Heydər Əliyevin həyat və siyasi 
								fəaliyyətini əks etdirən mərkəzin yaradılmasında 
								və Azərbaycan dilində lazımi ədəbiyyatlarla 
								təmin olunmasında akademik İsa Həbibbəylinin 
								xüsusi səy və təşəbbüsü olmuşdur. 
								
								Qarşılıqlı əlaqələrin möhkəmlənməsində Qars 
								Qafqaz Universitetinin sabiq rektorları Necati 
								Kaya və Abamüslüm Güvenin xüsusi əməyi var. Qars 
								Qafqaz Universitetinin təşəbbüsü ilə 
								Bakı-Tbilisi-Ərdahan-Qars dəmiryolu üzərində 
								yerləşən ali məktəblərin əməkdaşlığı layihəsi 
								uğurla həyata keçirilir. NDU-nun baytarlıq 
								ixtisası tələbələrinin mütəxəssis kimi 
								yetişməsində Qars Qafqaz Universitetinin 
								baytarlıq fakültəsinin mühüm xidmətləri var. 
								Yeni  seçilmiş rektor, professor doktor Sami 
								Özcan isə ilk səfərini məhz Naxçıvan Dövlət 
								Universitetinə etmiş, "Araz çayı hövzəsi 
								parazitar xəstəliklər" mövzusunda müştərək 
								beynəlxalq simpozium keçirilmişdir.  
								
								Bu yaxınlarda isə Naxçıvan Dövlət 
								Universitetinin rektoru, akademik İsa 
								Həbibbəylinin başçılığı ilə 20 nəfərlik heyət 
								Türkiyə Cümhuriyyətinin Qars Qafqaz 
								Universitetində səfərdə olmuşdur. Öncə 
								Azərbaycan xalqının ümummilli lideri Heydər 
								Əliyevin Qarsdakı büstü ziyarət edilmiş, büstün 
								önünə tər çiçək dəstələri qoyulmuşdur. 
								
								Universitetlə ilkin tanışlıqdan sonra 
								prorektorlar, fakültə dekanları və müəllimlər 
								müvafiq ixtisaslar üzrə universitetin 
								iqtisadiyyat və idarəetmə, ədəbiyyat, baytarlıq, 
								pedaqoji fakültələrində, konservatoriyada və 
								rektorluqda olmuşlar. Qars Qafqaz 
								Universitetində yaradılmış Heydər Əliyev 
								Mərkəzinə ənənəvi olaraq dahi öndərin həyat və 
								fəaliyyətindən, müasir Azərbaycanın 
								sosial-iqtisadi inkişafından bəhs edən yeni 
								kitablar təqdim olunmuşdur.  
								
								Yekunda Senat zalında heyətlərarası görüş 
								keçirilmiş, gələcək əməkdaşlıq məsələləri - 
								müştərək simpozium və konfransların keçiriməsi, 
								elmi araşdırmalar aparılması,  bakalavr, 
								magistratura, doktorantura təhsil pillələri üzrə 
								elmi-pedaqoji kadr və tələbə mübadiləsi 
								məsələləri müzakirə olunmuşdur. Sonra çoxcəhətli 
								əməkdaşlıq haqqında beşillik müqavilə 
								imzalanmışdır. Müqavilədə tədris, təhsil 
								sahəsində tərəfdaşlıq, müştərək elmi nəşrlərin 
								həyata keçirilməsi, NDU-nun baytarlıq 
								fakültəsinin tələbələrinin Qars Qafqaz 
								Universitetində istehsalat təcrübələri və 
								ixtisasartırma kursları keçmələri, elm, 
								mədəniyyət, idman sahəsində müştərək tədbirlərin 
								təşkili nəzərdə tutulur. On maddədən ibarət 
								müqaviləyə əsasən virtual tərəfdaşlığın 
								inkişafına xüsusi diqqət yetiriləcək, online 
								dərslər, təcrübi məşğələlər, konfrans və 
								seminarlar gerçəkləşdiriləcək.  
								
