| 
								 
								 Fəal 
								təlimi son illər ölkəmizdə böyük vüsətlə həyata 
								keçirilən islahatların ən uğurlu nəticələrindən 
								biri saymaq olar. Sevindirici haldır ki, hazırda 
								ümumtəhsil məktəblərində çalışan müəllimlərin 
								əksəriyyəti öz fəaliyyətində fəal təlimə geniş 
								yer verir, dərslərini müasir dərsə verilən 
								tələblər əsasında qurmaq üçün yaradıcılıq 
								axtarışları aparır, təlimə innovativ 
								yanaşmalardan bəhrələnir, İKT vasitələrinin 
								tətbiqinə çalışır. Bunu möhtərəm Prezidentimizin 
								xüsusi sərəncamı ilə son illər ölkəmizdə 
								keçirilən "Ən yaxşı müəllim" müsabiqələrinin 
								seçim turlarında ayrı-ayrı müəllimlərin öz 
								fəaliyyətləri haqqında etdikləri təqdimatlar da 
								aydın göstərir. Belə müəllimlərdən biri Bakıdakı 
								238 nömrəli tam orta məktəbin ibtidai sinif 
								müəllimi Səkinə İsmayılovadır. Cari tədris 
								ilində "Ən yaxşı müəllim" müsabiqəsinə qoşulmuş 
								və əvvəlki turlardan uğurla keçmiş 
								S.İsmayılovanın bu günlərdə müsabiqənin son 
								turunda öz fəaliyyəti haqqında etdiyi təqdimata 
								müsabiqənin münsiflər heyətinin üzvləri, sözün 
								əsl mənasında, heyran qalmışlar.  Oxucularımız 
								üçün də maraqlı olacağını nəzərə alıb həmin 
								təqdimatı aşağıda dərc edirik.  
								
								İsmayılova Səkinə Əli qızı 1966-cı ildə 
								Ermənistan SSR Masis rayonunun Rəncbər kəndində 
								anadan olub. İlk təhsilini Rəncbər kənd orta 
								məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra 
								Naxçıvan Dövlət Pedaqoji Universitetinin ibtidai 
								təhsilin pedaqogikası və metodikası fakültəsinə 
								daxil olaraq burada ibtidai sinif müəllimi 
								ixtisasına  yiyələnib. 
								
								Təyinatla Saatlı rayonunun Qıraqlı kənd orta 
								məktəbində müəllim işləyib. 1989-cu ildən 
								Bakıdakı 238 nömrəli tam orta məktəbdə çalışır.  
								
								-  Təqdimatıma Aristotelin belə bir kəlamı ilə 
								başlamaq istəyirəm: "Mükəmməlliyin açarı 
								təhsildir". Hər bir fəlsəfi baxış kurikulumun 
								xüsusiyyətlərini dəyişdirən fərqli dəyərləri əks 
								etdirir. Məlum olduğu kimi, ənənəvi təhsil 
								fəlsəfəsinə görə, təhsilin məqsədi şagirdlərə 
								biliklərin əsaslarını öyrətməkdir. Təlim zamanı 
								fənn üzrə biliklər daha da genişləndirilir. 
								Müəllim böyüklər dünyası ilə uşaqlar aləmi 
								arasında əlaqələndirici rol oynayır. Şagird isə 
								bilik və bacarıqların daşıyıcısıdır və onlardan 
								yeri gələndə istifadə edə bilər. 
								
								 Bu 
								təhsil fəlsəfəsinin tətbiqi məni təlimdə bəzi 
								müvəffəqiyyətsizliklərə gətirib çıxarırdı. Belə 
								ki, dərslərimin keyfiyyəti nəticələr üzərində 
								yox, yaddaşda qalan biliklə ölçülürdü. Bilikləri 
								şagirdlərə hazır şəkildə verirdim. Geniş və 
								yorucu izahatlar dərsimdə geniş yer tuturdu. 
								Mövzu ətrafında informasiya azlığı  var idi. 
								Şagirdlər biliklərini praktikada tətbiq edə 
								bilmirdilər. Sərbəstlik çox az idi. Şagirdə öz 
								bacarığını göstərməyə az vaxt verirdim. Texniki 
								avadanlıq yox idi. Bəzən qiymətləndirmə nisbi 
								xarakter daşıyırdı. 
								
								Müvəffəqiyyətsiz olmaqdan qorxmayın. Unutmayın, 
								edə biləcəyiniz şeyləri etməyə başlarsınızsa, 
								özünüzü belə təəccübləndirəcək nəticələrə çata 
								bilərsiniz. "Məqsədi olmayanın varlığına şübhə 
								edərdim" (Mövlana). 
								
								"İnsan bir şeyi ciddi olaraq istəsin; heç bir 
								şey əlçatmayacaq qədər yüksəkdə deyildir" 
								(Anderson). 
								
