| 
								 
								İlk addımlar  
								
								1999-cu ildən başlayan təhsil islahatları 
								Azərbaycanda pedaqoji, psixoloji elmlərin, 
								məktəbin inkişafına əlverişli şərait yaratdı. 
								Ehtiyac və tələbatlara uyğun olaraq təhsil 
								sisteminin təkmilləşdirilməsi, 
								təşkilati-struktur bazanın möhkəmləndirilməsi 
								istiqamətində dövlət səviyyəsində genişmiqyaslı 
								tədbirlərin həyata keçirilməsinə başlandı. 
								2000-ci il iyunun 13-də Azərbaycan Respublikası 
								Prezidenti tərəfindən imzalanmış "Azərbaycan 
								Respublikasında təhsil sisteminin 
								təkmilləşdirilməsi haqqında" fərmana əsasən 
								yaradılmış Təhsil Problemləri İnstitutunun 
								tərkibində yeni qurumların olması nəzərdə 
								tutuldu. İlkin yanaşmada həmin qurumlar 
								departament kimi təsdiq olundu və onlardan biri 
								Təhsil planı departamenti adlandırıldı. 
								 
								
								İnstitutun strukturundakı qurumlardan birinin "Təhsil 
								planı departamenti" adlandırılması hələ 1999-cu 
								ildən etibarən ölkədə kurikulum termininin "təhsil 
								planı" kimi tərcümə olunaraq işlənməsi ilə bağlı 
								idi. Pedaqoji anlayışlar sırasında belə bir 
								termin olmasa da, o, məzmun, texnologiyalar, 
								qiymətləndirilmə və idarəetmə məsələlərini əhatə 
								edən bir anlayış kimi başa düşülürdü. Bu anlayış 
								bir müddət işlənsə də, vətəndaşlıq hüququ qazana 
								bilmədi.  
								
								Təşkilati-metodik bölüm  
								
								2001-ci ildə institutun nizamnaməsi yenidən 
								nəzərdən keçirilərkən onun strukturuna daxil 
								olan departamentlər bölümlər kimi adlandırıldı. 
								O cümlədən "Təhsil planı departamenti" "Təşkilati-metodik 
								bölüm" adı altında fəaliyyətini davam etdirdi. 
								Bu bölüm altı şöbəni (təhsil standartları, 
								tədris planı və proqramlar, dərslik və dərs 
								vəsaiti, yeni pedaqoji texnologiyalar, 
								monitorinq və qiymətləndirmə, texniki peşə 
								təhsili) və təhsil sahəsində normativ sənədlər 
								laboratoriyasını birləşdirirdi. Burada fəaliyyət 
								göstərən 53 əməkdaşın 8-i şöbə və laboratoriya 
								müdiri, 12-si baş mütəxəssis, 12-si aparıcı 
								mütəxəssis, 8-i mütəxəssis, 1-i baş metodist, 
								5-i metodist, 3-ü böyük elmi işçi, 2-si kiçik 
								elmi işçi idi. Bölümün əməkdaşları təlimin 
								məzmunu və onun təhsil islahatı proqramının 
								tələblərinə uyğun təkmilləşdirilməsi, yeni 
								pedaqoji texnologiyalar, təhsilin idarə olunması 
								və nəticələrin qiymətləndirilməsi problemləri 
								üzrə sırf praktik xarakterli araşdırmalar 
								aparırdılar. İstər mövzuların müəyyən 
								olunmasında, istərsə də işlərin xarakterində 
								təhsil islahatından irəli gələn vəzifələrin, 
								müəllimlərin, tələbə və şagirdlərin 
								ehtiyaclarının nəzərə alınması başlıca 
								tələblərdən biri kimi əsas götürüldü. Ona görə 
								də aşağıdakı xarakterli tədqiqatların 
								aparılmasına üstünlük verilirdi: "Bazis tədris 
								planının hazırlanması"; "Tədris proqramlarının 
								təkmilləşdirilməsi"; "Dərslik və dərs 
								vəsaitlərinin tərtibi prinsiplərinin işlənməsi"; 
								"Dərslik və dərs vəsaitlərinin 
								təkmilləşdirilməsi"; "Yeni tipli təhsil 
								müəssisələri üçün tədris planının hazırlanması"; 
								"Ümumtəhsil məktəbləri üçün seçmə fənn 
								proqramlarının hazırlanması"; "Seçmə fənlər üzrə 
								proqramların hazırlanması"; "Mütəxəssis 
								hazırlığının, baza təhsil məktəbləri üçün 
								dərsliklərin və dərs vəsaitlərinin tətbiqi 
								vəziyyətinin öyrənilməsi"; "Orta ixtisas təhsili 
								və ali təhsil müəssisələri üçün baza təhsil 
								proqramlarının tətbiqi vəziyyətinin öyrənilməsi"; 
								"Texniki peşə təhsili müəssisələri üçün işçi 
								tədris planları və proqramlarının hazırlanması"; 
								"Təhsil müəssisələrində yeni təlim 
								texnologiyalarının tətbiqi sahəsində yaranmış 
								təcrubənin öyrənilməsi". 
								
								Göründüyü kimi, mövzuların 
								müəyyənləşdirilməsində daha çox məktəbə və 
								müəllimə istiqamət verən, fəaliyyət prosesində 
								onlara lazım olan problemlərin həll olunmasına 
								geniş yer ayrılmışdır. 
								
								2004-cü ilə qədər təşkilati-metodik bölümdə 
								təlimin məzmununun yeniləşdirilməsinə prioritet 
								problemlərdən biri kimi yanaşılırdı. İlk növbədə, 
								təhsilin bütün pillələri üzrə layihələrin 
								üzərində iş aparılırdı. Azərbaycan 
								Respublikasında ümumi orta təhsilin Dövlət 
								Standartlarının təkmilləşdirilməsi istiqamətində 
								vəziyyət xüsusi öyrənilir, onun struktur və 
								məzmun cəhətdən dünya standartlarının 
								tələblərinə uyğun yeniləşdirilməsi zəruri hesab 
								edilirdi. 
								
								Uzun illər təhsil müəssisələri üçün normativ 
								sənədlərin hazırlanması problemi üzrə yerinə 
								yetirilən işlərdə daha çox empirik yanaşma üstün 
								hesab edilmiş, Azərbaycan şəraitində təhsil 
								müəssisələrinin imkanlarına uyğun nümunələrin 
								işlənməsinə diqqət yetirilməmişdir. 
								Məktəbdənkənar müəssisələr üçün metodik şuranın 
								protokollar kitabı, dərnək rəhbərinin gündəlik 
								işinin qeydiyyat kitabı, dərnək rəhbərinin iş 
								planının forması, metodistin müşahidə kitabı, 
								sağlamlıq, ümumtəhsil məktəbləri üçün pedaqoji 
								işçilərin şəxsi heyətinin qeydiyyat kitabı, 
								günüuzadılmış qruplara dair, şagirdlərin cari 
								tədris ili ərzində bir məktəbdən digərinə 
								gəlib-getməsinə dair, buraxılmış və əvəz edilən 
								dərslərin hesabatına aid jurnallar, ali və orta 
								ixtisas təhsili üçün qiyabi tələbələrin fənlər 
								üzrə yoxlama işlərinin qeydiyyatı jurnalı, 
								müəllimlərin fərdi iş planı, qiyabiçi tələbələr 
								üçün tədris qrafiki, dövlət imtahan vərəqi 
								nümunələri hazırlanmışdır. Həmin nümunələr 
								müvafiq qaydada ekspertiza olunmuş, yararlı 
								normativ təhsil sənədləri kimi qəbul edilmişdir. 
								
