| 
								 
								Bakının Qaradağ rayonundakı 273 nömrəli orta 
								məktəbdə pedaqogika üzrə fəlsəfə doktoru, "Araz" 
								ali ədəbi mükafatı laureatı Şamxəlil Məmmədovun 
								"Yaradan nurundan payı olanlar" kitabının (Bakı: 
								"Təhsil" EİM, NPM, 2011, 134 s.) təqdimat 
								mərasimi keçirilmişdir. 
								
								Respublikanın şəhər və kənd məktəblərində 
								çalışan 6 nəfər yaradıcı müəllim haqqında 
								elmi-pedaqoji üslubda yazılmış oçerklərdən 
								ibarət kitabın təqdimat mərasimini tədris 
								ocağının direktoru Z.Abdullayeva açaraq müəllifi 
								tədbir iştirakçılarına təqdim etmişdir. Məktəb 
								rəhbəri onu da vurğulamışdır ki, kitabdakı 
								oçerklərdən birinin tədris ocağının biologiya 
								müəllimi, "Tərəqqi" medalına layiq görülmüş 
								İzzət Seyfullayevə həsr olunması pedaqoji 
								kollektivi sevindirir.  Müəllif Ş.Məmmədov kitab 
								üzərində işləməsindən, yaradıcı müəllim 
								təcrübəsindən, yaradıcı müəllim təcrübəsinin 
								pedaqoji və metodik tədqiqatlar üçün başlıca 
								mənbə olmasından, publisistik fəaliyyətindən 
								danışmışdır. 
								
								Tədbirdə Azərbaycan MEA-nın Fiziologiya 
								İnstitutunun aparıcı elmi işçisi Xeybər Məmmədov, 
								Bakıdakı 54 nömrəli məktəbin müəllimi, "Ən yaxşı 
								müəllim" müsabiqəsinin qalibi Sabir Novruzov, 
								273 nömrəli məktəbin müəllimi İzzət Seyfullayev 
								çıxış etmiş, kitab haqqında təəssüratlarını 
								bölüşmüşlər.  
								
								
								
								Elvin BABAYEV, 
								BDU-nun jurnalistika  
								fakültəsinin IV kurs tələbəsi  | 
								  |