| 
								 
								Azərbaycan Universiteti və Azərbaycan Bank 
								Tədris Mərkəzi (ABTM) arasında ikitərəfli 
								əməkdaşlıq sazişi imzalandı. Sazişə əsasən 
								tərəflər təlim və maarifləndirmə, beynəlxalq 
								əməkdaşlıq və birgə layihələrin həyata 
								keçirilməsi, informasiya mübadiləsi, 
								qanunvericilik-normativ baza və ictimai 
								fəaliyyət olmaq üzrə dörd sahədə əməkdaşlıq 
								edəcəklər.  
								
								Tərəflər maliyyə sektoru üçün kadr hazırlığının 
								keyfiyyətinin artırılması və işəgötürənlər üçün 
								daha hazırlıqlı kadrların hazırlanması 
								istiqamətində tədris proqramları üzrə 
								məsləhətləşmələrin aparılması, təhsil və təlimin 
								səviyyəsinin artırılması məqsədilə birgə "dəyirmi 
								masa"ların keçirilməsi, universitet müəllimləri 
								və ABTM-nin ekspertləri üçün birgə təlimlərin 
								təşkil edilməsi, birgə elmi konfransların, 
								seminarların, müzakirələrin, məsləhətləşmələrin, 
								forum və "dəyirmi masa"ların keçirilməsi, 
								Azərbaycanda maliyyə savadlılığının 
								artırılmasına yönəldilmiş birgə tədbirlərin 
								təşkili sahələrində razılığa gəliblər. 
								 
								
								Beynəlxalq əməkdaşlıq və birgə layihələrin 
								həyata keçirilməsi sahəsində müəllim və 
								ekspertlərin, habelə maliyyə sektorunun 
								inkişafına yardım edəcək layihələrin 
								hazırlanması və maliyyələşdirilməsi üçün 
								mənbələrin birgə axtarılıb tapılması, Azərbaycan 
								maliyyə bazarı üçün kadrların hazırlanması 
								sahəsində beynəlxalq maliyyə təşkilatları ilə 
								qarşılıqlı əlaqələrin qurulması istiqamətində 
								səylərin göstərilməsi, diplom və sertifikatların 
								yerli və beynəlxalq akkreditasiyası üçün səylər 
								göstərilməsi, qarşılıqlı surətdə xarici 
								tərəfdaşların tapılmasında, birgə layihələrdə 
								təmsil olunmaqlarına köməklik göstərilməsini də 
								tərəflər öhdələrinə götürüblər.  
								
								İnformasiya mübadiləsi sahəsində isə 
								universitetin və  ABTM-nin İnternet 
								səhifələrində linklər qoyulması, müntəzəm 
								informasiya mübadiləsinin aparılması nəzərdə 
								tutulur.  
								
								Tərəflər qanunvericilik-normativ baza və ictimai 
								fəaliyyət sahəsində də əməkdaşlıq edəcəklər. 
								Belə ki, Azərbaycanda maliyyə sektoru üçün 
								kadrların hazırlanması və  maliyyə bazarının 
								fəaliyyətini tənzimləyən qanunvericilik 
								bazasının inkişafı üzrə birgə təkliflərin 
								hazırlanması, Azərbaycanda maliyyə sektoru üçün 
								kadrların hazırlanmasına  yönəlmiş birgə 
								layihələrin həyata keçirilməsi məqsədilə 
								tərəflərin maraqlarının qanunvericilik, məhkəmə 
								və icra hakimiyyəti orqanlarında, həmçinin 
								Azərbaycanın kommersiya və digər ictimai 
								qurumlarında dəstəklənməsi üzrə qarşılıqlı 
								yardımın göstərilməsi, tərəflərin yaratdığı 
								qurumların (şuraların, komitələrin, işgüzar 
								qrupların və s.) fəaliyyətində qarşılıqlı 
								iştiraka təşəbbüs göstərilməsi də nəzərdə 
								tutulur.  
								
								
								
								Venera ŞƏRİFZADƏ, 
								Azərbaycan Universitetinin Mətbuat katibi  | 
								  |