| 
								 
								Azərbaycan Texniki Universitetinin professor-müəllim 
								heyətindən ibarət 42 nəfərlik bir qrup, həmin 
								təhsil ocağının rektoru, texnika elmləri doktoru, 
								professor Havar Məmmədovun rəhbərliyi ilə bu 
								günlərdə Sumqayıt Texnoparkında tətbiq olunan 
								elmtutumlu texnologiyalarla tanış olmuşdur. 
								Tədbir "Azərenerji" ASC-nin prezidenti Etibar 
								Pirverdiyevin dəvəti ilə həyata keçirilmişdir. 
								Burada məqsəd innovasiya xarakterli müasir 
								istehsalat müəssisələrinin mühəndis-texniki 
								kadrlara olan tələbatını yerində öyrənmək və 
								texnoparkın texnoloji strukturları ilə AzTU-nun 
								elmi-texniki potensialının qarşılıqlı əməkdaşlıq 
								perspektivlərini müəyyənləşdirmək olmuşdur. 
								
								STP-yə transfer olunan yüksək texnologiyalar 
								barəsində "Azərenerji" ASC-nin prezidenti 
								E.Pirverdiyev ətraflı məlumat vermiş və qeyd 
								etmişdir ki, STP-nin yaradılması ilə gənclik 
								şəhəri olan Sumqayıtın ənənələri (Qafqazın 
								sənaye mərkəzi olması) bərpa olunur. Texnopark 
								Sumqayıt şəhəri üçün yeni iş yerlərinin 
								yaradılması və müasir texnologiyaların inkişaf 
								etdirilməsi, ölkə üçün isə innovasiya əsaslı, 
								elmtutumlu və rəqabətqabiliyyətli iqtisadiyyatın 
								inkişaf etdirilməsi vasitəsidir. STP ölkənin 
								elektroenergetika sənayesində yeni infrastruktur 
								layihələrin həyata keçirilməsi üçün lazım olan 
								müasir avadanlıqların yeni texnologiyalar 
								əsasında istehsalını həyata keçirir. Parkın 
								tərkibində 16 zavodun fəaliyyət göstərməsi 
								planlaşdırılır.  
								
								AzTU-nun rektoru, professor Havar Məmmədov 
								bildirdi ki, bu gün Azərbaycan iqtisadiyyatının 
								inkişaf bazasının yüksək texnologiyalar əsasında 
								qurulması üçün ölkə Prezidenti cənab İlham 
								Əliyev tərəfindən uğurlu siyasət həyata 
								keçirilir. Yüksək texnologiyalar biliyə söykənən 
								iqtisadiyyatın yaranması istiqamətində irəli 
								atılmış tutarlı bir addımdır. Bu istiqamətdə 
								həyata keçirilən fəaliyyətin əyani nümunəsi 
								Sumqayıt Texnoparkıdır. STP postsovet məkanında 
								fəaliyyət göstərən texnoparklar içərisində həm 
								ərazi, həm istehsal çeşidinin genişliyi, həm də 
								istifadə olunan elmtutumlu texnologiyaların 
								həcmi nöqteyi-nəzərindən ən qabaqcıllarından 
								biridir. STP iqtisadiyyatın innovasiya 
								prinsipləri əsasında inkişafını təmin edən, 
								yüksək texnologiyalara əsaslanan biznes 
								proseslər üçün meydan ola bilən, müasir 
								ideyaların reallaşdırılmasına imkan verən və 
								beləliklə də ölkə iqtisadiyyatında sabitliyi 
								təmin edən əsas amillərdəndir. Bu gün Azərbaycan 
								MDB və Şərqi Avropa ölkələri arasında xarici 
								investisiyanın adambaşı həcminə görə lider 
								ölkədir. Texnopark ideyası ölkə iqtisadiyyatının 
								innovasiyalar əsasında inkişafını nəzərdə tutur 
								və ölkənin iqtisadi tərəqqisi üçün yüksək 
								aktuallıq kəsb edir. İnnovasiyalar əsasında 
								inkişaf istehsalata çıxış yolları axtaran ali 
								məktəblər, o cümlədən də AzTU üçün elmi-texniki 
								potensialı reallaşdırmaq istiqamətində geniş 
								imkanlar açır. Rektor Havar Məmmədov vurğuladı 
								ki, ölkə Prezidenti cənab İlham Əliyev 
								Azərbaycanın gələcəyini yüksək mədəniyyətli, 
								bilikli, müasir informasiya texnologiyalarına 
								yiyələnmiş, Avropa dillərini bilən, yüksək 
								texnologiyaların daşıyıcısı olan gənclərdə görür. 
								AzTU-nun 8 fakültəsində respublika sənayesinin 
								bütün sahələrini əhatə edən 70 ixtisas üzrə 
								7000-dən çox bakalavr və magistrant təhsil alır. 
								Texniki Universitet Avropanın və postsovet 
								məkanının qabaqcıl universitetləri ilə 
								əməkdaşlıq əlaqələrini daim möhkəmləndirir. 
								AzTU-da bu yaxınlarda texnoloji təminatı 
								Amerikanın HAAS şirkətinin rəqəmli proqramla 
								idarə olunan son nəsil texnoloji avadanlıqlarla 
								təchiz edilmiş, proqram təminatı isə Almaniyanın 
								Keller şirkətinin SoftWare SYMplus proqram 
								məhsulları əsasında formalaşdırılmış "Virtual 
								layihə-texnoloji tədris mərkəzi" istifadəyə 
								verilmişdir. Mərkəzin bazasında təşkil edilmiş, 
								tərkibində İnternetə qoşulmuş müasir kompüterlər, 
								interaktiv elektron lövhə və s. var. HAAS 
								şirkətinin imitatorları olan sinifdə RPİ 
								dəzgahlarının idarəedici proqramlarının 
								avtomatlaşdırılmış işlənməsi və digər müasir 
								texnoloji mövzularda seminar və treninqlər 
								keçirilir. STP-nin mütəxəssislərinin AzTU-da 
								təşkil edilən elmi-texniki seminar və 
								konfranslarda iştirakı, təkmilləşdirmə və yeni 
								ixtisasalma kimi əlavə təhsil kursları keçməsi, 
								ali məktəbin elmi-texniki heyətinin isə 
								texnoparkın texniki və texnoloji problemlərinin 
								həllində yaxından iştirak etməsi, tələbələrin də 
								STP-də təcrübə keçməsi məqsədyönlü olardı.  
								
								
								
								Müşfiq BORÇALI, 
								AzTU-nun Mətbuat şöbəsinin müdiri  | 
								  |