| 
								 
								Ali təhsildə yeni maliyyələşmə mexanizmi  
								
								 Müasir 
								dövrdə ali təhsilin inkişafı ölkəmizin 
								sosial-iqtisadi inkişafının əsas prioritet 
								istiqamətlərindən hesab edilir. Belə ki, hər bir 
								ölkənin inkişafı təhsilin səviyyəsi və 
								keyfiyyətindən çox asılıdır. Bu baxımdan 
								ölkəmizdə son dövrlərdə təhsil sahəsində, eləcə 
								də ali təhsildə aparılan nəticəyönümlü 
								islahatlar mühüm əhəmiyyət kəsb edir. Ali 
								təhsildə hazırda aparılan islahatların 
								istiqamətləri Azərbaycan Respublikası 
								Prezidentinin 2009-cu il 22 may tarixli 295 
								nömrəli Sərəncamı ilə təsdiq olunmuş 
								"2009-2013-cü illərdə Azərbaycan Respublikasının 
								ali təhsil sistemində islahatlar üzrə Dövlət 
								Proqramı"na əsasən müəyyən edilir və həyata 
								keçirilir. Qeyd olunan proqramın əsas məqsədi 
								ölkənin ali təhsilinin dünya təhsil sisteminə 
								inteqrasiyası, onun məzmununun Boloniya 
								prosesinin prinsiplərinə uyğun qurulması, ali 
								təhsilin rəqabətqabiliyyətliliyinin təmin 
								edilməsi, ölkə iqtisadiyyatının inkişaf 
								tələblərinə uyğun ali təhsilli kadrlara 
								tələbatın ödənilməsi, əhalinin ali təhsil almaq 
								imkanlarının təmin edilməsi üçün iqtisadi və 
								sosial baxımdan səmərəli ali təhsil sisteminin 
								formalaşdırılmasıdır. 
								
								Artıq bu gün Azərbaycanın ali təhsil sistemi 
								Avropa ali təhsil məkanına inteqrasiya 
								istiqamətində inkişaf etməkdədir. Ali təhsildə 
								keyfiyyətin əldə olunması, effektiv idarəetmənin 
								və ayrılan vəsaitlərdən səmərəli istifadənin 
								təmin edilməsi üçün əsas amillərdən biri də ali 
								təhsilin maliyyələşdirilməsində yeni və 
								mütərəqqi mexanizmlərin tətbiq olunmasıdır.
								 
								
								Eyni zamanda "Təhsil haqqında" Azərbaycan 
								Respublikasının Qanununda dövlət təhsil 
								müəssisəsinin maliyyələşdirilməsinin təhsilin 
								hər pilləsi üzrə müəyyən edilmiş maliyyə 
								normativlərinə əsasən həyata keçirilməsi və bu 
								normativlərin təhsil müəssisəsinin tipinə, 
								növünə və kateqoriyasına uyğun olaraq hər bir 
								təhsilalana düşən məsrəf məbləği nəzərə 
								alınmaqla müəyyən edilməsi təsbitlənmişdir. 
								
								Bu baxımdan ümummilli liderimiz Heydər Əliyev 
								siyasətinin layiqli davamçısı möhtərəm Prezident 
								cənab İlham Əliyevin ötən ilin əvvəlində 
								imzaladığı "Ali təhsil müəssisələrində yeni 
								maliyyələşmə mexanizminin tətbiq edilməsi 
								barədə" Fərmanının icrası istiqamətində aparılan 
								işlər mühüm əhəmiyyət kəsb edir.  
								
								Belə ki, ölkə Prezidentinin "Ali təhsil 
								müəssisələrində yeni maliyyələşmə mexanizminin 
								tətbiq edilməsi barədə" 10 fevral 2010-cu il 
								tarixli Fərmanına  əsasən 2010-2011-ci tədris 
								ilindən başlayaraq Azərbaycan Respublikası 
								ərazisində fəaliyyət göstərən ali təhsil 
								müəssisələrində dövlət büdcəsinin vəsaiti 
								hesabına maliyyələşdirmənin dövlət sifarişi 
								əsasında adambaşına maliyyələşdirmə prinsipi 
								əsasında həyata keçirilməsinə başlanılmışdır.   
								
								Ali təhsildə yeni maliyyələşmə mexanizminin 
								tətbiqi ilə bağlı görülən işlər  
								
								Qeyd olunan Fərmanın icrası ilə bağlı qısa 
								müddət ərzində ali təhsil müəssisələrinin dövlət 
								büdcəsindən maliyyələşdirilməsində mühüm 
								yeniliklərin tətbiq edilməsinə yol açan bir sıra 
								addımlar atılmış və bu istiqamətdə ciddi işlər 
								görülmüşdür.  
								
