| 
								 
								Yeni fənn kurikulumlarının tətbiq olunduğu 
								hazırkı şəraitdə ibtidai siniflərin I-III 
								siniflərində dərs deyən müəllimlərin 
								fəaliyyətində əsas məsələlər kurikulumlarda öz 
								əksini tapmış yeni təlim standartlarının 
								reallaşdırılması, qiymətləndirmə sisteminin 
								səmərəli tətbiqidir. Nəzəri araşdırmalar və 
								kurikulumların tətbiqinin üçillik təcrübəsi 
								göstərir ki, həmin istiqamətlərdə işlərin 
								keyfiyyəti sinif müəllimlərinin fəal təlimdən, 
								interaktiv təlim texnologiyalarından nə dərəcədə 
								səmərəli istifadə etmələrindən birbaşa asılıdır. 
								Çünki yeni kurikulumlarda ifadə olunan təlim 
								modeli məhz tədrisin təşkilinə innovativ 
								yanaşmanı, müasir təlim texnologiyalarının geniş 
								tətbiqini tələb edir və yalnız bu halda 
								gözlənilən effekti verir. Məhz bütün bunları 
								nəzərə alaraq mən I sinifdə bütün dərslərimi 
								fəal təlimdən istifadə etməklə qururam. Fəal 
								təlim dərsin keyfiyyətini artırmaqda güclü 
								vasitədir. O, şagirdlər üçün dərsi çox maraqlı 
								və cəlbedici edir, onların dərketmə fəaliyyətini 
								daha da fəallaşdırır. 
								
								 Fəal 
								təlimdə əsas cəhətlər müəllim tərəfindən şüurlu 
								surətdə problemli situasiyanın yaradılması, 
								problemin həlli prosesində şagirdlərin fəal 
								tədqiqatçı mövqeyinin stimullaşdırılması, 
								şagirdlər üçün yeni və zəruri olan biliklərin 
								müstəqil əldə edilməsi və mənimsədilməsinə 
								şərait yaradılmasıdır. 
								
								Məlum olduğu kimi, fəal təlimin tətbiq olunduğu 
								dərslər öz quruluşu etibarı ilə ənənəvi dərsdən 
								əsaslı şəkildə fərqlənir və müəllimdən dərsə 
								daha ciddi və hərtərəfli hazırlıq işi görməyi 
								tələb edir. Fəal dərs əsasən, şagirdlərin 
								marağı, yaradıcı axtarışları, fəallığı üzərində 
								qurulur. Belə dərslərdə müəllimin və şagirdlərin 
								rolu da  ənənəvi dərsdəkindən xeyli fərqlənir. 
								Fəal dərsdə şagirdlər ənənəvi dərsdəki kimi 
								passiv deyil, axtaran, kəşf edən tədqiqatçı 
								mövqeyinə malik olur, müəllim isə bir növ 
								bələdçi, istiqamətçi rolunda çıxış edir. 
								Bütövlükdə dərs müəllimlə şagirdlərin təhsilin 
								məqsədinə nail olmağa yönəlmiş birgə 
								fəaliyyətinə çevrilir. 
								
								Fəal dərs motivasiya, tədqiqatın aparılması, 
								informasiya mübadiləsi, informasiyanın 
								müzakirəsi və təşkili, nəticələr və 
								ümumiləşdirmə, yaradıcı tətbiqetmə və 
								qiymətləndirmə mərhələlərindən ibarətdir. Bu 
								mərhələlərin hamısı bir-biri ilə sıx əlaqəli, 
								biri digərinin məntiqi nəticəsi olub bütövlükdə 
								dərsin vahid modelini təşkil edir və onların hər 
								hansı birinin dərsdə nəzərə alınmaması məqsədin 
								əldə olunmasına mənfi təsir göstərir. Ona görə 
								də müəllim onların hər birinə göstərilən 
								ardıcıllıqla əməl etməlidir. 
								
								Mən dərs dediyim I sinifdə bütün dərslərimi bu 
								model əsasında qurur, hər bir mərhələyə xüsusi 
								hazırlaşıram. Dərsdə motivasiya fəaliyyətin 
								mexanizmini işə salan sövqedici qüvvə olduğundan 
								bu mərhələyə xüsusi diqqət yetirir, şagirdləri 
								problemin qoyuluşuna cəlb edirəm. Tədqiqatın 
								aparılması mərhələsi üçün həmişə şagirdləri 
								irəli sürülmüş problemin həllinə məqsədəuyğun 
								şəkildə aparan, özündə yeni informasiya və yeni 
								sualları daşıyan müxtəlif çalışmalar hazırlayır 
								və şagirdlərə həll etdirirəm. Tədqiqatın kiçik 
								və böyük qruplarda, cütlük və fərdi şəkildə 
								aparılması formalarından yeri gəldikcə, yəni 
								tədqiqat sualının və onu həll etmək üçün 
								hazırlanmış çalışmaların xarakterinə uyğun 
								olaraq istifadə  edirəm. 
								
								İnformasiya mübadiləsi mərhələsində şagirdlər 
								tədqiqatın gedişində əldə etdikləri 
								tapıntıların, yeni informasiyanın mübadiləsini 
								aparır, qruplar tərəfindən edilən təqdimatları 
								fəal dinləyirlər. Sonrakı mərhələdə 
								informasiyanın müzakirəsi və təşkili həyata 
								keçirilir. 
								
								Şagirdlər tərəfindən tədqiqat sualına qənaətbəxş 
								cavab aldıqdan sonra yaradıcı tətbiqetmə 
								mərhələsinə keçir və onları öyrəndikləri yeni 
								bilikləri, informasiyanı tətbiq etməyə imkan 
								verən tapşırıqlar üzərində işlədirəm. Dərsdə 
								qiymətləndirmənin əsasən şagirdlər tərəfindən, 
								bu məqsədlə tərtib olunmuş və müxtəlif fəaliyyət 
								növlərini əhatə edən cədvəl üzrə aparılmasını 
								təşkil edirəm. Çalışıram ki, qiymətləndirmə 
								şagirdlər üçün özünüqiymətləndirmə və 
								özünənəzarət vasitəsi olsun, onlara 
								stimullaşdırıcı təsir göstərsin.  
								
								Fəal dərsin mərhələlərinə düzgün əməl etməklə 
								yanaşı, hər bir mövzu üzrə standartların, 
								məqsədin, inteqrasiya imkanlarının, iş forması 
								və üsullarının düzgün müəyyənləşdirilməsi, 
								resurslardan geniş və yerli-yerində istifadə 
								olunması da dərsin səmərəliliyinin 
								artırılmasında mühüm şərtlərdir. Ona görə də hər 
								dərsə hazırlaşarkən və onun planını tutarkən bu 
								məsələlərə xüsusi diqqət yetirirəm. 
								
								Təcrübə göstərir ki, bütün bunlara əməl 
								olunduqda dərsin səmərəsi artır, qarşıya qoyulan 
								məqsədə asanlıqla nail olunur.  
								
								
								
								Fidan HEYBƏTOVA, 
								Bakıdakı 240 nömrəli orta məktəbin ibtidai sinif 
								müəllimi  |