| 
								 
								Azərbaycan Respublikasının təhsil naziri, 
								əməkdar elm xadimi, professor Misir Mərdanovun 
								rəhbərlik etdiyi layihə əsasında hazırlanmış "Azərbaycanın 
								təhsil nazirləri" kitabı çapdan çıxıb. Kitabda 
								Azərbaycan Demokratik Respublikası dövründən bu 
								günədək ölkəmizin təhsil sisteminə rəhbərlik 
								etmiş şəxslər haqqında məlumatlar yer alıb. 
								Təhsil nazirləri haqqında həmin yazıları 
								qəzetimizin bu nömrəsindən başlayaraq 
								oxucularımıza təqdim edirik.   
								
								 Nəsib 
								bəy Yusif bəy oğlu Yusifbəyli 1881-ci ildə 
								Gəncədə anadan olub. Qədim milli və tarixi 
								ənənələr yaşadılan Gəncədə elin hörmət və 
								ehtiramını qazanmaq hər ailəyə, hər kəsə qismət 
								olmayıb. XIX əsrin 80-ci illərində nüfuzlu 
								ailələrdən biri də Nəsib bəyin atası Yusif bəy 
								Yusifbəylinin ocağı idi. Sankt-Peterburqda ali 
								təhsil almış Yusif bəy Yusifbəylinin həyat 
								yoldaşı Cəmilə xanım məşhur Xanbudaqovlar 
								nəslindən idi. Onun atası Böyük bəy Xanbudaqov 
								1840-cı ildə Şəkidən Gəncə yaxınlığındakı 
								Borsunlu kəndinə köçərək orada məskunlaşıb. 
								
								Gəncə klassik gimnaziyasını bitirdikdən sonra 
								1902-ci ildə Odessa Universitetinin hüquq 
								fakültəsinə daxil olan Nəsib bəy Yusifbəyli 
								təhsil almaqla bərabər, həm də milli azadlıq 
								hərəkatına qoşulub, azərbaycanlı tələbələrin "Həmyerlilər" 
								təşkilatının rəhbərlərindən birinə çevrilib. 
								Universitetdə baş verən hadisələrə görə tədris 
								ocağı bağlanır, fəal tələbələr ciddi təqiblərlə 
								üzləşirlər. Nəsib bəy Yusifbəyli çar 
								xəfiyyələrinin təqibindən yaxa qurtarmaq üçün 
								1906-cı ildə Krımın Bağçasaray şəhərinə köcüb, 
								böyük tatar mütəfəkkiri və publisisti İsmayıl 
								bəy Qaspıralının (1851-1914) "Tərcüman" 
								qəzetində çalışıb. İctimai-siyasi mövzulu 
								məqalələri ilə oxucu auditoriyası qazanan Nəsib 
								bəy Yusifbəyli Qaspıralının qızı Şəfiqə xanımla 
								(1886-1975) ailə qurub. Bu nikahdan Niyazi və 
								Zəhra adlı iki övladı olan Nəsib bəy buradakı 
								təqiblərdən yaxa qurtarmaq üçün İstanbula köcüb 
								(1908), publisistik fəaliyyətilə bərabər, həm də 
								"Türk dərnəyi" cəmiyyətinin təşkili ilə məşğul 
								olub. Bir il sonra Vətənə dönüb, Gəncə şəhər 
								bələdiyyəsində çalışıb. 1911-ci ildə "Mədrəseyi-ruhaniyyə" 
								məktəbində çalışıb, "Molla Nəsrəddin" jurnalına 
								və qəzetlərə məqalələr göndərib, "Müsəlman 
								xeyriyyə cəmiyyəti", "Müsəlmanların 
								maariflənməsi cəmiyyəti", "Aktyorlar 
								cəmiyyəti"nin fəaliyyətində yaxından iştirak 
								edib. Bu zaman Məmməd Əmin Rəsulzadə ilə tanış 
								olub və ictimai-siyasi fəaliyyətə başlayıb. 
								
