| 
								 
								Aprelin 29-da Təhsil Nazirliyində "Şahmat 
								dünyası" multimedia sisteminin təqdimat mərasimi 
								keçirildi.  
								
								 Tədbirdə 
								təhsil naziri Misir Mərdanov, təhsil nazirinin 
								müavinləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə 
								Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, 
								gənclər və idman nazirinin müavini İsmayıl 
								İsmayılov, Təhsil Nazirliyi Aparatının məsul 
								işçiləri, nazirliyin şöbə müdirləri və struktur 
								bölmələrinin rəhbərləri, Bakının, eləcə də 
								respublikanın, bir sıra bölgələrinin 
								uşaq-gənclər şahmat məktəblərinin direktorları, 
								idman mütəxəssisləri, gənc şahmatçılar və 
								başqaları iştirak edirdilər. 
								
								Mərasimi təhsil naziri Misir Mərdanov açaraq 
								qonaqları Təhsil Nazirliyində görməkdən 
								məmnunluq hissi keçirdiyini söylədi. Nazir 
								ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafının 
								dövlət siyasətinin prioritet istiqamətlərindən 
								biri olduğunu bildirdi. Qeyd olundu ki, müstəqil 
								Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 
								hakimiyyətdə olduğu dövrlərdə ölkədə bədən 
								tərbiyəsi və idmanın inkişafına xüsusi dövlət 
								qayğısı olmuşdur. Hazırda ümummilli lider Heydər 
								Əliyev kursunun layiqli davamçısı, respublika 
								Prezidenti cənab İlham Əliyevin fəaliyyətində bu 
								sahəyə xüsusi önəm verilir.       
								
								Azərbaycanda sevilən idman növlərindən biri olan 
								şahmatın zəngin tarixi ənənələri ilə xalqımızın 
								mədəniyyətində özünəməxsus yer tutduğunu qeyd 
								edən nazir bu intellektual oyunun inkişaf yolu, 
								müstəqillik illərində qazanılan uğurlar haqqında 
								ətraflı söz açdı. Məlumat üçün bildirdi ki, 
								şahmata dövlət tərəfindən göstərilən yüksək 
								qayğı nəticəsində 1992-ci ildən başlayaraq 
								idmançılarımız dunya və Avropa birinciliklərində 
								82 medal qazanmışdır ki, onlardan da 33-ü qızıl, 
								25-i gümüş, 24-ü isə bürünc medaldır. Beynəlxalq 
								Şahmat Federasiyasının (FİDE) iki aydan bir 
								yeniləşən reytinq cədvəlinə görə, Azərbaycan 
								həmişə birinci onluqda olur və hazırda 159 ölkə 
								arasında 9-cu yerdədir. Dünyanın 20 ən güclü 
								şahmatçıları sırasında Şəhriyar Məmmədyarov 
								8-ci, Vüqar Həşimov 11-ci, Teymur Rəcəbov isə 
								12-ci yerdədir.      
								
								Xalqın intellektual səviyyəsini göstərən idman 
								növü kimi ölkəmizin dünyada tanınmasında 
								şahmatın rolundan bəhs edən nazir Misir Mərdanov 
								2002-ci ildə Bakıda gənclər arasında Avropa, 
								2003-cü ildə isə Naxçıvanda Dünya 
								çempionatlarının, 2008-ci ildən başlayaraq 
								Bakıda, bu il isə Naxçıvanda  ümummilli lider 
								Heydər Əliyevin xatirəsinə həsr edilən mötəbər 
								turnirlərin keçirilməsini Azərbaycana beynəlxalq 
								miqyasda göstərilən etimad kimi qiymətləndirdi.
								 
								
								Təhsil naziri ölkə başçısı cənab İlham Əliyevin 
								5 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq 
								edilmiş "2009-2014-cü illərdə Azərbaycanda 
								şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" 
								çərçivəsində həyata keçirilən tədbirləri mərasim 
								iştirakçılarının diqqətinə çatdırdı. Qeyd edildi 
								ki, proqram qəbul olunduqdan sonra 
								respublikamızda şahmat hərəkatı daha da inkişaf 
								etməyə başlamış, şahmat məktəblərinin 
								maddi-texniki bazasının möhkəmləndirilməsi, 
								onların müasir inventar və kompüter 
								avadanlıqları ilə tam təmin olunması 
								istiqamətində işlər görülüb. Bütün bunların 
								şahmatçılarımızın beynəlxalq yarışlarda 
								uğurlarının sayının artmasına zəmin yaratdığını 
								söyləyən nazir məktəblilərin 2009-cu ildə Avropa 
								və dünya birinciliklərində 5 medal, 2010-cu ildə 
								isə 15 medal qazandıqlarını, şahmatçılarımızın 
								bir sıra digər beynəlxalq turnirlərdə də çoxlu 
								sayda medal əldə etdiklərini bildirdi. Nazir 
								Misir Mərdanov şahmat sahəsində mövcud 
								potensial, bu idman növünün gələcəyinin təmin 
								edilməsi, şahmatçılarımızın  beynəlxalq 
								yarışlarda daha parlaq uğurlara imza atması 
								istiqamətində görülən işlərdən biri kimi "Şahmat 
								dünyası" multimedia sisteminin hazırlanmasını 
								yüksək dəyərləndirdi. Təhsil naziri qeyd etdi 
								ki, multimedia sistemində bölmələrdə verilən 
								mövzular yüksək səviyyəli peşəkar şahmatçılar və 
								beynəlxalq dərəcəli məşqçilər tərəfindən 
								yazılıb. Dünya təcrübəsinə əsaslanan bu tədris 
								vəsaitinin gənc şahmatçılarımız üçün gözəl bir 
								töhfə olduğunu söyləyən nazir hazırda "Şahmat 
								dünyası" multimedia sisteminin 2-ci hissəsinə 
								hazırlıq işlərinin görüldüyünü, bura Azərbaycan 
								şahmatçılarının yaradıcılığı, debüt hazırlığı, 
								taktika və kombinasiyalar, şahmat praktikasında 
								rast gəlinən mübahisəli hallar, klassik 
								bəstələr, dünya çempionlarının 101 miniatürü və 
								digər bölmələrin daxil ediləcəyini bildirdi. 
								Bundan başqa, şahmat tarixində ən vacib sayılan 
								15 adda tədris vəsaitinin tərcümə edilməsi və 
								onun elektron multimedia sisteminin hazırlanması 
								nəzərdə tutulduğu da  qeyd olundu.  
								
