| 
								   
								
								San-Diyeqo Kaliforniya Universiteti 
								(University of California, San Diego) ABŞ-da 
								Kaliforniya ştatının San-Diyeqo şəhərində, La-Colla 
								şəhərətrafı kurort ərazisində yerləşir. 
								San-Diyeqo Kaliforniya Universiteti Kaliforniya 
								Universitetinin 10 filialından biridir və ştatın 
								böyük dövlət elmi-tədqiqat mərkəzi kimi 
								fəaliyyət göstərir. 
								 Böyük 
								Britaniyanın "Times Higher Education Supplement 
								- QS World Universities Rankings" jurnalının 
								2009-cu ildə apardığı dünya universitetlərinin 
								reytinqinə əsasən, San-Diyeqo Kaliforniya 
								Universiteti 100 ən yaxşı ali məktəb arasında 
								76-cı yerdə olub. 2010-cu il üzrə dünyanın ən 
								nüfuzlu universitetləri arasında San-Diyeqo 
								Kaliforniya Universiteti "Times Higher Education 
								World University Rankings"in apardığı 
								araşdırmaya əsasən 32-ci, "QS World University 
								Rankings"in açıqlamasına görə isə 65-ci yerdə 
								qərarlaşıb.  
								
								Tarixi  
								
								1956-cı ildə Kaliforniya Universitetinin Naiblər 
								Şurası bu ştatda yeni ali məktəb açmaq qərarına 
								gəlir. Kaliforniyada yerləşən Skripps 
								İnstitutunun direktoru Rojer Revell San-Diyeqo 
								şəhərində təhsil səviyyəsi Kaliforniya 
								Texnologiya İnstitutu ilə müqayisə edilə biləcək 
								elmi-texniki məktəb yaratmağı tövsiyə edir. 
								Səsvermə nəticəsində San-Diyeqo şəhərinin 
								əhalisi bu fikri dəstəkləyir və Skripps 
								İnstitutunun yaxınlığında - Sakit okeanın 
								sahilində gələcək ali məktəb üçün 59 akr (240000 
								m2) ərazi ayrılır. Naiblər isə institutun 
								şimal-qərbində yerləşən və istifadə edilməyən 
								550 akr (220 hektar), eləcə də əvvəllər Metius 
								hərbi bazasının yerləşdiyi 500 akr (220 hektar) 
								ərazini tələb edirlər. Lakin Revell La-Colla 
								ərazisinə müstəsna hüquqlarını iddia edərək 
								buradakı irqi azlıqlar dini qruplarla ziddiyyət 
								aparır, bununla da yerli mühafizəkar 
								partiyasının tərəfdaşlarının, eləcə də 
								Kaliforniya Universitetinin naibi Edvin Polinin 
								qəzəbinə səbəb olur.  
								 Kaliforniya 
								Universitetinin prezidenti Klark Kerr 
								San-Diyeqodan olan ianəçilərin istəklərini 
								nəzərə alaraq La-Colla Kaliforniya 
								Universitetinin adının dəyişdirilməsinə razılıq 
								verir və şəhər sakinlərinin səsverməsi 
								nəticəsində ali məktəb San-Diyeqo Kaliforniya 
								Universiteti adlandırılır. Revell ilə mübahisə 
								yaşandığı üçün universitetin kansleri vəzifəsinə 
								Livermor Milli Laboratoriyasının ilk direktoru 
								Herbert York təyin edilir. York Revellin bir çox 
								ideyasına əsaslanaraq  rəhbərlik etdiyi 
								universitetin əsas kampusunun planını Oksford və 
								Kembric  universitetinin kampuslarına oxşar 
								hazırlayır.  
								
