| 
								 
								Hər dəfə may  ayı yaxınlaşdıqca ürəyimi çox 
								qəribə hisslər bürüyür. Yadıma çox da uzaq 
								olmayan, lakin mənim üçün əlçatmaz olan qayğısız 
								uşaqlığım - atalı günlərim düşür.  
								
								 Bu 
								günlərdə atam fərəhlənər, xüsusi geyinər, cəbhə 
								xatirələrini bir-birinə calayarq  9 May - Qələbə 
								gününü səbirsizliklə gözləyərdi. Həmişə deyərdi 
								ki, bəlkə də mən az adamlardanam ki, çağırış 
								vəsiqəsini özüm özümə gətirmişəm.   
								
								Atam - Mahmudov Behbud Mahmud oğlu 1924-cü ildə 
								Ucar rayonunun Qulabənd kəndində anadan olmuşdur. 
								Qulabənd kənd orta məktəbini "əla" qiymətlərlə 
								başa vurmuşdur. Müharibə başladığından təhsilini 
								davam etdirə bilməmiş, o zamankı kənd sovetində 
								katib vəzifəsində çalışmışdır. O zaman 
								müharibəyə gedənlərin siyahısını atam rayon 
								mərkəzindən gətirər, kənd camaatı da köhnə 
								məktəb binasının qabağına yığışaraq, kimin 
								adının çəkiləcəyini gözləyərmiş. Atam da, 
								siyahıda öz adını görüncə bərkdən öz adını 
								söyləmişdir. Beləliklə, 1942-ci ildən 1946-cı 
								ilə kimi Mozdokdan  Berlinə qədər döyüş yolu 
								keçmişdir. Bu müddət ərzində göstərdiyi 
								qəhrəmanlıqlara görə çoxlu orden və medallarla 
								təltif olunmuşdur. 
								
								1944-cü ildə sol qolundan yaralanan atamın 
								biləyinə qəlpə batıb, o biri üzdən çıxıbmış.  
								Qan itirməsin deyə qolunu qaytanla bağlamış, 
								təxminən 3-4 saat bağlı qalıbmış. Müalicə 
								olunduğu hospitalda bir erməni həkimi atamın 
								qolunun dibindən kəsilməsini təklif etsə də, 
								yəhudi həkim buna razı olmamışdır. 
								
								1946-cı ildə müharibədən qayıdır. Azərbaycan 
								Pedaqoji İnstitutunun riyaziyyat fakültəsinin 
								qiyabi şöbəsinə daxil olur, işləyir, ailə həyatı 
								qurur.  
								
								Müharibə yeli atamın da taleyinə əsdi. Lakin 
								onun rəşadəti, qəhrəmanlığı, qəzəb və nifrət 
								dolu qələbə ehtirası sanki ruhuna hopmuşdu. 
								Beynəlxalq imperializmə qarşı, militarizm, 
								faşizmin müxtəlif formada baş qaldırmasına qarşı 
								olan müsəlləhlik hər bir sahədə özünü göstərirdi.  
								Düz ilqarlı, məqsədyönlü arzuların və əməllərin 
								mənzilinə gedən yollar həmişə çətin olsa da, bu 
								yolların enişi, yoxuşu, çala-çuxuru atamı həyatı 
								boyu  qorxutmurdu.  
								
								1977-1978-ci illərdə Ucar rayonunun Qulabənd 
								kənd orta məktəbində direktor vəzifəsində 
								çalışır. Həmin müddət ərzində məktəbin həm təlim, 
								həm də bütün təşkilati işlərində xeyli 
								irəliləyişlər baş verir. Məktəb sanki ikinci evi 
								idi. Yalnız bütün işlərin qaydasında olduğuna 
								əmin olduqdan sonra evə qayıdardı.  
								
								Övlad kimi atamı evdə, ailədə necə qayğıkeş 
								görürdümsə, işdə də bir iş yoldaşı kimi öz 
								peşəsinə bağlılıq, şagirdləri öz övladlarından 
								ayırmayan əsl müəllim kimi tanıyırdım. 
								
								1988-ci ildə öz səhhətiylə əlaqədar vəzifəsindən 
								imtina edərək müəllim kimi çalışır.  
								
								Kitab əlindən heç düşməzdi, daim mütaliə edərdi. 
								Xüsusilə, tarixi kitablara daha çox meyilli idi. 
								Oxuduqca, sovet  sisteminin  saxtalaşdırdığı 
								Azərbaycan tarixindəki nöqsanlara görə 
								narahatlıq keçirərdi. Xəstə yatdığı müddətdə 
								əvvəlki kimi mütaliə edə bilməyən atam 
								Azərbaycanın tarixilə bağlı kitablardan birinin 
								səhifəsini qatlayıb mənə verdi və dedi: "Qızım, 
								özümü piss hiss edirəm, qalsın, sonra oxuyaram". 
								Lakin...lakin, nə sonra, nə də heç vaxt o 
								yarımçıq qalan kitabı oxuya bilmədi. Görünür, 
								oxuna bilməyən səhifələr şərəfli ömrün sona 
								yaxınlaşdığını xəbər verirmiş...  
								
								Onun hər addımını  xatırladıqca, yalandan uzaq 
								qaçan, düzlüyü ən yüksək keyfiyyət hesab edən  
								bu zəhmətkeş, həyatsevər insanın timsalında əsl 
								insanlıq etalonu hiss edirəm, hiss etdikcə isə 
								atamı daha çox anlayıram... 
								
								O, hər zaman ümummilli lider, dahi öndər Heydər 
								Əliyev şəxsiyyətinə öz vurğunluğundan danışardı. 
								Çox maraqlanardı bu dahi şəxsiyyətin siyasi 
								addımlarıyla və çox da inanırdı ki, məhz Heydər 
								Əliyev xalqın gələcəyi üçün böyük işlər görəcək.
								 
								
								Məncə, müəllim ömrü ən uzunömürlü, ən şərəfli 
								bir ömürdür. Çünki hər şagirdin qəlbində yaşayır. 
								Mən xoşbəxtəm ki, atamın şərəfli müəllimlik 
								yolunu davam etdirirəm.   
								
								
								
								Arizə MAHMUDOVA, 
								Bakıdakı 124 nömrəli  məktəbin riyaziyyat 
								müəllimi  |