								Fərmanın icrası istiqamətində Təhsil, Maliyyə və 
								İqtisadi İnkişaf nazirliklərinin müvafiq 
								əməkdaşları ilə birlikdə müzakirələr aparılmış,  
								yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 
								normativ sənədlər hazırlanmışdır. Belə ki, 
								bununla əlaqədar olaraq Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində 
								yeni maliyyələşmə mexanizminin tətbiq   edilməsi 
								haqqında"  25 iyun 2010-cu il tarixli 120  
								nömrəli Qərarı qəbul olunmuş, ayrı-ayrı 
								ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil 
								müəssisələrinin bakalavriat və magistratura 
								səviyyəsində hər bir təhsilalana düşən təhsil 
								xərclərinin miqdarı müəyyənləşdirilmişdir. Bu 
								qərara əsasən, həmçinin "Azərbaycan 
								Respublikasında ali təhsil müəssisələrində yeni 
								maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 
								dövlət sifarişi ilə ali təhsil müəssisələrinin 
								bakalavriat və magistratura səviyyələrində kadr 
								hazırlığının maliyyələşdirilməsi Qaydaları" 
								təsdiq edilmişdir. 
								
								Qeyd etdiyimiz kimi, artıq 2010-2011-ci tədris 
								ilində dövlət və özəl ali təhsil müəssisələrində 
								dövlət büdcəsinin vəsaiti hesabına 
								maliyyələşdirmə dövlət sifarişi əsasında  həyata 
								keçirilmiş və ölkədə fəaliyyət göstərən 51 ali 
								təhsil müəssisəsindən 35-i (27 dövlət, 8 özəl) 
								dövlət sifarişinin yerinə yetirilməsində iştirak 
								etmiş, 16-sı isə iştirak etməmişdir. 
								
								2010-2011-ci tədris ilində ali təhsilin 
								bakalavriat səviyyəsinə dövlət sifarişi üzrə 
								qəbul planı 10529 nəfər olmuş, dövlət sifarişi 
								üzrə müvafiq ixtisaslara faktiki qəbul isə 9788 
								nəfər təşkil etmişdir. Nəticədə dövlət sifarişi 
								741 nəfər kəsrlə yerinə yetirilmişdir. 
								 
								
								Magistratura səviyyəsinə dövlət sifarişi üzrə 
								təsdiq edilmiş qəbul planı isə 2070 nəfər olduğu 
								halda, dövlət sifarişi üzrə müvafiq ixtisaslara 
								faktiki qəbul 1125 nəfər təşkil etmiş və 
								nəticədə ali təhsilin bu səviyyəsi üzrə dövlət 
								sifarişi 945 nəfər kəsrlə yerinə  yetirilmişdir. 
								
								Ümumilikdə 2010-2011-ci tədris ilində ali  
								məktəblərə faktiki qəbul 27612 nəfər təşkil 
								etmişdir ki, bundan da 9788 nəfər (35,4%) 
								hazırda dövlət sifarişi ilə, 17824 nəfər isə 
								(64,6%) ödənişli əsaslarla təhsil alır. 
								
								Dövlət sifarişi üzrə kadr hazırlığının dövlət 
								büdcəsindən maliyyələşdirilməsinə başlanılması 
								üçün, ilk növbədə, Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrində 
								yeni maliyyələşmə mexanizminin tətbiq   edilməsi 
								haqqında"  25 iyun 2010-cu il tarixli 120  
								nömrəli Qərarına əsasən dövlət sifarişinin 
								yerinə yetirilməsində iştirak edən ali 
								məktəblərlə Təhsil Nazirliyi, həmçinin ali 
								məktəblərlə tələbələr arasında  müvafiq 
								müqavilələr bağlanılmışdır.  
								
								2010-2011-ci tədris ilində dövlət sifarişi üzrə 
								ali təhsil müəssisələrinin I kurs bakalavriat və 
								magistratura səviyyələrinə qəbul olmuş 
								tələbələrin  təhsili ilə bağlı xərclərin 
								maliyyələşdirilməsi üçün  Maliyyə Nazirliyi 
								tərəfindən ayrı-ayrı ali məktəblər üzrə təsdiq 
								edilmiş müvafiq bölgüyə əsasən Təhsil 
								Nazirliyinə 2010-cu ilin sentyabr-dekabr ayları 
								üzrə 6081933 manat, 2011-ci ilin I yarımili üçün 
								isə 9122900 manat  məbləğində vəsait 
								ayrılmışdır. Ayrılmış vəsait bölgüyə uyğun 
								olaraq Təhsil Nazirliyi tərəfindən 33 ali 
								məktəbin hesabına köçürülmüş və bu vəsaitlərin 
								təyinatı üzrə xərclənilməsi ilə əlaqədar həmin 
								ali məktəblərə tapşırıqlar verilmişdir. 
								 