								1957-ci ildə "General Dynamics" korporasiyasının 
								prezidenti Con Hopkins San-Diyeqo Kaliforniya 
								Universiteti üçün 1 milyon dollar vəsait 
								bağışlayır, bu vəsait isə yüksək ixtisaslaşmış 
								əməkdaşların cəlb olunmasına xərclənir. 1958-ci 
								ildə fizika üzrə Nobel mükafatı laureatı, 
								professor Harold Yuri universitetə ilk təyin 
								edilən müəllimlərdən biri olur. 1960-cı ildə 
								Mariya Höppert-Mayer fizika üzrə professorluq 
								elmi dərəcəsi alır, 1963-cü ildə isə o, fizika 
								üzrə Nobel mükafatına layiq görülür. 1960-cı 
								ildə San-Diyeqo Kaliforniya Universiteti Skripps 
								İnstitutunun binasında fəaliyyətə başlayır. 
								1963-cü ildə ali məktəbin texniki elmlər 
								fakültəsinin binasının tikintisi başa çatır, 
								sosial və humanitar elmlər fakültələri 
								binalarının tikintisi isə davam etdirilir. Həmin 
								ildə ali məktəbin kansleri H.York istefaya gedir 
								və onun yerinə 1964-cü ildə Con Sempl Helbreyt 
								təyin edilir. Universitetin 181 nəfərdən ibarət 
								ilk buraxılışı da məhz bu ilə təsadüf edir. 
								 1965-ci 
								ildə alman və Amerika filosofu, sosioloq Herbert 
								Markuze San-Diyeqo Kaliforniya Universitetində 
								dərs deməyə başlayır. 1966-cı ildə universitetin 
								tibb məktəbi ilk tələbələrini qəbul edir. 
								1980-1995-ci illərdə San-Diyeqo Kaliforniya 
								Universitetinin kansleri vəzifəsində çalışmış 
								Riçard Atkinson bir sıra şirkətlərlə texnoloji 
								mübadilə nəticəsində universitetin bu sahədə 
								liderlik əldə etməsinə nail olur. Ali məktəbə 
								şəxsi yardımların məbləği 15 milyon ABŞ 
								dollarından 50 milyon dollaradək artır, 
								universitetin sahəsi 50 % genişlənir, 
								tələbələrin sayı isə 20000-ə qədər çoxalır. 
								1995-ci ildə Milli Tədqiqat Şurası 
								doktorantların səviyyəsi və hazırlıq 
								keyfiyyətinə görə San-Diyeqo Kaliforniya 
								Universitetinə 10-cu yeri verir.  
								
								2009-cu ildə San-Diyeqo Kaliforniya Universiteti 
								dövlət büdcəsindən ayrılan 84,2 milyon vəsaitin 
								ixtisarının nəticələrini azaltmaq üçün 40 milyon 
								ABŞ dolları dəyərində kredit götürür.   
								
								Büdcəsi və təhsil haqqı  
								
								2009-2010-cu tədris ilində San-Diyeqo 
								Kaliforniya Universitetinin illik gəlirləri 
								2498031000 ABŞ dolları olub. Bu məbləğin 
								312657000-ni təhsil haqqı və digər yığımlardan, 
								635847000-ni qrant və sazişlərdən, 854759000-ni 
								universitetin tibb mərkəzi və universitet 
								xəstəxanalarından, 260264000-ni tədris 
								fəaliyyətindən, 133842000-ni köməkçi 
								müəssisələrdən əldə olunan vəsaitlər, 
								qalanlarını isə digər gəlirlər təşkil edib. 
								 
								 Həmin 
								tədris ilində universitetin xərcləri 2750546000 
								ABŞ dolları olub. Vəsaitin 1394308000-ni 
								əməkdaşların əməkhaqqı, 90265000-ni tələbələrə 
								verilən təqaüdlər, 388839000-ni müxtəlif 
								avadanlıq və materiallar, 188641000-ni qiymətdən 
								düşmə və amortizasiya, 11523000-ni əlavə 
								müəssisələrə xərclənən vəsaitlər, 47082000-ni 
								kommunal xərclər, qalanlarını isə digər 
								məsrəflər təşkil edir.  
								
								San-Diyeqo Kaliforniya Universitetində təhsil 
								haqqı kollec və məktəblərdə bir-birindən 
								fərqlənir. 2010-2011-ci tədris ilində 
								bakalavriatura səviyyəsində təhsil alanların 
								təhsil haqqı 22879, magistratura və doktorantura 
								səviyyəsində isə 15102 ABŞ dolları, Rady 
								İdarəetmə Məktəbində 12245, Beynəlxalq 
								Münasibətlər və Sakit Okean Tədqiqatları 
								Məktəbində 12701 ABŞ dolları təşkil edir. 
								 