								Ümumiyyətlə, Azərbaycan təhsil sistemində 
								müxtəlif normativ sənədlərin ardıcıl və sistemli 
								qaydada hazırlanması üzərində iş ilk dəfə Təhsil 
								Problemləri İnstitutunun təşkilati-metodik 
								bölümündə aparılmışdır. 
								
								İlk gündən bu bölümdə yerinə yetirilən işlərin 
								cəmiyyətin tələbatına uyğun olmasına üstün 
								keyfiyyət kimi yanaşılmışdır. Bunun üçün 
								şöbələrin nəzdində problemlər üzrə işçi qrupları 
								yaradılmış, onların qeyri-rəsmi tərkibi 
								müəyyənləşdirilmiş, fəaliyyətləri 
								istiqamətləndirilmişdir. Nəticələrin əldə 
								edilməsində onların köməyindən istifadə 
								olunmuşdur. 
								
								Belə işçi qruplarının formalaşdırılması və 
								tələbyönümlü sənədlərin hazırlanması 
								istiqamətində onların qüvvəsindən istifadə 
								olunmasına institutun tarixində ilk dəfə 
								təşəbbüs göstərilirdi. Təşəbbüskar, peşəsinin 
								vurğunu olan müəllimlər problemlərin 
								müəyyənləşdirilməsi, həll olunması, konkret 
								təkliflərin verilməsi istiqamətində daha çox 
								fəallıq göstərirdilər. İstər məzmun, istərsə də 
								texnologiyalar sahəsində əldə olunmuş 
								nailiyyətlər məhz bunların nəticəsi kimi meydana 
								çıxmışdır. 
								
								Tədris planı və proqramların təkmilləşdirilməsi 
								problemi üzrə araşdırmalarda təhsilin, əsasən, 
								ümumtəhsil, orta ixtisas və ali təhsil 
								mərhələləri əhatə olunmuşdur. İlk növbədə, yeni 
								təhsil müəssisələrinin tədris planlarının 
								vəziyyəti öyrənilmiş, bazis tədris planına və 
								onların mövcud profillərinə əsaslanmaqla 
								yeniləşdirilməsi barədə təkliflər hazırlanmışdır. 
								Bununla yanaşı, həm orta ixtisas, həm də ali 
								məktəblərdə proqram təminatının vəziyyəti 
								öyrənilmiş, onların keyfiyyətinin yüksəldilməsi 
								baxımından səmərəliliyin artırılması ilə 
								əlaqədar təkliflər ümumiləşdirilmişdir. Eyni 
								zamanda təhsil müəssisələri üçün hazırlanmış 
								tədris planı və proqramlarının ekspertizası 
								keçirilmişdir. 
								
								Dərslik və dərs vəsaitlərinin hazırlanması 
								problemi üzrə işlər bilavasitə orta təhsilə 
								istiqamətləndirilmişdir. Bütün pillələrə aid 
								dərslik nümunələrinin (oxu, Azərbaycan dili, 
								ədəbiyyat, fizika, coğrafiya, tarix və s.) 
								məzmun və struktur xüsusiyyətləri öyrənilmiş, 
								geniş müəllim auditoriyasının köməyi ilə 
								müzakirə edilmişdir. Təlimin məzmununu əks 
								etdirən vəsait kimi dərsliklərdən daha səmərəli 
								istifadə olunması barədə tövsiyələr 
								hazırlanmışdır. 
								
								Ayrıca olaraq metodik vəsait və didaktik 
								materialların hazırlanması istiqamətində 
								sistemli iş aparılmışdır. Bu işlər bilavasitə üç 
								istiqamətdə yerinə yetirilmişdir: 
								
								* 
								müxtləlif fənlər üzrə metodik tövsiyə və 
								didaktik materialların hazırlanması; 
								
								* 
								metodik vəsait və didaktik materiallara olan 
								ehtiyacların öyrənilməsi, onların hazırlanması 
								barədə təkliflərin verilməsi; 
								
								* 
								hazırlanmış metodik vəsait və didaktik 
								materialların ekspertizası. 
								
								Azərbaycanda yeni pedaqoji texnologiyaların 
								yaradılması üzrə işlər ardıcıl və sistemli 
								şəkildə ilk dəfə təşkilati-metodik bölümdə 
								aparılmışdır. Yeni pedaqoji texnologiyalar 
								şöbəsində öyrənilən bu problemin daha çox ümumi 
								orta və qismən texniki peşə təhsili ilə bağlı 
								tərəfləri diqqət mərkəzində saxlanılmışdır. Bu 
								zaman təhsilin bütün pillələri, oradakı fənlərin 
								xüsusiyyətləri, təlim imkanları nəzərə 
								alınmışdır. Fəal təlim şəraitinin yaradılması, 
								müəllim və şagird fəaliyyətinin 
								stimullaşdırılması, interaktiv təlim metodları 
								və onlardan istifadə edilməsi, texnoloji 
								dərsliklərin yaradılması kimi ən müasir 
								texnologiyaların pedaqoji imkanları və onların 
								reallığa çevrilməsi ilə bağlı məqamların 
								öyrənilməsinə diqqət yetirilmişdir. Azərbaycanda 
								bu innovasiyalarla bağlı təcrübələr sahəsində 
								əldə olunmuş nailiyyətlər ümumiləşdirilmiş, 
								respublikada həm nəzəri, həm də praktik 
								əhəmiyyət daşıyan ilk "Pedaqoji texnologiyalar" 
								adlı monoqrafiya hazırlanmışdır. 
								
								Təhsilin idarə olunması və nəticələrin 
								qiymətləndirilməsi üzrə ilk sistemli 
								araşdırmalar da bu bölümdə aparılmışdır. "Orta 
								ümumtəhsil məktəblərində şagirdlərin kimyadan 
								təlim fəaliyyətinin qiymətləndirilməsi", "Orta 
								ümumtəhsil məktəblərində şagirdlərin 
								riyaziyyatdan təlim fəaliyyətinin 
								qiymətləndirilməsi", "Testlər vasitəsilə 
								intellektual səviyyənin müəyyənləşdirilməsi və 
								qiymətləndirilmədə nəzərə alınması", "Tədris 
								müəssisəsi fəaliyyətinin qiymətləndirilməsi üçün 
								kompüter proqramları kompleksinin yaradılması və 
								yekun qiymətləndirilmənin təlimatının işlənməsi", 
								"Ümumtəhsilin inkişaf etdirilməsi və 
								təkmilləşdirilməsində şagird 
								qiymətləndirilməsinin rolu" mövzuları üzrə 
								tədqiqatlarda həm qiymətləndirilmənin rolu və 
								əhəmiyyəti, həm də onun ayrı-ayrı fənlər üzrə 
								tətbiq olunmasında nəzərə alınan özünəməxsus 
								cəhətlər əsas götürülmüşdür.  
								