								
								Qeyd etməliyik ki, cari tədris ilindən 
								başlayaraq ali təhsildə yeni maliyyələşdirmə 
								mexanizminin  tətbiqi ölkəmizin ali məktəbləri 
								qarşısında böyük vəzifələr qoymuşdur. Belə ki, 
								yeni maliyyələşmə mexanizminə əsasən  dövlət ali 
								təhsil müəssisələrimiz fəaliyyətlərini tam təmin 
								etmək üçün dövlət büdcəsindən vəsaiti əvvəlki 
								kimi cari tələbata uyğun olaraq deyil, əldə 
								etdikləri müvafiq tələbələrin sayına və ixtisas 
								üzrə bir tələbə üçün nəzərdə tutulmuş xərc 
								məbləğinə uyğun olaraq alırlar.  
								
								Əlbəttə ki, ali təhsildə yeni maliyyələşmə 
								mexanizminin tətbiqi təkcə bu məqsədlə ayrılmış 
								vəsaitlərin müvafiq qaydada dövlət sifarişinin 
								yerinə yetirilməsində iştirak etmiş ali 
								məktəblərin hesablarına köçürülməsi ilə bitmir. 
								Belə ki, ali məktəblər tərəfindən bu vəsaitlərin 
								təyinatı üzrə səmərəli xərclənməsi, mövcud 
								resurslardan daha rasional istifadənin təmin 
								edilməsi, qarşıya çıxan problemlərin aradan 
								qaldırılması ilə bağlı təkliflərin müzakirə 
								edilməsi və s. ilə əlaqədar vaxtaşırı  ali 
								məktəb rəhbərləri və baş mühasiblərinin iştirakı 
								ilə müvafiq kollegiyaların, müşavirələrin və 
								seminarların keçirilməsi mühüm əhəmiyyət kəsb 
								edir.  
								
								Bununla əlaqədar bu günə qədər 2010-2011-ci 
								tədris ilində dövlət sifarişinin yerinə 
								yetirilməsində iştirak etmiş ali məktəblərin 
								rektorlarının, baş mühasiblərinin iştirakı ilə 
								yüksək səviyyələrdə aşağıdakı  kollegiya, 
								müşavirə və seminarlar keçirilmişdir: 
								
								* 
								17 iyun 2010-cu il tarixdə "Maliyyələşdirmə 
								mexanizminin tətbiqi ilə bağlı ölkə başçısının 
								müvafiq Fərmanının icrası vəziyyəti, bununla 
								əlaqədar  qüvvəyə minəcək yeni qaydalar, mövcud 
								problemlər, qarşıya çıxa biləcək risklər, 
								həmçinin bu problemlərin həlli və risklərin 
								aradan qaldırılması yolları barədə təkliflər" 
								mövzusunda Azərbaycan Respublikasının Prezidenti 
								yanında Təhsil üzrə komissiyanın sədri, 
								Prezident Administrasiyasının rəhbəri Ramiz 
								Mehdiyevin rəhbərliyi və təhsil, maliyyə və 
								iqtisadi inkişaf nazirlərinin, həmçinin  ali 
								məktəb rəhbərlərinin iştirakı ilə geniş 
								müşavirə; 
								
								* 
								22 oktyabr 2010-cu il tarixdə Təhsil 
								Nazirliyində təhsil, maliyyə, iqtisadi inkişaf 
								nazirlərinin, Tələbə Qəbulu üzrə Dövlət 
								Komissiyasının sədrinin, Respublika Nazirlər 
								Kabinetinin şöbə müdirinin, ali məktəb 
								rektorlarının iştirakı ilə  "Ali təhsildə yeni 
								maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 
								mövcud vəziyyət, təkliflər və qarşıda duran 
								vəzifələr" haqqında kollegiya iclası; 
								 
								
								* 
								03 dekabr 2010-cu il tarixdə Təhsil Nazirliyində 
								Maliyyə Nazirliyinin məsul əməkdaşının iştirakı 
								ilə "Ali təhsil müəssisələrində yeni 
								maliyyələşmə mexanizminin tətbiqi, qarşıya çıxan 
								problemlər, onların həlli yolları və təkliflər" 
								mövzusunda ali məktəblərin baş mühasiblərinin 
								seminar-müşavirəsi; 
								
								* 
								10 mart 2011-ci il tarixdə Təhsil Nazirliyində 
								təhsil, maliyyə nazirlərinin və ali məktəblərin 
								rektorlarının iştirakı ilə "Ali təhsildə yeni 
								maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 
								mövcud vəziyyət, ilkin nəticələr və təkliflər" 
								mövzusunda müşavirə.  
								