								
								2010-2011-ci tədris ilində San-Diyeqo 
								Kaliforniya Universitetinin bakalavriatura 
								səviyyəsində təhsil alan tələbəyə ümumilikdə 
								27858 (Kaliforniya sakinləri üçün), 50737 
								(əcnəbi tələbələr üçün), magistratura və 
								doktorantura səviyyəsində təhsil alanlara isə 
								29790 (Kaliforniya sakinləri üçün), 44893 
								(əcnəbi tələbələr üçün) ABŞ dolları lazım gəlib. 
								Bu vəsaitə təhsil haqqı, yataqxana, qida, tibbi 
								sığorta, dərs ləvazimatları, nəqliyyat, şəxsi 
								xərclər və s. daxildir.    
								
								Universitet bu gün  
								
								San-Diyeqo Kaliforniya Universitetinin əsas 
								kampusu San-Diyeqo şəhərinin kənarında -  Sakit 
								okeanın sahilindəki meşəlik ərazidə yerləşir və 
								490 hektar (1200 akr) ərazini əhatə edir. Bu 
								kampus enerji innovasiyaları üçün laboratoriya 
								rolu oynayır. Ali məktəbin kampusu Oksford və 
								Kembric universitetləri modelinə uyğun olaraq 6 
								kollecdən ibarətdir. Revella Kolleci 1964-cü 
								ildə tikilib və burada humanitar elmlər (tarix, 
								ədəbiyyat və incəsənət) tədris edilir. Con Myuir 
								Kolleci 1967-ci ildə istifadəyə verilib və 
								kollecdə "sərbəstlik və individual seçim" imkanı 
								hökm sürür. Terqud Marşall Kolleci 1970-ci ildən 
								fəaliyyət göstərir. Burada humanitar təhsil 
								vasitəsilə gənclərə cəmiyyətdə öz rolunu 
								müəyyənləşdirmək anlayışı, ictimai cavabdehlik 
								və inam aşılanır. Erl Uorren Kolleci 1974-cü 
								ildə yaradılıb və kollecdə fərqli fənlər tədris 
								olunur. Eleonora Ruzvelt Kolleci "Müasir 
								dünyanın qurulması" adı altında 
								mədəniyyətlərarası proqram üzərində qurulub. 
								Altıncı  Kollec 2002-ci ildə yaradılıb, burada 
								əsas diqqət tarixi, fəlsəfi və mədəni əlaqələrə, 
								incəsənət və texnologiyalara yönəlir. Hər bir 
								kollecin təhsilə, müəllim qəbuluna xüsusi tələbi 
								var. Kolleclər unikal təqaüd proqramları təklif 
								edir və müxtəlif tədbirlər keçirir. Eyni zamanda 
								həmin kolleclərdə tələbələr həm təhsil alır, həm 
								də yaşayırlar. Universitetin Beynəlxalq ev 
								adlanan yataqxanasında dünyanın 30 ölkəsindən 
								300-ə yaxın tələbə yaşayır. Bu ev Eleonora 
								Ruzvelt Kollecinin ərazisində yerləşir. 
								 
								 San-Diyeqo 
								Kaliforniya Universitetinin kampusunda 380 növdə 
								5000-dən çox heyvan saxlanan Berç akvariumu, 
								İctimai muzey, San-Diyeqo Superkompüter Mərkəzi, 
								açıq okeanda tədqiqatlarla məşğul olan Dəniz 
								portu fəaliyyət göstərir. 
								
								Universitetin kampusu qeyri-adi (daha çox memar 
								Stüartın kolleksiyasından olan) ictimai 
								layihələrlə, abidələrlə bəzədilib. Bunlardan 
								biri Günəş Allahını təcəssüm etdirən böyük 
								qanadlı varlığın heykəlidir. Digər işlərdən 
								Stounhencin analogiyasını, Böyük İlan Yolunu, 
								neon lampaları ilə insanın yaxşı və pis 
								əməllərini yazan rəngarəng binanı, üç metallik 
								evkalipt ağacını və s. qeyd etmək mümkündür. 
								Yeni layihələrdən biri də altı qaya parçasından 
								hazırlanmış böyük uzun xovlu ayıdır. Kampusda 
								onlarca tələbə nəslinin yadigarı olan 
								qraffitiləri də (tələbələr tərəfindən divarlarda 
								cızılmış küçə şəkilləri) nümunə göstərmək olar. 
								Eyni zamanda kampusda kitabxanalar, kitab 
								mağazaları, teatrlar, rəqs və digər əyləncə 
								mərkəzləri, idman kompleksləri fəaliyyət 
								göstərir. 
								
