| 
								 
								Türkiyənin İğdır şəhərində Azərbaycan xalqının 
								ümummilli lideri Heydər Əliyevin adını daşıyan 
								liseyin rəsmi açılışı olmuşdur. Mərasimdə Baş 
								nazir Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir.
								 
								
								Türkiyənin Baş naziri demişdir ki, bu mərasimdə 
								iştirak mənim üçün çox önəmlidir. Təkcə dost, 
								qardaş Azərbaycanın deyil, bizim də fəxrimiz, 
								"Biz bir millət, iki dövlətik" kəlamının 
								müəllifi Heydər Əliyevin adını daşıyan bu 
								liseyin fəaliyyətindən məmnunuq.  
								
								Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov 
								Heydər Əliyevin adını daşıyan müasir təhsil 
								kompleksinin açılışında iştirak etməkdən böyük 
								qürur hissi keçirdiyini bildirmişdir. 
								 
								
								Sonra rəmzi açılışı bildirən qırmızı lent 
								kəsilmiş, Baş nazir, səfir və digər qonaqlar 
								liseylə tanış olmuşlar.  
								
								Bildirilmişdir ki, liseydə hazırda 234 şagird 
								təhsil alır. Şagirdlər təhsil müəssisəsinə 
								imtahan verərək yüksək balla qəbul edilirlər. 16 
								sinif otağı olan liseydə müasir standartlara 
								cavab verən kimya, biologiya və fizika 
								laboratoriyaları, idman zalı, qızlar yataqxanası 
								fəaliyyət göstərir. Burada zəngin kitabxana da 
								vardır. Bir sözlə, təhsil üçün hər cür şəraitə 
								malik olan Heydər Əliyev liseyi Türkiyənin ən 
								nüfuzlu tədris komplekslərindən biri hesab 
								edilir.  
								
								Daha sonra Baş nazir və onunla birlikdə açılış 
								mərasimində iştirak edən qızı liseyin şagirdləri 
								ilə birlikdə şəkil çəkdirmişlər.  
								
								Heydər Əliyev liseyinin açılışı əhalisinin böyük 
								əksəriyyətini azərbaycanlıların təşkil etdiyi 
								İğdır, eləcə də bölgənin təhsil ictimaiyyəti 
								üçün əsl bayrama çevrilmişdir.   
								
								
								
								AzərTAc  |