| 
								 
								Müasir şəraitdə rəhbər və digər kateqoriyalardan 
								olan pedaqoji kadrların ixtisasının 
								artırılmasının təhsilin keyfiyyətinin 
								yüksəldilməsində böyük rolu var. 
								
								 Bakı 
								Pedaqoji Kadrların İxtisasartırma və 
								Yenidənhazırlanma İnstitutunda son 3 ildə bu 
								istiqamətdə həyata keçirilən keyfiyyət 
								dəyişikliklərinin nəticəsidir ki, ixtisasartırma 
								kurslarına müəllimlər həvəslə gəlir, davamiyyət 
								problemi tamamilə həll olunub. 
								
								Aprelin 7-dən 20-dək Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin müvafiq  əmrinə əsasən məktəb 
								direktorları üçün ixtisasartırma kursu təşkil 
								edilmişdi. Şəhərin müxtəlif rayonlarından olan 
								24 məktəb direktoru ardıcıl olaraq maraqlı 
								mühazirələr dinlədi, treninq və seminarların 
								iştirakçısı oldu. 
								
								İlk mühazirəni Azərbaycanda müəllim kadrları 
								hazırlayan ali məktəblərlə gələcəkdə Avropa 
								Komissiyasının birgə əməkdaşlığını reallaşdırmaq 
								məqsədilə ölkəmizdə tanışlıq səfərində olan 
								Avropa Komissiyasının təhsil üzrə eksperti 
								professor Lyudmila Prokofyevna Puxovskoya oxudu. 
								
								Lyudmila Prokofyevna fasiləsiz təhsildə Avropa 
								kompetensiyaları haqqında çox maraqlı məlumatlar 
								verdi və fikir mübadiləsinə şərait yaratdı. 
								
								Qeyd etmək istərdim ki, mühazirəçilərin siyahısı 
								institutun rektoru, professor Asəf Zamanovla 
								razılaşdırılır və kurslara elm, təhsil 
								ocaqlarının tanınmış rəhbərləri və 
								mütəxəssisləri cəlb edilir. 
								
								Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə 
								şöbəsinin müdiri Təranə Hacıyeva, Təhsil 
								Muzeyinin direktor müavini Arif Muradov, Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini 
								Hüseyn Əsgərov, Beynəlxalq əlaqələr və 
								ictimaiyyətlə əlaqə sektorunun müdiri Zəminə 
								Əliqızı, məsləhətçi Şəmsi Qocayev,  
								Metodmərkəzin direktor müavini Nadir Əliyev, 
								pedaqoji elmlər doktoru, professor Rüfət 
								Hüseynzadə, fizika-riyaziyyat elmləri doktoru, 
								professor Aydın Kazımzadə, Azərbaycan Milli 
								Tarix Muzeyinin baş elmi işçisi Nardanə Yusifova, 
								BPKİYİ-nin əməkdaşlarından filologiya elmləri 
								doktoru Aydın Paşayev, pedaqoji elmlər üzrə 
								fəlsəfə doktoru Şamil Sadıqov, tarix elmləri 
								üzrə fəlsəfə doktoru Aydın Aslanov, kimya 
								elmləri üzrə fəlsəfə doktoru Aydın Əhmədzadə və 
								başqaları təhsilin təşkili və idarə edilməsi ilə 
								bağlı maraqlı mühazirələr oxudular. 
								
								Kursa qeyri-hökumət təşkilatlarının 
								nümayəndələri də cəlb olundu. Belə ki, Azad 
								Müəllimlər Birliyinin sədri, Azərbaycan 
								Avrointeqrasiya Milli İctimai Komitəsinin 
								həmsədri Məlahət Mürşüdlü və Azərbaycan Milli 
								Valideyn-Müəllim Assosiasiyasının baş eksperti 
								Şahin Rəcəblinin söylədikləri maraqla qarşılandı.
								 
								
								Təcrübə mübadiləsi məqsədi ilə 5 nömrəli 
								məktəbin direktoru Nərminə Gündüzlü tərəfindən "Təhsilin 
								keyfiyyətinin artırılması yolları" mövzusunda 
								keçirilən treninqdə kurs dinləyiciləri böyük 
								həvəslə iştirak etdilər. 
								
