| 
								 
								Mayın 4-də Akademik Milli Dram Teatrında 
								ümummilli lider Heydər Əliyevin anadan olmasının 
								88-ci ildönümünə həsr olunmuş "İstedada diqqət 
								və qayğı gələcəyə yönəlik sərmayədir" adlı 
								konfrans keçirildi. 
								
								 Tədbir 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Azərbaycan 
								Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 
								Respublika Komitəsinin birgə təşkil etdiyi 
								eyniadlı yaradıcılıq müsabiqəsinin yekunlarına 
								həsr olunmuşdu. 
								
								Konfransda təhsil naziri Misir Mərdanov, millət 
								vəkilləri, Bakı Şəhər İcra Hakimiyyətinin və 
								ictimai qurumların nümayəndələri, ümumtəhsil 
								müəssisələrinin rəhbərləri və KİV təmsilçiləri 
								iştirak edirdilər. 
								
								Qeyd edək ki, məktəblilər arasında təşkil olunan 
								ədəbi-bədii və kompüter layihələri üzrə" 
								İstedada diqqət və qayğı gələcəyə yönəlik 
								sərmayədir"  müsabiqəsinin əsas məqsədi 
								istedadlı şagirdlərin yaradıcılıq 
								qabiliyyətlərinin inkişafı üçün hərtərəfli 
								əlverişli şərait yaratmaqdır. Cari ilin fevral-may 
								aylarında məktəb, rayon və şəhər olmaqla 3 
								mərhələdə keçirilmiş yaradıcılıq müsabiqəsinə 
								Bakı şəhərinin ümumtəhsil məktəblərinin VIII-XI 
								sinif şagirdləri qatılmışlar. Əsasnaməyə görə, 
								məktəblilər müsabiqədə ədəbi-bədii layihələr 
								üzrə inşa yazı, şeir, bədii qiraət və rəsm 
								nümunələri, kompüter layihəsi üzrə isə 
								təqdimatlar, veb-saytlar, kompüter proqramları 
								və öyrədici işlərlə iştirak etmişlər. 
								
								Konfransı açaraq iştirakçıları salamlayan Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə 
								Rzaquliyeva giriş sözü söylədi. 
								
								Yaradıcılıq müsabiqəsində minlərlə paytaxt 
								məktəblisinin iştirak etdiyini əlamətdar hal 
								kimi dəyərləndirən Nailə Rzaquliyeva qeyd etdi 
								ki, balaca istedadlar öz bacarıqlarını nümayiş 
								etdirməklə yanaşı, həm də ulu öndər Heydər 
								Əliyev haqqında dəyərli fikirlər söyləmək imkanı 
								qazandılar. Bu müsabiqə göstərdi ki, xalqımızın 
								potensial imkanları tükənməzdir, bəşəriyyətə çox 
								böyük dahilər verən Azərbaycan xalqı istedadlı 
								gənc nəslə malikdir. 
								
								Ümummilli lider Heydər Əliyevin istedadlı 
								uşaqları milli sərvət adlandırdığını, onların 
								qayğısına qalmağı tövsiyə etdiyini xatırladan 
								idarə müdiri bu müsabiqənin həmin tövsiyəyə əməl 
								olunması istiqamətində atılan addımlardan biri 
								olduğunu vurğuladı. 
								
								N.Rzaquliyeva qeyd etdi ki, təkcə istedadın 
								olması yetərli deyil. Əsas məsələ bu istedadı 
								üzə çıxarmağı və inkişaf etdirməyi bacarmaqdır. 
								
								İstedadlı uşaqların qabiliyyətlərinin inkişaf 
								etdirilməsi evdə valideynlərin, məktəbdə 
								müəllimlərin, bütövlükdə isə cəmiyyətin işidir. 
								Müsabiqənin həyəcan dolu anları artıq arxada 
								qalıb. Bu gün qaliblər mükafatlandırılacaqlar. 
								Yəqin ki, bu mükafatın maddi tərəfi deyil, 
								mənəvi dəyəri onlar üçün daha önəmli olacaqdır. 
								
								BŞTİ-nin müdiri N.Rzaquliyeva çıxışının sonunda 
								Bakı təhsilinə qayğı və diqqətini əsirgəməyən 
								təhsil naziri Misir Mərdanova, Azərbaycan Təhsil 
								İşçiləri Azad Həmkarlar İttifaqı Respublika 
								Komitəsinin sədri Səttar Mehbalıyevə, bir neçə 
								ay davam edən müsabiqəyə təqdim edilmiş hər bir 
								işə obyektiv qiymət verən münsiflər heyətinə və 
								bu tədbirin keçirilməsində əməyi olan hər kəsə 
								təşəkkürünü bildirdi. 
								
								Azərbaycan Respublikasının təhsil naziri Misir 
								Mərdanov konfransdakı çıxışında hazırda ölkədə 
								təhsilə xüsusi diqqət və qayğı göstərilməsindən 
								bəhs etdi: "Ölkənin bütün ali məktəblərində 
								maddi-texniki baza möhkəmlənib, təmir, 
								yenidənqurma işləri aparılıb, lazımi 
								avadanlıqlar əldə edilib. Orta məktəblərdə də 
								analoji proseslər gedir. Son illər ərzində  
								Azərbaycada iki mindən artıq məktəb tikilib və 
								əsaslı təmir olunub, avadanlıqla, kompüterlərlə 
								təchiz edilib". 
								
								Respublikamızda istedadlı gənclərin üzə 
								çıxarılması üçün dövlət səviyyəsində məqsədyönlü 
								iş aparıldığını deyən təhsil naziri bununla 
								bağlı müəllimlərin üzərinə daha çox vəzifə 
								düşdüyünü, onların bu işə çox məsuliyyətlə 
								yanaşmalarının zəruri olduğunu vurğuladı. 
								
								Konfransda çıxış edən millət vəkilləri Məlahət 
								Həsənova və Səttar Mehbalıyev müsabiqə 
								qaliblərinə gələcəkdə daha böyük uğurlar 
								qazanmağı arzuladılar. 
								
								Məktəblilər tədbir boyu maraqlı ədəbi-bədii 
								proqramla çıxış etdilər. Çıxışlar arasında 
								qaliblərin mükafatlandırılması mərasimi 
								keçirildi. 
								
								Konfransı yekunlaşdıran təhsil naziri Misir 
								Mərdanov ümummilli lider Heydər Əliyevin anadan 
								olmasının 88-ci ildönümü münasibətilə belə 
								maraqlı tədbir hazırladığına görə BŞTİ-nin 
								rəhbərliyinə təşəkkürünü bildirdi.  
								
								
								
								Hicran ƏKBƏROVA  |