								Qeyd olunan tədbirlərin mövzularından göründüyü 
								kimi, bu görüşlərdə ali təhsildə yeni 
								maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 
								görülən işlər, əldə olunan ilkin nəticələr,  
								qarşıda duran vəzifələr və təkliflər geniş 
								müzakirə edilmişdir.   
								
								Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 
								əldə olunan ilkin nəticələr  
								
								Məlum olduğu kimi, 10 mart 2011-ci il tarixdə 
								keçirilmiş müşavirədə təhsil naziri cənab Misir 
								Mərdanov geniş təqdimatla çıxış etmiş, ali 
								təhsildə yeni maliyyələşmə mexanizminin tətbiqi 
								ilə bağlı görülmüş işlər, əldə edilmiş ilkin 
								nəticələr barədə məlumat vermiş və mövcud 
								problemlərin aradan qaldırılması ilə bağlı bir 
								sıra təkliflər irəli sürmüşdür.  
								
								Qeyd olunan tədbirdə təhsil naziri cənab Misir 
								Mərdanov yeni maliyyələşmə mexanizminin tətbiqi 
								nəticəsində əldə edilmiş bir sıra ilkin müsbət 
								nəticələr barədə ətraflı məlumat vermişdir. Belə 
								ki, ali təhsildə yeni maliyyələşmə mexanizminin 
								tətbiqinə başlanılmasından qısa müddət keçməsinə 
								baxmayaraq, artıq bu istiqamətdə aşağıdakı bir 
								sıra ilkin müsbət nəticələrə nail olunmuşdur: 
								
								* 
								Mülkiyyət formasından və tabeçiliyindən asılı 
								olmayaraq bütün ali   məktəblərin dövlət 
								sifarişi üzrə kadr hazırlığında iştirakı üçün 
								bərabər imkanlar yaradılmışdır. Belə ki, 
								bildiyiniz kimi, yeni maliyyələşmə mexanizminin 
								tətbiqinin əsas məqsədlərindən biri bütün ali 
								təhsil müəssisələri arasında dövlət maliyyəsini, 
								daha doğrusu, dövlət sifarişi əsasında təhsil 
								alacaq tələbə uğrunda mübarizəni, başqa sözlə, 
								yarışmanı təmin etməklə rəqabətin 
								yaradılmasıdır. Bununla əlaqədar olaraq yeni 
								qaydalara əsasən 2010-2011-ci tədris ilindən 
								başlayaraq dövlət təhsil müəssisələri ilə 
								yanaşı, özəl təhsil müəssisələri də dövlət 
								sifarişi üzrə kadr hazırlığının yerinə 
								yetirilməsində iştirak edirlər. 
								
								* 
								Abituriyentlərin, həmçinin dövlət sifarişi üzrə 
								qəbul olmuş tələbələrin seçim imkanları 
								artırılmışdır. Belə ki, yeni qaydalara əsasən 
								ali təhsil müəssisələrinə qəbul üzrə aparılan 
								müsabiqədə dövlət sifarişi ilə təhsil almaq 
								hüququnu qazanan abituriyentlər mülkiyyət 
								formasından asılı olmayaraq təhsil alacaqları 
								ali təhsil müəssisəsini artıq sərbəst şəkildə 
								seçirlər. 
								
								* 
								Dövlət sifarişi üzrə kadr hazırlığının yerinə 
								yetirilməsi üçün ali məktəblərə vəsait ayrı-ayrı 
								xərc maddələri  ilə deyil, bir xərc maddəsi ilə 
								ayrılmış və bu vəsaitlərin xərclənilməsində ali 
								məktəblərin səlahiyyətləri artırılmışdır. Belə 
								ki, 2010-2011-ci tədris ilindən başlayaraq 
								dövlət sifarişi üzrə ali məktəblərə dövlət 
								vəsaitinin ayrılması və xərclənilməsi 
								əvvəlkindən fərqli olaraq 40 xərc maddəsi ilə 
								deyil, bir xərc maddəsi ilə ayrılır.  
								 
								
								* 
								Dövlət ali məktəblərinə əvvəlki illərdə dövlət 
								hesabına qəbul olmuş və  II, III və IV kurslarda 
								bakalavriat və magistratura səviyyələrində  
								təhsil alan tələbələrin xərclərinin ödənilməsi 
								məqsədilə 2011-ci il üçün nəzərdə tutulan vəsait 
								4 xərc maddəsi üzrə ("Ştatda olan işçilərin 
								əməkhaqqı", "Dövlət Sosial Müdafiə Fonduna 
								ayırmalar", "Sair xərclər" və "Bank xərcləri") 
								proqnozlaşdırılmışdır. 
								