								Kurikulum Mərkəzinin  yaranması  
								
								Artıq 2004-cü ilin martında Azərbaycan 
								Respublikası təhsil naziri Təhsil Sektorunun 
								İnkişaf layihəsinin həyata keçirilməsi 
								istiqamətində "Kurikulum islahatı" alt-komponenti 
								üzrə hazırlanmış icra planına uyğun olaraq "Kurikulum 
								Mərkəzinin yaradılması haqqında" əmr imzalayır. 
								Həmin əmrdə ümumtəhsil sistemi üçün müasir 
								tələblərə cavab verən, bu sahədə beynəlxalq 
								təcrübəni özündə əks etdirən kurikulumların 
								hazırlanmasında vahid və səmərəli sistemin 
								təşəkkülünü təmin etmək məqsədilə Təhsil 
								Problemləri İnstitutunun nəzdində Kurikulum 
								Mərkəzinin yaradılması qeyd edilir. Eyni zamanda 
								Kurikulum Mərkəzinin formalaşması üçün 
								institutun strukturunda müvafiq dəyişikliklərin 
								aparılması, yeni struktur barədə təkliflərin 
								hazırlanması, eləcə də digər tədbirlərin həyata 
								keçirilməsi barədə tapşırıqlar verilir. 
								
								Beynəlxalq məsləhətçilərin təkliflərinə, 
								Azərbaycan Respublikasında ümumi təhsilin 
								durumuna istinad olunmaqla, ilk növbədə, 
								"Kurikulum Mərkəzinin əsasnaməsi" hazırlanaraq 
								təsdiq edilir. Burada Kurikulum Mərkəzi və onun 
								fəaliyyəti ilə bağlı zəruri məsələlər 
								konkretləşdirilir. Ümumtəhsil sahəsində 
								kurikulum hazırlayan, onun daim inkişaf 
								etdirilməsi ilə məşğul olan bu struktur üçün 
								aşağıdakılar bir vəzifə kimi qəbul olunur: 
								
								* 
								ümumtəhsil məktəbləri üçün beynəlxalq 
								standartlara uyğun, nəticələrə əsaslanan 
								kurikulumları yaratmaq, onu müntəzəm 
								təkmilləşdirmək və yeniləşdirmək; 
								
								* 
								şagirdlərin təlim şəraitini yaxşılaşdırmaq və 
								inkişaf etdirmək baxımından kurikuluma müəyyən 
								əlavələrin edilməsi məqsədilə sənədlər 
								hazırlamaq, habelə müvafiq dəyişikliklərin 
								aparılması barədə nazirlik qarşısında məsələ 
								qaldırmaq; 
								
								* 
								kurikulumun monitorinqi və qiymətləndirilməsi 
								tədbirlərini müəyyənləşdirmək; 
								
								* 
								imtahanların nəticələrini təhlil etmək, 
								problemləri müəyyənləşdirmək, onların aradan 
								qaldırılması ilə bağlı tövsiyələr hazırlamaq; 
								
								* 
								kurikuluma aid yenilikləri təhsil işçilərinə 
								çatdırmaq, onların nəzəri-metodik hazırlığını, 
								peşəkarlıq səviyyələrini yüksəltmək məqsədilə 
								treninqlər, seminarlar keçirmək; 
								
								* 
								təlimin yeni məzmunu, yeni dərsliklər və 
								müəllimlər üçün yeni vəsaitlərin hazırlanması 
								məqsədilə tətbiqi tədqiqatlar aparmaq və onun 
								nəticələrini dərslik müəlliflərinə çatdırmaq; 
								
								* 
								yeniliklər nəzərə alınmaqla tədris planlarının 
								təkmilləşdirilməsi istiqamətində tədqiqatlar 
								aparmaq; 
								
								* 
								kurikulumların tətbiqi, qiymətləndirilməsi və 
								inkişafı ilə əlaqədar konsepsiyaların, qabaqcıl 
								beynəlxalq təcrübələrin öyrənilməsi məqsədilə 
								tədqiqatlar aparmaq; 
								
								* 
								müəllimlərin təkmilləşdirilməsi üçün onları 
								kurikulum üzrə tədqiqatlara cəlb etmək. 
								
								Kurikulum Mərkəzi yaradılarkən onun  
								strukturunun iki şöbədən (ibtidai təhsil şöbəsi, 
								əsas və orta təhsil şöbəsi) ibarət olması 
								məqsədəmüvafiq hesab edilmişdir. Əsas və orta 
								təhsil şöbəsinin isə dörd bölməni (ictimai-humanitar 
								fənlər; təbiət-riyaziyyat fənləri; xarici dillər; 
								təsviri incəsənət, musiqi, əmək hazırlığı və 
								fiziki tərbiyə bölməsi) əhatə etməsi 
								qərarlaşdırılmışdır. Sonralar Kurikulum 
								Mərkəzinin strukturu tədricən təkmilləşdirilmiş, 
								2009-cu ildə bu quruma Məktəbəqədər təhsilin 
								kurikulum şöbəsi də əlavə olunmuşdur. 
								 
								
								Bu mərkəzin yaradılmasında başlıca məqsəd 
								Azərbaycan təhsilinin məzmununu yenidən qurmaq, 
								texnologiyalar və idarə olunması sistemini 
								inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaqdan 
								ibarət idi. Bu məqsədin həyata keçirilməsi üçün 
								müasir dünyanın geniş yayılmış təhsil 
								modellərinə müraciət etmək, onların nümunəsində 
								Azərbaycana məxsus təhsil sənədləri hazırlamaq, 
								xüsusi təhsil kurikulumlarının yaradılması işini 
								başa çatdırmaq əsas vəzifə kimi qarşıya 
								qoyulurdu. Vəzifənin yerinə yetirilməsi üçün 
								təhsil standartlarını hazırlamaq, həmin 
								strategiyaları və qiymətləndirmə mexanizmlərini 
								formalaşdırmaq zəruri hesab edilirdi. Bundan 
								başqa, kurikulumların tətbiqi vəziyyətini 
								öyrənmək, onların qiymətləndirilməsi işini 
								həyata keçirmək, ümumiyyətlə, fənlərin təlimi 
								problemləri ilə bağlı tədqiqatlar aparmaq mühüm 
								vəzifələr kimi nəzərdə tutulurdu. 
								