								Bu illər ərzində, sözün həqiqi mənasında, qısa 
								bir ömrə sığmayan ictimai-siyasi işlər görüb. 
								Mirzə Fətəli Axundovun anadan olmasının 100 
								illiyi münasibətilə Gəncədə Azərbaycan dilində 
								ilk kitabxana təsis edib. "Türk Sosial-Federalist 
								İnqilabi Komitəsi" adı ilə fəaliyyətə başlamış 
								(1905) təşkilatın əsasında qardaşı Həmid bəy 
								Yusifbəyli, Ələkbər bəy Rəfibəyli, Ələsgər bəy 
								Xasməmmədovla birlikdə "Qeyrət" təşkilatını 
								yaradıb.  
								
								Azərbaycanın 
								taleyində son dərəcə mühüm rol oynayan Gəncə 
								Milli Komitəsinin sədri kimi fəaliyyət göstərib. 
								Mühüm hadisələr tarixi kimi, onun həyatında 
								1917-ci ilin izi qalıb. Belə ki, fevral burjua 
								inqilabından sonra dərin siyasi-hüquqi təfəkkür 
								sahibi olan Nəsib bəy "Türk Ədəmi-Mərkəziyyət" 
								partiyasını yaradıb. 
								
								Rusiya Müəssislər Məclisinə (Parlamentinə) 
								Gəncədən üzv seçilən Nəsib bəy Yusifbəyli 
								1918-ci il aprelin 22-də elan olunmuş 
								Zaqafqaziya Demokratik Federativ Respublikasının 
								xalq maarifi naziri təyin edilib. Həmin il mayın 
								27-də Tiflisdə yaradılmış Milli Şuranın üzvü 
								olan Nəsib bəy, Fətəli xan Xoyskinin təşkil 
								etdiyi Hökumət Kabinetində də məhz xalq maarifi 
								və dini etiqad naziri vəzifəsini icra edib. 
								
								Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından 
								olan Nəsib bəy Yusifbəyli çağdaş milli 
								dövlətçilik tarixinə "Müstəqil Azərbaycan" 
								ideyasının müəllifi və onu gerçəkləşdirən 
								görkəmli siyasi və dövlət xadimlərindən biri 
								kimi daxil olmuşdur. O, həm də XX əsr Azərbaycan 
								təhsil, elm və mədəniyyəti tarixinə şanlı 
								səhifələr yazmış böyük maarifçi, gələcək 
								nəsillərə örnək olan əsl milli ziyalı kimi 
								tanınmışdır. Milli hökumətə bir ilə yaxın 
								rəhbərlik etmiş Nəsib bəyin adı Xalq 
								Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin 
								Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan 
								Xoyski, Həsən bəy Ağayev kimi məşhur dövlət 
								xadimlərinin adları ilə yanaşı çəkilir. Məşhur 
								1918-ci il 28 may tarixli "İstiqlal 
								Bəyannaməsi"ni imzalayan səkkiz istiqlal 
								mücahidindən, Milli Şura üzvlərindən biri olan 
								Nəsib bəyin Xalq Cümhuriyyətinin qurulmasındakı 
								tarixi xidmətlərindən danışarkən Məmməd Əmin 
								Rəsulzadə hələ 1929-cu ildə yazırdı: "Azərbaycan 
								ideyasını siyasi bir tələb maddəsi şəklində 
								formulə etmək şərəfi mərhum Nəsib bəyindir... 
								Bu, Nəsib bəy ismini (adını) Azərbaycan 
								tarixində ölməz və unudulmaz bir isim halına 
								qoymaq üçün kafidir..." 
								