								* 
								Maliyyə Nazirliyi ilə aparılmış danışıqların 
								nəticəsi olaraq 2010-2011-ci tədris ilində 
								dövlət sifarişi üzrə kadr hazırlığının yerinə 
								yetirilməsi üçün 2010-cu ilin sentyabr-dekabr 
								ayları üzrə dövlət ali təhsil müəssisələrinə 
								ayrılmış vəsait Maliyyə Nazirliyinin müvafiq 
								əmrinə əsasən ilin sonunda dövlət büdcəsinə 
								silinməmiş və növbəti ilə keçirilmişdir. 
								
								* 
								Ali məktəblərin 2011-ci ilə büdcədənkənar 
								vəsaitlər üzrə icmal gəlir və  xərclər 
								smetasında  əməkhaqqı üzrə vəsaitin artırılması 
								nəzərdə tutulmuşdur. Belə ki, yeni maliyyələşmə 
								mexanizminin tətbiqi nəticəsində bir sıra ali 
								məktəblərdə (Azərbaycan Texnologiya 
								Universiteti, Mingəçevir Politexnik İnstitutu, 
								Lənkəran Dövlət Universiteti və s.) dövlət 
								sifarişi üzrə tələbə qəbulu gözləniləndən az 
								olmuş, ödənişli əsaslarla tələbə qəbulu isə 
								artmışdır. Bu da həmin ali məktəblərin 
								büdcədənkənar gəlirlərinin artmasına səbəb olmuş 
								və müəyyən xərclərin, əsasən əməkhaqqı 
								xərclərinin büdcədənkənar gəlirlər hesabına 
								ödənilməsinə zərurət yaratmışdır. Bu səbəbdən 
								Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla ali 
								məktəblərin 2011-ci ilə büdcədənkənar vəsaitlər 
								üzrə icmal gəlir və  xərclər smetasında  
								əməkhaqqı maddəsi  üzrə xərclərin artırılması 
								nəzərdə tutulmuşdur.  
								
								Eyni zamanda 2011-2012-ci tədris ilində ödənişli 
								əsaslarla tələbə qəbulunun     nəticələrindən 
								asılı olaraq əməkhaqqı xərc maddəsi  üzrə 
								büdcədənkənar xərclərin həcminin cari ildə 
								əlavə  olaraq yenidən artırılması gözləniləndir. 
								
								* 
								Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla  2011-ci 
								ilə ali təhsil müəssisələrinin büdcədənkənar 
								vəsaitlər üzrə gəlir və xərclər smetası 6 xərc 
								maddəsi üzrə ("Ştatda olan işçilərin əməkhaqqı", 
								"Ştatdankənar işçilərin əməkhaqqı", "Əməyin 
								ödənişi ilə bağlı sair pul ödənişləri", "Dövlət 
								Sosial Müdafiə Fonduna ayırmalar", "Sair 
								xərclər" və "Bank xərcləri") təsdiq olunmuşdur. 
								Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə 
								əlaqədar  ali məktəblərə  2011-ci ildə büdcə 
								vəsaitlərinin müvafiq olaraq yuxarı kurslar üzrə 
								4  xərc maddəsi  və dövlət sifarişi üzrə I 
								kurslar üçün isə 1 xərc maddəsi üzrə ayrılması 
								nəzərdə tutulduğundan ali məktəblərin 
								büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər 
								smetasının da 40 xərc maddəsi deyil, 6 xərc 
								maddəsi üzrə proqnozlaşdırılması zəruri 
								olmuşdur.  
								
								* 
								2010-2011-ci tədris ilindən başlayaraq dövlət 
								ali məktəblərinə ödənişli əsaslarla qəbul olan 
								və təhsil haqlarından azad olunan  məcburi 
								köçkün  tələbələrin təhsil haqlarının dövlət 
								büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə  
								bağlı 22 oktyabr 2010-cu il tarixdə Təhsil 
								Nazirliyində keçirilən kollegiyada müzakirə 
								edilən təklifə Maliyyə Nazirliyi tərəfindən 
								müsbət yanaşılmış və bu məqsədlə  Azərbaycan 
								Respublikası Prezidentinin Sərəncamı və Nazirlər 
								Kabinetinin Qərarı layihələri hazırlanmışdır. 
								Məlum olduğu kimi, Azərbaycan Respublikası 
								Prezidentinin "Dövlət ali və orta ixtisas 
								təhsili müəssisələrində ödənişli formada təhsil 
								alan məcburi köçkünlərin təhsil haqqını 
								ödəməkdən azad edilməsi barədə" 2003-cü il 04 
								avqust tarixli, 1308 nömrəli Sərəncamına əsasən 
								dövlət ali təhsil müəssisələrinə ödənişli 
								formada qəbul olan məcburi köçkünlər təhsil 
								haqqının ödənilməsindən azad edilmişdir. Ali 
								təhsil müəssisələrində yeni maliyyələşmə 
								mexanizminin tətbiqi ödənişli formada təhsil 
								alan məcburi köçkünlərin təhsil haqlarının 
								dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə 
								zərurət yaratmışdır.  
								