								San-Diyeqo Kaliforniya Universiteti ölkədə 
								təhsil və tədqiqatlar üzrə aparıcı yer tutan və 
								yüksək akademik nəticələr göstərən ali 
								məktəbdir. Burada tələbə və müəllimlərlə, eləcə 
								də Nobel mükafatı laureatları ilə sıx əməkdaşlıq 
								çərçivəsində yeni nailiyyətlərə imza atılır, 
								tələbələrin şəxsi intellektual inkişafına xüsusi 
								diqqət yönəldilir. Universitetdə kollec, məktəb, 
								departament və fənlərarası proqramlar mövcuddur. 
								Universitetin nəzdində İncəsənət və Humanitar 
								Elmlər, Biologiya Elmləri, Beynəlxalq 
								Münasibətlər və Sakit Okean Tədqiqatları, 
								Ceykobs Mühəndislik, Fizika Elmləri, Redi 
								İdarəetmə, Tibb, Skaqs Əczaçılıq Elmləri, 
								İctimai Elmlər məktəbləri, Skripps Okeanoqrafiya 
								İnstitutu, bakalavrlar üçün Marşall, Myuir, 
								Revell, Ruzvelt, Uorren, Altıncı kollecləri 
								fəaliyyət göstərir.   
								 İncəsənət 
								və Humanitar Elmlər Məktəbinə Tarix, Ədəbiyyat, 
								Fəlsəfə, Musiqi, Teatr və rəqs, Təsviri 
								incəsənət fakültələri, Əsas yazı proqramı, Film 
								tədqiqatları, Afro-Amerika, Afrika, Avropa, 
								Almaniya, İtaliya, Yəhudi, Yaxın Şərq, Latın 
								Amerikası, Yaponiya, Çin, Rusiya və sovet, 
								Elmlər, Üçüncü dünya tədqiqatları, eləcə də 
								Ekoloji, Klassik, Dini tədqiqatlar 
								departamentləri, Hesablama Texnikası, İncəsənət, 
								Memarlıq və Arxeologiya Fənlərarası 
								Tədqiqatlar,  Bədii Qalereya elmi-tədqiqat 
								mərkəzləri daxildir.  
								
								Biologiya Elmləri Məktəbində  biokimya və 
								biofizika, hüceyrə və inkişaf biologiyası, 
								ekologiya, davranış və təkamül, genetika və 
								molekulyar biologiya, immunologiya, virusologiya 
								və xərçəng biologiyası, neyrobiologiya üzrə 
								tədqiqatlar həyata keçirən Hüceyrə və inkişaf 
								biologiyası, Ekologiya, davranış və təkamül, 
								Molekulyar biologiya, Neyrobiologiya akademik 
								bölmələri fəaliyyət göstərir.  
								
								Beynəlxalq Münasibətlər və Sakit Okean 
								Tədqiqatları Məktəbində Yaranma və Sakit okean 
								İqtisadiyyatı, ABŞ-Meksika Tədqiqatları, Qlobal 
								İnformasiya Sənayesi, Koreya-Sakit okean, XXI 
								əsr Çin mərkəzləri, Qlobal Konflikt və 
								Əməkdaşlıq İnstitutu, Beynəlxalq Hüquq və 
								Qaydalar Laboratoriyası mövcuddur.  
								
								Ceykobs Mühəndislik Məktəbi Biomühəndislik, 
								Kompüter elmləri və mühəndislik, Elektrik və 
								kompüter texnologiyası, Mexanika və aerokosmik 
								mühəndislik, Nanotexnologiya, Struktur 
								Mühəndisliyi departamentlərindən ibarətdir.
								 
								 Fizika 
								Elmləri Məktəbində Dəqiq elmlər və riyaziyyat, 
								Ekoloji sistemlər, Kimya və biokimya, Fizika, 
								Riyaziyyat departamentləri, Astrofizika və 
								Kosmik Elmlər, Hesablama Riyaziyyatı, 
								Spektroskopiya və Zülalların Təsviri, Nəzəri 
								Bioloji Fizika, San-Diyeqo Sistem Biologiyası, 
								Superkompüter elmi-tədqiqat mərkəzləri, 
								Kaliforniya Telekommunikasiya və İnformasiya 
								Texnologiyaları, Biosirkuts institutları 
								fəaliyyət göstərir.  
								