								Çıxışının sonunda təhsil naziri "Şahmat dünyası" 
								multimedia sisteminin hazırlanmasında əməyi olan 
								hər bir kəsə təşəkkürünü bildirərək 
								şahmatçılarımızın ölkəmizi bundan sonra da 
								mötəbər yarışlarda  layiqincə təmsil 
								edəcəklərinə ümidvar olduğunu söylədi. 
								 
								
								Azərbaycan şahmatçılarının ümummilli lider 
								Heydər Əliyevin qayğısı və diqqəti sayəsində 
								dünya arenasında tanınmasından, ölkə başçısı 
								cənab İlham Əliyev tərəfindən idmanın bütün 
								sahələrinin, o cümlədən şahmatın inkişafı 
								istiqamətində aparılan məqsədyönlü işlərdən söz 
								açan təhsil nazirinin müavini Elmar Qasımov əldə 
								olunan uğurlu nəticələrdən danışdı. Nazir 
								müavini bildirdi ki, həyata keçirilən 
								tədbirlərin nəticəsidir ki, Azərbaycanda 
								şahmatın kütləviliyi artıb, uşaq-gənclər şahmat 
								məktəbləri ən müasir avadanlıqlarla, informasiya 
								- kommunikasiya texnologiyaları ilə təmin 
								edilib,  elektron vəsaitlər hazırlanaraq gənc 
								şahmatçıların ixtiyarına verilib. Bundan başqa, 
								xarici ölkələrdə keçirilən nüfuzlu yarışlarda 
								şahmatçılarımızın mütəmadi olaraq iştirakı təmin 
								olunub. Elmar Qasımov bu gün bizim tanınmış 
								şahmatçılarımızla yanaşı perspektivli, 
								ümidverici yeniyetmələrin də yetişdiyini və 
								onların yaxın illərdə xoş sorağının mötəbər 
								yarışlardan gələcəyinə əmin olduğunu söyləyərək 
								həmin idmançıların adlarını qeyd etdi. Nazir 
								müavini daha sonra mərasim iştirakçılarına  
								şahmatın inkişafı ilə bağlı Təhsil Nazirliyinin 
								həyata keçirdiyi tədbirlər barədə də ətraflı 
								məlumat verərək şahmatçıların ixtiyarına verilən 
								"Şahmat dünyası" multimedia sisteminin 
								əhəmiyyətinə toxundu. 
								
								Sonra "Şahmat dünyası" multimedia sisteminin 
								təqdimatı oldu. Elektron vəsaitdə ayrı -ayrı 
								bölmələrdə şahmat tarixi, Azərbaycanda şahmatın 
								tarixi, ölkəmizdə şahmatın inkişafına göstərilən 
								dövlət qayğısı öz əksini tapıb. Adıçəkilən 
								multimedia sisteminə daxil olan istifadəçi 
								həmçinin hakimlik, şahmat bəstəçiliyi, gedişlər 
								və uduşlar, fiqurların gediş qaydaları, dahi 
								şəxsiyyətlər, bütövlükdə şahmat, eləcə də  
								tanınmış şahmatçılarımız  barədə ətraflı  
								məlumat almaqla yanaşı, həmçinin bu sahədə 
								işlənən terminlərin izahlı lügəti ilə tanış 
								olmaq imkanı əldə edəcəkdir.  
								
								Çıxış üçün söz alan gənclər və idman nazirinin 
								müavini İsmayıl İsmayılov, Ailə, Qadın və Uşaq 
								Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini 
								Aynur Sofiyeva, "Çaşıoğlu-Multimedia" şirkətinin 
								direktoru Rəhilə Səfərəliyeva, Şamaxı rayon 
								Uşaq-Gənclər Şahmat Məktəbinin direktoru Asif 
								Ağayev ölkəmizdə şahmatın inkişafına göstərilən 
								diqqət və qayğıdan danışdılar və "Şahmat dünyası" 
								multimedia sisteminin istifadəyə verilməsinin 
								şahmatçılar, eləcə də şahmatsevərlər üçün 
								qiymətli bir hədiyyə olduğunu bildirdilər.
								 
								
								Mərasimin sonunda təhsil naziri Misir Mərdanov "Şahmat 
								dünyası" multimedia sisteminin ilk nüsxələrini 
								gənc şahmatçılara təqdim edərək onlara daha  
								yüksək nailiyyətlər əldə etməyi arzuladı.  
								
								
								
								Samirə KƏRİMOVA  | 
								  |