								Mərkəzin yarandığı qısa müddətdə dünyanın 
								inkişaf etmiş ölkələrində, o cümlədən ABŞ, 
								İngiltərə, Finlandiya, İsveç, Avstraliya, 
								Türkiyə və Hollandiyada təhsil islahatları 
								prosesi, onun inteqrativ xarakteri öyrənilmiş, 
								kurikulum sahəsində əldə olunmuş nailiyyətlər 
								araşdırılmış, keçmiş SSRİ məkanındakı ölkələrin 
								(Rusiya, Qazaxıstan, Ukrayna, Moldova, Litva, 
								Gürcüstan və s.) keçid dövründə təhsilin 
								məzmununun qurulması sahəsindəki yanaşmalarına 
								istinad edilmiş, qlobal təhsil məkanında  
								Azərbaycan üçün səciyyəvi xüsusiyyətlər 
								müəyyənləşdirilmişdir. Dünyada qəbul olunmuş 
								mütərəqqi təhsil anlayışlarından biri kimi 
								kurikulumun məzmunu və struktur cəhətləri 
								konkretləşdirilmişdir. Azərbaycanda ilk dəfə 
								təhsil kurikulumları sahəsində tədqiqatlar məhz 
								bu mərkəzdə aparılmışdır.   
								
								Kurikulum anlayışı barədə qənaətlər  
								
								Araşdırmalar zamanı belə məlum olmuşdur ki,  "Kurikulum"un 
								lügəvi mənası "kurs", "yol" deməkdir. Bu söz 
								ingiliscə-rusca lügətlərdə "təlim kursu", "tədris 
								planı", "proqram" kimi də izah edilir. Bəzi 
								mənbələrdə göstərildiyi kimi, 1876-cı ildən 
								etibarən ondan bir termin kimi istifadə olunmağa 
								başlanmışdır. İlk fənn kurikulumları 1918-ci 
								ildə ABŞ-da meydana gəlmişdir. Ötən əsrin 70-ci 
								illərindən sonra kurikulum nəzəriyyəsi 
								formalaşmışdır. Azərbaycanda  bu  termindən 
								keçən əsrin 90-cı illərinin axırlarından 
								başlayaraq istifadə olunur. 
								
								Kurikulum dünyanın mütərəqqi təhsil 
								modellərindən biri kimi hazırda geniş miqyasda 
								tətbiq olunur. Avropa ölkələrində kurikuluma 
								təhsilin əsasını təşkil edən sənəd kimi 
								yanaşılır. Konseptual sənəd kimi onun məzmununda 
								standartlar, zəruri minimum, təhsil alanların 
								hazırlığına qoyulan tələblər, texnologiya  və 
								qiymətləndirmə məsələləri əhatə edilir. Əslində 
								bu məsələlərin hər biri kurikulumda onun tərkib 
								hissəsi, mühüm komponentləri kimi ehtiva olunur. 
								Həmin komponentlərin bir-birilə qarşılıqlı 
								əlaqəsi, hər hansı birinin digərini tamamlaması, 
								onun məntiqi davamı olması vacib tələb kimi 
								gözlənilir. 
								
								Təhsil kurikulumları xarakterinə görə  iki yerə 
								ayrılır. Onlardan birincisi fənyönümlü, ikincisi 
								isə şəxsiyyətyönümlü kurikulum adlanır. 
								Fənyönümlü kurikulumlar məzmun etibarilə  elm 
								sahəsini, onun mükəmməl anlayışlar sistemini 
								əhatə etməklə bilavasitə bu anlayışların 
								mənimsənilməsinə istiqamətləndirilir. Belə 
								kurikulumların keyfiyyətində biliklərin həcmi və 
								miqdarı əsas rol oynayır. Bütün praktik 
								bacarıqların yerinə yetirilməsində məqsəd 
								biliklərin möhkəmliyini, davamlılığını artırmağa 
								xidmət göstərməkdən ibarət olur. Praktik 
								əhəmiyyət daşıyan bacarıq, vərdiş və 
								qabiliyyətlər arxa plana keçir, fənnin elmi 
								potensialı artır, məlumatlılıq səviyyəsi çoxalır. 
								Şagirdlər praktik cəhətdən onlara lazım olmayan  
								fundamental bilikləri öyrənmək məcburiyyətində 
								qalırlar. 
								
								Şəxsiyyətyönümlü kurikulumlar bilavasitə həyati 
								bacarıq və vərdişlərə üstünlük verilməsi ilə 
								fərqlənir. Bu kurikuluma görə, insanın gələcək 
								həyat fəaliyyətində lazım olacaq praktik bacarıq 
								və vərdişlərinin, əqli fəaliyyətlə bağlı 
								qabiliyyətlərinin formalaşması ön plana çəkilir. 
								
								Tələb olunan bacarıq və vərdişlərin 
								formalaşdırılmasına imkan yaradan minimum 
								biliklərin həcmi müəyyənləşdirilir. Bu biliklər 
								minimum təlim məqsədlərinə çatmaq üşün vasitə 
								kimi nəzərdə tutulur. 
								
								Şəxsiyyətyönümlü kurikulumlar inteqrativ məzmunu 
								ilə seçilir. Oradakı fənlərin adlandırılmasında, 
								məzmunun müəyyənləşdirilməsində şəxsiyyətin 
								formalaşması üçün əhəmiyyət kəsb edən və 
								bilavasitə insanın şəxsi fəaliyyəti üçün lazım 
								olan tələblər əsas  götürülür.   
								
								İki vacib problem  
								
								İlkin araşdırmalar Kurikulum Mərkəzinin 
								fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə 
								imkan vermişdir. Məlum olmuşdur ki, 2005-ci 
								ildən etibarən fəaliyyət göstərən mərkəzdə iki 
								vacib problem həll olunmalıdır. Onlardan 
								birincisi, əməkdaşların peşəkarlığını, yeni 
								texnologiyaların hazırlanması şəraitində 
								fəaliyyət göstərmək üçün kommunikativ 
								bacarıqları formalaşdırmaq və ikincisi, təhsil 
								kurikulumlarını hazırlamaqdır. 
								
								İlk illərdə Kurikulum Mərkəzinin fəaliyyət 
								planları məhz həmin problemlərin həlli 
								istiqamətinə yönəldildi. Onların hər ikisinin 
								eyni vaxtda planlaşdırılması və həyata 
								keçirilməsi bir zərurət kimi qarşıya qoyuldu. 
								
								Kurikulum Mərkəzinin 40-a yaxın əməkdaşı ilə 
								ardıcıl və sistemli seminar məşqələlər, müzakirə 
								və işgüzar söhbətlər aparıldı. Beynəlxalq 
								məsləhətçi təşkilatın və müasir pedaqoji 
								texnologiyaların yaradılması və tətbiqi 
								sahəsində təcrübəsi olan yerli mütəxəssislərin 
								dəstəyindən istifadə olundu.  
								
								Bundan əlavə, əməkdaşların yeni 
								texnologiyalardan istifadə bacarıqlarının 
								formalaşdırılması istiqamətində işlər aparıldı. 
								Tədricən mərkəz müasir avadanlıqlarla təmin 
								edildi, orada əməkdaşların nizamlı fəaliyyəti 
								təmin olundu.   
								
