| 
								 
								Azərbaycan dilində Sinif.az interaktiv təlim 
								sistemi yaradılmışdır. Layihə orta və gələcəkdə 
								ali distant təhsil üçün universal platformanın 
								yaradılması məqsədilə bir qrup azərbaycanlı alim 
								və proqramçılar tərəfindən hazırlanmışdır.
								 
								
								Sistem xüsusi tədris proqramı əsasında orta və 
								mürəkkəb səviyyəli təlimi, test sistemini, 
								elektron müvəffəqiyyət gündəliyinin aparılması 
								imkanını və s. nəzərdə tutur. Hazırda sistem 
								ümumtəhsil məktəblərinin V-XI sinif 
								proqramlarını əhatə edir. Sistemdə hər fənn üzrə 
								40 faizdən çox tədris materialı 
								yerləşdirilmişdir. V-XI siniflər üzrə tədris 
								proqramlarının tamamilə yerləşdirilməsi 2011-ci 
								ilin sonunadək həyata keçiriləcək. 2012-ci ilin 
								yazına qədər isə sistem I-IV siniflər üzrə də 
								bütün tədris materiallarını əhatə edəcək. 
								 
								
								Fənlərin biri üzrə proqramı öyrənmək istəyən hər 
								bir tələbə (şagird) müxtəlif təlim kurslarından 
								ibarət şəxsi tədris planını formalaşdıra bilər. 
								Mövzunu keçdikdən sonra biliklərin yoxlanması 
								imkanı da nəzərdə tutulmuşdur. Testin əsas 
								üstünlüyü ondan ibarətdir ki, o yoxlamadan sonra 
								tələbələrə onların buraxdıqları səhvlərin tam 
								təhlilini təqdim edir.  Təhlil əsasında sistem 
								tələbələrə biliklərində olan çatışmazlıqları 
								tamamlamağı və bu tədris materialını bir daha 
								öyrənməyi tövsiyə edir. 
								
								Sinif.az interaktiv təlim sistemində həmçinin 
								ali təhsil müəssisələrinə qəbul testlərini 
								keçmək imkanı da təklif olunur. Abituriyentlər 
								üçün nəzərdə tutulmuş bölümdə hər bir kəs dörd 
								qrup qəbul imtahanlarından birini seçib 125 (700 
								bal) sualdan ibarət test imtahanından keçə 
								bilər. Mümkün səhvlərin təhlili abituriyentlərə 
								qəbul imtahanlarına daha səmərəli şəkildə 
								hazırlaşmağa imkan verəcəkdir.   
								
								Əlavə olaraq sistemdə hər kəsin öz intellekt 
								səviyyəsini yoxlaya bilməsi üçün məntiq testləri 
								yerləşdirilmişdir.   
								
								Perspektivdə Sinif.az interaktiv təlim sistemi 
								ali təhsili də əhatə edəcəkdir. İstifadə olunmuş 
								proqram təminatı bu prosesin ümumdünya 
								interaktiv təlim təcrübəsinin və Boloniya 
								prosesinin tələblərinə uyğun həyata 
								keçirilməsinə imkan yaradır.  
								
								Audio və videofayllardan, təqdimatlardan və s. 
								bu kimi elementlərdən istifadə həm tələbələr, 
								həm də şagirdlər üçün tədris materialının 
								qavranılması imkanlarını nəzərəçarpan dərəcədə 
								genişləndirəcəkdir.  
								
								Sistemin proqram təminati imtahanların 
								keçirilməsi üçün əla şərait yaratmağa imkan 
								verir. Belə ki, sistem imtahanda iştirak edən 
								hər bir kəs üçün fərdi tapşırığı təmin edir və 
								bu da köçürmə hallarını, demək olar ki, tam 
								istisna edir.  
								
								Sinif.az interaktiv təlim sistemi "tələbə" 
								("şagird"), "müəllim" və "valideyn" statusu ilə 
								məlumat bazasına girişi təmin etməyə imkan 
								verir. Misal üçün, valideynlər sözügedən sistem 
								çərçivəsində öz övldalarının tədrisinə nəzarət,  
								müəllimlər isə təqdim olunmuş tədris 
								materiallarından dərslərində interaktiv qaydada 
								istifadə edə bilərlər.   
								
								Artıq 300 nəfərdən çox şagird və abituriyentin 
								qeydiyyatdan keçdiyi Sinif.az interaktiv təlim 
								sistemi beynəlxalq təcrübənin dərindən 
								öyrənilməsi əsasında yaradılmışdır. Dünyada 
								mövcud olan sistemlərin müqayisəsi göstərir ki, 
								Sinif.az öz konsepsiya və texnoloji imkanlarına 
								görə dünya standartlarına tam cavab verir və 
								təhsil sahəsində qabaqcıl interaktiv 
								sistemlərdən biridir.   
								
								
								
								Şakir CƏFƏROV  |