| 
								 
								Aprelin 26-da Bakıdakı 147 nömrəli 
								texniki-humanitar liseydə dövlət 
								müstəqilliyimizin bərpasının iyirmi illiyinə 
								həsr olunmuş ədəbi-bədii-tarixi gecə keçirildi. 
								Tədbirə Təhsil Nazirliyindən, Xətai Rayon İcra 
								Hakimiyyətindən, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsindən, Təhsil Problemləri İnstitutundan 
								qonaqlar, məktəb direktorları, valideynlər, KİV 
								nümayəndələri dəvət olunmuşdular. 
								
								 Ədəbi-bədii 
								gecəni qonaqları salamlamaqla açan liseyin 
								direktoru, əməkdar müəllim Həlimə Mehdiyeva 
								bildirdi ki, bu il dövlət müstəqilliyimizin 
								bərpasının iyirminci ildönümü tamam olur. Bu 
								tarixi hadisəni ümumxalq bayramı səviyyəsində 
								qeyd etmək üçün ölkə Prezidenti cənab İlham 
								Əliyev xüsusi sərəncam imzalayıb. "Azərbaycan 
								Respublikasının dövlət müstəqilliyinin 
								bərpasının iyirminci ildönümü haqqında" 21 
								yanvar 2011-ci il tarixli həmin sərəncama, 
								habelə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 
								ilboyu bütün tədris müəssisələrində 
								müstəqilliyimizin 20 illiyinə həsr olunmuş 
								tədbirlərin təşkili nəzərdə tutulub. Bununla 
								bağlı liseyimizdə də silsilə tədbirlər həyata 
								keçirilməkdədir. Ayrı-ayrı siniflərdə istər dərs 
								prosesində, istərsə də əlavə məşğələlərdə, açıq 
								sinif saatlarında şagirdlərlə müstəqilliyimiz 
								haqqında söhbətlər aparılıb və bu iş davam 
								etdirilir. Bugünkü tədbir də həmin silsilədəndir.
								 
								
								Liseyin bir qrup şagirdi Dövlət himnimizi ifa 
								etdikdən sonra söz tarix müəllimi, "Ən yaxşı 
								müəllim" müsabiqəsinin qalibi Gültəkin 
								Məmmədovaya verildi. G.Məmmədova "Müstəqilliyimiz 
								əbədidir" mövzusunda geniş məruzəsində ötən 
								əsrin 80-ci illərinin sonu, 90-cı illərinin 
								əvvəllərində  müstəqilliyimizin bərpası üçün 
								xalqımızın apardığı mübarizədən, 
								müstəqilliyimizin ilk illərində yaşanan çətin 
								vəziyyət və problemlərdən, müstəqil Azərbaycanın 
								memarı və qurucusu, ulu öndər Heydər Əliyevin 
								xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə 
								gəlişindən sonra ölkədə sabitliyin yaranması, 
								müstəqilliyimizin möhkəmləndirilməsi 
								istiqamətində gördüyü işlərdən, dövlətimizin 
								iqtisadi qüdrətinin artırılmasına gətirib 
								çıxaran irimiqyaslı layihələrdən, son illər 
								Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi 
								müdrik daxili və xarici siyasət nəticəsində 
								ölkəmizin iqtisadi inkişaf tempinə görə dünyada 
								ön mövqelərə çıxmasından və regionun aparıcı 
								dövlətinə çevrilməsindən danışdı və bunları 
								müstəqilliyimizin bəhrələri kimi dəyərləndirdi. 
								IX sinif şagirdi Vüqar Kərimzadə "Tarixi yazan 
								şəxsiyyət" mövzusundakı çıxışında ümummilli 
								lider Heydər Əliyevin həyat və fəaliyyətindən, 
								zəngin bioqrafiyasının bəzi məqamlarından söz 
								açdı, müstəqilliyimizi əbədi və dönməz etmiş bu 
								böyük şəxsiyyətin xalqımız qarşısındakı 
								nəsillərə örnək xidmətlərindən danışdı. 
								
								Şagird Nəzrin Həsənovanın "Layiqli davamçı" 
								mövzusundakı çıxışı da tədbir iştirakçıları 
								tərəfindən diqqətlə dinlənildi. Nəzrin 
								Azərbaycan Prezidenti İlham Əliyevin həyat 
								yoluna qısaca nəzər saldı, onun rəhbərliyi 
								altında son illər ölkəmizdə aparılan nəhəng 
								quruculuq işlərindən, islahatlardan, bunların 
								nəticəsində əldə olunmuş uğurlardan danışdı, 
								onun ölkəmizin gələcəyi olan gənclərə böyük 
								diqqət və qayğı göstərdiyini vurğuladı. 
								
								Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra 
								liseyin istedadlı şagirdləri maraqlı ədəbi-bədii 
								proqram nümayiş etdirdilər. Ayrı-ayrı siniflərin 
								şagirdlərinin ifasında Azərbaycana, müstəqilliyə 
								həsr olunmuş şeirlər, mahnılar səsləndi. 
								
								Tədbirin sonunda qonaqlardan Təhsil Nazirliyinin 
								əməkdaşı Adilə Mahmudova, "Azərbaycan məktəbi" 
								jurnalının baş redaktoru Nəcəf Nəcəfov, Xətai 
								Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhəmməd 
								İbrahimov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi 
								Metodik Mərkəzi müdirinin müavini Sitarə 
								Məmmədova, valideyn, Müdafiə Sənayesi 
								Nazirliyinin əməkdaşı Alçın Şirinzadə, 56 
								nömrəli məktəbin direktoru Hicran Qarayeva çıxış 
								edib tədbirdən böyük zövq aldıqlarını, müəllim 
								və şagirdlərin çıxışlarının çox məzmunlu 
								olduğunu, bir çox məsələlərdə olduğu kimi belə 
								tədbirlərin təşkilində də 147 nömrəli 
								texniki-humanitar liseyin rayon ərazisindəki 
								məktəblərə yaxşı nümunə göstərdiyini söylədilər, 
								liseyin rəhbərliyinə və tədbirin təşkilində 
								əməyi olan digər müəllimlərə minnətdarlıqlarını 
								bildirdilər, müstəqilliyimizlə bağlı öz 
								fikirlərini bölüşdülər.  
								
								
								
								Yusif ƏLİYEV  | 
								  |