								1919-cu 
								ilin mart ayında yeni hökumətin rəhbərliyinə 
								keçdiyi üçün xalq maarifi və dini etiqad naziri 
								vəzifəsindən kənarlaşsa da, bu sahəni diqqətdən 
								kənarda qoymayıb. Fətəli xan Xoyskinin rəhbərlik 
								etdiyi hökumət istefaya gedəndən sonra yeni 
								hökumət təşkil edən baş nazir Nəsib bəy 
								Yusifbəyli daxili işlər naziri vəzifəsini də 
								icra edib. 1920-ci ilin martına qədər dünyanın 
								böyük dövlətləri Azərbaycanın istiqlaliyyətini 
								tanıyıb, çoxminli ordu formalaşdırılıb, Nəsib 
								bəyin təklifi ilə Bakı Dövlət Universiteti 
								açılıb, 100 nəfər azərbaycanlı gənc xaricdə 
								oxumağa göndərilib, torpaq islahatı haqqında 
								qanun layihəsi hazırlanıb, Azərbaycanın milli 
								pulu dövriyyəyə buraxılıb. Azərbaycan 
								müəllimlərinin III Qurultayının keçirilməsində 
								də Nəsib bəyin xüsusi rolu qeyd olunmalıdır. 
								
								Milli hökumətin Tiflisdən Gəncəyə gəlişinin ilk 
								günlərindən aktiv milli təhsil siyasəti və 
								quruculuğuna girişən maarif naziri, böyük ziyalı 
								Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq 
								
								Maarifi və Dini Etiqad Nazirliyinin strukturu 
								təsdiq edilir, ölkədə fəaliyyət göstərən bütün 
								maarif və mədəniyyət ocaqları, məktəblər onun 
								tabeçiliyinə verilir. Nəsib bəyin maarif 
								sahəsində atdığı ilk addımlardan biri yüksək 
								vəzifələrə azərbaycanlıları irəli çəkməsi olub. 
								Qaynaqlar göstərir ki, 1918-ci ilin təkcə avqust 
								ayı ərzində azərbaycanlıların sıx yaşadığı Gəncə, 
								Şuşa, Cavanşir, Zəngəzur qəzalarının xalq 
								maarifi müfəttişliyində çalışan milliyyətcə 
								erməni və rus rəhbər maarif işçiləri 
								vəzifələrindən azad edilib, onların yerinə milli 
								kadrlar təyin olunub. 
								
								Nəsib bəy Yusifbəylinin nazir olduğu müddətdə 
								xalq maarifinin milli konsepsiya əsasında 
								təşkili ön plana çəkilib, ümumi icbari təhsil 
								layihələri hazırlanıb, kənd və şəhərlərdə yeni 
								məktəblər açılıb, milli məktəblər üçün müəllim 
								hazırlanması probleminin həllinə diqqət 
								artırılıb, Qori Müəllimlər Seminariyasının 
								Azərbaycan bölməsinin Firidun bəy Köcərlinin 
								təşəbbüsü və səyi ilə Qazaxa köçürülüb 
								fəaliyyətə başlaması reallaşdırılıb. 
								
								Təhsildə milliləşmə prosesində yaranan 
								çətinlikləri nəzərə alan Nəsib bəy nazirliyin 
								təklifi ilə şəhərlərdə Dövlət dilini məcburi 
								fənn kimi tədris etmək şərtilə paralel olaraq 
								rus bölmələrinin yaradılmasına razılıq verir. 
								Həmin dövrdə azərbaycanlı uşaqların yalnız 
								milliləşdirilmiş məktəblərdə təhsil almaları 
								tələb edilirdi. Lakin müstəsna hallarda ana 
								dilində danışa bilməyən uşaqlar Xalq Maarifi 
								Nazirliyinin xüsusi razılığı ilə rusca təhsilə 
								buraxıla bilərdi. Tarixi ədalət naminə deməliyik 
								ki, təhsildə bu cür milliləşmə siyasəti milli 
								təhsil tarixində müstəsna rolu olan tarixi addım 
								oldu. Məhz Nəsib bəy Yusifbəylinin birbaşa 
								rəhbərliyi ilə hazırlanıb həyata keçirilən həmin 
								qərarlar sayəsində Azərbaycanda ümumi təhsil 
								müəssisələrində tədrisin təşkilinin ana dilində 
								aparılmasına dair milli maarifçilərin yüz 
								illərlə arzuladıqları milli ideya gerçəkləşdi. 
								Azərbaycan türkcəsi Dövlət dili statusu qazandı, 
								ana dilimiz əsas təlim-tərbiyə, təhsil dilinə 
								çevrildi. 
								
