| 
								 
								 Aprelin 
								30-da  T.İsmayılov adına Uşaq-Gənclər 
								Yaradıcılıq Sarayının "Uşaq dünyası" rəsm 
								qalereyasında "Ətraf mühiti qoruyaq" movzusunda  
								məktəblilərin  respublika  rəsm müsabiqəsinin  
								yekun tədbiri keçirildi. 
								
								Tədbirdə  Azərbaycan Respublikası  təhsil  
								nazirinin müavini Elmar Qasımov, ekologiya və 
								təbii sərvətlər nazirinin  müavini  Firdovsi 
								Əliyev, Təhsil Nazirliyinin Tərbiyə və 
								məktəbdənkənar müəssisələr şöbəsinin müdiri 
								Ağababa İbrahimov, Dövlət Rəssamlıq 
								Akademiyasının  əməkdaşları  Asif Azərelli və 
								Ceyhun Həmzəyev,  Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin Məktəbdənkənar təhsil sektorunun 
								müdiri Qənirə  Sultanova,  aparıcı mütəxəssis 
								Rövşən Əliyev, Respublika Ekoloji Tərbiyə  və 
								Təcrübəçilik Mərkəzinin direktoru Əli Şükürov və 
								müavini Lalə Dadaşova, T.İsmayılov adına  
								Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru 
								Bədaye Ramazanova və b.  iştirak edirdilər. 
								
								Tədbiri giriş  sözü ilə açan təhsil nazirinin 
								müavini  Elmar Qasımov qonaqları və məktəbliləri 
								salamlayaraq son dövrdə Təhsil Nazirliyinin 
								təşəbbüsü ilə  məktəblilərin ekoloji təhsili və 
								tərbiyəsi işini daha da təkmilləşdirmək 
								məqsədilə geniş və çoxsaylı tədbirlərin həyata 
								keçirildiyini söylədi.  Qeyd etdi  ki, son 
								illərdə ekoloji təhsilin inkişafında  olan 
								irəliləyişlər ekoloji biliklərin daha dərindən 
								mənimsənilməsinə və əməli fəaliyyətdə tətbiq 
								olunmasına şərait yaradır. Bu  gün sərgidə 
								Azərbaycanın bütün regionlarının təbii 
								gözəlliklərini, ətraf mühitin qorunmasını təbliğ 
								və təmsil edən 207 yaradıcılıq işi nümayiş 
								olunur. 
								
								Nazir müavini  həmin rəsmləri yüksək  
								dəyərləndirərək  Naxçıvan Muxtar Respublikasının, 
								Bakı, Sumqayıt, Gəncə şəhərləri, Masallı, 
								Goranboy, Saatlı, Siyəzən, Ağdam, Ağcabədi, 
								Lənkəran, Qusar rayon ETTM-lərinin, UYM-nin 
								uğurlu yaradıcılıq işlərini xüsusi olaraq 
								vurğuladı. E.Qasımov qeyd etdi ki, rəsm 
								müsabiqəsi   3 yaş qrupu  (6-9 , 10-13 ,14-17 
								yaşlar) və 3 mərhələ ( məktəb, rayon, (şəhər) və  
								respublika) üzrə keçirilərək respublikanın 
								müxtəlif regionlarında  istedadları üzə çıxarıb.  
								Müsabiqənin  məktəb və rayon mərhələlərində  
								2000-dən artıq məktəbli öz rəsmlərində  ana 
								yurdun zəngin təbiətini, misilsiz təbii 
								sərvətlərini, ətraf mühitin ekoloji vəziyyətini 
								məhəbbətlə əks etdirib.  Müsabiqənin  respublika 
								mərhələsinə  52 rayon  və şəhərdən təqdim olunan 
								360-a qədər yaradıcılıq işində  məktəblilər 
								təbiətin gözəllikləri ilə yanaşı,  antropogen 
								təsirin neqativ nəticələrini, təbii sərvətlərə 
								və  canlılara qayğıkeş münasibətin zəruriliyini 
								də təsvir ediblər. 
								
								Tədbirdə çıxış edən qonaqlar məktəblilərə  
								ekoloji təhsildə  yeni nailiyyətlər arzulayıb, 
								ətraf mühitin qorunması məqsədilə keçirilən 
								aylıqlarda, ekoloji aksiyalarda və digər 
								tədbirlərdə daha yaxından iştirak etməyi  
								tövsiyə etdilər.  
								
								Tədbirin sonunda   müsabiqə qaliblərinə Təhsil 
								Nazirliyinin diplom və hədiyyələri təqdim olundu.  
								"Ətraf mühiti qoruyaq" movzusunda nümayiş olunan 
								rəsmlərə baxış keçirildi.  
								
								
								
								Sifai SƏFƏROVA  | 
								  |