								Bu kəlamlar, habelə "nə etməli", "təhsil 
								fəlsəfəmi necə dəyişməli" sualları üzərində 
								düşüncələr məni fəal təlim sahəsində axtarışlara 
								istiqamətləndirdi. İnteraktiv təlim metodları 
								üzrə təlim (2003), İKT üzrə təlim (2007), Milli 
								Kurikulum-ibtidai siniflərdə kurikulumların 
								tətbiqi (2009), İnternet texnologiyalarından 
								tədris prosesində istifadə qaydaları (2010), "İntel-gələcək 
								üçün təhsil" (2010) kurslarında iştirakım məni 
								uğura aparan yollara çıxardı. Nəhayət, 
								müvəffəqiyyət əldə etməyimin səbəbi olan 
								proqressivizm müasir təhsil fəlsəfəsinə 
								yiyələndim. Bu təhsil fəlsəfəsinə görə, təhsilin 
								məqsədi şagirdin daimi inkişafını təmin etməkdir. 
								Təlimdə şagirdlər problemin həllinə əsaslanan 
								layihələrə cəlb edilir. Müəllim 
								istiqamətləndirici və dəstəkləyicidir. Şagird 
								təcrübə aparandır. 
								
								 Proqressivizm 
								müasir təhsil fəlsəfəsinə əsaslanan Milli 
								Kurikulum və fənn kurikulumlarının tətbiqi bilik 
								və fəaliyyətdən ibarətdir. Bilik, fəal 
								interaktik təlim isə real həyat bacarıqları 
								verməklə müasir təfəkkürə malik şəxsiyyətlər 
								yetişdirir. Milli Kurikulum və fənn 
								kurikulumlarının tətbiqi mənim uğurlarımın açarı 
								oldu. 
								
								Uğurlarımın üç açarını qeyd etməyi lazım bilirəm. 
								Bunlar aşağıdakılardır: 
								
								1.Uğura inanmaq. Edə biləcəyinə inan: O zaman 
								ağlınız uğurun yolunu tapacaq. 
								
								2. Məqbul bir hədəf təyin etmək. Hədəflər 
								düşüncələrin dəqiqləşməsinə, vaxtdan istifadə 
								edəcəklərindən səmərəli istifadəyə kömək edir. 
								
								3.Sistemli çalışmaq. Plan qurmaq. Nəyi və nə 
								vaxt, necə və harada, nə qədər çalışacağını 
								əvvəldən təyin etmək. 
								
								 Bu 
								gün mən fəal/interaktiv təlimin tətbiqi 
								nəticəsində real həyati bacarıqlar 
								formalaşdırmaq üçün şagirdləri anlayaraq, 
								onların ehtiyac və maraqlarına uyğun təhsil 
								mühiti yaradaraq, fərdi xüsusiyyətlərini nəzərə 
								alaraq hər bir şagirdlə tək-tək maraqlanıram. 
								Sinifdə demokratik bir mühit yaradıram. 
								
								Məlumatları özüm verməkdən çox, uşaqları 
								öyrənməyə və araşdırmağa yönəldirəm. Zəif 
								şagirdlərə diqqəti artıraraq ən kiçik bir 
								müvəffəqiyyətlərinə görə onları rəğbətləndirirəm. 
								Şagirdlərin zəif olması səbəblərini araşdırır, 
								valideynlərlə söhbətlər aparıram. Sinif 
								yarışmaları təşkil edirəm. Şagirdlərdə 
								öz-özlərinə nəzarətetmə qabiliyyətlərini inkişaf 
								etdirirəm. Şagirdləri düşündürərək öyrənməyi 
								öyrədirəm. Onları tez-tez muzeylərə, tarixi 
								yerlərə gəzintilərə aparıram. 
								
								Dərslərdə oyunlardan istifadə edirəm. 
								Şagirdlərlə layihələr həyata keçirirəm. Bunun da 
								nəticəsində onlarda dinləyib anlama və bunlara 
								münasibət bildirmə, məntiqi düşünmə, riyazi 
								əlaqələri isbat etmə, riyazi mühakimələr etmə, 
								vizual düşünmə, obyektlərin xüsusiyyətlərini 
								şəkil və qrafiklərlə göstərmə, hiss və 
								duyğularının ifadəsində  musiqidən bir vasitə 
								kimi istifadə etmə duyğularını rollu oyunlar, 
								rəqs və idmanla ifadə etmə, digər insanlarla 
								ünsiyyət qurmaq, onları anlamaq və münasibət 
								bildirmək, fərdin özünü duyması və anlaması, 
								özünü ifadə etməsi, şəxsiyyətinə hörmət 
								bəsləməsi, bitkiləri, mineralları, heyvanları, 
								dünyanı, dağları, dənizləri və sairəni tanımaq, 
								təsvir etmək bacarıqları formalaşır. 
								