								1919-cu ildə Azərbaycanda dövlət orta təhsil 
								müəssisələrinin sayı 23-ə çatdırılıb, 6 kişi, 4 
								qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər 
								seminariyası, 3 "Müqəddəs Nina" qız məktəbi, 
								politexnik məktəb və kommersiya məktəbi 
								fəaliyyət göstərib. Bakı Qadın Seminariyası Kişi 
								Seminariyasına çevrilib, orada təhsil alanlar 
								üçün pansion açılıb. 
								
								1918-1919-cu illərdə Gəncə Müəllimlər 
								Seminariyası milliləşdirilib, Bakıda 
								darülmüəllimin və darülmüəllimat, Nuxada 
								darülmüəllimin açılıb, Zaqatala, Ağdam və Şuşada 
								belə müəssisələrin yaradılması qərara alınıb. 
								Milliləşdirilmiş məktəblərdə ümumi türk tarixi, 
								təlim rus dilində olan tədris ocaqlarında 
								həftədə 3-4 saat Azərbaycan dili keçirilirdi. 
								Orta təhsilin milliləşdirilməsi reallaşdırılıb, 
								Abdulla Şaiqin təşəbbüsü ilə bütün dərslər rus 
								dilində keçilən Bakı I realnı məktəbində 
								Azərbaycan dili üzrə üçaylıq kurs açılıb. 
								
								Bir tərəfdən, elmi və pedaqoji kadrlar 
								hazırlamaq üçün ali və orta ixtisas məktəbləri 
								açılıb, o biri tərəfdən nəşriyyat-tərcümə 
								komissiyasının köməyi ilə dərsliklər hazırlanıb 
								çap etdirilib. Həmin dövrdə "Türk əlifbası və 
								ilk qiraət", "Türk qiraəti", "Yeni məktəb", "Rəhbəri-sərf", 
								"Tazə elmül-hesab", "Ədəbiyyat dərsləri", "Son 
								türk əlifbası", "Hesab məsələləri məcmuəsi", "Rəhbəri-cəbr", 
								"Milli qiraət", "Müntəxəbat", "Türk ədiblərindən 
								nümunələr" və digər dərsliklər nəşr olunub. 
								
								1920-ci ilin martına qədər baş nazir vəzifəsində 
								çalışmış Nəsib bəy Yusifbəyli Aprel 
								çevrilişindən sonra Parlamentin axırıncı 
								iclasından qayıdıb ailəsi ilə son görüşündə: "Fələk 
								məni çox yüksəltdi. Fəqət mən dünyanın ən 
								bədbəxt insanıyam", - söyləyib. Həmin il may 
								ayının əvvəllərində Nəsib bəy Yusifbəyli 
								ölkədəki xaos və özbaşınalıqdan istifadə edən 
								quldurlar tərəfindən qətlə yetirilib. 
								
								İnanırıq ki, "Müstəqil Azərbaycan" ideyasının və 
								təhsil sisteminin milliləşdirilməsi 
								konsepsiyasının müəllifi, böyük maarifçi Nəsib 
								bəy Yusifbəylinin ruhu bu gün şaddır. Çünki onun 
								arzuladığı müstəqil Azərbaycan Respublikası 
								hazırda dünyanın iqtisadi-siyasi və mədəni 
								cəhətdən inkişaf etmiş ölkələri sırasında 
								layiqli yer tutur. Uğrunda mübarizə apardığı 
								anadilli təhsil sistemi çoxdan reallığa 
								çevrilib, hazırda Azərbaycan təhsili sürətlə 
								dünya təhsil sisteminə inteqrasiya 
								olunmaqdadır...  | 
								  |