								Təhsil kurikulumlarının hazırlanması ağır bir 
								prosesdir. Ona cəmiyyətin bütün zümrələrindən 
								olan insanlar (mütəxəssislər, müəllimlər, 
								valideynlər, şagirdlər və b.) cəlb edilirlər. 
								Dünyada kurikulumların yaradılması işi ilə 
								xüsusi qurumlar məşğul olur. Həmin qurumlar öz 
								ətrafına fəal qüvvələri toplayaraq cəmiyyətin 
								tələbatlarına uyğun məzmun və texnologiyalar 
								sistemi hazırlayırlar.  
								
								Bəzən təhsil kurikulumlarının bir və ya bir neçə 
								şəxs tərəfindən hazırlanmasının mümkünlüyü 
								barədə mülahizələr söyləyirlər. Bu, əvvəlki 
								təhsil proqramları üçün xarakterik olan 
								xüsusiyyətdir. Həmin proqramlar təklifyönümlü 
								olduğundan bir və ya bir neçə nəfərin subyektiv 
								mülahizəsi kimi irəli sürülərək istifadəyə 
								verilirdi. 
								
								Təhsil kurikulumları isə maraqlı olan 
								tərəflərdən (mütəxəssislər, müəllimlər, 
								valideynlər, şagirdlər) ibarət daha çox insanın 
								münasibətini əhatə etməklə obyektiv xarakter 
								daşıyır. Ona görə də dünya ölkələrində təhsil 
								kurikulumlarının hazırlanmasında işçi 
								qruplarından və onların fəaliyyət 
								mexanizmlərindən ibarət texnologiyalara müraciət 
								olunur.  
								
								Azərbaycanda da kurikulumlar hazırlanarkən belə 
								bir texnologiyaya istinad edilmişdir. 2005-ci 
								ildə Təhsil Problemləri İnstitutunun 
								strukturunda Kurikulum Mərkəzi yaradıldığı 
								vaxtdan respublikada kurikulum hərəkatı 
								başlanmışdır. Yüzlərlə müəllim, təhsil işçisi 
								Kurikulum Mərkəzinin ətrafında birləşərək bu 
								hərəkatı formalaşdırmış, kurikulumların 
								hazırlanması istiqamətində müzakirələrin 
								iştirakçısına çevrilmiş və 400-ə  qədər üzvü 
								olan 23 işçi qrupunda təmsil olunaraq 
								kurikulumların hazırlanması prosesinə 
								qoşulmuşdur. Bu işçi qruplarına respublikanın 
								görkəmli alimlərindən AMEA-nın üzvləri Nizami 
								Cəfərov (ana dili), Yaqub Mahmudov (tarix), 
								Vaqif Abbasov (kimya), professorlardan Səməd 
								Seyidov (ingilis dili), Fəxrəddin Veysəlov 
								(alman dili), Mirzəli Murquzov (fizika), Sabir 
								Mirzəyev (riyaziyyat), Müseyib Müseyibov 
								(coğrafiya), Ağacan Əbiyev (fiziki tərbiyə) və 
								başqaları rəhbərlik etmişlər. Dünya Bankının 
								prosedurlarına əsasən seçilmiş 95 nəfər milli 
								məsləhətçi, kurikulum və qiymətləndirmə 
								sahəsində beynəlxalq miqyasda tanınmış 
								Hollandiyanın "CİTO qroep" təşkilatı 
								kurikulumların hazırlanmasında məsləhətçilik 
								xidmətləri göstərmişlər.  
								
								Bütün bunlarla yanaşı, təhsil kurikulumlarının 
								hazırlanması istiqamətində də işlər 
								aparılmışdır. 2006-cı ildə ölkəmizin təhsil 
								tarixində ilk dəfə "Azərbaycan Respublikasında 
								ümumi təhsilin konsepsiyası (Milli Kurikulumu)" 
								hazırlandı və hökumət tərəfindən təsdiq olundu. 
								Sonralar 2010-cu ildə təkmilləşdirilərək 
								istifadəyə verilən bu sənəd özünün məzmunu və 
								strukturuna görə tamamilə yeniləşdirilmişdir. 
								Təhsil səviyyələri, eləcə də fənlər üzrə 
								nəticələr, pedaqoji prosesin təşkili və 
								idarəetmə prinsipləri, ümumi təhsilin 
								infrastrukturu, maddi-texniki və tədris bazası, 
								təhsil verənlərin keyfiyyət göstəriciləri, 
								məşğələ saatlarının maksimum miqdarı, təlim 
								nailiyyətlərinin qiymətləndirilməsi və 
								monitorinqi məsələləri əhatə edilmişdir. 
								Yüzlərlə müəllimin, təhsil mütəxəssisi, valideyn 
								və şagirdin iştirakı ilə hazırlanmış bu sənəddə 
								cəmiyyətin təhsillə bağlı ehtiyac və tələbatları 
								nəzərə alınmışdır.  
								
								Mərkəzin İbtidai təhsilin kurikulumu (dosent 
								Bibixanım İbadova) şöbəsində hazırlanmasına 
								başlanılmış I-IV siniflər üçün fənn 
								kurikulumları 2007-ci ildə başa çatdırılaraq 
								təhsil naziri tərəfindən təsdiq edilmişdir. 
								Artıq üçüncü ildir ki, yeni fənn kurikulumları 
								tətbiq olunmaqdadır. Şöbə hər il fəaliyyət 
								planına uyğun olaraq yeni fənn kurikulumlarının 
								tətbiqi vəziyyətini öyrənərək  müvafiq təkliflər 
								hazırlayır. 
								
								Ümumi orta və tam orta təhsil şöbəsində (dosent 
								Akif Əliyev), onun humanitar fənlərin təlimi 
								(Ramiz Hüseynov), təbiət-riyaziyyat fənlərinin 
								təlimi (dosent Əlişah Gərayev), xarici dillərin 
								təlimi (Sahib Məcidov), incəsənət və texnologiya 
								fənlərinin təlimi (dosent Natiq Axundov) 
								bölmələrində V-XI siniflər üçün fənn 
								kurikulumlarının (ana dili, Azərbaycan dili 
								(dövlət dili kimi), ədəbiyyat, xarici dil, 
								riyaziyyat, informatika, Azərbaycan tarixi, 
								ümumi tarix, fizika, kimya, biologiya, 
								coğrafiya, həyat bilgisi, texnologiya, fiziki 
								tərbiyə, musiqi, təsviri incəsənət, 
								çağırışaqədərki hazırlıq) hazırlanması üzərində 
								işlər aparılır. Artıq ilkin layihə variantları 
								hazırlanmış, onların əksəriyyəti pedaqoji 
								mətbuatda çap olunaraq cəmiyyətin geniş 
								müzakirəsinə verilmişdir.  
								
