| 
								 
								Amerika sosiologiya mərkəzi "Barnaqrup" bu 
								yaxınlarda maraqlı bir tədqiqat aparıb. Onun 
								məqsədi Amerika yeniyetmələrinin kimdən nümunə 
								götürmələrini aydınlaşdırmaq olub. 13-dən 17-dək 
								yaşı olan uşaqlara valideynləri istisna olmaqla, 
								kimlərə oxşamağa cəhd etdikləri barədə sual 
								verilib. 
								
								Aydın olub ki, uşaqlar üçün bənzəmə nümunəsi 
								qismində daha çox qohumları çıxış edirlər - 37% 
								onları qeyd edib. Bir qayda olaraq bu, baba və 
								ya nənədir. Lakin qardaş, bacı, dayı və xalanın 
								da adı çəkilir. Sonra müəllimlər və məşqçilər 
								gəlirlər - yeniyetmələrin 11%-i onlara oxşamağa 
								can atır. Üçüncü yerdə - dostlar (9%), dördüncü 
								yerdə uşaqların şəxsən tanıdıqları keşişlər, 
								pastorlar, digər din xadimləridir (6%). Başqa 
								sözlə, rəyi soruşulanların əksəriyyəti 
								bilavasitə təmasda olduqları insanları 
								göstərmişdir. Bu da maraqlıdır ki, necə deyərlər, 
								gənclərin kumirləri yeniyetmələrin az hissəsini 
								maraqlandırır. Belə ki, aktyorlar, musiqiçilər, 
								teleaparıcılar, fotomodellər və əyləncə 
								sahəsinin digər personajları cavablarda cəmi 6% 
								yer alıblar, idmançılar 5, siyasi və dini 
								liderlərin hərəsi 4, biznesmenlər, komiks 
								müəllifləri (digər yazıçıların adını heç kim 
								çəkməyib), alimlər və hərbçilərin hərəsi isə 1% 
								"yığıblar". 
								
								Həyat nümunəsi seçiminin səbəblərinə gəldikdə 
								isə 26%-lə birinci yerə insanın şəxsi 
								keyfiyyətləri (həssaslıq, diqqətlilik, mərdlik) 
								çıxıb. 22% özünü həmin yolla reallaşdırmaq 
								arzusundadır. 11% isə öz kumirlərindən dəstək 
								görüblər: "Onların sayəsində mən yaxşı olmuşam", 
								"O, məndən həmişə razıdır". Digər səbəblər "O, 
								istədiyinə nail olub" (13%), "O, öz 
								bədbəxtliyini dəf edib" (9%), "O, cidd-cəhdlə 
								çalışır" (7%), "O, insanlara kömək göstərməyə 
								səy edir" (6%), "O, çox istedadlıdır" (5%) 
								cavablarında öz əksini tapıb. 
								
								Yalnız 3% öz kumirlərinin var-dövlətinə, 1% isə 
								şöhrətinə valeh olduğunu bildirib.  
								
								
								
								"Uçitelskaya qazeta"dan  
								hazırladı: Y.ƏLİYEV  | 
								  |