								Görüşdə qardaş şəhərlərin və universitetlərin 
								ortaq marşlarının hazırlanması haqqında birgə 
								işlər görüldüyü vurğulanmışdır. Naxçıvan Dövlət 
								Universitetinin müəllimi, Azərbaycan Yazıçılar 
								və Jurnalistlər birliklərinin üzvü, tarix 
								elmləri üzrə fəlsəfə doktoru, şair-publisist 
								Vaqif Məmmədov müəllifi olduğu "Naxçıvan-Qars", 
								"Qars Qafqaz Naxçıvan Universiteti" marşlarını 
								oxumuşdur. 
								
								Səfər çərçivəsində qonaqlar 1921-ci ildə Qars 
								müqaviləsinin imzalandığı binada olmuşlar. 
								1883-cü ildə Baltik memarlıq üslubunda tikilmiş 
								bina tarixi-memarlıq abidəsi olmaqla yanaşı, 
								Azərbaycan və Türkiyənin birlik və siyasi 
								müttəfiqlik rəmzi olan, Naxçıvan Müxtar 
								Respublikasının müqəddəratında əvəzsiz rol 
								oynayan Qars müqaviləsinin imzalandığı yer kimi 
								də mühüm tarixi əhəmiyyət kəsb edir. 83 il 
								vilayət valisinin iqamətgahı kimi istifadə 
								olunmuş, 2005-2010-cu ildə təmir və bərpa işləri 
								aparılmış bina hazırda muzeyə çevrilmişdir.
								 
								
								1877-1878-ci illər rus-osmanlı müharibəsində 
								Qafqaz cəbhəsinin komandanı olmuş görkəmli 
								hərbiçi, ictimai-siyasi xadim, yazıçı, 
								maarifpərvər ziyalı Qazi Əhməd Muxtar Paşanın 
								(1839-1919) ev-muzeyindəki nadir tarixi 
								sənədlər, eksponatlarla tanışlıq ayrıca maraq 
								doğurmuşdur. Naxçıvanlı qonaqlar Sarıqamış 
								şəhidlik abidəsini ziyarət zamanı 96 il əvvəl 
								şəhid olmuş 90 min türk əsgərinin xatirəsini 
								ehtiramla yad etmişlər. 
								
								Rektor, akademik İsa Həbibbəyli Türkiyə səfəri 
								zamanı Ankara Universitetində də olmuşdur. 
								Xatırladaq ki,  Naxçıvan Dövlət Universitetinin 
								Türkiyənin məşhur ali təhsil ocaqlarından olan 
								Ankara Universiteti ilə tərəfdaşlığının on beş 
								illik bir tarixçəsi var. Universitetin dil, 
								tarix və coğrafiya, filologiya, hüquq, 
								iqtisadiyyat, tibb fakültələrində tədris prosesi 
								ilə, aparılan elmi tədqiqatlarla yaxından 
								tanışlıqdan sonra universitetlərarası müqavilə 
								imzalanmışdır. Burada elm, təhsil, mədəniyyət və 
								idman sahəsində müştərək tədbirlərin 
								keçirilməsi, kadr və təcrübə mübadiləsi öz 
								əksini tapmışdır. Müqavilədə NDU-nun tibb 
								fakültəsinin tələbələrinin mükəmməl tibb 
								mütəxəssisləri hazırlayan, əczaçılıq, diş 
								həkimliyi kimi fakültələrə, zəngin xəstəxanaya 
								malik Ankara Universitetində istehsalat 
								təcrübələri, ixtisasartırma kursları keçmələri 
								nəzərdə tutulur. Rektorlar -  akademik İsa 
								Həbibbəyli və professor doktor Camal Taluğ bu 
								ali təhsil ocaqları arasında əlaqalərin daha da 
								inkişaf etdiriləcəyini vurğulamışlar. Səfər 
								zamanı rektor, akademik İsa Həbibbəyli Bilkənd 
								Universitetində də olmuş, Türkiyə Cümhuriyyəti 
								Ali Məktəb Rektorları Şurasının ilk sədri, dünya 
								şöhrətli rediatr, Bilkənd Universitetinin heyət 
								sədri işləmiş mərhum İhsan Doğramacının 
								universitet ərazisində ucaldılmış abidəsini 
								ziyarət etmişdir.   
								
								
								
								Mehriban SULTAN,  
								NDU-nun Mətbuat şöbəsinin müdiri,  
								Naxçıvan Mətbuat Şurasının İdarə Heyətinin üzvü  | 
								  |