								  
								
								Kurikulumların məzmunu və strukturu 
								
								  
								
								Aparılan araşdırmalar nəticəsində fənn 
								kurikulumlarının məzmunu və strukturu ilə bağlı 
								yekdil nəticəyə gəlinmişdir. Həmin sənədlərdə 
								fənnin məzmununun, təlim strategiyalarının və 
								qiymətləndirmə mexanizmlərinin bir-biri ilə 
								bağlılığı, şəxsiyyətyönümlülük, 
								nəticəyönümlülük, inteqrativlik mühüm prinsiplər 
								kimi diqqət mərkəzində saxlanılmışdır. 
								 
								
								Fənlərin məzmunu ilk dəfə olaraq nəticələr 
								formasında ifadə olunmuş, bununla təhsildə 
								nailiyyətlərin izlənməsi, inkişaf etdirilməsi və 
								idarə olunması üçün şərait yaradılmışdır. 
								Nəticələrə çatmaq üçün müəllimlərin yaradıcı 
								fəaliyyət göstərmək imkanları 
								genişləndirilmişdir. 
								
								Fənnin məzmunu bölməsində nəticələrlə yanaşı, 
								onların inteqrasiyası da verilmişdir. 
								Nəticələrin üfüqi və şaquli istiqamətlərdə əlaqə 
								imkanları barədə aparılmış araşdırmaların 
								nəticələri cədvəllər formasında kurikulumlara 
								daxil edilmişdir.  
								
								Məlum olduğu kimi, müasir dünyada sürətlə gedən 
								sosial, mədəni və texnoloji dəyişikliklər qlobal 
								düşünmə tərzinin əhəmiyyətini xeyli artırır. 
								Belə olan halda təlim prosesində şagirdlərə 
								ayrı-ayrı fənlər üzrə verilən bilik və 
								bacarıqların passiv istehlakçısı deyil, əksinə, 
								ətraf aləmin dərk edilməsinə yaradıcı təfəkkürlə 
								münasibət bəsləyən subyektlər kimi yanaşılmasına 
								gətirib çıxarır. Bu isə o zaman mümkün olur ki, 
								təhsil pillələrində öyrənilən fənlər və onların 
								əhatə etdiyi mövzular ayrı-ayrı deyil, 
								əlaqəli-inteqrativ şəkildə tədris olunsun. 
								İnteqrasiya dedikdə təlim prosesində şagirdlərin 
								təfəkküründə ətraf aləmin tam və vahid obrazını 
								formalaşdırmaq üçün təlimin məzmun 
								komponentlərinin əlaqələr əsasında 
								sistemləşdirilməsi başa düşülür. Şagirdlərə 
								dayanıqlı və kompleks şəkildə biliklər vermək, 
								dünyagörüşünü genişləndirmək, təfəkkürünü 
								inkişaf etdirməklə onlarda tədqiqatçılığa meyil 
								yaratmaq, qazanılan nəzəri bilikləri praktik 
								olaraq həyata tətbiq etmək və s. bacarıqların 
								formalaşması imkanlarının yaradılması kimi qəbul 
								edilir. 
								
								Araşdırmalar zamanı belə qənaətə gəlinmişdir 
								ki,  inteqrasiyanın nəzərə alınması vaxtdan 
								səmərəli istifadə etməyə, təlimə marağın 
								artmasına imkan yaradır, şagirdlərin təlim 
								yükünü azaldır, inteqrativ bilik və bacarıqların 
								formalaşmasına şərait yaradır, bilik və 
								bacarıqların qazanılmasında öyrənmənin 
								intensivliyini, səmərəliliyini artırır,  həddən 
								artıq xırdalanmanın qarşısını alır. Bu zaman 
								şagirdlər sərbəst düşünmə, qruplarda işləmə, 
								müzakirələrdə öz mövqeyini bildirmə, mövzunun 
								aktuallığını əsaslandırma, mövzunun digər 
								sahələrə tətbiqi ilə bağlı imkanlar əldə 
								edirlər.   
								
								Müəllimlər isə belə tədris prosesində 
								məsələlərin həllinə kompleks yanaşa, 
								mövzulararası əlaqə yarada, şagird bacarığının 
								inkişafına diqqət yetirə, şagirdlərdə biliklərin 
								artan sırasını müşahidə edə, təlim prosesini 
								qiymətləndirə bilirlər. 
								
								Fənn kurikulumlarında fəndaxili və fənlərarası 
								inteqrasiya nəzərə alınmışdır. 
								
								Fəndaxili inteqrasiya hər bir fənn üzrə anlayış, 
								bilik və bacarıqların əlaqələndirilməsini 
								nəzərdə tutur. Bu növ inteqrasiya tədris 
								materialını ayrı-ayrı tədris vahidlərində 
								cəmləşdirməklə fənnin məzmunun strukturunu 
								müəyyən edir. Bununla da məzmunun informasiya 
								cəhətdən tutumlu olması, şagirdlərdə daha 
								əhatəli bacarıqların formalaşdırılması təmin 
								olunur. Təlim prosesində fəndaxili inteqrasiya 
								geniş tətbiq edilir və konsentrik prinsipə 
								əsaslanan spiralvari quruluş yaranır. Fəndaxili 
								inteqrasiya həm üfüqi, həm də şaquli olur. 
								
								Üfüqi inteqrasiya fənn üzrə məzmun xətlərinin 
								əlaqələndirilməsinə imkan yaratmaqla müvafiq 
								məzmun standartlarının müəyyən tədris 
								vahidlərində ifadə olunmasını təmin edir. 
								
								Şaquli inteqrasiya sinifdən-sinfə tədricən 
								dərinləşən və genişlənən məzmun xətləri arasında 
								varisliyi təmin edir. 
								
								Fənlərarası inteqrasiya bir neçə fənnin əhatə 
								etdiyi ortaq anlayış, bilik və bacarıqların 
								sintezi olmaqla bir fənnə aid anlayışların və 
								metodların digər bir fənnin öyrənilməsində 
								istifadəsini nəzərdə tutur.  
								
								Bu zaman müxtəlif fənlərə aid, lakin bir-birini 
								tamamlayan, o cümlədən oxşar olan mövzuların 
								tədrisi müəyyən çərçivəyə salınır. Odur ki, 
								müxtəlif fənlər və mövzular arasındakı 
								əlaqələrin müəyyənləşdirilməsi, bu əlaqələrin 
								fənlərarası anlayış və bacarıqların 
								formalaşdırılmasında yaradıcılıqla istifadə 
								olunması mühüm əhəmiyyət kəsb edir. Ona görə də 
								kurikulumlar hazırlanarkən təhsilin bütün 
								pillələrində  fəndaxili və fənlərarası 
								inteqrasiyadan istifadə edilir.  
								
								Araşdırmalar zamanı belə nəticəyə gəlinmişdir 
								ki, təlim strategiyası bölməsində aşağıdakı 
								məsələlər əhatə edilsin: 
								
								* 
								Fənlər üzrə təlimin təşkilinə verilən əsas 
								tələblərin təsviri; 
								
								* 
								Forma və üsulların təkmilləşdirilməsi barədə 
								tövsiyələr; 
								
								* 
								Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına 
								dair nümunələr. 
								