								Qeyd etməliyik ki, 2010-2011-ci tədris ilindən 
								başlayaraq dövlət ali məktəblərinə ödənişli 
								əsaslarla qəbul olan və təhsil haqlarından azad 
								olunan məcburi köçkün  tələbələrin təhsil 
								haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına 
								ödənilməsi müvafiq olaraq ali məktəblərin  
								büdcədən əldə etdikləri vəsaitlərin, həmçinin 
								onların maliyyə imkanlarının artmasına səbəb 
								olacaq.  
								
								Hazırda dövlət ali məktəblərində xeyli sayda  
								təhsil haqlarından azad olunan məcburi köçkün  
								tələbə təhsil alır.      
								
								
								
								
								Yeni mexanizmin tətbiqi ilə bağlı ali 
								məktəblərin qarşısında duran vəzifələr  
								
								
								Qeyd etdiyimiz kimi, yeni maliyyələşmə 
								mexanizminin tətbiqi ali məktəblərdən 
								vəsaitlərin, mövcud resursların daha səmərəli və 
								rasional şəkildə istifadəsini tələb edir.   
								Məlum olduğu kimi, dövlət sifarişinin yerinə 
								yetirilməsində iştirak etmiş dövlət ali 
								məktəblərinin hazırda xərcləri əsasən aşağıdakı 
								3 istiqamət üzrə əldə edilən vəsaitlər hesabına 
								maliyyələşir: 
								
								
								- Dövlət ali məktəblərinə əvvəlki illərdə dövlət 
								hesabına qəbul olmuş və  II, III və IV kurslar 
								üzrə bakalavriat və II kurs  magistratura 
								səviyyələrində  təhsil alan tələbələrin 
								xərclərinin ödənilməsi məqsədilə nəzərdə tutulan 
								vəsait; 
								
								
								- Dövlət sifarişi üzrə kadr hazırlığının həyata 
								keçirilməsi üçün ayrılan vəsait; 
								
								
								- Ödənişli təhsildən əldə olunan büdcədənkənar 
								gəlirlər. 
								
								
								Bunu dövlət sifarişi üzrə kadr hazırlığının 
								yerinə yetirilməsində iştirak etmiş bir neçə ali 
								məktəbin 2011-ci ilə proqnozlaşdırılan xərclərin 
								xərc istiqamətləri üzrə bölgüsündən aydın görmək 
								olar.  
								
								
								10 mart 2011-ci il tarixdə keçirilən müşavirədə 
								təhsil naziri cənab Misir Mərdanov əsasən 
								aşağıdakı məsələləri ali məktəb rektorlarının 
								nəzərinə çatdıraraq yeni maliyyələşmə 
								mexanizminin tətbiqi ilə əlaqədar bu istiqamətdə 
								ciddi işlərin aparılmasının vacibliyini 
								vurğulamışdır: 
								
								* 
								Ali məktəblər tərəfindən mövcud resursların daha 
								rasional istifadəsi ilə bağlı təxirəsalınmaz 
								tədbirlər görülməlidir. Bu kimi tədbirlərə 
								paralel və artıq kafedraların, fakültələrin 
								bağlanılması, artıq ştatların ixtisar olunması, 
								lüzumsuz xərclərə yol verilməməsi, kommunal  
								xərclərə qənaət edilməsi və s. aiddir. Belə ki,  
								əvvəlki qaydada dövlət büdcəsindən bakalavriat 
								səviyyəsində II, III və IV kurslar, magistratura 
								səviyyəsində  II kurslar üçün ayrılan 
								vəsaitlərin həcminə yalnız əməkhaqlarının, 
								təqaüd məbləğlərinin, kommunal xidmət haqlarının 
								və s. bu kimi digər xərclərin artımı ilə bağlı 
								yenidən baxıla bilər.  
								
								* 
								Cari ildən başlayaraq ali təhsil müəssisələrinə 
								bu məqsədlə ayrılan büdcə vəsaitlərinin, 
								həmçinin büdcədənkənar gəlirlərin, ilk növbədə, 
								müdafiə olunan xərclərə və prioritet 
								istiqamətlərə  yönəldilməsi zəruridir. Belə ki, 
								2010-cu ilin yekunlarının ilkin təhlili göstərir 
								ki, dövlət sifarişi üzrə kadr hazırlığının  
								yerinə yetirilməsi ilə bağlı ayrılmış vəsait bir 
								sıra dövlət ali təhsil müəssisələri tərəfindən, 
								ilk növbədə, müdafiə olunmuş xərc 
								istiqamətlərinə (işçilərin əməkhaqqı, müavinət, 
								tələbələrə verilən təqaüdlər və istifadə olunmuş 
								kommunal xidmət haqlarının dəyəri üzrə 
								ödənişlərə) deyil, digər istiqamətlərə 
								(ezamiyyə, cari və əsaslı təmir xərclərinə, 
								inventar və avadanlıqların alınmasına) istifadə 
								olunmuşdur. Dövlət büdcəsindən məqsədli ayrılmış 
								maliyyə vəsaitinin bir sıra ali təhsil 
								müəssisələri tərəfindən düzgün idarə edilməməsi  
								2010-cu ilin sonunda əməkhaqqı və təqaüdlər üzrə 
								borcların yaranmasına səbəb olmuşdur.   
								
								Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə 
								əlaqədar qarşıya çıxan problemlərin aradan 
								qaldırılması ilə bağlı təkliflər  
								
								Əlbəttə ki, yeni maliyyələşmə mexanizminin 
								tətbiqi son nəticədə ali təhsildə keyfiyyətin 
								təmin olunmasına xidmət etməlidir. Bu 
								istiqamətdə ilkin nəticələr əldə edilsə də, bir 
								sıra problemlərin aradan qaldırılması ilə bağlı 
								müəyyən tədbirlərin görülməsi vacibdir. Bununla 
								əlaqədar Təhsil Nazirliyi cari ildə keçirilən 
								müşavirədə aşağıdakı təkliflərlə çıxış etmişdir: 
								
								1. Dövlət sifarişi üzrə hər bir təhsilalana 
								düşən xərclərin miqdarına yenidən baxılması və 
								bu məbləğlərin artırılması; Belə ki,  dövlət 
								sifarişi üzrə kadr hazırlığının yerinə 
								yetirilməsi məqsədilə  ayrılmış vəsait əksər ali 
								məktəblərdə yalnız əməkhaqqı və təqaüd 
								xərclərinin ödənilməsinə kifayət edir. Bu da 
								dövlət sifarişi üzrə keyfiyyətli kadr 
								hazırlığının təmin edilməsi  üçün müvafiq 
								maddi-texniki bazanın yaradılmasına və 
								saxlanılmasına şərait yaratmır. Digər tərəfdən, 
								dövlət sifarişi üzrə hər bir təhsilalana düşən 
								xərclərin miqdarı təsdiq olunduqdan sonra, yəni  
								2010-cu ilin sentyabrında tələbələrə, 
								doktorantlara ödənilən təqaüdlərin məbləğləri, 
								eyni zamanda cari ildə su və kanalizasiya 
								xidmətləri ilə bağlı kommunal xərclərin dəyəri 
								artmışdır.  
								
								2. Oxşar və eynitipli ixtisaslar üzrə bir 
								təhsilalana düşən təhsil xərclərinin miqdarı 
								yenidən baxılaraq uyğunlaşdırılması; Bir sıra 
								oxşar və eynitipli ixtisaslar üzrə təsdiq 
								olunmuş bir təhsilalana düşən təhsil xərclərinin 
								miqdarı arasında kəskin fərqlər mövcuddur. 
								Məsələn, instrumental ifaçılıq üzrə  bu məbləğ 
								7000 manat, xalq çalğı alətləri ifaçılığı üzrə 
								isə 1500 manat müəyyənləşdirilmişdir.  Bəzi 
								hallarda isə bir təhsilalana düşən təhsil 
								xərclərinin miqdarı müəyyənləşdirilərkən bir 
								sıra ixtisasların spesifikası nəzərə 
								alınmamışdır. Məsələn, "Uçuş mühəndisliyi", 
								"Gəmiçilik və gəmilərin hərəkətinin idarə 
								edilməsi" və digər bütün  texniki mühəndislik 
								ixtisasları üzrə bir təhsilalana düşən təhsil 
								xərclərinin miqdarı eyni  məbləğdə 
								müəyyənləşdirilmişdir.   
								
								3. Dövlət sifarişi üzrə bir təhsilalana düşən 
								təhsil xərclərinin miqdarının vaxtaşırı 
								indeksasiyasının aparılması;  
								
								4. Dövlət əhəmiyyətli ixtisaslara dövlət 
								sifarişi ilə qəbulla bağlı müsabiqə ballarının 
								fərdi qaydada müəyyənləşdirilməsi;  
								
								5. Ali məktəblərin bəzi ixtisaslarına olan 
								inhisarçılığın aradan qaldırılması ilə bağlı 
								tədbirlərin görülməsi; 
								
								6. Dövlət sifarişi üzrə  müsabiqə ballarının 
								ixtisas qrupları üzrə deyil, eyniyönümlü 
								ixtisaslar üzrə müəyyənləşdirilməsi (məsələn, 
								kənd təsərrüfatı, texnologiya, neft, aviasiya və 
								s.); 
								