								Təhsil sahəsində aparılan islahatlara uyğun 
								olaraq xalqımızn milli mənəvi dəyərlərinin 
								öyrənilməsi məqsədi ilə məktəb direktorları üçün 
								Azərbaycan Milli Tarix Muzeyinə də ekskursiya 
								təşkil edildi. Muzeyin direktoru, Azərbaycan 
								Milli Elmlər Akademiyasının vitse-prezidenti, 
								akademik Nailə Vəlixanlı kurs dinləyicilərini 
								qarşıladı və gələcəkdə məktəblərlə əlaqələrin 
								daha sıx olmasını arzuladı. 
								
								Kurs müddətində məktəb direktorları institutun 
								rektoru, professor Asəf Zamanovla görüşərək kurs 
								haqqında fikirlərini söylədilər, institutda 
								gedən müsbət dəyişikliklərdən söhbət açdılar. 
								
								Mehriban Ələkbərova, 179 nömrəli məktəbin 
								direktoru:  
								"Aprelin 7-də, kursun ilk günündə binaya daxil 
								olanda hansı auditoriyaya gedəcəyimi bilmirdim 
								və qarşılaşdığım ilk insan institutun rektoru 
								Asəf müəllim oldu. Professor məni elə hörmət və 
								nəzakətlə qarşıladı ki, məndə xoş əhvali-ruhiyyə 
								yarandı. Bir aya yaxın davam edən kurslarda elə 
								mənəvi-psixoloji iqlim yaradılmışdı ki, vaxtın 
								necə keçdiyini bilmədim. 
								
								Kursun rəhbəri Nisə xanım dərsini anket sorğusu 
								ilə başladı. Kurs boyu bizi maraqlandıran 
								suallara cavab aldıq. Mən anketdə çox aktual bir 
								sahə olan şagird nailiyyətlərinin 
								qiymətləndirilməsi ilə bağlı Təhsil Nazirliyinin 
								Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri 
								Təranə Hacıyevanı dinləmək istədiyimi 
								bildirmişdim və xahişim nəzərə alındı. 
								Direktorların suallarını Təranə xanım ətraflı 
								cavablandırdı. Hesab edirəm ki,  kurs məhz bu 
								cür təşkil edildiyi üçün səmərəli və məhsuldar 
								oldu". 
								
								Rəhimə Əliyeva, 191 nömrəli məktəbin direktoru, 
								əməkdar müəllim: 
								"Hər bir fəaliyyət sahəsinin səmərə və 
								əhəmiyyətlilik əmsalı o sahəni idarə edənin 
								peşəkarlığından, mənəvi-əxlaqi keyfiyyətlərindən 
								çox asılıdır. Üç həftə ərzində iştirakçısı 
								olduğumuz ixtisasartırma kursunun təşkili, idarə 
								edilməsi və məzmunu buna sübutdur. Biz bu kursda 
								idarəetmə mədəniyyətinin şahidi olduq. Şagird 
								nailiyyətlərinin qiymətləndirilməsi, kurikulumla 
								bağlı aldığım məlumatlar mənim üçün çox vacib 
								idi. 5 nömrəli məktəbdə "Təhsilin keyfiyyətinin 
								artırılması yolları" mövzusunda keçirilən 
								treninq mənə xüsusi zövq verdi. 
								
								Prezidentimiz cənab İlham Əliyevin və Heydər 
								Əliyev Fondunun prezidenti, YUNESKO-nun və 
								İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım 
								Əliyevanın təhsilin inkişafına göstərdikləri 
								diqqət və qayğı nəticəsində son illərdə 2 mindən 
								artıq məktəb binası tikilmiş, bir çox 
								məktəblərdə əsaslı təmir işləri aparılmış, 
								maddi-texniki bazanın gücləndirilməsi 
								istiqamətində mühüm işlər görülmüşdür. Çox 
								istərdim ki, yaxın gələcəkdə ixtisasartırma 
								institutunda da bu istiqamətdə işlər öz əksini 
								tapsın. Başqa sözlə, institutun fəaliyyət 
								məzmununda dəyişikliklər olduğu kimi, formasında 
								da dəyişikliklər olsun". 
								
								Sonda professor Asəf Zamanov bu kursun 
								institutla məktəblər arasında əməkdaşlığın daha 
								sıx olmasına zəmin yaratdığını söylədi və 
								gələcək planlardan danışdı. 
								
								
								
								Nisə CƏLİLZADƏ, 
								kursun rəhbəri  |