| 
								 
								Aprelin 5-də Azərbaycan Müəllimlər İnstitutunda 
								biraylıq təlim keçmiş Azərbaycan Tibb 
								Universitetinin bir qrup əməkdaşına 
								sertifikatların təqdim olunması mərasimi 
								keçirildi. Tədbirdə institutun professor-müəllim 
								heyəti və qonaqlar iştirak edirdilər. 
								
								 Tədbiri 
								giriş sözü ilə açan AMİ-nin rektoru, millət 
								vəkili, professor Aqiyə Naxçıvanlı ATU-nun bir 
								qrup əməkdaşının cəlb olunduğu "Təhsilin 
								əsasları" fənni bazasında hazırlanmış müasir 
								pedaqogika və psixologiya ilə bağlı biraylıq 
								təlim kursunun uğurla başa çatdığını bildirdi. 
								Qeyd etdi ki, AMİ-də və onun 11 filialında 
								rəhbər və digər kateqoriyalardan olan pedaqoji 
								işçilər tədris planlarına əsasən müxtəlif 
								müddətlərdə ixtisasartırma təhsilinə cəlb 
								olunurlar. ATU-nun rektoru, akademik Əhliman 
								Əmiraslanovun təşəbbüsü ilə ilk dəfədir ki, 
								qeyri-pedaqoji kateqoriya kimi universitetin 
								əməkdaşlarına pedaqoji, psixoloji və metodiki 
								təlimlərin təşkil olunması təklifini aldıq. Bu 
								məsələ ilə əlaqədar hər iki ali məktəb arasında 
								ikiillik müqavilə imzalandı və tədris planı 
								təsdiq edildi. Tədris üçün maksimum şərait 
								yaradıldı. Müqaviləyə əsasən, Tibb 
								Universitetinin 400 nəfər əməkdaşı təlimdən 
								keçəcək. Professor A.Naxçıvanlı əlavə təhsil 
								sahəsində təhsilin keyfiyyətinin yüksəldilməsinə 
								təsir göstərən amilləri öyrənmək və onları 
								düzgün planlaşdırmaqla inkişafa gedən yolun 
								strategiyasının dəqiq müəyyənləşdirilməsinin 
								aktual mövzu kimi qarşıya qoyulduğunu bildirdi. 
								
								Sonra söz  ATU-nun tədris işləri üzrə 
								prorektoru, professor Sabir Əliyevə verildi. O, 
								ali təhsil müəssisələrinin birgə fəaliyyətini 
								yüksək qiymətləndirərək belə işlərin gələcəkdə 
								də uğurla davam etdirilməsinin vacibliyini qeyd 
								etdi. Azərbaycan Tibb Universitetində pedaqoji 
								təhsilin bu günə qədər aparılmadığını və bunun 
								da müəyyən çətinliklər törətdiyini qeyd edən  
								professor görülən işlər nəticəsində bu problemin 
								aradan qalxacağına ümidvar olduğunu bildirdi. 
								
								Sonda müdavimlərə kursu bitirdiklərinə dair 
								sertifikatlar təqdim olundu. 
								
								
								
								Niyazi RƏHİMOV  |