								* 
								Standartların şərhinə dair tövsiyələr. 
								
								Fənlər üzrə təlimin təşkilinə verilən əsas 
								tələblərin təsviri. Bu gün təhsilin qlobal 
								problemi şəxsiyyətin formalaşdırılmasıdır. Bu 
								mənada təlim prosesi uşaqda fəallığı, ətrafdakı 
								şeylərə və hadisələrə tənqidi yanaşmağı, 
								müstəqil düşünməyi, bilik almağı, analiz-sintez 
								etməyi, yaradıcı fəaliyyət göstərmək bacarığını 
								inkişaf etdirməlidir. Şagird idraki, 
								informativ-kommunikativ və qeyri-iradi dəyərlərə 
								nail olmalıdır. Bütün bunları əldə etmək üçün 
								isə şagird və müəllim fəaliyyətinin xarakterində 
								dəyişiklik aparılmalı, pedaqoji prosesin 
								qurulmasına humanist və demokratik prinsiplər 
								əsasında yenidən yanaşılmalıdır. Elə bu səbəbdən 
								də,  ilk növbədə, "Azərbaycan Respublikasında 
								ümumi  təhsilin Konsepsiyası (Milli Kurikulumu)" 
								sənədində ümumi təhsil sistemi üçün qəbul 
								olunmuş aşağıdakı pedaqoji prinsiplər ayrı-ayrı 
								fənlərin tədrisinin didaktik əsası kimi 
								götürülmüşdür: 
								
								* 
								pedaqoji prosesin tamlığı; 
								
								* 
								təlimdə bərabər imkanların yaradılması; 
								
								* 
								şagirdyönümlülük; 
								
								* 
								inkişafyönümlülük; 
								
								* 
								fəaliyyətin stimullaşdırılması; 
								
								* 
								dəstəkləyici mühitin yaradılması. 
								
								Bu tələbləri nəzərə alaraq tədris prosesində 
								şagirdləri aktivləşdirən, onların intellektual 
								inkişafına şərait yaradan təlim metodlarından 
								istifadə olunması tövsiyə olunur. Ayrı-ayrı 
								fənlərin təşkili üçün spesifik tələblər 
								müəyyənləşdirilir.  
								
								Forma və üsulların təkmilləşdirilməsi barədə 
								tövsiyələr. Kurikulumlarda təlim forması və 
								üsullarına təlim strategiyasının mühüm tərkib 
								hissəsi kimi yanaşılmış, onların mahiyyəti və 
								əsas xüsusiyyətləri yeni tələblər əsasında şərh 
								edilmişdir. Təhsil prosesinin şəxsiyyətyönümlü 
								xarakteri açıqlanmışdır. Fəal təlimin mühüm 
								stimullaşdırıcı vasitəsi kimi interaktiv 
								metodların məzmunu və onlardan istifadə 
								məsələlərinə diqqət yetirilmişdir. 
								
								İnteraktiv təlim metodları ilə işləmək üçün 
								aşağıdakıların nəzərə alınmasının əhəmiyyəti 
								qeyd edilmişdir. 
								
								1. Fəal təlim üçün iş formalarının 
								müəyyənləşdirilməsi.  
								
								2. Fəal dərsin mərhələləri. 
								
								3. Fəal dərsin strukturu.  
								
								Fəal təlimin fərdi iş, cütlərlə iş, böyuk qrupla 
								iş və kiçik qruplarla iş formalarından istifadə 
								olunması barədə qənaətə gəlinmişdir.  
								
								Fəal dərsin mərhələləri: 
								
								I. Düşünməyə yönəltmə - bir neçə məqsəd daşıyır: 
								şagirdlər mövzu ilə əlaqədar  biliklərini 
								xatırlayır, fəallaşır, onlarda  mövzuya maraq 
								yaranır. 
								
								II. Dərketmə - yeni biliklərin öyrənilməsi kimi 
								başa düşülür. 
								
								III. Düşünmə - yeni bilik möhkəmləndirilir, 
								tətbiq edilir. 
								
								Fəal dərsin strukturunun  aşağıdakı kimi 
								qurulması tövsiyə olunmuşdur.  
								
								Motivasiya - müəllim tərəfindən problem qoyulur, 
								şagird tərəfindən fərziyyələr irəli sürülür. 
								
								Tədqiqatın təşkili - müəllim problemin həlli 
								istiqamətində sinfə iş tapşırır. İş formasını 
								müəllim seçir. 
								
								Məlumatın mübadiləsi - verilən tapşırıqla 
								əlaqədar şagirdlər öz aralarında fikir 
								mübadiləsi aparırlar. 
								
								Məlumatın müzakirəsi və təşkili - qrupun lideri 
								ümumi fikri müəllim və şagirdlərə çatdırır. 
								
								Nəticələrin çıxarılması - əgər yanlış fikir 
								varsa, müəllim istiqamət verir, ümumi nəticə 
								çıxarılır. 
								
								Tətbiqetmə - əldə olunan biliklərə əsaslanaraq 
								sinifdə və ya evdə müəllimin verdiyi  tapşırıq 
								yerinə yetirilir. 
								
								İnteraktiv təlim metodlarından daha çox İnsert, 
								BİBÖ, Beyin həmləsi, İstiqamətləndirilmiş 
								mühazirə, Klaster, Ziq-zaq, "Dəyirmi masa", 
								Konseptual cədvəl, T-sxemlər, Semantik 
								əlamətlərin təhlili, Venn diaqramı, İki hissəli 
								gündəlik, Karusel, Debat və s. istifadə olunması 
								barədə tövsiyələr verilmişdir. 
								
								Aparılan araşdırmalar nəticəsində belə qənaət 
								hasil edilmişdir ki, yeni təlim strategiyaları, 
								o cümlədən fəal təlim, interaktiv metodların 
								tətbiqi müəllimin peşəkarlıq səviyyəsinə yeni və 
								kifayət qədər yüksək tələblər qoyur. O, nəinki 
								elmdə təsdiqlənmiş ideyaları, həm də bu və ya 
								digər məsələ üzrə mübahisəli mövqeləri, eləcə də 
								bu mövqelərin əsaslandırılmasını bacarmalıdır.  
								Təmsil etdiyi elm sahəsini yaxşı bilməli, yeni 
								təlim strategiyalarının  tətbiqi ilə bağlı 
								bacarıqlara malik olmalıdır.  
								
								Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına 
								dair nümunələr. Hesabat dövründə əməkdaşlar 
								tədqiqat apararaq müəllimlərin təlim 
								fəaliyyətinin planlaşdırılması zamanı onlara 
								lazım olan tövsiyələr də hazırlamışlar. Təhsilin 
								bütün mərhələlərində fənlər üzrə fəal təlimə aid 
								nümunələr vermişlər.  
								