								Azərbaycan Respublikası Prezidentinin 10 iyun 
								2008-ci il tarixli sərəncamına əsasən, 
								"2008-2012-ci illərdə Azərbaycan Respublikasında 
								təhsil sisteminin informasiyalaşdırılması üzrə 
								Dövlət Proqramı" qəbul olundu. Bu proqramın 
								nəticəsi olaraq və elmi-texniki tərəqqinin 
								həyatımızın bütün sahələrini əhatə etdiyi bir 
								dövrdə tədris etdiyim fənlərin keyfiyyətini 
								artırmaq məqsədilə İKT-nin bütün imkanlarından 
								istifadə edirəm. İKT-nin tətbiqi təlim prosesini 
								həm əyaniliyi ilə zənginləşdirir, həm də 
								bilikləri praktik şəkildə tətbiq etməyə sövq 
								edir. 
								
								 Şagirdlərim 
								interaktiv lövhədə sərbəst çalışır və kompüterin 
								bütün imkanlarından istifadə edirlər. 
								Hazırladığım dərs nümunəsi Təhsil Problemləri 
								İnstitutunun Kurikulum Mərkəzi tərəfindən 
								bəyənilmiş və yayılması tövsiyə olunmuş, eyni 
								zamanda Bakı Şəhəri üzrə Təhsil İdarəsi 
								tərəfindən 19 may 2010-cu ildə Heydər Əliyev 
								adına Əl Oyunları Sarayında keçirilən "Təhsil, 
								zaman və biz" sərgisində nümayiş etdirilmişdir. 
								
								"Zamanın tələbi-fənn kurikulumlarının tətbiqi" 
								adlı dərs-konfransda verdiyim dərs yüksək 
								qiymətləndirilmiş və kurikulum.az saytında 
								yerləşdirilməsi tövsiyə olunmuşdur. 
								
								Topladığım bilik və təcrübəyə əsaslanaraq "Fəal 
								təlim vasitəsilə şagirdlərdə həyati bacarıqların 
								formalaşdırılması" adlı metodik tövsiyənin 
								müəlliflərindən biriyəm. 
								
								Nə öyrədirsiniz, öyrədin, amma onu gözəl öyrədin! 
								Bu gün şagirdlərim nümayiş etdirir, tədqiqat 
								aparır, kompüterdən istifadə edir və sərbəst 
								fikir söyləyirlər. 
								
								Şagirdlərin yaradıcılıq qabiliyyətini inkişaf 
								etdirmək üçün müxtəlif üsullardan istifadə etmək 
								vacibdir. Bu baxımdan sinifdənxaric və 
								məktəbdənkənar tədbirlərin rolu əvəzsizdir. 
								Tədris prosesinin sinifdənxaric tədbirlərlə 
								əlaqələndirilməsi hər bir şagirdin fərdi 
								qabiliyyətini, istedadını və yaradıcılığını 
								əhəmiyyətli dərəcədə dəyişir və dünyagörüşünü 
								formalaşdırır. Məsələn, "Vətəni sevməyi biz 
								sizdən öyrəndik, əziz Heydər babamız", "Rənglər 
								dünyasına səyahət edək", "Milli rəqslərimizi 
								sevək", "Milli adət-ənənələrimizi yaşadaq", "Əgər 
								prezident olsam...", "Tarixi şəxsiyyətləri 
								öyrənək", "Xeyriyyəçilərin yolu ilə", "Tariximizin 
								daş yaddaşı" , "Dahi  şairimiz Səməd Vurğunun 
								ev-muzeyi ilə tanışlıq" və Abdulla Şaiqin 130 
								illik yubileyinin keçirilməsi və s. layihələr 
								belə tədbirlərdəndir. 
								
								 İş 
								təcrübəmlə bağlı mətbuatda müxtəlif yazılarım 
								dərc olunub. Belə ki, "Təhsil problemləri" 
								qəzetində "Təhsildə inkişaf yolları" və "Tədris 
								prosesində didaktik oyunların tətbiqinin 
								əhəmiyyəti" adlı məqalələrlə, "Məktəbəqədər və 
								ibtidai təhsil" jurnalında dərs nümunəsi ilə 
								çıxış etmişəm. Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi 
								tərəfindən fəxri fərmanlarla təltif olunmuşam. 
								
								Arzum "Elektron məktəb", "Müəllim mənbələri 
								mərkəzi", "Elektron kitabxana" layihələrində 
								iştirak etməkdir.  
								
								Təqdimatımı Arximedin belə bir kəlamı ilə 
								bitirmək istəyirəm "Mənə dayaq nöqtəsi verin, 
								yeri tərpədim". 
								
								Ulu öndərimiz Heydər Əliyevin "Müəllimlik 
								dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən 
								gözəl bir peşədir" deməsi, möhtərəm 
								Prezidentimizin məlum fərmanı, Heydər Əliyev 
								Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun 
								xoşməramlı səfiri Mehriban xanım Əliyevanın 
								rəhbərliyi ilə Fondun yeni məktəb və bağçalar 
								tikdirməsi, təmir etdirməsi və onların yeni 
								avadanlıqlarla təchizi, bu gün isə cənab nazirin 
								və hörmətli münsiflər heyətinin məni diqqətlə 
								dinləməsi biz müəllimlərin gələcəkdə daha böyük 
								uğurlar əldə etməsi üçün bir stimuldur.  
								
								
								
								Hazırladı: Y.ƏLİYEV  |