								Redi  İdarəetmə Məktəbi iqtisadiyyat üzrə 
								tədqiqatlar həyata keçirir. Burada MBA, PhD üzrə 
								müxtəlif proqramlar, Konfliktlərin həlli, 
								Dəyişikliklərə nəzarət, Mühasibatlıq və maliyyə, 
								Menecment, Danışıqların aparılması bacarığı, 
								İşçi mülkiyyətinin idarə olunması və digər 
								kurslar təklif olunur.  
								
								Tibb Məktəbində Anesteziologiya, Onkologiya, 
								Hüceyrə və molekulyar tibb, Təcili tibbi yardım, 
								Ailə sağlamlığı və tibbi profilaktika, Tibb, 
								Biotibbi informatika, Beyin sümüyünün 
								köçürülməsi, Kardiologiya, Dermatologiya, 
								Endokrinologiya və metabolizm, 
								Qastroenterologiya, Ümumi daxili tibb, 
								Geriatriya, Qlobal səhiyyə, Hemato-onkologiya, 
								İnfeksion xəstəliklər, Tibbi genetika, 
								Nefrologiya, Fiziologiya, Ciyər və intensiv 
								terapiya, Revmatologiya, allergiya və 
								immunologiya, Neyroelmlər, Oftalmologiya, 
								Ortopedik cərrahiyyə, Patologiya, Pediatriya, 
								Farmokologiya, Psixiatriya, Radiasiya 
								onkologiyası, Radiologiya, Reproduktiv tibb, 
								Cərrahiyyə, Neyrocərrahiyyə, Anatomiya, 
								Otolarinqologiya - baş və boyun cərrahiyyəsi, 
								Plastik cərrahiyyə, Zədə, Urologiya 
								departamentləri mövcuddur. 
								
								Skaqs Əczaçılıq Elmləri Məktəbində ən yeni 
								dərman preparatlarının hazırlanması üzrə 
								tədqiqatlar aparılır, təbii yolla dərman 
								vasitələrinin əldə olunmasına üstünlük verilir.  
								Kollecə Diabet, Geriatriya, Müalicə idarəetməsi 
								və terapiya, Onkologiya, Bərk orqanların 
								köçürülməsi, Psixiatriya əczaçılığı bölmələri 
								daxildir.  
								 İctimai 
								Elmlər Məktəbinə Antropologiya, Koqnitiv elmlər, 
								Komminikasiya, İqtisadiyyat, Etnik tədqiqatlar, 
								Linqvistika, Siyasi elmlər, Psixologiya, 
								Sosiologiya departamentləri, Afrika və 
								Afroamerika Tədqiqatları, Amerika Siyasəti və 
								Müəssisələri, İnsan Resurslarının İnkişafı, 
								Müqayisəli İmmiqrasiya Tədqiqatları, Ətraf Mühit 
								İqtisadiyyatı, Təhsil Aksiyası, Qiymətləndirmə 
								və Pedaqoji Bacarıq, Dil, ABŞ-Meksika 
								tədqiqatları mərkəzləri, Tətbiqi İqtisadiyyat, 
								Beynəlxalq, Müqayisəli və Region Tədqiqatları, 
								Neyron Hesablama, Kavli Beyin və Ağıl 
								institutları, Müqayisəli İnsan İdrakı 
								Laboratoriyası aiddir. Məktəbdə Kritik gender 
								tədqiqatları, Pedaqogika, İnsan inkişafı, 
								Beynəlxalq tədqiqatlar, Latın Amerikası 
								tədqiqatları, Şəhər tədqiqatları və 
								planlaşdırma, Afrika tədqiqatları, Koqnitiv 
								elmlər, Müasir problemlər, Səhiyyə və sosial 
								məsələlər, Beynəlxalq miqrasiya tədqiqatları, 
								Dil və kommunikativ qarışıqlıq, Hüquq və 
								cəmiyyət, Yaxın Şərq, Elm, texnologiya və 
								ictimaiyyətlə əlaqə fənlərarası proqramları 
								təklif olunur.   
								