								Ümumiyyətlə, mərkəzdə aparılmış araşdırmalar 
								zamanı təhsil kurikulumları ilə bağlı aşağıdakı 
								qənaətlərə gəlinmişdir. 
								
								1. Dünyanın prioritet problemi kimi təhsilin 
								koqnitiv xarakter daşıması şagirdlərin 
								intellektinin yüksəldilməsinə, onlarda həyati 
								bacarıqların formalaşdırılmasına yönəldilməsi 
								zəruri cəhət kimi nəzərə alınmış, fənn 
								kurikulumları şəxsiyyətyönümlü  təhsilin aparıcı 
								komponenti kimi hazırlanmışdır. Onun məzmun 
								standartlarının bilavasitə şagirdlərə 
								istiqamətləndirilməsi, bacarıqlar formasında 
								ifadə edilmiş gözlənilən nəticələrdən ibarət 
								olması aşağıdakı xüsusiyyətlər baxımından 
								əhəmiyyətli hesab edilmişdir: 
								
								* 
								təlim prosesinin keyfiyyətini idarə etməyə, 
								düzgün və obyektiv qiymətləndirmə aparmaq üçün 
								qiymətləndirmə standartlarının hazırlanmasına 
								imkan yaradır; 
								
								* 
								nəticələrə nail olmaq üçün zəruri təlim 
								materialları və strategiyaların seçilməsində 
								müəllimə geniş imkan və şərait yaradır; 
								
								* 
								dərsliklərin, digər resursların hazırlanmasında 
								müəllimlərin konkret hədəflərə çatmaq üçün 
								yaradıcı fəaliyyət imkanlarını genişləndirir. 
								
								2. Fənlərin ümumi məzmununun, məzmun xətləri 
								üzrə siniflər üçün əsas və alt-standartların 
								işlənməsi bu qənaətə gəlməyə imkan verir ki, hər 
								bir fənnin ümumi məzmunu, təbiətdə və 
								cəmiyyətdəki qanunauyğunluqlar, proseslər 
								haqqında tam təsəvvür yaradılması üçün məzmun 
								xətləri, əsas məzmun standartları və əsas 
								standartlara daxil olan  alt-standartlar 
								arasında qarşılıqlı əlaqələr, onların mənaca 
								bir-birini tamamlaması vacibdir. 
								
								Kurikulumlarda bu əlaqələrin şaquli və üfüqi 
								inteqrasiya formasında müəyyənləşdirilərək 
								rəsmiləşdirilməsi həm şagirdlərdə ümumi 
								bacarıqların formalaşdırılmasını, həm 
								dərsliklərin hazırlanmasında, həm də pedaqoji 
								prosesin təşkilində bu cəhətin nəzərə alınmasını 
								istiqamətləndirmək baxımından əhəmiyyətli hesab 
								edilmişdir. İnteqrasiyanın mövcudluğu, labüdlüyü 
								isə ibtidai və əsas təhsil pillələrində 
								inteqrativ fənlərin tədrisinin zəruri olmasını 
								təsdiqləyir. Bu baxımdan həyat bilgisi fənninin 
								əsas təhsil pilləsində  tədrisinin davam 
								etdirilməsi əhəmiyyətli sayılmışdır. 
								
								3. İndiki şəraitdə ümumtəhsil fənlərinə marağın 
								azalması, yuxarı siniflərdə şagirdlərin yalnız 
								4-5 fənnə maraq göstərməsi, qalan fənlərin  isə 
								ümumiyyətlə, öyrənilməməsi, böyük şəhərlərdə 
								30-40 nəfər şagirdin bir sinifdə təhsil alması  
								təlimin ənənəvi forma və üsullarından imtina 
								etməyi, şagirdlərdə öyrənməyə marağı dəstəkləyən, 
								stimullaşdıran yeni pedaqoji texnologiyalara, 
								fəal və interaktiv təlim formalarına və 
								metodlarına üstünlük verilməsini, onların 
								praktikada həyata keçirilməsinə şərait 
								yaradılmasını tələb edir. Yeni fənn 
								kurikulumlarının uğurla tətbiqi bunlardan çox 
								asılıdır. 
								
								4. Məzmun standartlarının bacarıq şəklində ifadə 
								olunması  təlim strategiyalarında  dəyişikliyə 
								səbəb olur. Fənn üzrə təlimin təşkilinə  verilən 
								tələblərə əsasən  müəllimin rolu dəyişir.  O, 
								bələdçi,  istiqamətverici, şagird isə  
								tədqiqatçı rolunda iştirak edir. Bütün bu 
								işlərin  ardıcıl  və sistemli təşkilinə nail 
								olmaq üçün  müəllimdən tədqiqatçılıq bacarığı  
								tələb olunur. Bu bacarıqların formalaşması 
								sahəsində  ilkin müəllim hazırlığı üzrə  müvafiq 
								işlərin aparılması  zəruri hesab edilir. 
								
								5. Təlimin təşkilinin forma və üsulları dəyişir.  
								Ənənəvi təlim fəal təlimlə  əvəz edilir.  Fəal 
								təlimin təşkil olunması  isə  yeni təlim 
								strategiyalarının  hazırlanaraq  tətbiq 
								edilməsini tələb edir.  
								
								6. Fənn kurikulumlarında  istifadə olunacaq 
								qiymətləndirmə  növləri, qiymətləndirmə 
								standartları, qiymətləndirmə vasitə və 
								üsullarının  verilməsi onu  aksioloji baxımdan  
								gücləndirir,  istifadə edənlərin  çoxişlək 
								sənədinə çevirir. 
								
								7. Yeni fənn kurikulumlarının daha uğurla tətbiq 
								olunması üçün, ilk növbədə, şəxsiyyətyönümlü 
								təhsilin tələblərinə cavab verən koqnitiv (idraki) 
								xarakterli dərslik komplektinin (dərslik, 
								müəllim kitabı və şagird dəftəri) yaradılması 
								zəruri hesab edilir. 
								
								Hazırda Kurikulum Mərkəzində ibtidai siniflərdə 
								fənn kurikulumlarının tətbiqi vəziyyəti 
								öyrənilir, V-XI siniflər üçün fənn 
								kurikulumlarının layihə variantları üzərində iş 
								aparılır. Yeni fənn kurikulumlarının mahiyyət və 
								məzmununun açıqlanması, məktəb kurikulumlarının 
								hazırlanması istiqamətində tədqiqatlar davam 
								etdirirlər. Ənənəvi proqramlarla işləyən 
								müəllimlər üçün tövsiyələr hazırlanır. Pedaqoji 
								innovasiyaların şərh olunması, yayılması 
								məqsədilə maarifləndirmə işləri aparılır. 
								Gələcəkdə də bu işlərin davam etdirilməsi 
								nəzərdə tutulur.  
								
								
								
								Ənvər ABBASOV, 
								Təhsil Problemləri İnstitutunun direktor müavini,
								 
								Kurikulum Mərkəzinin direktoru  |