								7. Ali məktəblərin ayrı-ayrı  ixtisaslarına 
								ödənişli əsaslarla qəbul üzrə təhsil haqlarının 
								həmin ixtisasa dövlət sifarişi üzrə 
								müəyyənləşdirilmiş təhsil xərclərinin miqdarının 
								60%-indən az olmayaraq müəyyənləşdirilməsi; 
								
								8. Tələbə statusu qazanmış şəxslərə  güzəştli 
								təhsil kreditlərinin verilməsi ilə bağlı müvafiq 
								Qanunun qəbul edilməsi; 
								
								9. Büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclər 
								smetalarının təsdiq edilməsi, il ərzində 
								büdcədənkənar vəsaitlər üzrə gəlir və xərclərin 
								dürüstləşdirilməsi prosedurlarının 
								sadələşdirilməsi, bu səlahiyyətlərin ali 
								məktəblərə və Təhsil Nazirliyinə verilməsi; 
								
								10. İlin sonunda büdcədənkənar vəsaitlər üzrə 
								gəlirlərin dövlət büdcəsinə silinməməsi və bu 
								vəsaitin növbəti ilə keçirilməsi;   
								
								11. Dövlət ali təhsil müəssisələrinə tələbə 
								qəbulunun planlaşdırılması və tələbələrin 
								yerləşdirilməsi zamanı dövlət sifarişi üzrə və 
								ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 
								arasında mütənasibliyin yaradılması qaydalarının 
								hazırlanması; 
								
								12. Özəl ali məktəblərin dövlət sifarişində 
								iştirakının stimullaşdırılması. 
								
								Göründüyü kimi, qeyd olunan təkliflərin həyata 
								keçirilməsi üçün mövcud normativ-hüquqi 
								sənədlərdə dəyişikliklərin edilməsi və bir sıra 
								yeni normativ sənədlərin hazırlanması 
								vacibdir.Bununla əlaqədar Maliyyə, İqtisadi 
								İnkişaf, Təhsil nazirliklərinin, Tələbə Qəbulu 
								üzrə Dövlət Komissiyasının məsul əməkdaşları və 
								digər aidiyyəti şəxslər daxil olmaqla 13 
								nəfərdən ibarət işçi qrupu yaradılmışdır və 
								hazırda işçi qrupu müvafiq təkliflər üzərində  
								çalışır. 
								
								Ümumiyyətlə, ali təhsildə yeni maliyyələşmə 
								mexanizminin tətbiqi nəticəsində  daha ciddi 
								nəticələrə nail olmaq üçün dövlət ali təhsil 
								müəssisələrinin səlahiyyətlərinin artırılması 
								vacib amillərdən biridir. Məhz buna görə də 
								2011-ci ildən başlayaraq dövlət ali təhsil 
								müəssisələrinin büdcədən ayrılan vəsaitlərin 
								xərclənilməsi ilə bağlı səlahiyyətləri xeyli 
								artırılmışdır.  
								
								Eyni zamanda növbəti illərdə də dövlət ali 
								təhsil müəssisələrinin bu istiqamətdə 
								səlahiyyətlərinin artırılması nəzərdə tutulur. 
								Belə ki, cari ilin mart ayında Təhsil 
								Nazirliyində keçirilən müşavirədə Azərbaycan 
								Respublikasının maliyyə naziri cənab Samir 
								Şərifov öz çıxışında bildirmişdir ki, növbəti 
								ildən dövlət ali təhsil müəssisələrinə büdcə və 
								büdcədənkənar vəsaitlərin idarəedilməsində tam 
								sərbəstliyin verilməsi planlaşdırılır və bununla 
								əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi 
								nəzərdə tutulur.  
								
								Qeyd etməliyik ki, dövlət ali təhsil 
								müəssisələrinin səlahiyyətlərinin artırılması, 
								eyni zamanda onların bu istiqamətdə 
								məsuliyyətlərini də artırır. Belə ki, ali 
								məktəblər son nəticədə təhsildə keyfiyyətin 
								yüksəldilməsinə nail olmaq üçün öncə qeyd 
								etdiyimiz kimi mövcud resurslardan, həmçinin 
								əldə edilən maliyyə resurslarından daha 
								səmərəli, rasional şəkildə  istifadəni təmin 
								etməlidirlər.Bu baxımdan ali təhsildə yeni 
								maliyyələşmə mexanizmi ilə əlaqədar tətbiq 
								olunan yeniliklər ali təhsil müəssisələrinin 
								qarşısında mühüm vəzifələr qoyur.   
								
								
								
								Şahrza ƏLİYEV, 
								Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsinin 
								müdiri,  
								iqtisad elmləri üzrə fəlsəfə doktoru  |