								San-Diyeqo Kaliforniya Universitetinin kitabxana 
								sistemi ABŞ-ın 25 ən aparıcı kitabxanalarından 
								biridir və 9 kitabxanadan ibarətdir (Geyzel, 
								İncəsənət, Biotibbi, Beynəlxalq Münasibətlər və 
								Sakit Okean Tədqiqatları, Mandevill Xüsusi 
								Kolleksiyalar, Dəqiq Elmlər və Mühəndislik, 
								Sosial və Humanitar Elmlər, Skripps 
								Okeanoqrafiya İnstitutu, Kitabxana Tədris 
								Hesablama Mərkəzi). Kitabxana sisteminə 
								ümumilikdə 7 milyon kitab, jurnal, kitabça, 
								multimedia materialları, verilənlər bazası və s. 
								daxildir. Biotibbi kitabxana əsas kampusun 
								yaxınlığında Tibb Məktəbinin ərazisində 
								yerləşir. Özünəməxsus memarlıq üslubuna aid 
								Geyzel kitabxanası əsas kampusun mərkəzində 
								yerləşir və oxucuların sevimli məkanıdır. 
								İncəsənət, Mandevill Xüsusi Kolleksiyalar, Dəqiq 
								Elmlər və Mühəndislik, Sosial və Humanitar 
								Elmlər kitabxanaları Geyzel kitabxanasının 
								binasında yerləşir. Ayrılıqda universitetin hər 
								bir kitabxanasını 7300 oxucu ziyarət edir, 
								kitabxananın veb-saytına gündə 87500 istifadəçi 
								daxil olur. San-Diyeqo Kaliforniya 
								Universitetinin kitabxana sistemi qlobal 
								rəqəmsal sistem yaratmaq məqsədi ilə Google 
								axtarış sistemi ilə əməkdaşlıq edir.  
								
								San-Diyeqo Kaliforniya Universiteti Kaliforniya 
								Universitetinin 10 filialından biridir. 26 senat 
								naibindən ibarət Şuranın iqamətgahı Kaliforniya 
								ştatının Oklənd şəhərində yerləşir. 
								
								2008-ci ilin iyununda hüquq üzrə professor Mark 
								Yudof Kaliforniya Universitetinin prezidenti 
								seçilib. Kaliforniya Universitetinin filialları 
								kanslerlər tərəfindən idarə olunur. Kanslerləri 
								Qəyyumlar Şurası təyin edir. San-Diyeqo 
								Kaliforniya Universitetinin kansleri hazırda 
								2004-cü ildən bu vəzifəni daşıyan xanım Meray 
								Enn Foksdur. Kanslerin tədris, tədqiqat, tələbə 
								işləri, dəniz, tibb, planlaşdırma, xarici 
								əlaqələr, biznes əməkdaşlığı üzrə 8 
								vitse-kansleri var. Bakalavrlar üçün ali 
								məktəbdə tələbə şurası, magistr və doktorantlar 
								üçün isə tələbə assosiasiyası fəaliyyət 
								göstərir. Ali məktəbdə ümumilikdə 8000-ə qədər 
								işçi çalışır. Onların arasında hazırda 9 Nobel 
								mükafatı laureatı, 8 Makartur fondu təqaüdçüsü, 
								3 Milli Elmlər medalı mükafatçısı, 1 Filds 
								mükafatı laureatı var. Bu günədək San-Diyeqo 
								Kaliforniya Universitetinin müəllimləri arasında 
								19 nəfər Nobel mükafatına layiq görülüb. 
								 
								
								San-Diyeqo Kaliforniya Universitetində 
								tələbələrin ümumi sayı təxminən 30000-ə 
								qədərdir. Tələbələrin 24000-ə qədərini bakalavr, 
								6000-ə qədərini isə magistr və doktorantlar 
								təşkil edir. Universitetdə ümumilikdə dünyanın 
								90 ölkəsindən 2000-dən çox əcnəbi tələbə təhsil 
								alır və 2200 alim (müəllim və tədqiqatçı) 
								fəaliyyət göstərir.  
								
								San-Diyeqo Kaliforniya Universitetində "The 
								Guardian" müstəqil tələbə qəzeti, "The Koala" 
								satirik nəşri mövcuddur. Universitet 
								tələbələrinin əsas istirahət məkanı Geyzel 
								kitabxanasından cənubda yerləşən ticarət 
								mərkəzidir. Burada restoranlar, kitab mağazası, 
								kinoteatr, müxtəlif  tələbə təşkilatları 
								fəaliyyət göstərir. Universitetdə 425 tələbə 
								təşkilatı mövcuddur. Kampusda musiqi 
								kollektivləri və melomanların (musiqi sevərlər) 
								görüşdüyü yer "Che Cafe" adlanır.  
								
								Bütün ABŞ universitetlərində olduğu kimi, 
								San-Diyeqo Kaliforniya Universitetində də idmana 
								xüsusi diqqət göstərilir. Ali məktəbin idman 
								komandalarının talismanı Qədim yunan allahı 
								Tritondur və bu komandalar "Tritonlar" adlanır.  
								Universitetdə idmanın üzgüçülük, su polosu, 
								futbol, voleybol, yüngül atletika, 
								qılıncoynatma, basketbol, qolf, softbol, 
								beysbol, tennis, velosiped yarışları, xokkey, 
								reqbi, dağ xizəyi və digər növlərinə üstünlük 
								verilir. Universitetin sörfinqçiləri 6 dəfə 
								dalbadal milli yarışların qalibləri olublar. 
								Ölkə çempionu Amanda Felder bu ali məktəbin 
								yetirməsidir.  
								
								San-Diyeqo Kaliforniya Universiteti təhsil, 
								elmi-tədqiqat və mütəxəssis hazırlığı üzrə 
								innovativ layihələri ilə tanınır. Universitet 
								əhalinin dövlət qulluğuna cəlb olunması, 
								sənayenin inkişafı, əhalinin sağlamlığının təmin 
								olunması, regionun, dövlətin, millətin və 
								ümumilikdə bəşəriyyətin inkişafı üçün ən yeni 
								töhfələr vermək məqsədini daşıyır. Universitetin 
								dünya üzrə tanınmış müəllimləri, qayğıkeş işçi 
								personalı, istedadlı tələbələri onun inkişafını 
								təmin edən əsas amillərdir. Təhsil və 
								tədqiqatlar üzrə ən yaxşı göstəricilərə sahib 
								olmaq məqsədi ilə San-Diyeqo Kaliforniya 
								Universiteti ədalətlilik, müxtəliflik, 
								əməkdaşlıq, professionallıq prinsiplərinə əməl 
								edərək yeni-yeni uğurlar qazanmaqda davam edir.  
								  
								
								
								
								Universitetin məşhur məzunları  
								
									
										|   | 
										
										
										Ancelina İvonna Devis  | 
										
										
										ABŞ hüquq müdafiəçisi, sosioloq və 
										yazıçı | 
										  | 
									 
									
										|   | 
										
										
										Salli Kristen Rayd | 
										
										
										ABŞ astronavtı, kosmosa uçmuş ilk 
										amerikalı qadın | 
										  | 
									 
									
										|   | 
										
										
										Cef Raskin | 
										
										 
										
										kompüter interfeysləri üzrə mütəxəssis,
										
										
										"The Human Interface" kitabının müəllifi, 
										"Apple Computer" firmasının əməkdaşı,  
										70-ci illərdə Makintoş layihəsinin 
										təşəbbüsçüsü  | 
										  | 
									 
									
										|   | 
										
										
										Sidney Brenner | 
										
										
										Cənubi Afrika bioloqu, tibb və 
										fiziologiya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Klayv Uilyam Con Qrencer | 
										
										
										iqtisadiyyat üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Robert İnql | 
										
										
										iqtisadiyyat üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Harri Markovits | 
										
										
										iqtisadiyyat üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Valter Kon | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı
										 | 
										  | 
									 
									
										|   | 
										
										
										Paul Jozef Krutsen | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Mario Molina | 
										
										
										kimya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Renato Dulbekko | 
										
										
										İtaliya virusoloqu, tibb və fiziologiya 
										üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Frensis Krik | 
										
										
										həkim və neyrobioloq, tibb və 
										fiziologiya üzrə Nobel mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Sudzumi Toneqava | 
										
										
										tibb və fiziologiya üzrə Nobel mükafatı 
										laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Yefim Zelmanov  | 
										
										
										riyaziyyat üzrə Filds mükafatı laureatı | 
										  | 
									 
									
										|   | 
										
										
										Herbert York  | 
										
										
										nüvə üzrə fizik, Manhetten layihəsinin 
										iştirakçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Devid Brin | 
										
										
										tanınmış Amerika yazıçısı | 
										  | 
									 
									
										|   | 
										
										
										Ronald Lanqaker | 
										
										
										ABŞ linqvisti | 
										  | 
									 
									 
								
								
								                                                    
								                    Hazırladı: 
								Lamiyə ƏLİYEVA  | 
								  |